Abzas Media işi: Azərbaycanda həbsdə olan jurnalistlərə birlikdə 60 ilə yaxın hökm oxunub

Abzas Media işi: Azərbaycanda həbsdə olan jurnalistlərə birlikdə 60 ilə yaxın hökm oxunub

Abzas Medianın təmsilçilərinə əlavə ittihamlar verilib Abzas Medianın əməkdaşlarına hökm oxunub
Şəklin alt yazısı, Soldan sağa üst cərgədə: Sevinc Vaqifqızı, Hafiz Babalı, Ülvi HəsənliSoldan sağa alt cərgədə: Elnarə Qasımova, Fərid Mehralızadə, Nərgiz Absalamaova, Məhəmməd Kekalov

Azərbaycanda həbsdə olan jurnalistlərə Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən hökm oxunub.

Hökmə əsasən, Abzas Medianın əməkdaşları Ülvi Həsənli,Sevinc Vaqifqızı (Abbasova), Hafiz Babalı və Fərid Mehralızadə 9 il, Elnarə Qasımova və Nərgiz Absalamova 8 il, Məhəmməd Kekalov isə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Jurnalistlər 2023-cü ildən başlayaraq müxtəlif vaxtlarda saxlanılıblar.

Onların hamısı əvvəlcə "qaçaqmalçılıq"da ittiham olunsa da, sonradan ağırlaşdırıcı ittihamlarla üzləşiblər.

Jurnalistlər özlərinə qarşı irəli sürülmüş ittihamları qəbul etmir, həbslərini jurnalist fəaliyyətləriylə əlaqələndirir, "siyasi sifariş" adlandırırlar.

Sevinc Vaqifqızına qlobal antikorrupsiya çempionu mükafatı verilib
Sevinc Vaqifqızı beynəlxalq antikorrupsiya mükafı alıb

Şəklin mənbəyi, Nurlan Libre/Facebook

"Abzas Media"nın həbsdə olan baş redaktoru Sevinc Vaqifqızı qlobal antikorrupsiya çempionu mükafatına layiq görülüb.

Bazar ertəsi günü ABŞ Dövlət katibi hər il verilən korrupsiyaya qarşı mübarizə mükafatını təqdim edərkən on mükafatçı sırasında Sevinc Vaqifqızı barədə də danışıb.

Anthony Blinkenin sözlərinə görə, azərbaycanlı jurnalist Sevinc Vaqifqızı on ildən çox vaxtını hakimiyyətin korrupsiya fəaliyyətini ifşa etməyə həsr edib.

WhatsApp reklamı-ı bağlayın və oxumağa davam edin
WhatsApp kanalımızı izləyin

BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.

Buradan izləyin

WhatsApp reklamı-ın sonu

Blinken bildirib ki, o, hazırda həbsdədir və mükafatını ala bilməyən yeganə mükafatçıdır.

Dövlət katibi Sevinc Vaqifqızıdan sitat gətirərək deyib: "Artıq qorxu hiss etmirəm. Mən onların nə edə biləcəyini bilirəm... bu, mənə mane olmur. İnsanlara faydalı olmaq daha vacibdir...insanların bizə ehtiyacı var".

Sevinc Vaqifqızı 2023-cü ilin noyabrında "Abzas Media işi" ilə bağlı həbs edilib. Onunla birlikdə media qurumunun daha beş əməkdaşı da həbs edilib.

Jurnalistlər qaçaqmalçılıqda ittiham edilirlər, sonradan onlara ağırlaşdırıcı ittihamlar verilib.

Sevinc Vaqifqızı və digər həbs olunalar ittihamları qəbul etmir, həbslərinin peşə fəaliyyəti ilə bağlı olduğunu bildirirlər.

Bir neçə ay əvvəl Anthony Blinken Prezident İlham Əliyevə zəngində Azərbaycanı beynəlxalq və insan haqları sahəsindəki öhdəliklərinə əməl etməyə və "haqsız yerə həbs edilənləri" azad etməyə çağırıb.

Azərbaycan Xarici İşlər Nazirliyinin Anthony Blinkenin bəyanatına münasibəti bəlli deyil.

"Abzas Media işi” ilə bağlı daha 7 ittiham irəli sürülüb

"Abzas Media işi” üzrə həbs olunanlara yeni-ağırlaşdırıcı ittihamlar verilib, onların vəkilləri BBC-yə bildirib.

