Avropa İttifaqı "Azərbaycan ifadə azadlığını boğur” deyir, rəsmi Bakı bu bəyanatı ölkənin "daxili işlərinə müdaxilə" sayır

Azərbaycan Avropa Ittifaqı siyasət siyasi həbslər

Şəklin mənbəyi, Getty Images/Kollaj

Avropa İttifaqı son bəyanatında bildirib ki, Azərbaycan öz beynəlxalq öhdəliklərinə zidd davranır və ifadə azadlığını "boğur".

Rəsmi Bakı Avropa İttifaqının Azərbaycanda son vaxtlarda jurnalistlərin və ictimai-siyasi fəalların həbsi ilə bağlı bu tənqidini "Azərbaycan əleyhinə iddialar" adlandırıb və ölkənin "daxili işlərinə müdaxilə" kimi qiymətləndirib.

Son bir ayda aralarında jurnalistlərin, vətəndaş cəmiyyəti fəalı və siyasətçinin olduğu azı 11 nəfər həbs olunub.

Bu həftə ABŞ, Human Rights Watch təşkilatı və bəzi hökumətlərin nümayəndələri də bəyanat verərək son həbsləri "əsassız", ittihamları "saxta" adlandırıb, belə halların "qəbuledilməz" olduğunu bildiriblər.

Aİ: Azərbaycan "ifadə azadlığını boğur”

Azərbaycan "öz beynəlxalq öhdəliklərinə zidd hərəkət edir", - Avropa İttifaqının (Aİ) son bəyanatında deyilir.

Qurumun məlumatında bildirilir ki, Azərbaycan "ifadə azadlığını boğur”.

“Azərbaycanda jurnalistlər, siyasi fəallar saxlanılır, həbs edilir. İnsan hüquqları, o cümlədən fundamental azadlıqlar və qanunun aliliyi Azərbaycan və Aİ arasında münasibətlərin vacib elementləridir”, - qurum bəyan edib.

Bəyanatda bildirilir ki, jurnalistlərin "qanunsuz həbsləri, müstəqil jurnalistikanın imkanlarının məhdudlaşdırılması və ifadə azadlığına qoyulan məhdudiyyətlər ciddi narahatlıq doğurur".

WhatsApp reklamı-ı bağlayın və oxumağa davam edin
WhatsApp kanalımızı izləyin

BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.

Buradan izləyin

WhatsApp reklamı-ın sonu

"Avropa İttifaqı, həmçinin hüquq müdafiəçisi İlhamiz Quliyev və siyasətçi Tofiq Yaqublunun həbsindən, iqtisadçı Qubad İbadoğlunun və vətəndaş cəmiyyəti fəalı Bəxtiyar Hacıyevin həbs müddətinin uzadılması qərarından təəssüflənir", Aİ-nin bəyanatında vurğulanıb.

Qurum həbs olunmuş şəxslərin "fundamental hüquqlarından istifadə etdiklərini" bildirib və Azərbaycan hökumətini "həbs edilənləri azad etməyə, azad jurnalistika və ifadə azadlığı üçün imkanlar yaratmağa çağırıb”.

Aİ öz bəyanatında vurğulayıb ki, Azərbaycanla insan hüquqları sahəsində "dialoqu və əməkdaşlığı davam etdirməyə sadiq" qalır.

Azərbaycanda noyabrın axırlarından etibarən müstəqil jurnalistlər və siyasi fəallar həbs olunmağa başlayıb. "AbzasMedia işi" üzrə qaçaqmalçılıqda ittiham olunan Sevinc Vaqifqızı, Ülvi Həsənli, Məhəmməd Kekalov, Nərgiz Absalamova və Hafiz Babalı barəsində həbs qətimkan tədbiri seçilib.

Dekabr ayında Kanal13 rəhbəri Əziz Orucov və kanalın əməkdaşı Rüfət Muradlı, müstəqil jurnalistlər Teymur Kərimov və İbrahim Hümbətov müxtəlif ittihamlarla ittiham olunaraq barələrində həbs qətimkan tədbiri seçilib.

O cümlədən, Müsavat pariyasının üzvü Tofiq Yaqublu və ictimai fəal İlhamiz Quliyev də həbs olunub.

