Kanal 13-ün daha bir jurnalisti həbs olunub

Kanal 13-ün üçüncü əməkdaşı Şamo Eminov həbs edilib

Şəklin mənbəyi, Dürdanə Eminova

Şəklin alt yazısı, Kanal 13-ün əməkdaşı Şamo Eminov həbs edilib

Kanal 13 internet televiziyasının daha bir əməkdaşı - jurnalist Şamo Eminov həbs edilib, həyat yoldaşı Dürdanə Eminova BBC Azərbaycancaya deyib.

Bununla Kanal 13-ün saxlanan əməkdaşlarının sayı üçə çatıb.

Noyabr ayından bəri Azərbaycanda müxtəlif tənqidi medialarda çalışan azı altı jurnalist qaçaqmalçılıq ittihamı ilə həbs edilib.

Dekabrın əvvəlində Kanal 13-ün rəhbəri Əziz Orucov, daha sonra kanalın aparıcısı Rüfət Muradlı həbs edilib. Əziz Orucova əvvəlcə qanunsuz tikinti aparma sonra isə qaçaqmalçılıq ittihamı irəli sürülüb. Rüfət Muradlı isə kiçik xuliqanlıq və polisin əmrinə tabe olmamaq ittihamı ilə üzləşərək 30 sutkalıq həbsə məhkum edilib.

Kanal 13-ün əməkdaşları barələrində çıxarılan ittihamları rədd edirlər və həbslərini peşə fəaliyyəti ilə əlaqələndirirlər, jurnalistlərin ailə üzvləri bildirib.

Dürdanə Eminovanın sözlərinə görə, həyat yoldaşı Şamo Eminov dekabrın 22-də evdən çıxıb müsahibəyə gedərkən yolda polis tərəfindən saxlanılıb və həmin günün axşamı müstəntiq zəng edərək ailəyə onun polisdə olduğunu deyib.

"Mənə telefonda müstəntiq dedi ki, Şamo bəyin diplomunu Yasamal polisinə gətir. Həmin gün qızımgildəydim. Axşam vaxtı evimizə gedəndə gördüm ki, evdə əşyalar dağıdılıb, yoldaşımın kompüteri və başqa bir telefonu götürülüb. Hələ də evə gedə bilmirəm qorxumdan. Başa düşdüm ki, evdə polis axtarış aparıb", - o, BBC Azərbaycancaya deyib.

Dürdanə Eminova onu da bildirib ki, beş gün sonra həyat yoldaşı Şamo Eminov ona tanımadığı nömrədən zəng edərək vəkil tutulmasını xahiş edib və deyib ki, ona "qaçaqmalçılıq" ittihamı ilə cinayət işi açılıb və barəsində 3 ay 5 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Dürdanə Eminova bildirib ki, həyat yoldaşı ona günahsız olduğunu, ittihamla razılaşmadığını deyib.

İttihamlarla bağlı Daxili İşlər Nazirliyindən cavab almaq mümkün olmayıb.

Ailəsinin bildirdiyinə görə, Şamo Eminov iki-üç ildir ki, Kanal13 Youtube kanalı ilə əməkdaşlıq edib, müsahibələr alaraq jurnalist fəaliyyəti göstərib.

Kanal 13-ün həbsdə olan rəhbəri Əziz Orucova qarşı qaçaqmalçılıq ittihamı irəli sürülüb

Kanal 13-ün rəhbəri Əziz Orucov

Şəklin mənbəyi, Lamiyə Çerpanova

Şəklin alt yazısı, Əziz Orucov
WhatsApp reklamı-ı bağlayın və oxumağa davam edin
WhatsApp kanalımızı izləyin

BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.

Buradan izləyin

WhatsApp reklamı-ın sonu

Dekabrın 19-da həbsdə olan Kanal13 internet televiziyasının rəhbəri Əziz Orucova “qaçaqmalçılıq ittihamı irəli sürülüb”, həyat yoldaşı Lamiyə Çerpanova BBC-yə deyib.

Lamiyə Çerpanova bildirib ki, ittiham Səbail rayon Polis İdarəsində dindirilmə zamanı irəli sürülüb.

Əziz Orucovun vəkili Bəhruz Bayramov BBC-yə bildirib ki, cənab Orucova "bir qrup şəxslə qaçaqmalçılıq ittihamı veriblər, digər şəxslər bizə məlum deyil".

"Birlikdə istintaq hərəkatında iştirak etdik. Hər şeyi rədd edir. Bildirir ki, "necə olur, əvvəl qanunsuz tikiliyə görə cəlb olundum, heç kəs haqqında həbs qətimkan tədbiri seçilmədiyi halda, mənim haqqımda seçildi? İndi də qaçaqmalçılığa görə ittiham olunuram? Əlaqəli cinayət işləri deyil axı", - Bəhruz Bayramov deyib.

Yaxınları bildirir ki, bu ittihamla Əziz Orucov "7 ilədək həbs oluna bilər".

Bundan əvvəl Əziz Orucov Səbail Rayon Məhkəməsinin qərarı ilə mülkiyyət hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işləri aparmaqda günahlandırılıb.

