"Mən bilmirəm, ölü qəbirdən çıxıb necə alıb pulu?"
Qarabağ müharibəsində yaxınlarını itirənlər onlara nəzərdə tutulan birdəfəlik ödəmələrin verilməsində çətinlik yaradıldığını deyir.
Çərşənbə axşamı Milli Məclisə şikayətə gələn ailələr BBC News Azərbaycancaya deyib ki, Dövlət Sığorta Kommersiya Şirkəti onlara birdəfəlik ödəmələri vermir və "artıq sığorta pulunuz ödənilib" deyir.
Prezident İlham Əliyev bu ilin aprel ayında Qarabağ müharibəsində yaxınlarını itirənlərə birdəfəlik yardım haqqında fərman imzalayıb.
Fərmanda deyilir ki, 1997-ci il avqustun 2-dək həlak olmuş və itkin düşmüş hərbi qulluqçuların yaxınlarına 11 min manat məbləğində birdəfəlik ödəmə verilsin.
Şikayətçi ailələr isə deyir ki, onlara ödəniş edilmir.
"Mən bilmirəm, ölü qəbirdən çıxıb necə alıb pulu?"
Müharibədə oğlunu və qardaşını itirdiyini söyləyən Səlminaz Allahyarova deyir ki, haqqını tələb etsə də, cavab ala bilmir:
"Oğlum Hüseyn 14 yaşından Füzulidə hərbi xidmətdə olub. 22 yaşında Aşağı Abdürrəhmanlı kəndində şəhid olub. 1997-ci ildən bu günədək o vaxt Heydər Əliyevin verdiyi fərmanla bütün orqanları gəzmişəm. Heç biri göstərə bilmir ki, mən bu vəsaiti almışam", o bildirir.
Xanım Allahyarova deyir ki, oğlu vətəni müdafiə etsə də, ona düşən payı ala bilmir:
"Oğlum haqqında komandirdən təşəkkür məktubu almışdım. Yazılırdı ki, sağ olsun, balaca Hüseynimiz 400 nəfəri mühasirədən xilas etdi. İndi isə mənə deyirlər ki, o vaxt sığorta ödənişini ərim alıb. Ərim 1991-ci ildə vəfat edib, oğlum isə ondan 6 il sonra, yəni 1997-ci ildə həlak olub. Mən bilmirəm, ölü qəbirdən çıxıb necə alıb pulu?"
"Şəhid beş şirvan sığortaya layiqdir?.."
Güllü Qasımova sığorta şirkətinin işindən şikayət edir. Deyir ki, onlara nə sənəd göstərirlər, nə də düzgün məlumat verirlər:
"Deyirlər ki, həyat yoldaşın həlak olanda yas vaxtı sizə beş şirvan pul ödənilib. Amma mən o sığortanı şəxsən görməmişəm. Bəyəm şəhid beş şirvan sığortaya layiqdir? Biz xəcalət çəkirik ki, şəhid ailəsi olaraq kiminsə qapısına gedək, pul istəyək".
O əlavə edir ki, sığorta şirkəti ona "Pulu yəqin qayınananız və ya qayınatanız alıb" deyib. Xanım Qasımova isə deyir ki, onların hər ikisi həyat yoldaşından əvvəl vəfat edib, yəni, o pulu ala bilməzlər.

