Gültəkin Hacıbəyli səs yazıları barədə: "Biz daim izlənilirik"

Şəklin mənbəyi, Aziz Karimov
- Müəllif, Günel Səfərova
- Vəzifə, BBC News Azərbaycanca
Keçmiş millət vəkili Gültəkin Hacıbəyli xarici diplomatlarla söhbətlərinin səs yazılarının yayılmasına görə məhkəməyə müraciət edəcəyini deyir.
Oktyabr ayının 20-də yerli Real TV televiziyasında yayımlanmış verilişdə jurnalist Mirşahin Ağayev bu səs yazılarını ABŞ-ın Azərbaycanın "daxili işlərinə qarışması kimi" təsvir edir. O, Gültəkin Hacıbəylini "casus" adlandırır.
Səs yazılarından birində Gültəkin Hacıbəylinin 19 oktyabr mitinqi ilə bağlı ABŞ səfirliyinin əməkdaşı olduğu iddia olunan bir şəxslə telefon danışığı əks olunur. Digərində isə Gültəkin Hacıbəylinin restoranların birində Aİ-nin Azərbaycandakı nümayəndəliyinin əməkdaşı olduğu deyilən bir şəxslə ölkədəki vəziyyət barədə söhbəti əks olunur.
Gültəkin Hacıbəyli həmin şəxslərin ABŞ Səfirliyinin əməkdaşı və Aİ-nin Bakıdakı nümayəndəliyinin diplomatı olduğunu təsdiqləyib. Aİ və ABŞ Səfirliyindən bu barədə şərh almaq mümkün olmayıb.
Hüquqşünaslar bu hadisəni Diplomatik Münasibətlər haqqında Konvensiyanın pozulması kimi dəyərləndirir. Lakin Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, millət vəkili Səməd Seyidov bu "hadisənin mənfi nəticələrə səbəb olacağından şübhəlidir".
Azərbaycan hakimiyyəti məsələ ilə bağlı hələ ki, şərh verməyib.
Bazar ertəsi günü verilişin 47 dəqiqəlik buraxılışı YouTube video platformasından silinib.
"24 saat dinlənilirəm"
Keçmiş millət vəkili, hazırda isə ölkədə tanınmış müxalifətçi olan Gültəkin Hacıbəyli bu səs yazılarının "gerçək olduğunu" deyir.
Lakin o qeyd edir ki səs yazılarında ixtisarlar var və redaktəyə məruz qalıb.
Gültəkin Hacıbəyli BBC News Azərbaycancaya deyib ki, bu hadisə Azərbaycanda fəaliyyət göstərən siyasi fəalların, müxalifət nümayəndələrinin, adi vətəndaşların, hətta akkreditasiya olunmuş xarici ölkə səfirliklərinin, diplomatların şəxsi həyat toxunulmazlığı hüququnun olmadığını göstərib.
"Bu əslində Azərbaycan hakimiyyətinin çox böyük bir cinayət içində olmasının etirafıdır. Biz daim izlənilirik, telefon danışıqlarımız daim nəzarət altındadır. Şəxsən mən 24 saatlıq nəzarət altındayam", o deyib.
Milli Şuranın da üzvü olan Gültəkin Hacıbəyli bunu Azərbaycanda hakimiyyətin "avtokratiyadan despotiyaya çevrilməsinin əyani sübutu" adlandırır.
"Hakimiyyət o qədər reallıq hissini itirib ki, izlədiyini, işgüzar söhbətlərimizi qeydə aldıqlarını nəinki gizlətmirlər, bütün dünyaya bildirirlər. Azərbaycanda fəaliyyət göstərən heç bir diplomatın təhlükəsizliyi yoxdur, şəxsi həyatına telefonuna ciddi müdaxilələr edirlər".
Gültəkin Hacıbəyli baş verənlərlə bağlı məhkəməyə müraciət edəcəyini deyir.
"Bu kobud qanun pozuntusudur. Real TV-nin və bu informasiyanı ötürən xüsusi xidmət orqanlarının cəzalanmasına çalışacağam".
O, həm də bu hadisə ilə bağlı ciddi beynəlxalq tədbirin görüləcəyini düşündünü də qeyd edir.
Bazar günü axşamı yayılmış veriliş təxminən 14 saat sonra paylaşıldığı YouTube video platformasından silinib.
BBC News Azərbaycanca verilişi aparan jurnalist Mirşahin Ağayevdən bu barədə şərh ala bilməyib.
Konvensiyanın pozulması
Hüquq professoru Fərhad Mehdiyev deyir ki, beynəlxalq təşkilatlar, yaxud xarici ölkənin nümayəndəlikləri bir ölkənin daxili işlərinə qarışa bilməzlər, amma, Vyana konvensiyanın [1961-cı il Vyana Diplomatik Münasibətlər haqqında Konvensiya- red.] 3-cü maddəsinə görə diplomatlar bütün qanuni yollarla qəbul edən dövlətdəki şərtlər və hadisələr haqqındada məlumat toplaya bilər və onu göndərən dövlətə göndərə bilər.
"Qanuni yolarla o deməkdir ki, diplomatlar diplomatik nümayəndəlikdə başqasının telefonunu dinləyə bilməz, qanunsuz araşdırma apara bilməz. Amma könüllü şəkildə kimsə ona məlumat ötürürsə onu rahatlıqla göndərə bilər. Mətbuatda gördüyü hər şeyi toplaya bilər", o bildirir.
Cənab Mehdiyev deyir ki, Konvensiyanın 27-ci maddəsində kommunikasiyaların toxunulmazlığı var və bu səs yazılarının yayılması, hər iki maddənin pozuntusudur.
Hüquq professoruna görə, yayılmış səs yazılarında Gültəkin Hacıbəylinin verdiyi məlumatlar qanunsuz deyil.
"Ölkənin müdafiə qabiliyyəti barəsində məlumatlın verilməsi daxili işlərə qarışma, milli təhlükəsizlik əleyhinə bir fəaliyyət olardı. Burada [səs yazılarında-red.] verilən məlumat isə hansısa müxalifət liderinin həbsilə bağlıdır".
Fərhad Mehdiyev onu da deyir ki, insan haqlarının müzakirəsi beynəlxalq yanaşmaya görə artıq bir ölkənin daxili məsləsi sayılmır.
Mənfi təsir?
Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, millət vəkili Səməd Seyidov BBC News Azərbaycancaya deyib ki, "bu, Azərbaycan-ABŞ əlaqələrinə heç bir mənfi təsir göstərə bilməz".
"Ancaq həm səfirlik, həm də diplomatik xidmətdə işləyən insanlar öz diplomatik xidmətinin çərçivəsində fəaliyyət göstərməlidirlər".
Aİ-nin Azərbaycandakı nümayəndəliyi məsələdən xəbərdar olduqlarını, amma hələlik şərh verməyəcəklərini bildirib.
ABŞ-ın Azərbaycandakı Səfirliyi də məsələ ilə bağlı hələ ki, şərh verməyib.
Hadisə ilə bağlı nə Azərbaycanın Xarici İşlər Nazirliyi, nə də ki Prezident Aparatından məlumat almaq mümkün olub.