Avqustun 19-da saytın direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızı, jurnalistlər Elnarə Qasımova və Hafiz Babalıya qarşı 7 maddə ilə yeni ağırlaşdırıcı ittiham elan olunub, - Ülvi Həsənlinin vəkili Zibeydə Sadıqova BBC-yə deyib.

Bundan əvvəl jurnalistlər qaçaqmalçılıqda ittiham olunurdular.

İndi isə onlara qarşı xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq, mütəşəkkil dəstə şəklində cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda pul vəsaitlərini leqallaşdırma maddələri ilə ittiham verilib. Yeni ittihamlar arasında mütəşəkkil dəstə tərəfindən törədilmiş qaçaqmalçılıq, sənəd saxtalaşdırma və saxta sənədlərdən istifadə etmə, mütəşəkkil dəstə halında vergi ödəməkdən yayınma ittihamları da irəli sürülüb. Bu ittihamlara görə 7 ildən 12 ilədək həbs cəzası nəzərdə tutulur.

Daha əvvəl "Abzas Media işi" üzrə həbs olunan direktor müavini Məhəmməd Kekalov, jurnalist Nərgiz Absalamova və iqtisadçı Fərid Mehralızadəyə də eyni maddələrlə yeni ittiham irəli sürülüb.

Abzas Media

Şəklin mənbəyi, Facebook

İttiham edilənlərin hamısı özlərinə qarşı ittihamları rədd edərək həbslərini peşə fəaliyyəti ilə əlaqələndiriblər.

İyunun 22-də “Abzas Media”nın direktoru Ülvi Həsənli və saytın baş redaktoru Sevinc Vaqifqızının həbs müddəti daha üç ay uzadılıb, Sevinc Vaqifqızının vəkili Elçin Sadıqov çərşənbə günü BBC-yə bildirib.

Sevinc Vaqifqızı ilə Ülvi Həsənli AbzasMedia AbzasMedia işi

Şəklin mənbəyi, S.VAQIFQIZI/INSTAGRAM

Jurnalistlər Ülvi Həsənli və Sevinc Vaqifqızı, eləcə də qurumun bir çox əməkdaşı, o cümlədən araşdırmaçı jurnalist Hafiz Babalı qaçaqmalçılıq ittihamı ilə həbs olunub.

Bir müddət əvvəl hüquq müdafiəçisi Anar Məmmədli və Məclis.info saytının təsisçisi İmran Əliyev də həbs edilib.

İqtisadçı Fərid Mehralızadə də həbs olunub

Fərid Mehralızadə

Şəklin mənbəyi, Fərid Mehralızadə Instagram

Yaxınları barəsində 3 ay 20 gün müddətində həbs-qətimkan tədbiri seçilmiş iqtisadçı Fərid Mehralızadənin "Abzas Media işi" üzrə həbs olunduğunu deyir.

Həyat yoldaşı Nərgiz Muxtarova BBC-yə onu da deyib ki, Fərid Mehralızadə qaçaqmalıçılıqda ittiham olunur.

"O özünü təqsirkar bilmir, həbsini siyasi sifariş hesab edir", - həyat yoldaşı bildirib.

Abzas Media öz sosial şəbəkə hesabında yazıb ki, Fərid Mehralızadənin onlarla heç bir əlaqəsi olmayıb, sadəcə, o, bir neçə dəfə saytın suallarını bir eskpert kimi cavablandırıb.

Nərgiz Muxtarova da deyir ki, ümumiyyətlə, əri “Abzas Media” ilə əməkdaşlıq etməyib.

İqtisadi məsələlər üzrə mütəxəssis Fərid Mehralızadə müxtəlif platformalarda yazdığı təhlilləri ilə tanınıb.

“Mənim Fəridlə danışmaq imkanım olmayıb. Onun başına küçədən torba keçirib aparıblar. Mən Fəridi sadəcə evə axtarışa gətiriləndə görmüşəm, orada da sadəcə onu deyə bildi ki, həbs olunanda pis rəftara məruz qalıb”, - Nərgiz Muxtarova BBC-yə deyib.

BBC Azərbaycanca bu ittihamlara DİN-dən cavab ala bilməyib. Fərid Mehralızadə saxlanan gün, iyunun 1-də Daxili İşlər Nazirliyi yerli mediaya bildirmişdi ki, iqtisadçı "saxlanılmayıb, polisə dəvət olunub".