"Pulu almışıqsa, bizə sənəd göstərsinlər"
Zaqatala rayonundan gələn Ceyhun Hüseynov da eyni cavabı alıb - "sizə ödəniş edilib".
"Qardaşım 1994-cü ildə Füzuli rayonunda şəhid olub. Prezidentin fərmanına görə də, ödəmələr 1992-1997-ci illəri əhatə etməlidir. Ancaq biz araşdırıb gördük ki, bizim almaq hüququmuz yoxdur, deyilir ki, siz pulu almısınız. Əgər pulu almışıqsa, bizə sənəd göstərsinlər, imza göstərsinlər ki, almışıq, biz də çəkilək gedək".
"Türkiyədə şəhiddən böyük hörməti olan yoxdur. Bizdə isə..."
Kəlbəcər rayonundan olan və Gəncədə məskunlaşan Şəmistan Musayev deyir ki, qardaşı 1996-cı ildə Ağdamda vəfat edib və "bayraq ordeni" ilə təltif olunub.
Onun sözlərinə görə, sığorta şirkəti onların 1996-cı ildə 50 min manat ("beş şirvan") pul aldığını iddia edir.
"O pula o vaxt 5-6 kilo ət düşürdü. Qurumlar deyir ki, o yəqin dəfn pulu olub, amma heç o pulu da almamışıq. Əgər hər şeydə özümüzü digər dövlətlərlə, xüsusilə Türkiyə ilə müqayisə ediriksə, indi də edək. Türkiyədə şəhiddən böyük hörməti olan yoxdur. Bizdə isə bu gün yeriyə bilməyən ağbirçək analar gəlib. Onun 11 minə ehtiyacı var ki, Zaqataladan, Bərdədən, Ağdamdan, Gəncədən, Qazaxdan bura gəlib".
Prezident İlham Əliyev bu ilin aprel ayında Qarabağ müharibəsində yaxınlarını itirənlərə birdəfəlik yardım haqqında fərman imzalayıb.
Fərmanda deyilir ki, 1997-ci il avqustun 2-dək həlak olmuş və itkin düşmüş hərbi qulluqçuların yaxınlarına 11 min manat məbləğində birdəfəlik ödəmə verilsin.

Şəklin mənbəyi, Alamy
"Əhali "mən almamışam"-ı sübut edə bilməz"
Millət vəkili Aqil Abbas BBC News Azərbaycancaya deyib ki, məsələ ilə bağlı bu gün Milli Məclisdə müzakirələr aparılıb.
"1992-1993-cü illərdə bəzi şəhid ailələrinə birdəfəlik ödəmələr edilib. Onların arxivləri yandırılıb, amma hər şey yandırılmır axı. Onların adları, soyadları digər sənədlərdə olmalıdır. Heç kimin haqqı qalmayacaq, hamısı ödəniləcək".
Millət vəkili söyləyib ki, parlamentdəki müzakirələrdə qərara gəlinib ki, həm Dövlət Sığorta Şirkəti, həm də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sənədləşmə və arxiv məsələsini yenidən araşdırsın".
Aqil Abbas qurumların birdəfəlik ödəmələrin həyata keçirilməsi haqda sənədləri ailələrdən tələb etməsini düzgün hesab etmir:
"Bunu əhalidən tələb etmək olmaz. Həmin təşkilatlar özləri axtarıb tapmalıdırlar ki, ailələr pulu alıblar, ya yox. Əhali "mən almamışam"-ı sübut edə bilməz".

Şəklin mənbəyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi şikayətlərlə bağlı çərşənbə axşamı günü keçirdiyi mətbuat konfransında birdəfəlik ödəməni almadıqlarını iddia edən bir qrup vərəsənin bu ödəməni alması barədə siyahı açıqlayıb.
Qurumun bildirdiyinə görə, həmin vərəsələrərin 1990-cı illərdə Dövlət Sığorta Kommesiya Şirkətindən şığorta ödənişini almaları hüquqi sənədlərdə təsdiqini tapıb.
Siyahıda vərəsəsinə ödəniş həyata keçirilmiş hərbi qulluqçunun adı, sığorta ödənişini alan vərəsənin adı və qohumluq dərəcəsi, verilən sənədin reyestr nömrəsi, tarixi və ödənişin məbləği qeyd olunub.
Nazirliyin təqdim etdiyi siyahıda cəmi 15 hərbi qulluqçunun adı var, digər şikayətçi vərəsələrlə bağlı araşdırmalar isə davam etdirilir, nazirlik açıqlayıb.
Qurum bildirib ki, birdəfəlik ödəmə üçün sənədlərin qəbulu prosesi isə davam etdirilir.
BBC News Azərbaycancanın Dövlət Sığorta Kommersiya Şirkəti ilə əlaqə saxlamaq cəhdləri baş tutmayıb.






