Əfv sərəncamı: Avropa İttifaqı tənqid edir, rəsmi Bakı razılaşmır

Əfv sərəncamı, İlham Əliyev

Şəklin mənbəyi, Azərtag

    • Müəllif, Aygül Mehman
    • Vəzifə, BBC Azərbaycanca

Çərşənbə günü Avropa İttifaqı Azərbaycan Prezidentinin son əfv sərəncamını tənqid edib. Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə mətbuat katibi Peter Stano yaydığı bəyanatda Azərbaycanı “fundamental hüquqlarına görə həbs edilən bütün şəxsləri azad etməyə” çağırıb.

Azərbaycan Xarici İşlər Nazirliyi Avropa İttifaqının bəyanatını “reallıqdan uzaq və saxtakarlıqla dolu” adlandırıb. Qurumun mətbuat katibi Ayxan Hacızadə Aİ-nı Azərbaycana qarşı "müdaxilə və təxribatlarını"dayandırmağa çağırıb.

Mayın 25-də Azərbaycan Prezidenti İlham Əliyev 154 məhkumun əfv edilməsi ilə bağlı sərəncam verib. Azərtac yazıb ki, əfv olunanlar arasında 8 əcnəbi vətəndaş var: "onlardan 5-i Əfqanıstan, 2-si Türkiyə, 1-i Rusiya vətəndaşıdır".

Videoya Youtube kanalımızda baxın.

Daha əvvəl bəzi yerli hüquq müdafiəçiləri də sərəncamla bağlı BBC-yə bildirib ki, onlar siyahıda “siyasi məhbus adlarının olmamasından narazıdır”.

Hüquq müdafiəçisi Novella Cəfəroğlu hesab edir ki, bu dəfə "siyasi məhbus" sayılan şəxslərin "heç biri" azadlığa buraxılmayıb.

Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev isə deyib ki, onlar əfv siyahısını əfvə müraciət edən şəxslərin qanunda nəzərdə tutulan meyarlara uyğun gəlib-gəlmədiyini qiymətləndirərək hazırlayıblar.

Azərbaycan hakimiyyəti ölkədə "siyasi məhbus" olmadığını, vətəndaşların dini və ya siyasi baxışlarına görə təqib edilmədiyini deyir.

Azərbaycanda əfv May ayında 154 nəfər əfvə düşüb May ayında 154 nəfər əfv edilib

Şəklin mənbəyi, Azertac

Avropa İttifaqı tənqid edir

WhatsApp reklamı-ı bağlayın və oxumağa davam edin
WhatsApp kanalımızı izləyin

BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.

Buradan izləyin

WhatsApp reklamı-ın sonu

Aİ bəyanatında bildirib ki, “əvvəlki əfv sərəncamlarından fərqli olaraq, bu il siyahıda fundamental hüquqlarını həyata keçirdiklərinə görə cəza çəkən şəxslərin adı yoxdur”.

“Son aylar Azərbaycanda müstəqil jurnalistlərin, hüquq müdafiəçilərinin və siyasi fəalların siyasi motivli ittihamlarla həbsləri narahatedicidir. Xüsusilə, “Abzas Media”, “Toplum” TV, “Kanal 11” və “Kanal 13” kimi müstəqil media mənsubları, III Respublika Platforması kimi siyasi hərəkatlar, əmək hüquqlarını müdafiə edən qruplar və Demokratik Təşəbbüslər İnstitutu kimi digər təşkilatlar hədəfə alınıb. Onların bir çoxunun həbs müddəti dəfələrlə uzadılıb”, -bəyanatda deyilir.

Aİ Azərbaycanı "fundamental hüquqlarını həyata keçirdiklərinə görə həbsdə olan bütün şəxsləri azad etməyə" çağırıb. Qurum bildirib ki, məhbuslar üçün" ləyaqətli və təhlükəsiz şərait, o cümlədən onların sağlamlıq və müstəqil hüquqi xidmətlərdən tam istifadəsi" təmin edilməlidir.

Aİ iqtisadçı, bir müddət əvvəl ev dustaqlığına buraxılmış Qubad İbadoğlu və Toplum TV-nin həsbdə olan təsisçisi Ələsgər Məmmədlinin səhhətindən narahat olduğunu açıqlayıb və hakimiyyəti İbadoğlunun səyahət qadağasını ləğv etməyə çağırıb, qurum vurğulayıb.

Aİ bildirib ki, Azərbaycanın ev sahibliyi edəcəyi COP29 ölkə üçün beynəlxalq hüquq üzrə öhdəliklərinə sadiqliyini təsdiqləməyə, azad və müstəqil vətəndaş cəmiyyətinin işi üçün şərait yaratmağa fürsətdir.

Bəyanatda deyilir ki, qurum Azərbaycanla "dialoqu davam etdirməyə sadiqdir”.

