Əliyev və Putin Qarabağı müzakirə ediblər; Erdoğan Şuşanı ziyarət edəcək; Məktəblər yenə bağlanır
Prezident Əliyev bu gün Selçuk Bayraktarı "Qarabağ" ordeni ilə təltif edib, aprelin 5-dən Bakı, Sumqayıt, Gəncə, Şəki və Abşeronda məktəblər bağlanır, bu gündən Azərbaycanda icbari tibbi sığorta bütün ölkə əhalisini əhatə etməyə başlayıb - bu və digər xəbərlər BBC News Azərbaycancanın icmalında.
Əliyev ilə Putin arasında telefon danışığı

Şəklin mənbəyi, President.az
Aprelin 1-də Prezident İlham Əliyev ilə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Azərbaycan Prezidentinin Mətbuat Xidmətinin məlumatına görə, "telefon söhbəti zamanı Dağlıq Qarabağ ətrafında yaranmış vəziyyət müzakirə olunub. Vəziyyətin bütövlükdə sabit olmasından, atəşkəs rejiminə dönmədən riayət edilməsindən məmnunluq ifadə edilib."
"Rusiya Federasiyası Hökuməti sədrinin müavini Aleksey Overçukun Bakıda apardığı danışıqlar nəzərə alınmaqla, Cənubi Qafqazda iqtisadi əlaqələrin və nəqliyyat kommunikasiyalarının nizamlanması üzrə Rusiya, Azərbaycan prezidentlərinin və Ermənistan baş nazirinin 2020-ci il 10 noyabr və 2021-ci il 11 yanvar tarixli bəyanatlarına müvafiq olaraq aparılan işlərin gedişi nəzərdən keçirilib. Bu kontekstdə üç ölkənin Baş nazirləri müavinlərinin həmsədrliyi ilə işçi qrupunun fəaliyyəti müsbət qiymətləndirilib," məlumatda bildirilib.
Söhbət zamanı, o cümlədən, koronavirus pandemiyasına qarşı mübarizədə əməkdaşlıq məsələlərinə toxunulub.
"Hər iki tərəfin Azərbaycan-Rusiya strateji tərəfdaşlığının möhkəmləndirilməsini, qarşılıqlı faydalı layihələrin inkişafını davam etdirmək əzmi təsdiqlənib," məlumatda qeyd olunub.
Əliyev: "Artıq konkret nəticə var"

Şəklin mənbəyi, President.az
Bu sözləri Prezident İlham Əliyev aprelin 1-də Rusiya Hökuməti sədrinin müavini Aleksey Overçuku qəbul eərkən deyib.
"Üçtərəfli işçi qrupu çərçivəsində işlər uğurla gedir. Çox intensiv məsləhətləşmələr aparılır. Bu məsələ barədə mənə vaxtaşırı məruzə edirlər. Şadam ki, qəbul edilmiş qərarın düzgün olması təsdiqlənir, ən başlıcası, artıq konkret nəticə var," - İlham Əliyev deyib.
"Bildiyimə görə, artıq həm əyani, həm də videokonfrans formatında beş iclas keçirilib. Beləliklə, müzakirə üçün mövzu var və bu mövzu həm iqtisadi preferensiyalar, həm regional əməkdaşlıq, həm də bizim regionda təhlükəsizliyin və sülhün möhkəmlənməsi baxımından vacibdir, - Azərbaycan prezidenti qeyd edib. - Xüsusən ona görə ki, münaqişədən sonrakı dövrdə vəziyyət bütövlükdə müsbət istiqamətdə inkişaf edir, eskalasiya riskləri minimaldır. Təbii ki, əməkdaşlıq elementləri nə qədər çox olsa, təhlükəsizlik və sabitlik də bir o qədər möhkəm olacaq. Ona görə də biz bu gün həmin məsələləri müzakirə edəcək, sonrakı addımlarımızı və fəaliyyətimizi planlaşdıracağıq."
Rusiya Hökuməti sədrinin müavini Aleksey Overçuk Moskvanın "həm Azərbaycan tərəfi, həm də Ermənistan tərəfi ilə daim əlaqədə" olduğunu vurğulayıb.
"Həqiqətən işimizdə müəyyən tərəqqi var və sıx əlaqəli şəkildə işləyirik", - Overçuk deyib.
Əliyev Bayraktarı "Qarabağ" ordeni ilə təltif edib