Fərid Mehralızadənin həbsi Avropa İttifaqının (Aİ) 28 May günü ərəfəsində verilən əfv sərəncamını tənqid etməsindən sonraya təsadüf edir.

Aİ Azərbaycan hökumətini həbs olunan media təmsilçilərini və ictimai-siyasi fəalları azad etməyə çağırmışdı.

Rəsmi Bakı bunu davam edən istintaq işlərinə müdaxilə kimi qiymətləndirmişdi.

Hüquq müdafiəçisi qaçaqmalçılıqda günahlandırılır

Anar Məmmədli

Şəklin mənbəyi, akinchi.org

Aprelin 30-da Bakının Xətai rayon məhkəməsində hüquq müdafiəçisi Anar Məmmədli haqqında 3 ay 28 günlük həbs-qətimkan tədbiri seçilib, onun vəkili deyir.

Vəkili Elmar Süleymanov BBC-yə deyib ki, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli ittihamı qəbul etmir.

Ona Cinayət Məcəlləsinin "qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə" maddəsi ilə ittiham elan edilib.

Son aylarda bəzi jurnalistlər və fəallar qaçaqmalçılıq maddəsi ilə həbs olunub. Onlar bu ittihamı rədd edərək peşə fəaliyyətlərinə görə saxlandıqlarını bildiriblər.

Anar Məmmədli ABŞ dövlət katibi Anthony Blinken-in Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığında "Azərbaycanda ədalətsiz olaraq həbs edilən şəxsləri azad etməyə" çağırmasından bir gün sonra saxlanılıb.

Anar Məmmədli 2014-cü ildə həbsdə ikən AŞPA-nın Vatslav Havel adına İnsan Hüquqları Mükafatına layiq görülüb.

Elmar Süleymanovun sözlərinə görə, Anar Məmmədli təqsirləndirilən şəxs qismində cinayət işinə cəlb olunub, amma o özünü təqsirli bilmir.

Anar Məmmədli aprelin 29-da saxlanıb. DİN-dən BBC-yə yalnız onu deyiblər ki, onun barəsində araşdırma aparılır.

Hüquq müdafiəçisi saxlanarkən onun və atasının evində axtarış aparılıb, yaxınları mediaya deyiblər.

Anar Məmmədlinin bacısı Şəfa Məmmədli deyib ki, polis ötən gün Anar Məmmədlinin və atasının evində paralel axtarış aparıb və bəzi sənədləri, şəxsi əşyaları götürüb.

Anar Məmmədlinin saxlanmasından sonra bəzi beynəlxalq təşkilatları bundan narahat olduqlarını bildiriblər.

Almaniyanın AŞPA-dakı nümayəndə heyətinin sədri Frank Schwabe Anar Məmmədlinin saxlanmasını pisləyib və deyib ki, "Azərbaycanın Parlament Assambleyasına geriyə qayıtmasının yolu yoxdur. Nə indi, nə də yanvarda".

Yanvar ayında AŞPA-da əsasən insan haqlarının vəziyyətinə görə Azərbaycanın mandatı təsdiqlənməyib.

Böyük Britaniyanın Bakıdakı səfiri Fergus Auld X platformasındakı hesabında Anar Məmmədlinin həbsindən narahatlığını ifadə edib.

Paylaşımını ötürün X
X məzmununa icazə varmı?

Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil.

Paylaşımın sonu X

Bundan başqa, ABŞ Dövlət Departamenti, ABŞ-ın Azərbaycandakı səfirliyi, Human Rights Watch beynəlxalq hüquq müdafiə təşkilatı, BMT-nin İnsan Hüquqları Müdafiəçiləri üzrə Xüsusi Məruzəçisi Mary Lawlor, Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti Xidmətinin mətbuat katibi Peter Stano Anar Məmmədlinin saxlanmasından narahatlığını bildirib.

Human Rights Watch-un Avropa və Mərkəzi Asiya bölməsinin direktor müavini Rachel Denber “X” platformasındakı hesabında yazıb ki, Azərbaycan hakimiyyəti qarşıdan gələn COP29-a ev sahibliyi etməyə hazırlaşarkən jurnalistlərin və vətəndaş cəmiyyəti fəallarını ard-arda həbs edib.

Rəsmi Bakı bu son bəyanatlara hələ reaksiya verməyib.

Prezident İlham Əliyev Almaniyada keçirdiyi son mətbuat konfransında media təmsilçilərinin həbsi ilə bağlı sualı cavablandırarkən deyib ki, onlar "qanunvericiliyə uyğun" saxlanıblar.

