Bu günün xəbərləri: Erdoğan və Əliyevin Bakıda görüşü, Prezident hərbçiləri təltif etdi, Azərbaycan-Ermənistan sərhədi müəyyənləşəcək

İlham Əliyev, Mehriban Əliyeva, Recep Tayyip Erdoğan və Emine Erdoğan

Şəklin mənbəyi, Azərtac

Üç nəfər Azərbaycanın Milli Qəhrəmanı oldu, Erdoğan Bakıya gəldi, Ruhani ilə görüş, Azərbaycan-Ermənistan sərhədi müəyyənləşəcək, - bu və digər xəbərlər BBC News Azərbaycancanın icmalında.

Bakıda Türkiyə Prezidenti ilə Azərbaycan dövlət başçısı arasında görüş

Rəsmi səfərlə Bakıya gələn Türkiyə Prezidenti ilə Azərbaycan Prezidenti arasında görüş baş tutub. Çərşənbə günü Türkiyə və Azərbaycan liderləri birgə şam yeməyinə qatılıblar.

Azərtac agentliyi bildirir ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva və Türkiyə Prezidenti Recep Tayyib Erdoğan və xanımı Emine Erdoğan birgə şam ediblər.

Türkiyə mediası Recep Tayyip Erdoğanın Bakı səfərinin bu gündən başlayaraq iki gün davam edəcəyini bildirir. Məlumata görə, səfər Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti əsasında baş tutur.

"Səfər zamanı Azərbaycanın haqlı mübarizəsinin beynəlxalq platformalarda dəstəklənməsi ilə bağlı birgə addımlar, iki qardaş ölkə arasında mövcud əməkdaşlığın gücləndirilməsi müzakirə olunacaq. Səfər çərçivəsində aktual beynəlxalq və regional məsələlər barəsində fikir mübadiləsi aparılacaq. Eyni zamanda, ikitərəfli əlaqələrə dair müxtəlif anlaşma və memorandumların imzalanması da planlaşdırılır", agentlik yazır.

Dekabrın 9-da Bakıya gələn Türkiyə liderinin şərəfinə aeroportda fəxri qarovul dəstəsi düzülmüşdü, Azərtac xəbər verir.

Erdoğan: "Zəfər paradında iştirak edərək, Azərbaycan xalqının haqlı sevincinə ortaq olacağıq"

Erdoğan xanımı ilə bakıda

Şəklin mənbəyi, Azərtac

"Zəfər paradında iştirak edərək, Azərbaycan xalqının haqlı sevincinə ortaq olacağıq," - Türkiyə Prezidenti Recep Tayyip Erdoğan Azərbaycana səfəri öncəsi jurnalistlər qarşısında çıxış edərkən deyib.

O vurğulayıb ki, Azərbaycanın müharibədə zəfər qazanmasında əsas məqam "İlham Əliyevin prinsipial liderliyi və Azərbaycan ordusunun qəhrəmanlığı" olub.

"Bu müddətdə Azərbaycan xalqı da birlik göstərərək, heç bir fədakarlıqdan çəkinmədi. Ermənilərin mülkiləri və mülki məntəqələri hədəf alan hücumlarına rəğmən, Azərbaycan öz haqlı mübarizəsinə kölgə salmadı. Savaş şərtlərində belə türk və müsəlman olmanın tələb etdiyi şərəfindən güzəştə getməyən Azərbaycanlı qardaşlarımı özüm və millətimiz adına təbrik edirəm," - Erdoğan deyib.

"44 gün davam edən çətin mübarizə nəticəsində şükür ki, bu gün ay-ulduz Qarabağ səmalarında qürurla dalğalanır," deyən Erdoğan "bütün türk dünyasının 30 illik ədalətsizliyə son qoyulmasının sevincini birlikdə yaşadığını" vurğulayıb.

Daha sonra Erdoğan "sabah Bakıda təşkil olacaq zəfər paradında iştirak edərək, Azərbaycan xalqının haqlı sevincinə ortaq olacağıq" deyib.

