Spitak zəlzələsinə yardıma gedən Rza Hacıyevin hekayəsi: "25 günlük ezamiyyət" adlı 30 il

Spitak earquake Spitak zəlzələsi 30 years past since Spitak earthquake Spitak zəlzələsindən keçən 30 il
Şəklin alt yazısı, "Il-76" təyyarəsindəki qəzada həlak olmuş Rza Hacıyevin Həyat yoldaşı Nailə Hacıyeva xatirələrini bölüşür.
    • Müəllif, Aygül Mehman
    • Vəzifə, BBC News Azərbaycanca

"Görəsən görüşməyə razı olacaqmı?" deyə zəng edirdim ki, dəstəyin o tayından bir qadın rus dilində "eşidirəm" deyir.

- Nailə xanım, sizinlə 1988-ci ildə baş verənlər haqqında danışmaq istəyirəm, astadan söyləyirəm.

Dəstəyin o tayında bir anlıq səssizlik çökür. Az sonra dəstəkdə qadının səsi titrəyir:

- Raşadan danışacağıq? Danışaq...

Çağırış vərəqəsi

Üzəri oyma naxışlı taxta qapını evin gəlini açır. Qonaq otağına keçirik.

Otağın baş tərəfində qoyulmuş böyük səsucaldıcının üzərini bəzəyən şəkillərdən gənc Rza Hacıyev boylanır.

Qara saçlı, 60 yaşlarında, qırışları üzünə daha erkəndən düşdüyü hiss olunan Nailə Hacıyeva otaga girən kimi qonağına sarılır. Onun Raşasını yada salmağımıza sözsüz təşəkkürüdür bu sarılmaq...

Nailə Hacıyeva həmin günü belə xatırlayır:

"Hamı deyir ki, könüllü gediblər, ancaq belə deyil. Mən işdən evə qayıdanda günorta saat 3 olardı. Çox keçmədi ki, qonşu qapını döydü. Komissarlıqdan çağırış vərəqəsi gəlmişdi, bizi evdə tapmayıb, qonşuya verib getmişdilər. Bir az keçdi, Rza gəldi. Çay-çörək verib sonra söyləyəcəkdim.

Nəsə olduğunu anladı və nə baş verdiyini soruşdu. Çağırış vərəqini uzatdım, alıb baxdı. Sonra dedi ki, çox acam, ancaq tez gedim görüm niyə çağırırlar".

Spitak earquake Spitak zəlzələsi 30 years past since Spitak earthquake Spitak zəlzələsindən keçən 30 il
Şəklin alt yazısı, Nailə Hacıyeva Spitak zəlzələsinə köməyə gedərkən qəzada həlak olmuş şəhidlərin xatirəsinə kompleks açılacağı ilə bağlı xəbəri qəzetdən kəsib saxlayır.

"İkicə qurtum" çay, bir loxma çörək

"Çayından ikicə qurtum aldı, qabağına qoyduğum çörəkdən də bir tikə qoparıb ağzına qoydu, getdi. Üç gün toxunmadım nə bir loxma aldığı çörəyə, nə də çaya. Qaldı eləcə masanın üstündə. Sonralar da saxlayırdım o fincanı. Köçəndə it-bata düşdü".

Danışdıqca, xatırladıqca yanağından üzüaşağı süzülən yaş damlalarını gəlininin uzatdığı kağız dəsmalla silən Nailə xanım susur.

Spitak earquake Spitak zəlzələsi 30 years past since Spitak earthquake Spitak zəlzələsindən keçən 30 il

6 yaşlı nəvəsi yaxınlaşır. Nənəsinin qucağına dırmaşır, amma bir azdan nənə qucağı ona dar gəlir, yenidən gedir oynamağa. Nənə onun ardınca baxıb gülümsəyir, yarımçıq kəsdiyi söhbətinə qayıdır:

"Axşam gedib Biləcəridə tapdım onu. Mənə dedi ki, get evə. Səhəri gün təkrar Biləcəriyə yollandım. Raşadan yenə soruşdum ki, hara gedirsiniz, dedi ki, "25 günlük ezamiyyətə". Yüksək rütbəli bir şəxsdən Rzanın və digərlərinin hara aparıldıqlarını soruşdum, o da bircə kəlmə dedi: Ezamiyyətə gedirlər" .

