Səhiyyə Nazirliyi: altı tələbə zəhərlənib

BDU-nun yataqxanasında zəhərlənmiş tələbələrdən biri ölüb

Şəklin mənbəyi, Azertag

Səhiyyə Nazirliyinin açıqlamasına görə, bu gün səhər saatlarında altı tələbə qız zəhərlənmə diaqnozu ilə Bakıda yerləşən Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib.

Nazirliyin yaydığı məlumatda tələbələrin vəziyyətinin "orta-ağır" olduğu bildirilib.

Qurumun məlumatına görə, Xəzər Universitetinin tələbələri olan qızlar dəm qazından zəhərləndiklərini deyiblər.

Hadisə tələbə qızların Bakının Qara Qarayev prospektində kirayə qaldıqları mənzildə baş verib.

Üç gün əvvəl isə Bakı Dövlət Universitetinin 2 saylı yataqxanasında üç tələbə qız zəhərlənib və onlardan biri ölüb.

Zəhərlənənlərdən ikisinin müalicəsi davam edir. Onların nədən zəhərləndiyi hələ məlum deyil.

Qida Təhlükəsizlik Agentliyindən BBC News Azərbaycancaya bildiriblər ki, laboratoriya müayinəsinə göndərilən qida nümunələrinin cavabları hələ məlum deyil.

Baş Prokurorluqda bu hadisə ilə bağlı Cinayət Məcəlləsinin "səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda" maddəsi ilə cinayət işi açılıb.