Koronavirus pandemiyası insanların psixi sağlamlığına "dərin" təsir göstərə bilər

Şəklin mənbəyi, Getty Images
- Müəllif, Philippa Roxby
- Vəzifə, BBC
Koronavirus pandemiyası insanların psixi sağlamlığına "dərin" təsir göstərə bilər - indi və gələcəkdə. Bunu deyən psixiatrlar və psixoloqlar təcili tədqiqatlar aparılmasına çağırırlar.
Lancet Psychiatry nəşrində dərc olunmuş məqalədə onlar real vaxt rejimində psixi sağlamlığın monitorinqi üçün smartfonlardan istifadə etməyə çağırıblar.
Onların qənaətincə, uşaqlar və cəmiyyətin ön cərgəsində koronavirusla mübarizə aparan səhiyyə işçiləri üçün də xüsusi dəstək proqramları hazırlanmalıdır.
Keçirilmiş sorğular göstərir ki, qorxu hissi və təcrid rejimi artıq insanlara təsir göstərməyə başlayıb.
Psixi sağlamlıq məsələləriylə məşğul olan Mind xeyriyyə fondu bildirib ki, insanların onlara lazım olan dəstəyi almaq üçün artıq mübarizə aparmalı olublar.
Psixi sağlamlıq sahəsində 24 aparıcı ekspert evdə qalan insanlara kömək etmək üçün effektiv alətlər və dəstək proqramları hazırlamaq məqsədiylə əhalinin psixi sağlamlığının "anbaan" monitorinqinin geniş tətbiqinə başlamağa çağırıblar.
"Artan sosial izolyasiya, tənhalıq, sağlamlıqla bağlı narahatlıq, stress və iqtisadi tənəzzül, zehni sağlamlığa və insanların rifahına zərər vura biləcək güclü bir təsir mənbəyidir,"- məqalənin müəlliflərindən biri olan Glasgow Universitetinin professoru Rori O'Connor bildirib.
Onun sözlərinə görə, heç bir tədbir görülməyəcəyi təqdirdə həyəcan və depressiya kimi halların, eləcə də spirtli içkilər, narkotik və qumar oyunlarına müraciət edənlərin və evsiz qalanların sayının və bu kimi digər fəsadların sayının çoxalması riski artacaq.
Məqalənin müəllifləri bildiriblər ki, narahatlıq, depressiya, özünə xəsarət yetirmə, intihar və digər psixi sağlamlıq problemlərinin səviyyəsinin monitorinqinin təmin edilməsi prioritet vəzifədir.
Tibb Elmləri Akademiyası tərəfindən martın sonunda keçirilmiş iki onlayn sorğu insanların psixi sağlamlığının cari vəziyyəti haqqında təsəvvür yaratmağa imkan verib.
Britaniyanın MQ xeyriyyə təşkilatı tərəfindən keçirilmiş və psixi pozğunluqları olan bir çoxları da daxil olmaqla, 2100-dən çox insanı əhatə etmiş sorğulardan birində pandemiya dövründə dəstək və xidmətlərə daxil olmaq barədə respondentlərin ifadə etdiyi narahatlıqları və mövcud sağlamlıq problemlərinin pisləşə biləcəyindən təşviş keçirdiyi vurğulanıb.
İctimaiyyəti təmsil edən digər daha 1099 respondent isə sosial təcridin fəsadları və böhrana qarşı reaksiyanın yaratdığı maliyyə çətinlikləri ilə bağlı narahatlıqlarını ifadə ediblər.
Pandemiya zamanı narahatlıq və stressin artması gözlənilsə də, sənəddə deyilir ki, depressiyaya düşən, özlərinə xəsarət yetirən və ya intihar edənlərin sayının artması riski var.
Məqalədə qeyd olunub ki, məsələn, 2003-cü ilin Sars epidemiyası zamanı 65 yaşdan yuxarı insanlar arasında intiharların sayı 30 faiz artmışdı.
Eləcə də deyilib ki, bu pandemiyaya qarşı görülən tədbirlər son nəticədə qaçılmaz sürətdə "işsizliyin, maliyyə çatışmazlığının və yoxsulluğun artması nəticəsində psixi sağlamlığa ciddi təsir edəcək".

Şəklin mənbəyi, Getty Images
Əhalinin ən həssas qrupları kimlərdir?