Daha bir sayt rəhbəri saxlanılıb

İmran Əliyev

Şəklin mənbəyi, İmran Əliyev/ Facebook

Aprelin 19-da Bakının Xətai rayon məhkəməsində meclis.info saytının rəhbəri İmran Əliyev barəsində 2 ay 1 gün müddətinə həbs qətimkan tədbiri seçilib, yaxınları BBC-yə deyib.

Onların məlumatına görə, İmran Əliyev “Abzas Media” işi ilə bağlı həbs olunub və Cinayət Məcəlləsinin qaçaqmalçılıq maddəsi ilə təqsirləndirilir.

Daxili İşlər Nazirliyindən BBC-yə deyiblər ki, sayt rəhbərinin saxlanılması ilə bağlı məlumat veriləcək.

Cümə axşamı günü Məclis.info saytının rəhbəri İmran Əliyev hava limanında Dövlət Sərhəd Xidməti tərəfindən saxlanılıb - bu barədə o, sosial şəbəkədə özü məlumat verib.

“Haqqımda gedən sifarişli yazıdan sonra təhlükəsizlik üçün İstanbula bilet almışdım. Barəmdə yazılan xəbərlər uydurmadır. Saat 20:54-dür, pasportumu, həmçinin biletimi də alaraq məni saxlayıblar”, sayt rəhbəri deyib.

Elə həmin gün hökumətə yaxın mediada vətəndaş cəmiyyəti, Abzas Media, Toplum TV təmsilçiləri və İmran Əliyevlə bağlı yazılar dərc olunub. Mətnlərdə İmran Əliyevin beynəlxalq təşkilatlardan qrant aldığı və onu Azərbaycana qeyri-qanuni yolla gətirdiyi iddia olunur.

Aprelin 14-də Bakının Xətai Rayon Məhkəməsində “Abzas Media”nın rəhbərləri -Sevinc Vaqifqızı (Abbasova) və Ülvi Həsənlinin barələrində seçilmiş həbs qətimkan tədbiri uzadılıb. Bu barədə BBC-yə Sevinc Vaqifqızının vəkili Elçin Sadıqov məlumat verib.

Ötən ilin noyabrından başlayaraq, bu ilin yanvarına kimi Abzas Media-nın ardıcıl olaraq altı əməkdaşı - Məhəmməd Kekalov, Ülvi Həsənli, Sevinc Vaqifqızı, Nərgiz Absalamova, Elnarə Qasımova, Hafiz Babalı həbs olunublar. Onlar qaçaqmalçılıqda ittiham olunurlar.

“Sevinc Vaqifqızının həbs müddəti 2 ay 29 gün, Ülvi Həsənlininki isə 3 ay müddətinə uzadıldı. Lakin bunun üçün heç bir əsas yox idi. Bundan əvvəlki istintaq dövründə təqsirləndirilən şəxslərlə bağlı istintaq hərəkətləri aparılmışdı. Əlavə uzatmaya ehtiyac yox idi”- , Elçin Sadıqov bildirib.

Onun sözlərinə görə, vəkillər jurnalistlərin istintaq dövründə ev dustaqlığına buraxılması ilə bağlı vəsatət versələr də, məhkəmə təmin etməyib:

“Biz bununla bağlı apellyasiya şikayəti verəcəyik”.

AbzasMedia Azərbaycanda yüksək rütbəli məmurlar haqqında korrupsiya iddialarının araşdırılması ilə tanınır. Ölkədə hökuməti tənqid edən jurnalistlərin bir çoxu əvvəllər həbs olunsa da, son illərdə jurnalistlərin həbsi halları sıx müşahidə olunmamışdı.

Turan İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev hesab edir ki, son həbslər hakimiyyətin "ictmaiyyət üzərində nəzarəti artırmaq, tənqidçilərini zərərsizləşdirmək" istəyilə bağlıdır. O, bu həbsləri Azərbaycanda vətəndaş cəmiyyətinə “növbəti təhdid və təzyiq” hesab edir.

Azərbaycan Transparency International təşkilatının son korrupsiya indeksinə görə, 157-ci yerdədir. Beynəlxalq Sərhədsiz Reportyorlar təşkilatının 2023-cü il üzrə Meda Azadlığı indeksində Azərbaycan dünya üzrə 180 ölkə arasında 151-ci yerdə göstərilib. Freedom House Azərbaycanı söz azadlığı olmayan ölkələr siyahısına salıb.