Şəklin mənbəyi, President.az
Prezidenti İlham Əliyev aprelin 1-də Türkiyənin "Baykar" şirkətinin texniki direktoru Selçuk Bayraktarı və "ASELSAN" şirkətinin idarə heyətinin rəhbəri və baş direktoru Haluk Görgünü qəbul edib.
Görüş zamanı Prezident İlham Əliyev Selçuk Bayraktarın "Baykar" şirkətinin istehsal etdiyi məhsulların Qarabağın azad olunması zamanı "düşmən texnikasının məhv edilməsindəki rolunu" qeyd edib.
Azərbaycan prezidenti Selçuk Bayraktarın "Qarabağ" ordeni ilə təltif edildiyini bildirərək ordeni ona təqdim edib.
Prezident İlham Əliyevə təşəkkürünü bildirən Selçuk Bayraktar deyib: "Həqiqətən də bu, mənim üçün böyük bir qürur və şərəfdir."
Erdoğan Ramazan bayramından sonra Şuşanı ziyarət edəcək

Şəklin mənbəyi, AZERTAG
Türkiyə Prezidenti Recep Tayyip Erdoğan Ramazan bayramından sonra Şuşaya baş çəkəcək.
Prezident Erdoğan bu niyyətini martın 31-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında keçirilmiş qeyri-formal Zirvə görüşündə etdiyi çıxışında bildirib.
"Təmənnamız budur ki, ən qısa zamanda, Ramazan bayramından sonra Şuşanı ziyarət etmək məqsədi ilə, qardaşımız ilə birlikdə, Şuşada yeni bir bayram yaşayaq," - Erdoğan deyib.
Türkiyə prezidenti "Qarabağda türk mirasının qorunması və bərpa olunması işində" və torpaqlarından qovulmuş azərbaycanlıların yenidən Qarabağa qayıdışını təmin etmək üçün türkdilli dövlətlərin Azərbaycanın yanında olmalarının vacibliyini vurğulayıb.
Bu il Ramazan bayramı Azərbaycanda mayın 13 və 14-də qeyd olunacaq.
Əliyev: "Dağlıq Qarabağ adında hazırda hər hansı bir ərazi vahidi yoxdur"

Şəklin mənbəyi, AZERTAG
Azərbaycan Prezidenti İlham Əliyev bu sözləri martın 31-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında keçirilmiş Zirvə görüşündə deyib.
"Dağlıq Qarabağ adında hazırda hər hansı bir ərazi vahidi yoxdur .Artıq tam əminliklə demək olar ki, Dağlıq Qarabağ məsələsi, Dağlıq Qarabağ münaqişəsi öz həllini tapmışdır."
Prezident Əliyev Zəngəzur dəhlizinin türk dünyası üçün əhəmiyyətini qeyd edib.
"Bu gün biz artıq Zəngəzur dəhlizi üzərində çox fəal çalışırıq."
Qədim Azərbaycan torpağı olan Zəngəzur indi türk dünyasının birləşməsi rolunu oynayacaq. Çünki Zəngəzurdan keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün türk dünyasını birləşdirəcək, eyni zamanda, digər ölkələr üçün əlavə imkanlar yaradacaq, o cümlədən Ermənistan üçün."
Bəzi şəhərlərdə məktəblər yenə bağlanır

Şəklin mənbəyi, EDU.GOV.AZ
Aprelin 5-dən Bakı, Sumqayıt, Gəncə, Şəki və Abşeronda məktəblər bağlanır, Bu gündən Azərbaycanda icbari tibbi sığorta bütün ölkə əhalisini əhatə etməyə başlayıb, - bu və digər xəbərlər BBC News Azərbaycancanın icmalında.
Aprelin 5-dən Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayon məktəblərinin şagirdləri təhsillərini distant (məsafədən) davam etdirəcəklər.
Azərbaycan Təhsil Nazirliyi cümə axşamı günü mövcud pandemiya şəraiti ilə əlaqədar olaraq, gələn həftədən etibarən tədrisin təşkili ilə bağlı tətbiq olunacaq yeni normaları açıqlayıb.
Nazirlik digər şəhər və rayonlarda isə tədris sanitar-gigiyenik tələblərə əməl edilməklə qismən əyani formada davam etdiriləcəyini bəyan edib.
"Məlumat üçün bildiririk ki, distant tədris zamanı dərslər "Virtual məktəb", eləcə də digər onlayn platformalar üzərindən keçirilə bilər. Həmçinin şagirdlərə "Dərs vaxtı" teledərslərini izləmək tövsiyə olunur," - qurumun məlumatında deyilir.
Qurum, həmçinin bildirib ki, təhsil prosesinin səmərəli təşkili üçün müəllimlərin, o cümlədən texniki heyətin vaksinasiya prosesində iştirakı zəruridir.
Nazirlik bu günədək peyvəndləmə prosesi çərçivəsində 55 faizdən çox müəllim və texniki heyətin "COVID-19" əleyhinə peyvənd olunduğunu da açıqlayıb.
Nazirlər Kabinetinin "Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı əlavə tədbirlər barədə" qərarına və Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən, fevralın 1-dən ölkə üzrə ümumi təhsil müəssisələrində karantin rejiminin qaydalarına əməl edilməklə ənənəvi tədris mərhələli şəkildə qismən bərpa edilmişdi.
Azərbaycanda koronavirusa ilk yoluxma halı 2020-ci ilin fevralın 28-də qeydə alınıb.
İl ərzində ölkədə yoluxmanın vəziyyətindən asılı olaraq, təhsil müəssisələri müxtəlif vaxtlarda distant təhsilə keçib.
Bu gündən icbari tibbi sığorta bütün ölkəni əhatə edir