Sənəddə əhalinin digərləri ilə müqayisədə pandemiyadan fərqli təsirlənə biləcək səkkiz qrupu sadalanır:
- uşaqlar, gənclər və ailələr (məktəblərin bağlanması, ailədə zorakılıq, pulsuz məktəb yeməklərinin olmaması)
- yaşlı insanlar və sağlamlıq problemləri olanlar (təcrid, tənhalıq, ağır itki)
- psixi sağlamlıqla bağlı problemləri olan insanlar (xidmətlərin işinin pozulması və xəstəliklərin başqaldırması)
- ön sıralarda xəstəliyin qarşısını almağa çalışan tibb işçiləri (infeksiya qorxusu, işdəki stress)
- öyrənmə çətinlikləri olan insanlar (gündəlik prosedurlarda dəyişiklik və dəstək)
- aşağı gəlirli insanlar (İş yeri və maliyyə itkisi riskləri)
- məhbuslar, evsizlər və qaçqınlar (sosial təcrid)
- bütövlükdə cəmiyyət səhiyyə sahəsində bərabərsizliyin güclənməsi və ərzaq banklarından istifadənin artması ilə üzləşə bilər.
Psixi sağlamlıq xeyriyyə cəmiyyətinin mövqeyi
"Zərərin miqyasını görmək hələ çox erkən olsa da, biz insanların lazım olan dəstəyi almaq üçün mübarizə apardıqlarını eşidirik," - Mind-ın baş icraçı direktoru Paul Farmer deyir.
O bildirib ki, insanlar NHS səhiyyə sisteminin psixi sağlamlıq xidmətlərindən çıxarılır, uşaq və yeniyetmə psixi sağlamlıq və psixoloji terapiya xidmətlərinə müraciətlərin sayı isə azalıb.
"Hökumət və xidmətlər indi insanları düzgün şəkildə necə dəstəkləməklə yanaşı, həm də uzunmüddətli nəticələri proqnozlaşdıra bilməyi və insanların həyatını bərpa etmək üçün hansı xidmətlərə ehtiyacın yaranacağını müəyyənləşdirməlidirlər".
Cənab Farmer deyib ki, insanlar müalicə və dəstək olmadan nə qədər davam etsələr, özlərini o qədər də daha pis hiss edəcəklər.
"Bu, son nəticədə intiharların və özünə xəsarət yetirmə hallarının sayının artmasına gətirib çıxaracaq".
Zehni sağlamlığa və insanların rifahına nə kömək edir?
Rəyi soruşulanların sözlərinə görə:
- dostlar və ailə üzvləriylə təmasda olmaq, çox vaxt onlayn rejimdə.
- daim hobbi, sənətkarlıq, oxumaq, filmlərə baxmaq və evi abadlaşdırmaq kimi işlərlə məşğul olmaq
- gəzmək, qaçmaq və digər növ fiziki aktivlik
- düşüncə, namaz və ya ev heyvanları sayəsində təmkinli qalmaq
- məlumatlı olmaq - xəbər portallarını və sosial şəbəkələri vaxtaşırı nəzərdən keçirmək
- gündəlik plan tutmaqla görülməli olan işləri yerinə yetirmək
Beyinə təsir necədir?
Bu məqaləni dəstəkləyən ekspertlər koronavirusun (SARS-CoV-2) insan sinir sisteminə təsiri haqqında demək olar ki, heç bir məlumatın olmadığını qeyd edirlər.
Lakin digər koronavirusların mərkəzi sinir sisteminə yol tapması mümkün olduğuna görə, məqalədə Covid-19-un da bu sahələrə təsirini öyrənmək üçün əlavə tədqiqatların aparılması tövsiyə olunur.
Bu infeksiyaya yoluxan insanlarda beyin ilə əlaqəli simptomlar arasında digərləri ilə yanaşı o cümlədən baş ağrısı, başgicəllənmə, qoxu və dadbilmə hissiyyatının korşalması, əzələ ağrısı və zəiflik kimi əlamətlər qeyd olunub.
Tədqiqatçılar deyirlər ki, Covid-19-un hər hansı bir psixoloji və ya beyinlə əlaqəli təsirini izləmək üçün məlumat bazası yaradılmalıdır.