Türkiyə Prezidenti səfər zamanı qarşıdakı müddətdə atılacaq addımlarla bağlı müzakirələr aparılacağını da diqqətə çatdırıb.

Bakıya son dəfə 25 fevral 2020-də səfərə getdiyini deyən Erdoğan bu müddət ərzində ikili münasibətlərdə qeydə alınan mərhələləri və mövcud durumu cənab Əliyevlə müzakirə edəcəklərini də bəyan edib.

"Azərbaycanla müdafiə sənayesindən təhlükəsizliyə, terrorla mübarizə, enerjidən-iqtisadiyyat-ticarətə qədər çox geniş sahədə münasibətlərimiz var. Azərbaycanın qazandığı qələbə ikili münasibətlərimizin daha da inkişafına zəmin hazırlayıb. Azad edilən torpaqlarının infrastrukturunun yeniden qurulmasında Azərbaycanın yanında olacağıq," Türkiyə Prezidenti deyib.

Daha sonra cənab Erdoğan "virusla ortaq mübarizə ilə bağlı məsələləri də gözdən keçirəcəklərini" açıqlayıb.

Prezident İlham Əliyev müharibədə igidlik göstərən hərbçiləri təltif etdi

Polad Həşimov

Şəklin mənbəyi, Sosial media

Şəklin alt yazısı, General Polad Həşimov Tovuz istiqamətində döyüşlər vaxtı həlak olmuşdur

Tovuz istiqamətində döyüşlər vaxtı həlak olmuş general Polad Həşimova (ölümündən sonra) Azərbaycanın Milli Qəhrəmanı adı verilib. Bu barədə Prezident İlham Əliyevin çərşənbə günü imzaladığı qərarda deyilir.

Sənədə əsasən, Azərbaycanın Milli Qəhrəmanı adı həmçinin polkovnik İlqar Mirzəyevə (ölümündən sonra) və ehtiyatda olan baş çavuş İbad Hüseynova verilib.

Eyni gündə, 80-dan artıq hərbçiyə Vətən Müharibəsi Qəhrəmanı adı verilib.

Prezident.az saytında dərc olunan daha bir sərəncamda 200-dən artıq hərbi qulluqçunun "Zəfər" ordeni ilə təltif olunduğu bildirilir.

Onların ərazilərin işğaldan azad olunması zamanı "hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik" göstərdiyi qeyd olunur.

Təltif olunanlar hərbçilərin siyahısında sıravi əsgərlərdən tutmuş general rütbəli zabitlərin adlarını görmək olar.

Azərbaycan-Ermənistan sərhədi müəyyənləşəcək

Yerevan 2020-ci ildə Rusiya tərəfinin vasitəçiliyi ilə Azərbaycanla sərhədin müəyyənləşdirilməsinə dair danışıqları gözləyir.

Bu barədə Ermənistan Baş nazirinin müavini parlamentdə çıxışı zamanı bəyan edib.

"Danışıqlar (Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası barədə - red.) Rusiya tərəfinin vasitəçiliyi ilə artıq 2020-ci ildə başlayacaq", - çərşənbə günü Tiqran Avinyan deyib.

Ötən ayın sonunda Ermənistanın Müdafiə Nazirliyi sərhədin Kəlbəcər hissəsində demarkasiya işlərinin başladığı barədə xəbər yayıb.

"Minsk Qrupunun həmsədrləri Bakı və Yerevana səfər edəcəklər"

ABŞ-ın Azərbaycandakı Səfirliyi

Şəklin mənbəyi, ABŞ-ın Azərbaycandakı Səfirliyinin saytı

"Bu həftə sonu ABŞ-ın Dağlıq Qarabağ münaqişəsi üzrə baş nümayəndəsi Qarabağ münaqişəsinin nizamlanmasında ATƏT-in Minsk Qrupunun rolunu müzakirə etmək üçün Bakıya və Yerevana səfər edəcək", Turan Agentliyi xəbər verir.