Şəklin mənbəyi, Aziz Karimov/Getty Images
Aprelin 1-dən icbari tibbi sığorta bütün Azərbaycan əhalisini əhatə edir. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin məlumatına görə, bu gündən Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda rəsmi qeydiyyatda olan əhali də icbari tibbi sığortanın xidmətlərindən yararlana biləcəklər.
Agentik bildirib ki, vətəndaşların 2550 sayda tibbi xidmətdən istifadə etməsi mümkün olacaq.
İndiyə qədər bir neçə il müddətində ölkənin regionları, son mərhələrdə isə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda icbari tibbi sığortanın tətbiqinə başlanılıb.
"Xidmətlər Zərfinə ilkin səhiyyə xidməti, təcili və təxirəsalınmaz tibbi yardım xidməti, ixtisaslaşdırılmış ambulator yardım xidməti, laboratoriya, fizioterapiya, invaziv radiologiya və stasionar tibbi xidmətlər daxildir",- İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi bildirib.
Qurum elan edib ki, vətəndaşlara tibbi xidmətlər Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan xəstəxanalarda, orada mümkün olmadıqda göndəriş əsasında başqa yerlərdə göstəriləcək.
Agentlik bildirib ki, vətəndaşlar səhhətlərindəki narahatlıqla bağlı təcili tibbi yardım istisna olmaqla, ilk növbədə ailə həkiminə müraciət etməlidir.
Bunun üçün vətəndaşlardan təhkim olunduqları ərazi üzrə ailə həkimini seçmələri tələb olunur.
"Ailə həkimi vətəndaşı müayinə və ya müalicə etdikdən sonra ixtisaslı tibbi yardıma ehtiyac olarsa, ixtisaslı həkimə göndəriş verir",- Agentlik bildirib.
Göndəriş əsasında xəstəxanalara gedən vətəndaşlardan şəxsiyyət vəsiqəsi tələb olunacaq.
Qurum bildirib ki, ölkədəki pandemiya ilə əlaqədar bəzi xəstəxanalar sırf koronaviruslu xəstələrə xidmət göstərir və buna görə də vətəndaşlar birbaşa dövlət xəstaxanalarına müraciət edə bilir.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi elan edib ki, bütün vətəndaşlar üçün dövlət büdcəsinin vəsaiti hesabına icbari tibbi sığorta haqqı ayrılıb.
"Dövlət və neft sektorunda çalışan işəgötürən və işçilər, qeyri-dövlət və qeyri-neft sektorunda çalışan işəgötürən və işçilər, mülki-hüquqi xarakterli müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslər və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən 2021-ci il 1 yanvar tarixindən etibarən icbari tibbi sığorta haqqı toplanılır",- İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin bildirib.
Vətəndaşlar və ya işəgötürənlər agentliyin səhifəsindəki kalkulyatordan istifadə etməklə onlardan tutulan pulun məbləğini hesablaya bilərlər.
Azərbaycanda icbari tibbi sığorta üçün 1999-cu ildən Prezidentin fərmanı olsa da uzun illər bu icra edilməyib.
İcbari tibbi sığorta ilk dəfə 2016-cı ildə Mingəçevir şəhəri, Yevlax və Ağdaş rayonlarında pilot layihə şəklində tətbiq olunub.









