İlham Əliyev: “İsgəndərlə bağlı Rusiyadan məktub almışam”

İlham Əliyev

Şəklin mənbəyi, President.az

İlham Əliyev İsgəndər-M raketləriylə bağlı Rusiyadan aldığı məktub barədə danışıb, Rusiyadan Azərbaycanda saxlanılan erməni hərbçilər qohumları ilə əlaqə saxlayıblar, Azərbaycanda aprelin 29-da və 30-da ölkənin bəzi bölgələrindən 11-ci sinif şagirdləri buraxılış imtahanı verəcək, bu günün xəbərlər icmalında.

İlham Əliyev: "İsgəndərlə bağlı Rusiyadan məktub almışam"

Azərbaycan Prezidenti Şuşada aşkar edilən İsgəndər-M raketləriylə bağlı Rusiyaya verdiyi suallara hələ ki, tam cavab ala bilmədiyini deyib. İlham Əliyev bu barədə Azərbaycan Televiziyasına müsahibəsində danışıb.

"Cavabda göstərilmişdir ki, Rusiya tərəfi ballistik raketlərin buraxılmasını müəyyən etməmişdir", - Rusiya Müdafiə Nazirliyindən aldığı məktub barədə danışan İlham Əliyev deyib. Onun sözlərinə görə, bu Azərbaycanın sorğusuna tam cavab deyil. Çünki əsas sual bu idi ki, İsgəndər-M raketləri Ermənistanın əlinə necə düşüb?

"Bunun iki yolu var: ya qaçaqmalçılıq yolu ilə, ya da ki, beynəlxalq normaları, qaydaları pozmaq yolu ilə. Çünki Ermənistan ordusunda ancaq "İsgəndər-E", yəni, ekspert - ixrac variantı ola bilər", - İlham Əliyev deyib.

"Bu raket sistemləri ya Ermənistana verilib, yaxud da ki, qanunsuz yollarla Rusiyadan oğurlanaraq çıxarılıb".

Azərbaycan Prezidentinin sözlərincə, Rusiya mətbuatında "İsgəndər-M" raketləri ilə bağlı cəfəng "versiyalar irəli sürülür" və o, həmin versiyaları "təsadüfi" hesab etmir.

Mart ayında Azərbaycan Respublikasının Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) bildirib ki, martın 15-də Şuşada minaların təmizlənməsi işləri zamanı, iki İsgəndər-M raketlərinin qalıqlarını aşkar olunub.

Ötən həftə İlham Əliyev bu məsələni Rusiya lideri Vladimir Putinlə müzakirə etdiyini deyib.

Azərbaycanda saxlanılan erməni hərbçilər qohumları ilə əlaqə saxlayıblar

ICRC

Şəklin mənbəyi, ICRC

Azərbaycanda saxlanılan erməni hərbçilər qohumları ilə əlaqə saxlayıblar. Bu barədə Ermənistanda Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) kommunikasiya proqramları rəhbəri Zara Amatuni mediaya bildirib.

"BQXK nümayəndələrinin əsirlərə baş çəkməsi nəticəsində onların müxtəlif - məktub, telefon, bəzən şifahi ismarış - vasitələrlə qohumları ilə əlaqə yaradılmasına imkan verir", - Zara Amatuni deyib.

Onun sözlərinə görə, söhbət Azərbaycanda saxlanılması faktı təsdiqlənmiş və barəsində konkret məlumat olan şəxslərdən gedir.

BQXK nümayəndəsi neçə nəfərə belə imkan verilməsi barədə məlumatı açıqlamağa icazə verilmədiyini bildirib.

O, saxlananların hansısa şikayəti və ya narazılığının olub-olmaması barədə məlumat verməkdən imtina edib və deyib ki, onlar bu kimi məsələləri yalnız müvafiq hakimiyyət nümayəndələri ilə müzakirə edə bilərlər.

Erməni tərəfi 2020-ci il Qarabağ müharibəsindən sonra Azərbaycanda 200-ə qədər erməni əsirinin saxlanıldığını bildirib. Azərbaycan onların 72 nəfər olduğu və hamısının artıq qaytarıldığını bəyan edib. Rəsmi Bakı digər saxlanılan şəxsləri "terrorçu" hesab edir.

11-ci siniflər üçün buraxılış imtahanı keçiriləcək

imtahan

Şəklin mənbəyi, AZERTAG

Aprelin 29-da və 30-da ölkənin bəzi bölgələrindən 11-ci sinif şagirdləri buraxılış imtahanı verəcək.

Pandemiya dövründə ikinci ildir ki, buraxılış imtahanları karantin qaydaları çərçivəsində baş tutur.

Dövlət İmtahan Mərkəzinin açıqlamasına görə, ayın 29-da imtahanlar Naxçıvan MR-də, Bərdə, Göyçay, Göygöl, Lerik, Qusar, Sabirabad, Şəmkir rayonlarında, Şəki şəhərində, Çilov adasında yerləşən məktəbdə, eləcə də tədrisi ingilis və fransız dillərində aparılan ümumtəhsil müəssisələrinin məzunları üçün keçiriləcək. Həmin gün həm də Bakı şəhərinin internat, həm də cəzaçəkmə müəssisələrinin məktəblərində imtahan olacaq.

Aprelin 30-da isə Bakı şəhərinin Nəsimi, Pirallahı, Sabunçu, Xətai rayonlarında, Biləsuvar, Daşkəsən, Gədəbəy, İmişli, Kürdəmir, Qəbələ, Tovuz, Samux, Şabran, Yevlax, Yardımlı rayonlarında buraxılış imtahanları keçiriləcək.

Qurum bəyan edib ki, buraxılış imtahanında iştirak edəcək şagirdlər DİM-in saytından imtahana buraxılış vərəqəsini çap edə bilərlər.

"Şagirdlər iş nömrəsini təhsil aldıqları məktəbdən öyrənə bilərlər.Şagirdlər buraxılış vərəqəsi ilə bir yerdə "İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə"ni də çap edirlər. Bəyannamə ayrıca vərəqdə çap edilməlidir və imtahan günü şagird tərəfindən imzalanmaqla imtahan nəzarətçisinə təqdim edilməlidir," - Dövlət İmtahan Mərkəzi bildirib.

DİM əlavə edib ki, şagirdlər bitirdikləri məktəbin yerləşdiyi yerə uyğun ərazidə imtahan verirlər və məcburi köçkün rayonlarının şagirdləri bitirdikləri təhsil müəssisəsinin yerləşdiyi ərazidə imtahan gününə uyğun tarixdə imtahan verirlər.