Azərbaycan hökuməti belə indeksləşdirməni qəbul etmir və bu təşkilatların siyahılarını sifarişlə hazırladıqlarını deyir.

Polislər Abzas medianın ofisi qarşısında sədd çəkib

Şəklin mənbəyi, RAMIN DEKO

Şəklin alt yazısı, Polislər AbzasMedianın ofisi olan binanın qarşısında canlı sədd qurub

Hakimiyyətin "imicinə zərər"

Turan İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev hesab edir ki, Azərbaycanda hakimiyyət siyasi idarətemə quruluşunu dəyişdirə biləcək dəyişiklərə hazırlaşır və bu yolda hər hansı əngəl istəmir. "Buna görə də tənqidi medianı sıxışdırmaq, müstəqil vətəndaş cəmiyyətini zərərsizləşdirmək və gücsüzləşdirmək istəyir", o iddia edir.

O hesab edir ki, Azərbaycanda əsasən prezident, parlament seçkiləri və ya referendum kimi böyük daxili siyasi hadisələrdən öncə, jurnalistlərə və vətəndaş cəmiyyətinə təzyiqlər müşahidə olunur. Mehman Əliyev özünün 2018-ci il prezident seçkisindən bir neçə ay əvvəl həbs olunmasını xatırladaraq iddia edir ki, o vaxt bəzi hakimiyyət mənsubları onun seçki prosesinə "maneə" kimi görübmüş.

O, hökumət tənqidçilərinin həbslərinin davam edə biləcəyi qənaətindədir.

Mehman Əliyev bundan öncə də hakimiyyət tənqidçilərinin həbs olunduğunu xatırladır - ötən ilin dekabrında Bəxtyar Hacıyev, təxminən 3 ay əvvəl isə iqtisadçı alim Qubad İbadoğlu həbs olunub. Onlar həbslərinin ictimai-siyasi fəaliyyətləri ilə əlaqəli olduğunu iddia edirlər, ancaq maliyyə qanunsuzluqları və ya fırıldaqçılıq ehtiva edən maddələrlə ittiham olunublar.

Mehman Əliyev, həmçinin jurnalistlərin yüksək vəzifəli şəxslərlə bağlı apardığı korrupsiya araşdırmalarını da onların həbslərinə səbəb kimi görür. Onun fikrincə, belə araşdırmalar hakimiyyətin "imicinə zərər gətirir, cəmiyyətdə gərginliyi artırır və buna görə də hakimiyyət onları zərərsizləşdirmək istəyir".

Ancaq parlamentdə hakim Yeni Azərbaycan Partiyasını təmsil edən Hikmət Babaoğlu bununla razılaşmır və AbzasMedia-nın rəhbərlərinin saytın korrupsiya araşdırmalarına görə həbs olunması iddialarını rədd edir. Azəbaycanda hüquq-mühafizə orqanları “konkret iddia ilə konkret hüquqi” addım atır, o deyir.

Qaçaqmalçılıqda ittiham olunan Abzas Media-nın Baş redaktoru Sevinc Vaqifqızı saxlanarkən barəsində 3 ay 29 gün, direktoru Ülvi Həsənli barəsində isə 4 aylıq həbs qətimkan tədbiri seçilmişdi. AbzasMedia-nın ofisindən 40 min avro “pul tapıldığı” iddia olunur. İttiham öz təsdiqini taparsa, jurnalistləri 8 ilədək həbs cəzası gözləyir.

Sevinc Vaqifqızı və Ülvi Həsənovun saxlanmasından sonra hakimiyyətə yaxın saytlarda və televiziya kanallarında AbzasMedia və Azərbaycandakı bəzi müstəqil medianın USAİD (ABŞ Beynəlxaq İnkişaf Agentliyi) xətti ilə maliyyələşdirildiyi iddia olunub. USAİD isə “təxribat texnologiyalarını yeniləyən, yığcam, çevik dəstələr formalaşdıran" təşkilat kimi xarakterizə edilib.

