Nərmin Kamalın bloqu: Guya hər şey “İran peçi”-nə görə olur

Şəklin mənbəyi, alsat.az
- Müəllif, Nərmin Kamal
- Vəzifə, Yazıçı, bbcazeri.com üçün
İndi mən bir otaqda oturmuşam. Tavanda iki dənə balaca dördkünc cihaz var. Bu otaqdan çıxıb başqa otağa keçsəm, orada da həmin iki cihazdan görəcəyəm.
Ümumiyyətlə, evdən küçəyə çıxsam, İngiltərədə kefim istəyən hər hansı evin qapısını döyüb içəri girə bilsəm, tavana baxsam, onlarda da bu cihazlardan olduğunu görəcəyəm.
Əgər ölkədən çıxsam, qonşu ölkələrə keçsəm, lap okeanı keçib uzaq Kanadaya getsəm, ordakı evləri gəzsəm, həmin cihazlardan o evlərdə də görəcəyəm.
Nə iş görür bu cihazlar?
Qiyməti cəmi 20 manat olan bu cihazlardan biri dəm qazının insanı zəhərləmək həddinə çatacağını ən birinci hiss edir, həyəcan siqnalı çalır.
Onun adı belədir: Carbon Monoxide Alarm. O biri detektorsa evdə yanğın ola biləcəyini ilk tüstüdən hiss edib qışqırmağa başlayır.
Onlarla ölkədə birinci adını çəkdiyim cihazı evə quraşdırmaq məcburi elan olunub. Evin harasına, neçə metr hündürlüyə, hansı açıqlığa qurmaq, vaxtaşırı onun işlək olub-olmadığını yoxlatmaq kimi vacib xırdalıqlar tələb olunur.
Kirayə verən ev sahibləri hökmən hər otağa dəm qazı alarmı qoşmalı, sonra evlərini başqa adamın ixtiyarına verməlidirlər.
Onu apteklərdə də satırlar, ev-təsərrüfat dükanlarında da. Nəticədə nə qədər adamın həyatı bu balaca cihazların sayəsində xilas olur, - bunu təsəvvür etmək üçün Azərbaycan mətbuatını il boyu bürüyən xəbərləri sayın.

Şəklin mənbəyi, Getty
Yüz desəm, azdır. Dəqiq bilmirəm, yaxşısı budur, rəsmi statistikaya baxım. Budur, baxdım: “Bu il yanvarın 1-dən aprelin 29-dək Bakıda dəm qazından zəhərlənməyə görə təcili yardıma 860 müraciət daxil olub. 2014-cü il”.
Dəm qazı yazıq camaatı ya hamamda yaxalayıb öldürür, ya da gecə yuxuda. Kütləvi qırğın olur, özü də hər il təkrarlanır.
Jurnalistlər qışa “dəm qazı mövsümü” deyirlər, ancaq qış keçdi, budur, elə aprelin ilk günlərində üç dənə dəm qazından faciə xəbəri yayıldı.
Qoy xəbərdarlığı cihaz etsin
Azəriqaz İB, Fövqəladə Hallar Nazirliyi hər noyabrda əhaliyə belə tövsiyələr, xəbərdarlıqlar edir: Qaz sobalarınızı yoxlatdırın, başgicəllənmə hiss etsəniz, pəncərələri açın.
Bu cür xəbərdarlıqlar sizə məsum görünə bilər, ancaq aldanmayın. Bu, çox faydasız, üstəlik, təqsiri sizin, siz dəm qazından ölənlərin boynuna yıxan xəbərdarlıqdır.
Guya hər şey sizin məsuliyyətsizliyinizdən olur. Guya hər şey “İran peçi”-nə görə olur. Hökumət onu qadağan edib, sizsə alırsınız, odur ki, ölürsünüz.
Siz qazın tərkibi haqqında mübahisə etdikcə onlar da sexdə düzəldilən sobalardan, təmizlənməyən bacalardan danışır.
Halbuki, Qərb ölkələrində, məsələn, Britaniyada heç “gizli satılan İran peçi” məsələsi yoxdur, bununla belə, dəm qazı çox ciddi təhlükə sayılır, həyəcan cihazları isə adi qaz sobasıyla da, ən ideal şəkildə - avtomatik isitmə sistemilə qızdırılan evlərin tavanına da yapışdırılır.
Həmin cihaz Azərbaycanda da satılmalıdır, təbliğ olunmalıdır. Camaat hansı sobadan və ya isitmə sistemindən istifadə etməsindən asılı olmayaraq, onu almalıdır. Cəmi iyirmi manatadır. Bir dənə qızılgül qiymətinə.
Özləri könüllü almasalar, eynilə taksilər kimi, bulvar ağacları kimi, o da topdan alınıb ölkəyə gətirilməli, sayğaclar paylandığı kimi, o da evlərə məcburi paylanmalıdır.
Bu cür məcburiyyət avtomobildə oturan adamın məcburi kəmər taxmasıyla eyni kökdəndir. O, yol-təhlükəsizlik qaydalarıdır, bu, ev-təhlükəsizlik qaydaları.
Xülasə, bizə Carbon Monoxide Alarm lazımdır, tövsiyə xarakterli xəbərdarlıq yox.




