Paşinyan Baş Qərargah rəisinin müharibə vaxtı dedikləri barədə məxfi sənədləri açıqlayıb

Şəklin mənbəyi, Gov.am
Ermənistan Təhlükəsizlik Şurası (TŞ) 2020-ci il Qarabağ müharibəsi zamanı Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisi Onik Qasparyanın Şuranın 30 sentyabr 2020-ci il tarixli iclasında təqdim etdiyi məxfi məruzəni qismən açıqlayıb.
General Qasparyanın çıxışının ictimailəşdirilməsinin məqsədi onun TŞ iclasında müharibənin dayandırılmasını təklif etməsi haqqında bəyanatını təkzib etməkdir.
Bu il fevralın 25-də bir qrup yüksək rütbəli zabitlərlə mövcud Ermənistan hökumətinin istefası tələbi ilə bəyanat verdikdən sonra Baş Qərargah rəisi vəzifəsindən azad edilmiş Onik Qasparyan 2020-ci il noyabrın 17-də demişdi ki, müharibənin dördüncü günü Təhlükəsizlik Şurasının iclasında o, erməni tərəfinin itkiləri və yaranmış vəziyyət haqqında məlumat verərkən xəbərdar etmişdi ki, iki-üç gün ərzində müharibə dayandırılmasa, erməni tərəfinin resursları tükənər.
Bu həftə Ermənistan parlamentində çıxışı zamanı Baş nazir keçmiş Baş Qərargah rəisinin dediklərini təkzib edib.
Nikol Paşinyan Onik Qasparyanın dediklərinin "həqiqətə uyğun olmadığını" və "sübut etmək lazımdırsa, TŞ iclasının stenoqramasını" açıqlamağa hazır olduğunu bildirmişdi.
Nikol Paşinyanın sözlərinə görə, həmin 30 sentyabr 2020-ci il TŞ iclasında "Qasparyan, əksinə, deyirdi ki, düşmən heç bir müvəffəqiyyətə nail olmayıb, ordumuz qarşısına qoyulan tapşırıqları yerinə yetirir və sonadək yerinə yetirəcək".

Şəklin mənbəyi, Gov.am
Paşinyan deyib ki, bundan bir ay əvvəl, avqustun 21-də Təhlükəsizlik Şurasının iclasında Baş Qərargah rəisi əmin edirdi ki, erməni tərəfin Qarabağ istiqamətində olan qüvvələri və vasitələri ilə nəinki qarşı tərəfin həmləsini dəf etməyə, onun qoşun qrupunu dağıtmağa qabildir.
Bu gün Baş nazirin vəd etdiyi kimi, general Onik Qasparyanın "yalanını ifşa edən" 30 sentyabr 2020-ci il TŞ iclasında çıxışının mətni dərc edilib. Sənəd məxfi olduğuna görə, mətnin təxminən 90 faizi qaralanıb.
Açıq qalan hissədən məlum olur ki, Qasparyanın məruzəsinə görə ki, cəbhədə operativ vəziyyət dəyişməyib, qarşı tərəf irəli gedə bilmir.
Daha sonra mətnin açıq yerində deyilir: "Hər halda qoşunlar qarşılarında duran tapşırıqları yerinə yetirir, səhər Cəbrayıl istiqamətində kiçik bir əks-zərbə endirib, müvəffəqiyyətə nail olublar".
Axırda Qasparyan qeyd edir ki. "... Ümumən vəziyyət belədir. Biz öz tapşırıqlarımızı yerinə yetirməyə davam edirik və sonadək yerinə yetirəcəyik".
Təhlükəsizlik Şurası, həmçinin general Qasparyanın müharibə başlanmazdan təxminən bir ay əvvəl, 21 avqust 2020-ci il tarixli TŞ iclasında məruzəsini dərc edib.
"Şərq əməliyyat istiqamətində... və şimal-şərq əməliyyat istiqamətində biz malik olduğumuz qüvvə və vasitələrlə, bir addım belə geriyə çəkilməyərək düşmənin həmləsini dəf edə, qarşısını ala və onun qruplaşmasını dağıda bilərik... [...] ... əsas problemi mən yığma qoşunun təşəkkülündə görürəm," - sənədin qaralanmamış hissəsində qeyd olunur.
Yerli informasiya vasitələri diqqəti ona cəlb edirlər ki, təxminən bir ay bundan əvvəl Azadlıq Radiosunun erməni xidmətinə müsahibəsi zamanı Baş nazir Nikol Paşinyan Baş Qərargah rəisi Onik Qasparyanın müharibəni dayandırmaq haqqında təklifini təkzib etmirdi.
Müxalifət isə 90 faizi görünməyən TŞ iclası stenoqramasının heç nəyi sübut etmədiyini deyirlər.
"Bu, 90 faizi gizli mətn heç də Onik Qasparyanın nə deyib, yaxud demədiyini sübut etmir. Və ümumiyyətlə bu nə protokoldur və hansı iclasdandır? Hökumətin bəyanatları da şübhə doğurur, çünki onların bütün bəyanatları biri-birinə zidd olur," - Zəkalı Ermənistan parlament fraksiyasının rəhbəri Edmon Marukyan jurnalistlərə deyib.