2022-ci ildə Sevinc Vaqifqızı jurnalist Aytən Məmmədovaya və siyasi fəal Bəxtiyar Hacıyevə qarşı hücumlardan sonra hakimiyyət tənqidçilərinə qarşı zorakılığa son qoyulsun və bu zorakılığa yol verənlər cəzalandırılsın tələbiylə keçirilən aksiyada iştirak edir

Şəklin mənbəyi, Fərid Mehralızadə Instagram

Şəklin alt yazısı, Sevinc Vaqifqızı 2022-ci ildə jurnalist Aytən Məmmədovaya və siyasi fəal Bəxtiyar Hacıyevə qarşı hücumlardan sonra keçirilən etirazlarda

Qərbin reaksiyası "zəifdir"

ABŞ rəsmisi Matthew Miller Turan-a AbzasMedia-nın rəhbərlərinin həbsindən “dərin narahat” olduğunu bildirib və “Azərbaycan hakimiyyətinin ifadə azadlığına hörmət etməyə” çağırıb.

Mehman Əliyev isə əvvəlki və son həbslərlə bağlı Qərbin reaksiyasını “zəif” sayır.

Onun fikrincə, hazırda Qərbin bölgədə əsas hədəfi Azərbaycan-Ermənistan arasında sülhün əldə olunması, regionl stabillik və Rusiyanın regiona təsirlərinin azalmasıdır, ona görə də önə demokratya, insan haqlarını yox, öz maraqlarını qoyur.

Mehman Əliyev 2014-cü ildə də müstəqil media və vətəndaş cəmiyyətinə olan təzyiqləri xatırladaraq deyir ki, yaranmş vəziyyət qeyri-adi deyil: “Sadəcə, bu proseslər bizim siyasi systemi, müxalifəti, müstəqil medianı, müstəqil vətəndaş cəmiyyətini getdikcə zəiflədir. Demək olar ki, cəmiyyət idarəolunan vəziyyətə gəlib çıxıb və bu proses davam edir”.

2014-cü ildə bəzi QHT fəalları, jurnalistlər həbs olundu, Azadlıq radiosu, Meydan TV, Azadlıq qəzetlərinin saytları bloklandı, Azadlıq radiosunun ofisi möhürləndi və həmin vaxt həm Azadıq radiosu, həm də bəzi QHT-lərlə bağlı maliyyə məsələləri üzrə cinayət işi qaldırıldı.

Beynəlxalq Sərhədsiz Reportyorlar təşkilatının 2023-cü il üzrə Meda Azadlığı indeksində Azərbaycan dünya üzrə 180 ölkə arasında 151-ci yerdə göstərilib.

Təşkilatın 2023-cü il hesabatında yazılıb ki, Azərbaycanda “bütün media sahəsi rəsmi nəzarətdədir ölkə daxilindən müstəqil televiziya və ya radio yayımlanmır, tənqidi mövqedən çıxış edən bütün çap qəzetləri bağlanıb, Azadlıq və Meydan TV kimi saytlar bloklanıb”.

“Azərbaycanın media siyasəti açıq və şəffafdır. Azərbaycan Prezidenti İlham Əliyev jurnalistləri “özünün köməkçisi” adlandırıb”, - Hikmət Babaoğlu əlavə edib.

Amnesty International, Jurnalistlərin Müdafiə Komitəsi kimi beynəlxalq qurumlar AbzasMedia rəhbərlərinin saxlanılmasını qınayıb, jurnalistlərin azadlığa buraxılmasına çağırış ediblər. Beynəlxalq Jurnalistləri Müdafiə Komitəsi bildirib ki, Azərbaycan hakimiyyəti “ölkənin sıxışdırılmış müstəqil mediasının sərbəst” fəaliyyət göstərməsinə şərait yaratmalıdır.

Hüquq müdafiəçisi Novella Cəfəroğlu hesab edir ki, bu gün Azərbaycanda media azadlığına məhdudiyyətlər yoxdur: “Bütün Youtube-dakı TV-lərə baxıram, tənqid edirlər, hətta söyüş də söyürlər. Onları bağlamırlar ki!”

YAP- çı deputat Hikmət Babaoğlu AbzasMedia rəhbərlərinin həbsindən sonra Azərbaycana qarşı beynəlxalq təşkilatların tənqidlərinin artacağından narahat deyil. “Əminəm ki, qanun pozuntusu olmasa, Azərbaycanda heç kimə tənqidi münasibətinə görə cəza tətbiq olunmur. Dediyiniz beynəlxalq təşkilatlar özləri isə insan haqları, söz və mətbuat azadlığı kimi qlobal dəyərləri öz məqsədləri lehinə korrupsiya vasitəsinə, siyasi şantaş, yumşaq güc vasitəsinə çeviriblər”.