Saxlanan şəxslər ittihamları qəbul etmədiklərini bildirərək həbslərini fəaliyyətləri ilə əlaqələndiriblər.

Azərbaycan XİN: "...əsassız iddialar Aİ ilə əlaqələrin perspektivinə zərbə vurur"

"Bu cür əsassız və qərəzli bəyanatları Azərbaycanda məhkəmə hakimiyyətinin müstəqilliyinə müdaxilə cəhdləri kimi qiymətləndiririk. İstintaqın gedişatına müdaxilə edilməsi qəbuledilməzdir və məhkəmə prosesinin işinə müdaxilə hüquqi dövlətin əsas prinsipi olan qanunun aliliyinə ziddir", - Azərbaycan Xarici İşlər Nazirliyi cümə günü yaydığı bəyanatında bildirib.

Qurum Avropa İttifaqını "ikili standart" yürütməkdə ittiham edib.

Azərbaycan XİN "bu əsassız iddiaların" Azərbaycan və Aİ əlaqələrinin inkişaf perspektivlərinə "zərbə vurduğunu" bəyan edib.

Washington "qəbuledilməzdir" deyir

"Birləşmiş Ştatlar fundamental azadlıqlarından istifadə edənlərin son həbslərindən dərin narahatlıq ifadə edir və onların tezliklə azadlığa buraxılmasına çağırır", - ABŞ-ın Azərbaycandakı səfirliyinin X sosial media hesabında yaydığı açıqlamada belə deyilir.

Səfirliyin müvəqqəti işlər vəkili Hugo Gevara Tofiq Yaqublunun bu yaxınlarda baş vermiş həbsi ilə bağlı dekabrın 21-də onun qızı Nigar Həzi ilə görüşüb.

"Təkcə ötən ayda 10 nəfərdən çox tənqidçi həbs olunub. Bu qəbuledilməzdir", - ABŞ Dövlət departamentin mətbuat katibi Metyu Miller bu həftə mətbuat üçün keçirdiyi brifinqində Azərbaycanda müxalifətçi Tofiq Yagublunun və digər tənqidçilərin həbsi ilə bağlı suala cavabında deyib.

"Bu yaxınlarda Azərbaycanda başlayan jurnalistlərin, vətəndaş cəmiyyəti fəallarının, eləcə də müxalif şəxslərin həbsi tendensiyası dərin narahatlıq doğurur", - cənab Miller vurğulayıb.

Human Rights Watch: Hakimiyyət "təzyiqləri dayandırmalıdır"

"Azərbaycan hakimiyyəti tanınmış müxalifət lideri və hökumətin amansız tənqidçisi Tofiq Yaqublunu saxta dələduzluq və fırıldaqçılıq ittihamları ilə həbs edib", - bu həftə Human Rights Watch insan haqları təşkilatı belə bir bəyanat yayıb.

Qurumun bəyanatında deyilir ki, "bu, Azərbaycanda jurnalistləri və hökumətin tənqidçilərini hədəfə alan həbslər dalğası çərçivəsində baş verir”.

“Azərbaycan hakimiyyəti hökumətin opponentlərinə, jurnalistlərə və digər tənqidçilərə hücumu davam etdirir. Tofiq Yaqublunun həbsi ölkədə tənqidi səslərin susdurulması tendensiyasının davamıdır”, — HRW-nin Avropa və Orta Asiya üzrə direktor müavini Giorqi Qoqiya deyib.

“Human Rights Watch” vurğulayır ki, "müxalifətçi barəsində əsaslandırılmamış şəkildə, formal əsasla həbs-qətimkan tədbiri seçmək Avropa İnsan Haqları Konvensiyasının qanunsuz saxlamaya qarşı standartlarını pozur".

“Azərbaycan hökumətinin öz tənqidçilərinə qarşı əcinnə ovu onun azad sözə və insan haqlarının qorumasına qarşı hörmətsizliyinin göstəricisidir", qurum təmsilçisi vurğulayıb.

"Hakimiyyət Yaqublunu dərhal azad etməli, tənqidçi jurnalistlər və müxalifət fəallarına qarşı təzyiqləri dayandırmalıdır”, – Qoqiya vurğulayıb.