"Dedim ki, Raşa, gəl oturaq taksiyə, gedək. Hətta, qaçasan bəlkə, gizlənəsən hardasa? Mən sənsiz necə qalacam bu 25 günü? Dedi ki, birtəhər dözərsən, "komandirovkadır" də".

Cibindən bir əsgər ulduzu çıxartdı. Dedi ki, Emilə verərsən. Verdim ulduzu Emilə. Elə yalançı vədləri də. Ata bu qış gələcək, yox, gəlməyi yaza qaldı. Gəl, yayı gözləyək, ata pul qazanmağa gedib. Ancaq ata gəlmədi".

İndiyə qədər nə baş verdiyini bilmədiklərini deyən Nailə Hacıyeva və ailəsi qəzaya uğramış təyyarənin sərnişinləri arasında yeganə sağ qalmış Fəxrəddin Balayevdən də heç nə öyrənə bilməyiblər.

"Fəxrəddin Balayev xəstəxanada yatırdı. Biz yanına getmək istədik, əlaqə saxlamaq istədik, lakin o, yaxın qoymadı bizi. Heç nə danışmadı. Bəlkə də "sus" demişdilər".

Spitak earquake Spitak zəlzələsi 30 years past since Spitak earthquake Spitak zəlzələsindən keçən 30 il
Şəklin alt yazısı, "İl-76" təyyarəsindəki qəzadan sağ çıxmış Fəxrəddin Balayevin həmin qəzada həyat yoldaşını itirmiş Nailə Hacıyevaya yazdığı cavab məktubu

Fəxrəddin Balayevdən gələn məktub

Sonradan Fəxrəddin Balayev onlara cavab məktubu yazır, ancaq bu məktub da ailəyə Rza Hacıyev haqqında yeni heç nə "demir".

"Hörmətli Nailə xanım, salam.

Mən sizin məktubunuzu ürək ağrısı ilə oxudum. Mən sizi başa düşürəm və kədərinizə şərik oluram. Ancaq çox təəssüf edirəm ki, sizə dəqiq məlumat verə bilməyəcəm. Bizi Biləcəridən avtobuslarla Nasosnuya voyenniy aerodroma (hərbi aeroport-müəl.) apardılar.

İki gün biz orda qaldıq. Elə avtobusda da yatırdıq. Mən qaldığım avtobusda İrza (Rza Hacıyev nəzərdə tutulur-müəl.) yox idi. O biri avtobusu deyə bilmərəm.

Samalyota (təyyarə-müəl.) minəndə isə mən axırıncı minmişəm. Gecikmişdim, hamı samalyotda idi, mənə yer olmadı. Ona görə də mən samalyotdakı maşının kuzovuna (yük yerinə -müəl.) qalxdım və orda oturdum. Onların mən heç birini görə bilməzdim. Bağışlayın ki, sizi sevindirə bilmədim.

Allahdan arzu edirəm ki, İrza özü sizin bu məktuba cavab olsun, evinə qayıtsın və sizi sevindirsin.

Sağ qolum sınıq olduğuna görə çox yaza bilmirəm, bağışlayın.

Hormətlə, Fəxrəddin".

Spitak earquake Spitak zəlzələsi 30 years past since Spitak earthquake Spitak zəlzələsindən keçən 30 il
Şəklin alt yazısı, Nailə Hacıyeva oğlu Emil Hacıyevlə birlikdə

Yarımçıq səadət

Nailə Hacıyeva necə tanış olduqlarından danışır, deyir ki, 1977-ci ildə iş yoldaşı onu bir qohumu ilə tanış edir. Sonradan gənc Nailə anlayır ki, tanış olduğu cavan oğlan onunla evlənmək istəyir. 6 həftəlik tanışlıq nişan mərasimi ilə bitir. Elə həmin ilin sentyabrında da toyları olur, 3 il sonra isə övladları Emil doğulur.

Nailə Hacıyeva deyir ki, əri həmişə Emilin toyundan, nə vaxtsa doğulacaq nəvələrindən nisgillə danışarmış.

"Emil çox balaca idi. Rza onun üstündə əsirdi. Bir dəfə dedi ki, onsuz da Emilin böyüməyini, toyunu, övladlarını görməyəcək. Görmədi də. Hərdən yuxuda görürəm onu", xatirələri yenə onu kövrəldir, yenə susur.

