İki hekayəsi olan erməni xalçaları

Hratch Kozibeyokian və Kunzler xalçası

Şəklin mənbəyi, BBC World Service

Şəklin alt yazısı, Hratch Kozibeyokian və Kunzler xalçası
    • Müəllif, Liana Aghajanian
    • Vəzifə, Los Angeles

Biri ABŞ prezidenti Calvin Coolidge-ə məxsus olan, digəri isə bu yaxınlarda San-Dieqodakı bir evdə tapılmış iki xalçanın hekayəsi, 100 il əvvəl Türkiyədə yaşamış ermənilərin faciəli taleyindən və onlara Amerikanın ilk humanitar yardımından bəhs edir.

Maggie Mangassarian-Goschin ötən iyulda 97 yaşlı Elibet Kunzlerin evinə qədəm qoyanda öz tapıntısının əhəmiyyətini dərhal hiss eləmişdi.

Qonaq otağının ortasında döşəməyə üzərində 800 min əllə toxunmuş ilməsi olan əlvan xalı sərilmişdi. Xalçanın rəsmləri arasında ekzotik bitkilər, qıy vuran ceyranlar, sıçrayan qaplanlar vardı. Mangassarian-Goschin üçün tamamilə aydın idi ki, qarşısında tarixin indiyədək naməlum qiymətsiz parçası yatır.

Bu xalça Osmanlı dönəminin 1915-ci ilində qətlə yetirilmiş (bir çox alimlər bu qətliamı “soyqırım” hesab edirlər) 1.5 milyon erməninin xilas olmuş və Livanda yaşayan yetimlərinin əl işidir. Uşaqların saxlanması üçün pul ödəyən Amerika donorlarına verilmək üçün 3000 belə xalça toxunmuşdu.

Urfadan San Dieqoya uzanan hekayə

Bu xalça isə 70 il Kunzlerin evində gizlədilmiş, onunla birlikdə Livandan Nyu Yorka, Hempşirə və nəhayət onun əri və uşaqları ilə məskunlaşdığı San Dieqoya səfər etmişdi.

"Məndə belə bir hissiyyat var idi ki, bu xalçada nəsə qeyri-adilik var. Bundan əvvəl həyatım boyu belə bir şey görməmişdim, - deyir Kaliforniyanın Mişn Hils şəhərindəki Ararat-Eskejian Muzeyinin direktoru Mangassarian-Goschin.

xalça

Şəklin mənbəyi, BBC World Service

İndi, qətliamın 100-cü ildönümündə bu yetim xalçası və bu kimi başqa əşyalar ABŞ-ın ilk humanitar yardımını yada salır və ermənilərə acı da olsa, tarixi irsləri ilə birləşmək imkanı yaradır.

xalça

Şəklin mənbəyi, BBC World Service

Hazırda Yaxın Şərq Fondu kimi tanınan Amerikanın Suriya və Ermənilərin İxlası Komitəsi ABŞ-da yaradılmış qeyri-dini beynəlxalq yardım kampaniyalarının birincisi olub.

Bu fond Birinci Dünya Müharibəsinin ilk aylarında osmanlıların əlində sürgünlərə, zorakı köçürülmələrə, aclığa və edamlara məruz qalmış ermənilər, yunanlar və aysorların xilası üçün yaradılmışdı.

ABŞ boyunca bütün kinoteatrlarda qatılaşdırılmış süd tənəkələrinin toplanması kampaniyası keçirilirdi. Uşaq aktyoru və Charlie Chaplinin “Uşaq” filmində elə uşağı oynayan Jackie Coogan ianə toplanmasına kömək edirdi.

O vaxtlar üçün ağlasığmaz məbləğ – 110 milyon dollar toplanmışdı və bu pul məktəblərə, yetimxanalara və başqa yerlərə verilmişdi. Bu səylər 100 min erməni yetimi də daxil olmaqla milyonlarla qaçqının həyatını xilas etmişdi.

Kunzlerin atası İsveçrə missionerliyində ixlas komitəsinin yetimxana direktoru kimi çalışıb. O, Türkiyənin Urfa əyalətindəki erməni yetimlərin Livanın Gəzir dağ kəndinə evakuasiyasını təşkil edib.

Elə ki, erməni uşaqlar məskunlaşıblar, o, erməni xalça ustası Hovhannes Taschjianın köməyi ilə yetimxanada xalçaçılıq emalatxanasını yaradıb. Burada 1400 erməni qız uşağı toxuculuq, boyaçılıq, naxışçılıq kimi işləri öyrənib. Yetimlərə iqtisadi baxımdan özlərini təmin etmələri üçün xalçaçılıqla yanaşı, həm də peşəkar xalça ticarəti öyrədilib.

Şəklin mənbəyi, BBC World Service

Papa və Mama Kunzler

Böyük bir şövqlə “Papa and Mama Kunzler” adlandırılan Jacob və onun xanımı Elizabeth təkbaşına 8 min erməni yetiminin həyatlını xilas ediblər. Qızlar bu ər-arvadı o qədər sevirmişlər ki, onlar üçün də xalça toxuyublar.