Almaniya hökumətinin Cənubi Qafqaz, Moldova Respublikası və Mərkəzi Asiya ilə icmalararası əməkdaşlıq üzrə koordinatoru Robin Vaqner də Twitter hesabında Azərbaycanda fəalların və jurnalistlərin həbsi ilə bağlı yazıb ki, "jurnalistlərin, vətəndaş cəmiyyəti fəallarının və müxalif siyasətçilərin həbslərinin sayının artması getdikcə daha çox narahatlıq doğurur".

“Mətbuat azadlığı və vətəndaş cəmiyyətinin iştirakı demokratiyanın əsas sütunlarıdır. Azərbaycan Avropa Şurasının üzvü kimi insan hüquqlarını, demokratiyanı və qanunun aliliyini dəstəkləməyə borcludur”, - cənab Robin X-dakı şərhində bildirib.

Kanal 13-ün həbsdə olan rəhbəri Əziz Orucova qarşı yeni - qaçaqmalçılıq ittihamı irəli sürülüb

Əziz Orucov ifadə azadlığı jurnalistlərin həbsi Əziz Orucov həbs olundu

Şəklin mənbəyi, Lamiyə Çerpanova

Şəklin alt yazısı, Əziz Orucov

Kanal13 internet televiziyasının rəhbəri Əziz Orucova dekabrın 19-da “qaçaqmalçılıq ittihamı irəli sürülüb”, həyat yoldaşı Lamiyə Çerpanova BBC-yə deyib.

Lamiyə Çerpanova bildirib ki, ittiham Səbail rayon Polis İdarəsində dindirilmə zamanı irəli sürülüb.

Əziz Orucovun vəkili Bəhruz Bayramov BBC-yə bildirib ki, cənab Orucova "bir qrup şəxslə qaçaqmalçılıq ittihamı veriblər, digər şəxslər bizə məlum deyil".

"Birlikdə istintaq hərəkatında iştirak etdik. Hər şeyi rədd edir. Bildirir ki, "necə olur, əvvəl qanunsuz tikiliyə görə cəlb olundum, heç kəs haqqında həbs qətimkan tədbiri seçilmədiyi halda, mənim haqqımda seçildi? İndi də qaçaqmalçılığa görə ittiham olunuram? Əlaqəli cinayət işləri deyil axı", - Bəhruz Bayramov deyib.

Yaxınları bildirir ki, bu ittihamla Əziz Orucov "7 ilədək həbs oluna bilər".

Bundan əvvəl Əziz Orucov Səbail Rayon Məhkəməsinin qərarı ilə mülkiyyət hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işləri aparmaqda günahlandırılıb.

Müxalif siyasətçi Tofiq Yaqublunun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib
Tofiq Yaqublu həbs olundu inzibati həbs 4 aylıq həbs qətimkan tədbiri
Şəklin alt yazısı, Tofiq Yaqublu

Dekabrın 15-də müxalif siyasətçi Tofiq Yaqublu barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib, bu barədə qızı Nigar Həzi BBC Azərbaycancaya deyib.

Tofiq Yaqublu saxlanandan sonra Nigar Həzi BBC-yə bildirmişdi ki, atası "dələduzluqda, rəsmi sənədləri saxtalaşdırma"da ittiham olunur.

Nigar Həzinin sözlərinə görə, Tofiq Yaqublu öz həbsini "siyasi fəaliyyəti və eyni zamanda, bu günlərdə elan olunan növbədənkənar prezident seçkilərinə qatılmamaq və seçkini baykot etmək çağırışları" ilə əlaqələndirib.

Tofiq Yaqublu "mühacir alveri" kimi bilinən işdə "günahlandırılır"

Tofiq Yaqublunun qızı Nigar Həzi BBC-yə deyib ki, bu cinayət işi dekabrın 11-də açılıb.

O bildirib ki, məhkəmə prosesində bu məsələ ilə bağlı ittiham olunan digər bir şəxslə Tofiq Yaqublu arasında "üzləşmə baş verib".

"Guya ki, Tofiq Yaqublu mühacir alveri ilə məşğul olub, həmin şəxs də bu işdə vasitəçi olub. Guya ki, həmin şəxs kiməsə iş düzəltmək üçün pul alıb, guya o puldan Tofiq Yaqubluya da verib, amma həmin adamın işini düzəltməyib. Deyim ki, həmin şəxslə bağlı artıq xoş olmayan xəbərlər gəlir..." - deyən Nigar Həzi həmin adamın müxalifətçilərə qarşı digər məhkəmə işlərində şahid kimi ifadə verdiyini iddia edib.

