Tofiq Yaqublunun "sağ gözündə işgəncə izləri aydın görünür"

Tofiq Yaqublu
Şəklin alt yazısı, Tofiq Yaqublu (mərkəzdə) 19 oktyabr aksiyasında saxlanılarkən

Tofiq Yaqubluya işgəncələrlə bağlı Nəsimi rayon prokurorluğuna müraciət olunacaq, bazar ertəsi günü onunla görüşən vəkil Nemət Kərimli BBC News Azərbaycancaya bildirib.

"Sağ gözündə işgəncə izləri aydın görünür, başında şişlər var" deyən vəkil məhkəməyə appelyasiya şikayəti veriləcəyini də qeyd edib.

Tofiq Yaqublu vəkilinə deyib ki, "onun sağ çiyninə təpiklə vurulub".

"Tofiq Yaqublu DİN hospitalına aparılıb, orada müayinə olunub". Ona deyilib ki, qabırğası əzilib, lakin sınıq yoxdur. Sol qabırğalarında ağrı hiss edir."

Vəkil deyib ki, Tofiq Yaqublu ona işgəncə verildiyini, döyüldüyünü bildirib.

Daxili İşlər Nazirliyinin sözçüsü Ehsan Zahidov Tofiq Yaqublunun DİN-in Hospitalına aparıldığını təsdiqləyib.

"Bu gün Tofiq Yaqublu özünü yaxşı hiss etməməsi, ağrılarının olması ilə bağlı müraciət edib. ... Yaqublu orada [hospitalda -red.] bütün müvafiq müayinələrdən keçirilib, onda heç bir patoloji hal aşkar edilməyib. Bütün müayinələrin protokolları ona təqdim olunub, özü də imzalayıb. Müayinələrdən sonra Tofiq Yaqublu yenidən inzibati həbs yerinə qaytarılıb", - Ehsan Zahidov APA agentliyinə deyib.

Ehsan Zahidov bildirib ki, Tofiq Yaqublu DİN-in Hospitalındakı həkimlərin müayinəsinə inanmasa, inzibati həbsi başa çatandan sonra istənilən xəstəxanaya gedib yenidən müayinələrdən keçə bilər.

Müsavat partiyasının üzvü Tofiq Yaqublu Milli Şuranın 10 oktyabrda Bakıda keçirilən etiraz nümayişində saxlanılıb.

Bazar ertəsi günü atasının saxlandığı Binəqədi Müvəqqəti Saxlanma Təcridxanasında olan Tofiq Yaqublunun qızı Nigar Həzi atası ilə görüşə bilmədiyini deyib.

Nigar Həzi bundan əvvəl BBC News Azərbaycancaya müsahibəsində atasının "qabırğasının sındırıldığını" qeyd edib.

Həmin vaxt Daxili İşlər Nazirliyinin sözçüsü Ehsan Zahidov BBC News Azərbaycancaya deyib ki, "onda Tofiq Yaqublu barədə məlumat yoxdur".

"Təcridxanaya gəldim. Dedilər ki, Tofiq Yaqublunu bir saat əvvəl təcili yardımla hospitala aparıblar. Ancaq hara aparıldığı bilinmir", Tofiq Yaqublunun qızı Nigar Həzi bildirib.

Onun sözlərinə görə, "Qırmızı Xaç Cəmiyyətindən nümayəndələri 5-6 dəfə" Binəqədi Müvəqqəti Saxlanma Təcridxanasında olan Tofiq Yaqubluya "baş çəkməyə cəhd ediblər, amma onlara görüş icazəsi verilməyib."

Nigar Həzi onu da deyib ki, atası ilə bazar ertəsi günü telefonla danışıb və atası ona "işgəncə verildiyini" deyib.

"Ona şiddətli işgəncələr verilib və qabırğası sınıb. Ona görə də təcili həkim müayinəsi tələb edir", Nigar Həzi deyib.

Şənbə günü Daxili İşlər Nazirliyi Əlahiddə Çevik Polis Alayının komandiri, polis general-mayoru Səhlab Bağırov BBC News Azərbaycancaya saxlananlara qarşı polis zorakılığı baş verməsi iddialarını təkzib edib.

Əli Kərimli

Şəklin mənbəyi, MÜŞFİQ CABBAR

Şəklin alt yazısı, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli

Azərbaycan Xalq Cəhbəsi Partiyasının sədri Əli Kərimli hazırda evində müalicə alır, AXCP-dən BBC News Azərbaycancaya bildirilib.

"Əli Kərimlinin səhhətindəki problemlərə görə o özünü yaxşı hiss etmir və mətbuatla danışmaq ona çətindir", Məmməd İbrahim əlavə edib.

Əli Kərimli şənbə günü keçirdikləri etiraz nümayişi zamanı saxlandıqdan sonra "polis zorakılığına məruz qaldığını", ona "işgəncə verildiyini, hətta bir müddət özündə olmadığını" bildirib.

Rəsmi qurumlar Əli Kərimlinin müayinə edilməsi və səhhətində heç bir problem olmadığı barədə bəyənat yayıb.

AXCP sədrinin müavini Faiq Əmirli deyib ki, "partiyadan 29 nəfərə müxtəlif müddətlərdə sutkalıq" həbs verilib.

Onun sözlərinə görə, sutkalıq həbs alanların vəziyyəti ilə bağlı məlumat ala bilmirlər.

Polis

Tofiq Yaqublu ilə birgə saxlanılan keçmiş "siyasi məhbus" Rüfət Səfərovun vəziyyəti ilə bağlı məlumat almaq mümkün olmayıb.

BBC News Azərbaycancaya danışan Rüfət Səfərovun atası Eldar Sabiroğlu deyib ki, "onun səhhəti barədə məlumatı yoxdur".

"Rüfət zəng etmişdi, qısaca dedi ki, günorta saatlarında görüşə gəl, orada hər şeyi danışacağam", Eldar Sabiroğlu deyib.

Onun sözlərinə görə Rüfət Səfərov onunla telefonla qısa danışıb və vəziyyəti barədə sualları cavablandırmayıb.

Daxili İşlər Nazirliyinin aksiyada saxlanılanlar barədə yadığı məlumata görə, həmin gün 60 nəfər saxlanılıb.

Nazirliyin məlumatında bildirilib ki, saxlanılanlardan 18 nəfərinin sənədləri məhkəməyə göndərilib və "izahatları alınan 42 nəfər isə rəsmi xəbərdarlıq edildikdən sonra buraxılıb".

Paylaşımını ötürün YouTube
Google YouTube məzmununa icazə varmı?

Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Xəbərdarlıq : Üçüncü tərəfin məzmununda reklam ola bilər

Paylaşımın sonu YouTube

Video açılmırsa, burada izləyin.