Rəsmi Bakı Aİ-nın tənqidlərini rədd edir

Azərbaycan XİN çərşənbə günü bildirib ki, Ai "bir sıra cinayət araşdırmaları ilə bağlı saxlanılan şəxslərin cinayət işlərinin, məhkəmə qərarlarının nəticələrini gözləmək əvəzinə, təqsirləndirilən şəxslərin azad edilməsi üçün Azərbaycana çağırışlar" edir. "Bu isə hüquqi prosedurlarla açıq ziddiyət təşkil edir”, - qurum açıqlamasında vurğulayıb.

Qurumun mətbuat katibi Ayxan Hacızadə deyib ki, Aİ-nın məhbusların tibbi yardımla təmin olunmaması ilə bağlı iddiaları əssasızdır.

XİN rəsmisi Azərbaycanın beynəlxalq hüquqi öhdəliklərini yerinə yetirməyə bundan sonra da davam edəcəyini qeyd edib, qurumun saytında yayılmış açıqlamada deyilir.

Ayxan Hacızadə vurğulayıb ki, Aİ-nin "siyasi üstünlüklər əsasında müəyyən şəxsləri əfv etmək üçün əsassız ictimai tələbləri Avropanın qanunun aliliyinə həqiqətən sadiq olduğunu şübhə altına alır".

"Azərbaycan bu sahədə kifayət qədər təcrübəyə, biliyə, müdrikliyə malikdir, beləliklə məcburedici məsləhət və göstərişlərə ehtiyac duymur", - Ayxan Hacızadə deyib.

XİN Azərbaycanın COP29-a sədrliyinin siyasi məsələlərə aid edilməsini iqlim dəyişikliyi ilə mübarizədə əməkdaşlığın mahiyyətinə zidd sayıb və Aİ-nı Azərbaycana qarşı "müdaxilə və təxribatlarını dayandırmağa" çağırıb.

"Biz siyahı vermişdik"

"Bizim dediyimiz siyasi motivlə tutulanlardan, praktiki olaraq, heç kim buraxılmayıb. Məyus oldum", - hüquq müdafiəçisi Novella Cəfəroğlu BBC-yə deyir.

O vurğulayır ki, əfv "yaxşı olsa da, həbsdən buraxılanlar arasında qadınlar olsa da", hüquq müdafiəçisi kimi bu əfv ona "yaxşı təsir bağışlamayıb", çünki o, "çox insanın buraxılacağını gözləyib".

"Hesab edirəm ki, Əfv Komissiyasında olanlar məsələlərə daha ciddi müdaxilə edə bilərdilər. Biz siyahı vermişdik. Cəmiyyətə xələl gətirməyən, cəmiyyətin təhlükəsizliyini təhdid etməyən şəxsləri buraxmaq olardı", - Novella Cəfəroğlu deyir.

O əlavə edir ki, Nardaran hadisələri ilə bağlı həbs olunmuş dindarların da əfvə düşəcəyini gözləyib.

Hüquq müadafiəçisi BBC-yə deyir ki, onun siyahısında "təxminən siyasi motivlə həbs olunmuş 30 məhbus var".

Novella Cəfəroğlu vurğulayır ki, hazırda barəsində məhkəmə gedən jurnalist və bloqçular onun "siyasi məhbus" siyahısına daxil deyil, çünki onların barəsində qüvvəyə minmiş məhkəmə hökmü yoxdur.

"Onlarla bağlı indi məhkəmə gedir. Ələsgər Məmmədlidir, Əvəz Zeynallıdır, ""Kanal13"-dür, "Abzas"dır, qızlar oturublar içəridə, yəni çoxlu jurnalist və bloqçuların məhkəməsi hələ gedir, bitməyib, hökm oxunmayıb və ümid edirik ki, onların çoxunu məhkəmə azad edəcək. Məhkəmələr onları buraxa bilər, hələ ki, ümidimiz onadır".

Azərbaycan hakimiyyəti hesab edir ki, media təmsilçiləri və digər ictimai fəallar konkret cinayət əməllərinə görə saxlanılıblar.

Lakin həbs onlar ittihamları rədd edirlər.

"Əfv Komissiyası üçün siyasi məhbus anlayışı yoxdur"

Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev deyir ki, onlar əfvə təqdim olunan siyahıda kimin olub-olmadığı ilə bağlı məlumatları ictimailəşdirmək səlahiyyətində deyillər və bu, həm də "etik sayılmır".

"Əfvə müraciət edib-etməməsi ilə bağlı yalnız məhbusun özü, və ya qanuni nümayəndəsi açıqlama verə bilər. Qanunla bu məlumatları ictimailəşdirə bilmərik".

BBC-yə açıqlamasında Əliməmməd Nuriyev onu da əlavə edib ki, Əfv Komissiyası üçün "siyasi məhbus" anlayışı yoxdur, sadəcə, müraciət edən məhbus anlayışı var.

O deyib ki, əfv müraciətləri müvafiq qanuna uyğun meyar və kriteriyalar əsasında qiymətləndirilir və rəy verilir.