Nigar Həzi deyib ki, Tofiq Yaqublunun evində polis axtarış apararkən "pul vəsaiti tapılıb".

"Evimizdən pul çıxarıblar. Guya 5 min avro, 2500 manat və nə qədərsə də dollar. Evimizə qoyduqları pul bizim ailəyə məxsus deyil", - Nigar Həzi deyib.

Daxili İşlər Nazirliyindən bu ittihamlara cavab almaq mümkün olmayıb.

Tofiq Yaqublu sonuncu dəfə bu ilin yanvarında həbsdən azadlığa çıxmışdı.

O, ötən ilin dekabrında Bakının mərkəzində ictimai fəal Bəxtiyar Hacıyevin azadlığa buraxılması tələbi ilə keçirilən etiraz aksiyasında saxlandıqdan sonra 30 sutkalıq inzibati həbsə məhkum olunmuşdu.

Tofiq Yaqublu həbsinə etiraz olaraq 17 gün həbsdə aclıq aksiyası keçirib və azadlığa çıxandan sonra aclıq aksiyasını dayandırıb.

9 jurnalist həbs olunub

Araşdırmaçı jurnalist Hafiz Babalı

Şəklin mənbəyi, HAFIZ BABALI/FACEBOOK

Dekabrın 14-də Azərbaycanda daha bir jurnalist - Hafiz Babalı həbs edilib, onun vəkili Rəsul Cəfərov BBC Azərbaycancaya deyib.

Hafiz Babalı AbzasMedianın digər, bundan öncə həbs olunmuş araşdırmaçı jurnalistləri kimi "qaçaqmalçılıqda" ittiham olunur.

Bununla, son bir ay ərzində Azərbaycanda tənqidi mediada fəaliyyət göstərən və müxtəlif ittihamlarla həbs olunan jurnalistlərin sayı doqquza çatıb.

Vəkilin sözlərinə görə, araşdırmaçı-jurnalist Hafiz Babalı Xətai rayon məhkəməsinin hökmü ilə üç ay müddətinə həbs edilib.

"Bakı Şəhər Baş Polis idarəsi və Bakı Şəhər Prokurorluğu tərəfindən müraciət olunmuşdu və məhkəmə bunu təmin edib, Hafiz Babalı barəsində həbs qəti-imkan tədbiri seçdi. O, "AbzasMedia işi"ndə ittiham olunan digər şəxslərlə Cinayət Məcəlləsinin eyni maddəsi üzrə, qaçaqmalçılıqda günahlandırılıb", - vəkil Rəsul Cəfərov BBC Azərbaycancaya deyib.

Cənab Cəfərov deyib ki, Hafiz Babalı ittihamları qəbul etmədiyini bildirib və həbsini öz jurnalist fəaliyyəti ilə əlaqələndirib.

Rəsul Cəfərov Hafiz Babalının həbsi ilə razılaşmadığı üçün məhkəmə hökmündən apellyasiya şikayəti verəcəyini bildirib.

Bir neçə gün əvvəl araşdırmaçı-jurnalist Hafiz Babalı AbzasMedia işində şahid kimi dindirilmiş, daha sonra bank hesablarına həbs qoyularaq, azadlığa buraxılmışdı.

Bundan əvvəl noyabrın 20-dən başlayaraq, AbzasMedia-nın işi üzrə qurumun rəhbərləri Ülvi Həsənli, Sevinc Vaqifqızı, həmin saytın əməkdaşları Məhəmməd Kekalov, Nərgiz Absalamova dörd aylıq həbs edilib.

Ondan sonra daha iki jurnalist Kanal 13 internet televiziyasının rəhbəri Əziz Orucov, eləcə də kanalın aparıcısı Rüfət Muradlı həbs olunub.

Teymur Kərimov

Şəklin mənbəyi, az24saat.org

Şəklin alt yazısı, Kanal 11-in rəhbəri Teymur Kərimov

Dekabrın 13-də Teymur Kərimov və İbrahim Hümbətov polis tərəfindən saxlandıqdan sonra müxtəlif ittihamlarla dörd ay istintaq müddətinə həbs edilib.