Yenə də sükutu özü pozur: "Deyirdi ki, bilirəm uzaqdır, tez-tez gəlməzsən baş çəkməyə, ancaq Artyomda dəfn edərsiniz məni..."

Oğlu Emil danışmaq istəmir: "Nə danışım, oğlan uşağı üçün ata önəmlidir, onu da mənim əlimdən alıblar".

Bir hissəsi yanmış pasport

"Boş qabı (tabutu nəzərdə tutur-red.) gətirdilər mənə. Açmaq istədim, qoymadılar. İnanmırdım. Sonra yanmış pasportunu tapdılar. Ümidlərim bir az da azaldı.

Ancaq həmişə ümid edirdim, hələ də ümid edirəm, arzulayıram ki, bəlkə pasport sadəcə ora düşübmüş. Özü hardasa sağdır. Yaşayır...

Qabaqdan yeni il gəlir. Hər yeni il qabağı elə bilirəm ki, bir gün qapını döyüb deyəcək ki, "mən gəldim".

Spitak earquake Spitak zəlzələsi 30 years past since Spitak earthquake Spitak zəlzələsindən keçən 30 il
Şəklin alt yazısı, 1988-ci ilin qışında Ermənistanın şimalında baş vermiş zəlzələdə, rəsmi məlumatlara görə, 25 min adam ölüb.

Dağa çırpılmış təyyarə

30 il öncə, dekabrın 7-də baş vermiş zəlzələdən bir neçə gün sonra Ermənistana köməyə tələsən ölkələrdən biri də Azərbaycan SSR olub: 78 nəfərlik sərnişinlə İl-76 təyyarəsi qonşu respublikaya uçur.

1988-ci ilin qışında Ermənistanın şimalında baş vermiş zəlzələdə, rəsmi məlumatlara görə, 25 min adam ölüb.

"Bakinskiy raboçiy" qəzeti 10 dekabr 1988-ci il sayında yazırdı ki, 10 ballıq yeraltı təkanlar dağıntılara səbəb olaraq, 700 mindən çox şəxsə zərər vurub.

Ermənistanın Seysmik Müdafiə üzrə Milli Araşdırma Agentliyinin saytında isə həmin zəlzələnin 7 bal gücündə olduğu bildirilir.

Qəza zamanı təyyarədə olan 63 xilasedici (ehtiyatda olan hərbçi) və 9 ekipaj üzvü həlak olub. Bir nəfər xilas olsa da, ömürlük şikəst qalıb.

Azərbaycan qadını jurnalı
Şəklin alt yazısı, Azərbaycan Qadını jurnalının 11-12-ci sayından (Mirzə Fətəli Axundov adına Milli Kitabxananın arxivindən)

Ailələrə göndərilən boş tabutlar və palçığa bulaşmış sənədlər

"Ədəbiyyat və İncəsənət" qəzetinin 14 dekabr 1990-cı il buraxılışında təyyarə qəzasından sağ çıxmış Fəxrəddin Balayev hadisə barədə danışıb. O deyib ki, təyyarənin salonunda yer olmadığına görə, 3 dostuyla birgə təyyarə ilə aparılan yük maşının arxasında oturub. Qəza baş verəndən sonra özünə gəldikdə təyyarədən kənarda olduğunu görüb.

Təyyarənin partlayacağını anlayan Balayev ordan uzaqlaşmağa başlayıb. Lakin o, yaxınlıqda görünən kəndə yox, əks istiqamətə üz tutur. Daha sonra təyyarədə olmuş şəxslərin hamısının partlayışdan sonra təyyarə ilə birgə yandığı bildirilir, - "Ədəbiyyat və İncəsənət" qəzetinin məqaləsində göstərilir.

Həmin vaxt təyyarə qəzası dünya mətbuatına çıxır: "The New York Times" qəzeti dekabrın 12-də çap etdiyi məqaləsində yazır ki, Ermənistanda baş vermiş təyyarə qəzasının qurbanları ilə 7 dekabr zəlzələsindən ölənlərin sayı artıb.

Bir müddət öncə...

Siyasi təhlilçi, tarixçi Zərdüşt Əlizadə BBC News Azərbaycancanın müxbiri ilə söhbətdə o illəri xatırlayır:

"1988-ci ilin fevralında Dağlıq Qarabağ Vilayət Soveti qərar verdi ki, Azərbaycanın tərkibindən çıxır. Azərbaycan Ali Sovetindən xahiş etdi ki, təsdiqləsin bu qərarı, Ermənistan Ali Sovetindən də xahiş etdi ki, onları öz tərkibinə qəbul etsinlər. Sonra SSRİ Ali Sovetindən ki, bu qərarları təsdiqləməsini istədilər.