Həbs müddətlərində Kanal 13-ün əməkdaşlarının apellyasiya şikayətləri təmin edilməyib.

Rüfət Muradlı inzibati qaydada həbs edilib

Azərbaycan, media, insan haqları, jurnalistika, əziz Orucov, Rüfət Muradlı

Şəklin mənbəyi, Əziz Orucov / Rüfət Muradlı / FACEBOOK

Kanal 13 internet televiziyanın aparıcısı Rüfət Muradlı dekabrın 2-də Xətai Rayon Məhkəməsinin qərarı ilə polisin qanuni tələbinə qəsdən tabe olmamaqda ittiham edilib və barəsində 30 sutkalıq həbs qətimkan tədbiri qərarı çıxarılıb, Daxili İşlər Nazirliyinin sözçüsü Elşad Hacıyev BBC Azərbaycancaya bildirib.

Kanal 13-ün əməkdaşları barələrində çıxarılan ittihamları rədd edirlər və həbslərini peşə fəaliyyəti ilə əlaqələndirirlər, jurnalistlərin ailə üzvləri bildirib.

Jurnalist Əziz Orucov

Şəklin mənbəyi, Əziz Orucov/FB

Jurnalistin evində və ofisində axtarış aparılıb

Kanal 13-ün rəhbəri, jurnalist Əziz Orucovun evində və ofisində polis axtarış aparıb - bu barədə onun həyat yoldaşı Lamiyə Çerpanova BBC News Azərbaycancaya məlumat verib.

Daha sonra Əziz Orucov vəkili vasitəsiylə bildirib ki, onun evində və ofisində axtarış aparılması peşə fəaliyyəti ilə əlaqəlidir.

Lamiyə Çerpanovanın sözlərinə görə, noyabrın 27-də axşam saat altı radələrində polislər Əziz Orucov və vəkili Bəhruz Bayramovun iştirakı ilə yaşadıqları mənzildə axtarış aparıblar.

"Səbail rayon polis idarəsinin 8-9 əməkdaşı evdə axtarış apardılar. Onların əllərində məhkəmə sənədi var idi. Əziz Orucovun iki ədəd laptopunu, istifadə etmədiyi telefonları və Əzizin əvvəlki həbsi müddətindən olan məhkəmə sənədlərini apardılar", - Lamiyə Çerpanova deyib.

Daxili İşlər Nazirliyindən Əziz Orucovun evində və ofisində axtarış aparılması ilə bağlı məlumat almaq mümkün olmayıb.

Lamiyə Çerpanova bildirib ki, polislər sənəd axtardıqlarını desələr də, nə barədə sənəd axtardıqlarını dəqiqləşdirməyiblər.

Onun sözlərinə görə, polislər ailəyə bildirib ki, Əziz Orucov 20-ci sahə kimi tanınan ərazidə "qanunsuz ev tikdirir və onunla bağlı şikayət olduğu üçün, onun evində axtarış aparılıb".

Əziz Orucovun evində axtarış aparılıb

Şəklin mənbəyi, Lamiyə Çerpanova

Lamiyə Çerpanova deyib ki, onlar hazırda Əziz Orucovun əmisinin evində yaşayırlar və axtarışın nə üçün aparıldığını anlamayıblar.

Əziz Orucov 2018-ci ilin aprelində Ali Məhkəmənin qərarı ilə 3 illik şərti azadlığa buraxılmışdı.

O 2017-ci il, dekabrin 15-də Bakı Ağır Cinayətlər Məhkəməsində 6 il azadlıqdan məhrum edilib.

Həmin vaxt cənab Orucov qanunsuz sahibkarlıq və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham edilib. Əziz Orucov ittihamları qəbul etməyib.

Əziz Orucovun evində axtarış aparılır

Şəklin mənbəyi, Lamiyə Çerpanova

Şəklin alt yazısı, Polis Əziz Orucovun evində axtarış aparıb

Tənqidi media ilə bağlı nə baş verir?

Azərbaycan hökumətini tənqid edən daha bir medianın - AbzasMedianın rəhbərləri və saytın bir neçə əməkdaşı noyabr ayında həbs olunub. Jurnalistlər Cinayət Məcəlləsinin qaçaqmalçılıq maddəsi ilə ittiham olunublar.

Bundan başqa AbzasMedianın direktor müavini olduğu deyilən ictimai fəal Məhəmməd Kekalov və saytın jurnalisti Nərgiz Absalamova da istintaq müddətində həbs edilib.

AbzsMedia saytında öz araşdırmalarını dərc edən jurnalist Hafiz Babalı da istintaq müddətində həbs olunub.

"AbzasMedia" Azərbaycanda yüksək vəzifəli dövlət rəsmilərinin korrupsiya əməlləri barədə apardığı araşdırmaları ilə tanınır.

AbzasMedia işində ittiham olunaraq həbs olunan jurnalistlər barələrindəki bu ittihamları rədd edirlər və həbslərini jurnalist fəaliyyətləri ilə əlaqələndirirlər.

Human Rights Watch kimi beynəlxalq hüquq müdafiə təşkilatları onların həbsini media azadlığına təhdid kimi qiymətləndirərək jurnalistləri dərhal azad etməyə çağırıblar.