Agentlik yazır ki, bu barədə dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Philip Reeker çərşənbə axşamı günü Helsinki Komissiyası qarşısında çıxış edərkən bildirib.

"Amerikalı həmsədr Andrew Shaffer hazırda Cenevrədə səfərdədir və "öz rollarına necə qayıda biləcəklərini görmək və diplomatik həllə nail olmaq üçün irəliləyiş əldə etməyə çalışmaq üçün" digər həmsədrlərlə birlikdə Azərbaycana və Ermənistana səfər edəcək", agentlik Philip Reekerdən sitat gətirib.

Azərbaycan xarici işlər naziri İran Prezidenti ilə görüşüb

Bayramov və Ruhani

Şəklin mənbəyi, Azərtac

İranda səfərdə olan Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İran Prezidenti Həsən Ruhani ilə görüşüb.

Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı rəsmi açıqlamada deyilir ki, görüş vaxtı Həsən Ruhani Azərbaycanın ərazilərinin "işğaldan azad olunmasını məmnunluqla" qeyd edib, İranın hər zaman Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyi vurğulayıb.

Görüşdə müzakirə olunan məsələlər arasında beynəlxalq iqtisadi layihələrin olduğu qeyd edilir.

"Qonşu və dost ölkələrimizin həyata keçirməyə çalışdığı beynəlxalq əhəmiyyətli iqtisadi layihə olan Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin tərkib hissəsi olan Rəşt-Astara dəmir yolunun inşasının sürətləndirilməsinin zəruriliyi vurğulandı," - Azərbaycan XİN-in yaydığı məlumatda qeyd olunur.

Səfər çərçivəsində Azərbaycan xarici işlər nazirinin digər rəsmi şəxslərlə də görüşləri olub.

Azərbaycan və Rusiya XİN başçıları arasında telefon danışığı olub

Azərbaycan Rusiya Ceyhun Bayramov Sergey Lavrov

Şəklin mənbəyi, Azərbaycan XİN

Dekabrın 8-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub, Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qurum bildirib ki, nazirlər noyabrın 10-da imzalanan üçtərəfli bəyanatdan irəli gələn məsələlərin icrası ilə bağlı fikir mübadiləsi aparıblar.

"Tərəflər həmçinin ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər", məlumatda deyilir.

Azərbaycan ilə İtaliya arasında ikitərəfli əməkdaşlıq müzakirə edilib

Azərbaycan Italiya

Şəklin mənbəyi, AZƏRTAC

Dekabrın 8-də xarici işlər naziri Ceyhun Bayramov İtaliya Respublikasının Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin dövlət katibi, Azərbaycan Respublikası və İtaliya Respublikası arasında İqtisadi Əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın həmsədri Manlio Di Stefanonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

"Nazir Ceyhun Bayramov Azərbaycan torpaqlarının işğaldan azad olunması ilə nəticələnən 44 günlük Vətən müharibəsi barədə qarşı tərəfə ətraflı məlumat verib. O, ölkələrimiz arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu, bu əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini bildirib", məlumatda deyilir.

Məlumatda həmçinin bildirilir ki, "tərəflər Azərbaycanın Avropa İttifaqı ilə tərəfdaşlığı, o cümlədən enerji və nəqliyyat layihələrində, xüsusilə Cənub Qaz Dəhlizi layihəsində iştirakı ilə bağlı fikir mübadiləsi aparıblar".

"Dövlət katibi Manlio Di Stefano regionda baş verən hadisələrlə bağlı yerində məlumat alınmasının daha faydalı olduğunu, bu səbəbdən Azərbaycana səfər etdiyini söyləyib", XİN açıqlayıb.

"Görüş zamanı tərəflər həmçinin ölkələrimiz arasında müxtəlif sahələrdə ikitərəfli əməkdaşlıq perspektivləri ilə bağlı məsələləri müzakirə ediblər", məlumatda deyilir.