"Turan"ın məlumatına görə, Youtube platformasında fəaliyyət göstərən Kanal-11-in rəhbəri Teymur Kərimov Cinayət Məcəlləsinin hədə-qorxu ilə tələb etmə, təkrar törədildikdə və külli miqdarda əmlak ələ keçirmək məqsədi ilə hədə-qorxu ilə tələb etmə maddələri ilə ittiham edilib.

Onun vəkili Nemət Kərimlinin sözlərinə görə, Teymur Kərimov məhkəmədə ittihamları qəbul etməyib, həbsini jurnalist fəaliyyəti ilə əlaqələndirib və polis tərəfindən zorakılığa məruz qaldığını deyib.

Turan informasiya agentliyinin rəhbəri Mehman Əliyev hesab edir ki, son vaxtlar Avropa və ABŞ-la yaşanan gərginliyi, eləcə də araşdırmaçı jurnalistlərin, fəalların və tənqidi media qurumlarının hədəf seçilməsi kimi cəmiyyətə göstərilən təzyiqlərin artması növbədənkənar prezident seçkisi ilə bağlıdır.

Azərbaycanda növbədənkənar prezident seçkisi 2024-cü il fevralın 7-ə təyin edilib.

Azerinfo.az saytının rəhbəri İbrahim Hümbətov "ayrı-ayrı şəxsləri nüfuzdan salan materialları dərc etməkdə və kompromatların dərc edilməməsi üçün onlardan pul tələb etməkdə ittiham olunur", - Turan yazıb.

Daxili İşlər Nazirliyindən ittihamlara cavab almaq mümkün olmayıb.

“Teymur Kərimovun həbsi Azərbaycanda jurnalistlərə və digər tənqidi səslərə qarşı irəli sürülən saxta ittihamların narahatedici nümunəsinə uyğundur. Şahid olduğumuz şey müstəqil Abzas Media və Kanal 13-ün rəhbərliyinin noyabrın sonlarında həbsi ilə başlayan müstəqil mediaya qarşı təzyiqlərin güclənməsidir", - Amnesty International-ın Cənubi Qafqaz üzrə tədqiqatçısı Natalia Nozadze deyib.

Amnesty International-ın təmsilçisi bildirib ki, “Baş verənlər 2012 və 2015-ci illərdə Azərbaycanda vətəndaş cəmiyyəti fəallarının və müstəqil media təmsilçilərinin, QHT nümayəndələrinin əsassız həbsi, təqibini xatırladır".

Azərbaycan rəsmiləri tez-tez bəyan edirlər ki, ölkədə bütün azadlıqlar, o cümlədən media azadlığı təmin olunur və ayrı-ayrı şəxslər törətdikləri cinayətlərə görə həbs olunur. Hökumət jurnalistlərin peşə fəaliyyətinə görə təqib olunması barədə iddia və tənqidləri rədd edir.

"AbzasMedia işi": əməkdaşlar qaçaqmalçılıqda ittiham olunur

AbzasMedianın rəhbərləri ötən ay həbs olunub. Jurnalistlər Cinayət Məcəlləsinin qaçaqmalçılıq maddəsi ilə ittiham olunublar.

Bundan başqa, AbzasMedianın əməkdaşı Nərgiz Absalamova və direktor müavini olduğu deyilən ictimai fəal Məhəmməd Kekalov da istintaq müddətində həbs edilib.

Nərgiz Absalamova da "qaçaqmalçılıqda ittiham edilir", Məhəmməd Kekalovunsa “Sevinc Vaqifqızı və Ülvi Həsənlinin cinayət işi üzrə cəlb edildiyi" bildirilib.

"AbzasMedia" Azərbaycanda yüksək vəzifəli dövlət rəsmilərinin korrupsiya əməlləri barədə apardığı araşdırmaları ilə tanınır.

Jurnalistlər barələrindəki ittihamları rədd edirlər və həbslərini jurnalist fəaliyyətləri ilə əlaqələndirirlər.

Human Rights Watch kimi beynəlxalq hüquq müdafiə təşkilatları onların həbsini media azadlığına təhdid kimi qiymətləndirərək jurnalistləri dərhal azad etməyə çağırıblar.