Azərbaycan Ali Soveti buna "yox" dedi, Ermənistan Ali Soveti "hə" dedi, SSRİ Ali Soveti Rəyasət Heyəti isə iyun ayında bu məsələyə baxdı və bildirdi ki, Azərbaycanın razılığı olmadan bu qeyri-qanuni məsələdir, baş tuta bilməz. Bununla da bu məsələnin müzakirəsi hüquqi müstəvidə bitdi.

Dağlıq Qarabağ Vilayət Soveti fevralın 20-sində bu qərarı verdi (Azərbaycanın tərkibindən çıxmaqla bağlı), ayın 22-də artıq Ağdam, Bərdə, Yevlax sakinləri ilə Əsgərana hücum çəkdilər və orda iki azərbaycanlı öldürüldü. Daha sonra SSRİ Prokurorluğunun mühüm işlər üzrə müstəntiqi Bakı televiziyasından çıxış edərək, bildirdi ki, həmin şəxsləri ermənilər öldürüb".

Zərdüşt Əlizadə deyir ki, bundan sonra Sumqayıt hadisələri baş verir. Bu hadisələrdə Sumqayıtın etnik erməni sakinləri öldürülür.

Müasir tədqiqatçılar Sumqayıt hadisələrinin arxasında təxribatçı qüvvələrin durduğunu iddia edirlər.

"Amma bu tarixə qədər, yəni 1987-ci ildən Ermənistanda yaşayan minlərlə azərbaycanlı burdan qovulmağa başlayır", siyasi şərhçi əlavə edir.

Zərdüşt Əlizadə xatırlayır ki, həmin vaxtlarda artıq Bakıda mitinqlər başlamış, bir neçə dəfə dağıdılmışdı. "Elə sonuncu mitinq də 1988-ci il, dekabrın 4-dən 5-nə keçən gecə dağıdıldı. İki gün sonra isə Ermənistanda həmin zəlzələ baş verdi".

Zərdüşt Əlizadə həmin vaxt Yuqoslaviyadan Ermənistana gələn, 7 nəfərin olduğu təyyarənin də qəzaya uğradığını xatırladır.

Spitak earquake Spitak zəlzələsi 30 years past since Spitak earthquake Spitak zəlzələsindən keçən 30 il
Şəklin alt yazısı, SSRİ-nin o vaxtkı baş katibi Mixail Qorbaçov ABŞ-a rəsmi səfərini təxirə salıb, Ermənistanın zəlzələdən zərər çəkən bölgəsinə getmişdi. O, beynəlxalq aləmi Ermənistana yardım göstərməyə çağırmışdı.

"Adı könüllüydü"

1988-ci ildə sovet Azərbaycanında yüksək vəzifə tutmuş Ayaz Mütəllibov BBC News Azərbaycancaya deyir ki, həmin vaxt Ermənistana humanitar yardım göndərmək tapşırığı Moskvadan gəlmişdi: "Adını elə qoymuşdular, könüllülər. Amma Moskva vermişdi tapşırığı. Biz İttifaqın tərkibindəydik, bəzi məsələlər bizdən asılı deyildi".

Hadisələrin üstündən 30 il keçdiyini deyən Ayaz Mütəllibov başqa heç nə əlavə edə bilməyəcəyini söyləyir və bir kəlməylə qısa çəkən söhbəti yekunlaşdırır: "Ancaq Ermənistan bizim bu köməyimizə qiymət vermədi".

O dövrün mətbuatı yazırdı ki, Ermənistanın Gümrü hava limanında yerli dispetçerlər Azərbaycan təyyarəsini yanlış istiqamətləndiriblər və təyyarə dağa dəyərək partlayıb.

Hadisənin qəsdən törədilmə iddiası sonrakı illərdə də səslənsə də, bunu təsdiqləyən məlumatlar yoxdur.

Təyyarə qəzasından az sonra Azərbaycan SSR hakimiyyəti Ermənistana 150 inşaatçının da daxil olduğu daha bir humanitar yardım göndərir: amma bu dəfə qatarla..