AŞPA Azərbaycanda seçkiqabağı nöqsanları qeyd edib

Şəklin mənbəyi, Getty Images
AŞPA nümayəndə heyəti Azərbaycanda keçirdiyi müxtəlif həmsöhbətlərlə müzakirələrdən sonra "yaxşılaşdırılma üçün çoxlu məqamın olduğunu" və bunların heç olmasa bəzilərinin həyata keçirilməsi üçün seçki gününədək "vaxt olduğunu" vurğulayıb.
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) nümayəndə heyəti Azərbaycanda keçiriləcək erkən parlament seçkiləri ilə bağlı seçkiqabağı mühiti qiymətləndirmək üçün yanvarın 22-də Bakıya iki günlük səfər etmişdi.
Nümayəndə heyəti Azərbaycanda dövlət qurumlarının onları xoş qarşıladığını və seçkilərin şəffaf, azad və ədalətli mühitdə keçirilməsi ilə bağlı istəklərini açıqladığını bildirib.
AŞPA nümayəndə heyəti seçkilərin və onun müşahidəsinin yalnız səsvermə günü ilə yekunlaşmadığını, bir neçə mərhələni əhatə edən bir proses olduğunu və bütövlükdə seçki prosesini qiymətləndirmək üçün bunların hamısının təhlil olunmalı və qiymətləndirilməli olduğunu vurğulayıb.
"Bəzi maraqlı tərəflər fundamental hüquqlara, xüsusən ifadə və sərbəst toplaşmaq azadlığına hörmətlə bağlı ciddi narahatlıqlarını ifadə etdilər. Bəzi müxalifət partiyaları nümayəndə heyətinə məhdudlaşdırıcı mühit səbəbilə seçkiləri boykot etmək qərarına gəldiklərini bildirdilər", - məlumatda deyilir.
Avropa məhkəməsi, İlqar Məmmədov, icra edilməmiş qərarlar
Nümayəndə heyəti bildirib ki, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarına baxmayaraq, ləğv edilməmiş cinayət işləri səbəbindən bəzi siyasi liderlərə seçkilərdə iştirak imkanlarının verilməməsindən təəssüflənir.
2019-cu ilin sentyabrında Avropa Şurası Nazirlər Komitəsi Azərbaycandan İlqar Məmmədov və digərlərinə qarşı irəli sürülmüş cinayət ittihamlarının qalan bütün nəticələrini "dərhal aradan qaldırmağı" tələb edib.
AŞPA nümayəndə heyəti hesab edib ki, Azərbaycanın Strasburq məhkəməsinin qərarlarını yerinə yetirməməsi öz vətəndaşlarının seçkilərdə effektiv iştirak etməklə bağlı konstitusiya hüququnü sual altına alır.
AŞPA seçki müşahidə missiyaları, qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılması üçün Venesiya Komissiyasının tövsiyələrinin yerinə yetirilməsinin vacibliyini vurğulayıblar.
Nümayəndə heyəti bildirib ki, həmsöhbətləri onlara konstitusiyanın təmin etdiyi sərbəst toplaşma, birləşmə və hərəkət etmə azadlıqlarının hüquqi və icra cəhətdən ciddi məhdudlaşdırıldığını, hökuməti tənqid edənlərin sistematik təzyiq və cinayət təqibi ilə üzləşdiyini söyləyiblər.

19 yanvar mitinqi
Nümayəndə heyəti sonuncu icazəli mitinqin Bakıda, 2019-cu ilin yanvarında keçirildiyini vurğulayaraq bildirib ki, hakimiyyətin "sərbəst toplaşma hüququna əməl etmədiyi" barədə məlumatlar alır.
"Bizə məlumat veriblər ki, hakimiyyət müxalifətin 19 oktyabrda Bakıda keçirdiyi razılaşdırılmamış aksiyanı dağıtmaq üçün fiziki güc tətbiq edib, bir çox fəal və müxalifət liderləri həbs edilib. AŞPA hesab edir ki, seçki kampaniyası zamanı bütün iştirakçılar üçün sərbəst toplaşma və ifadə azadlığını təmin etmək üçün bütün zəruri tədbirlər görülməlidir".
Azərbaycanın Xarici İşlər Nazirliyi polisin "kübar və mədəni davranış nümayiş etdirdiyini" bildirib.
Daxili İşlər Nazirliyinin (DİN) yüksək rütbəli rəsmisi etiraz nümayişi zamanı saxlananların polis zorakılığına məruz qalması barədə iddiaları təkzib edib.
DİN-in saxlanılanlar barədə yadığı məlumata görə, həmin gün 60 nəfər saxlanılmış, onlardan 42-si xəbərdarlıq aldıqdan sonra azad edilmiş, 18 nəfərin işi isə məhkəməyə göndərilmişdi.
Açıqlamada ifadə azadlığı, mətbuat azadlığı və məlumat əldə etmə hüququnun konstitusion hüquq olduğu, lakin deffamasiyanın iki ilədək cinayət məsuliyyəti nəzərdə tutduğu qeyd olunur.