Kunzlerin dörd qızından Urfada doğulmuş ən kiçiyi Elibeti rəng seçmək üçün dəvət ediblər və o mavinin üstündə dayanıb. Yetimlərin beləcə yaratdıqları həmin xalçanı Papa Kunzler elə Elibetin özünə bağışlayıb. Axırda İkinci Dünya Müharibəsindən sonra valideynləri xalçanı ona poçtla Livandan Amerikaya göndəriblər.

Elibetin sonbeşik qızı, hazırda həmin xalçanı vərəsə kimi qəbul etmiş Polly Marshall deyir ki, uşaqlığında bu xalçanın üstündə şüşə kürəciklərlə oynadığını yaxşı xatırlayır. Kunzler qızları müxtəlif bitki və heyvan təsvirlərini xalça dizaynına daxil edərdilər ki, Cənnət bağının portretini yaratsınlar.

“Bu bizim gündəlik həyatımız idi, - deyir Polly, - İndi mənim anamım nəticələri və kötükcələri bu xalçanın üstündə oynayırlar. Mən düşünürəm ki, onların ruhları bu xalçanın üstünə hopur və beləcə nəsildən-nəslə ötürülür”.

“Sanki yetim qalmış nənəmə toxunurdum”

Kunzler xalçasını əhəmiyyətli edən bir də odur ki, onun “bacı-tayı” 1925-ci ildə ixlas işindəki fəaliyyətinə görə prezident Calvin Coolidge-ə bağışlanıb.

Şəklin mənbəyi, BBC World Service

Kunzler xalçası ölçücə kiçik olsa da, hər iki xalçada eyni naxışları, nəbati və heyvani təsvirləri və erməni rəmzlərini görmək olar.

Coolidge xalçası ötən il Ağ Evin Muzey Mərkəzində sərgiyə qoyulanda, ona tamaşa etməyə gedənlərdən biri də Polly olub. O hətta xəlvət-xəlvət xalçaya toxunmağa çalışırdı.

Şəklin mənbəyi, BBC World Service

“Sanki heç vaxt görmədiyim baba və nənələrimə, həmin yetimlərə toxunurdum, - deyir qadın, - Bu xalça həmin adamların çəkdikləri müsibətlərin bir növ göstərgəsi idi”.

Ağ Evin anbarında yatan xalça

Mangassarian-Goschin Kunzler xalçasının sərgiyə qoyulması təklifi ilə Marshall-a müraciət edəndə Polly tərəddüdsüz razılaşıb. Əgər bu xalçanın bacı tayı Ağ Evə göndərilib və orada anbarda yatdıqdan sonra geri qaytarılıbsa, qoy onu heç olmasa adamlar indi görə bilsinlər.

Bu xalça may ayında nümayiş etdirilmək üçün müvəqqəti olaraq Ararat-Eskijian muzeyinə verilib.

“Əgər bu xalça adamların ağrısını azalda və ya onları öz əcdadlarına bağlaya bilirsə, deməli bizim də əlimizdən nəsə gəlir” – deyir Marshall.

Üçüncü nəsil xalçaçı və Erməni Xalçası Cəmiyyətinin prezidenti Hratch Kozibeyokian deyir ki, erməni icması xalçaların danışdığı tarixlərdəki qüdrəti tədricən hiss etməyə başlayıb.

“Bizim tariximizin yazıldığı çox az yerlər var – bu bizim xalq mahnılarımız və xalçalarımızdır” – deyir Coolridge və Kunzler xalçaları arasındakı bənzəyişi açmış Kozibeyokian.

Lakin bu xalçalar Amerika tarixinin də haqqında az bilinən guşələrinə işıq salır.

“Sənə sağ ol deyirik, Amerika!”

Bu il Amerika Erməni Milli Komitəsinin Qərb regionu “Biz sənə “sağ ol” deyirik, Amerika: Yaxın Şərq İxlas Təşkilatına Erməni Minnətdarlığı” kampaniyası keçirir. Bu, ermənilərin qətliam qurbanlarının yetimlərinə və başqa sağ qalanlara yardım etmiş təşkilata minnətdarlığıdır.

Şəklin mənbəyi, BBC World Service

Faciədən sağ çıxanların kötükcəsi, Yaxın Şərq Fondunun direktorlar şurasının sədri Shant Mardirossian deyir ki, Amerika əliaçıqlığının tarixçəsi Amerika ermənilərinin 3 və 4-cü nəsillərinin iki kimliyi arasına körpü salmaq imkanı verir. ABŞ hazırda Ermənistandan kənarda ermənilərin ən çox yaşadıqları ikinci ölkədir.

“Mən bu hekayə ilə fəxr edirəm. 10 min kilometr aralıda yaşayan ermənilər barədə heç nə bilməyən amerikalılar onlara yardım üçün nəsə veriblər – deyir o, - Əslində iddia etmək olar ki, amerikalıların o vaxtkı dəstəyi olmasaydı, bu gün ermənilərin bütöv bir nəsli burada yaşaya bilməzdi”.