“Toplum TV işi" - jurnalist Şahnaz Bəylərqızı həbs edilib

Jurnalist Şahnaz Bəylərqızı "Toplum TV" ilə bağlı cinayət işinə görə 3 ay 15 gün müddətinə həbs edilib.
Cümə axşamı günü Bakının Xətai rayon məhkəməsinə gətirilən jurnalist qaçaqmalçılıqda ittiham olunur.
Vəkili Bəxtiyar Hacıyev bildirib ki, jurnalistə ToplumTV üzrə cinayət işindən ayrılmış icraat üzrə əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işçilərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi, xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq, cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma, vergiləri ödəməkdən yayınma - mütəşəkkil dəstə tərəfindən törədildikdə maddələri üzrə də ittihamlar irəli sürülüb.
O özünü bu ittihamlar üzrə təqsirli saymayıb, yaxınları BBC-yə bildirib.
Şahnaz Bəylərqızı məhkəmədə bildirib ki, o, yüksək qan təzyiqi və şəkər xəstəliyindən əziyyət çəkir və iki məktəbli övladı var. O buna görə, həbsinin ev dustaqlığı ilə dəyişilməsini istəyib.
Jurnalist bildirib ki, o, "Toplum TV" ilə bağlı gedən istintaqdan yayınmayıb, şahid qismində dindirmədə iştirak edib.
Məhkəmə onun həbsinin ev dustaqlığına dəyişilməsi vəsatətini rədd edib.
Ötən ilin martında Toplum TV-nin bəzi əməkdaşları həbs edildikdən sonra, Şahnaz Bəylərqızının ölkədən çıxışına qadağa qoyulub.
O, fevralın 5-də saxlanıb.
Yaxınları BBC-yə bildiriblər ki, Bakı Şəhər Baş Polis İdarəsinə aparılan Şahnaz Bəylərqızının vəziyyəti pisləşib, təcili yardım çağrılıb.
"Təzyiqi 200-ə qalxmışdı, iynə vurdular, özünə gəldi", - yaxınları deyib.
Bununla bağlı BBC Daxili İşlər Nazirliyi ilə əlaqə saxlaya bilməyib.
Fevralın 5-də Şahnaz Bəylərqızının yaşadığı mənzildə axtarış aparılıb, evdən kompyüter və telefonlar götürülüb, yaxınları deyiblər.
"Hüseynova Şahnaz (Bəylərqızı) istintaq zərurətinə görə saxlanılıb. Faktla bağlı araşdırma aparılır", - Daxili İşlər Nazirliyindən Turan-a bildirilib.
Şahnaz Bəylərqızı Toplum TV-də "10-dan sonra" verilişinin aparıcısı olub.
Toplum TV ilə bağlı cinayət işi başladıqdan sonra verilişin yayımı dayanıb.
Videoya YouTube kanalımızda baxın.
Yaxınları Akif Qurbanovun həbsxanada hədələndiyini deyir

Şəklin mənbəyi, Akif Qurbanov Facebook
BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.
Buradan izləyin
WhatsApp reklamı-ın sonu
İyunun 4-də III Respublika Platforması yaydıqları bəyanatda hazırda həbsdə olan spikerləri Akif Qurbanovun təhdidlərə məruz qaldığını iddia edib.
Platformanın bəyanatında deyilir ki, təcridxanaya gələn "yüksək rütbəli dövlət məmuru Qurbanovdan özünümüdafiə xarakterli çıxışlardan imtina etməyi, o cümlədən çıxışlarında Prezident İlham Əliyevin adını çəkməməyi tələb edib”.
“Akif Qurbanov bu tələblərə əməl etməzsə, ona qarşı pis rəftar tətbiq ediləcəyi, hətta işgəncəyə məruz qalacağı ilə təhdid edilib”, - bəyanatda deyilir.
Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən BBC-yə bildiriblər ki, Akif Qurbanovla bağlı yazılanlar həqiqəti əks etdirmir.
Daxili İşlər Nazirliyindən isə BBC-yə məsələni şərh etməyəcəklərini deyiblər.
Akif Qurbanov məhkəmə çıxışlarında hakimiyyəti sərt tənqid edib, yerli media yazır.
Platforma yaydığı bəyanatda "Azərbaycan hökumətini götürdüyü beynəlxalq öhdəliklərə əməl etməyə"çağırıb.
"Azərbaycan Hökumətindən bu qeyri-insani davranışlara son qoymağı, bütün siyasi məhbusları dərhal azad etməyi tələb edirik", - III Respublika Platformasının bəyanatında yazılıb.
Azərbaycan hökuməti ölkədə siyasi məhbus olmadığını bəyan edir.
Akif Qurbanov bu ilin martında “Toplum TV işi” çərçivəsində 4 ay müddətinə həbs edilib. O, qaçaqmalçılıqda ittiham olunur. Qurbanov bu ittihamları qəbul etmir, həbsini siyasi fəaliyyəti ilə əlaqələndirir.

Şəklin mənbəyi, Ələsgər Məmmədli/Facebook
Bundan əvvəl Toplum TV-nin həbsdə olan təsisçisi Ələsgər Məmmədlinin ev dustaqlığına buraxılması ilə bağlı vəsatəti müdafiə tərəfi geri götürüb, vəkili BBC-yə deyib.
Onun vəkili Aqil Layıcın sözlərinə görə, çərşənbə günü Bakının Xətai rayon Məhkəməsində istintaq orqanı Məmmədlinin müalicə müəssisəsinə köçürülməsi və ya müalicə olunmasına kömək edəcəyi ilə bağlı "şifahi söz verib".
Ələsgər Məmmədli martın 6-da saxlanılıb və qaçaqmalçılıqda ittiham edilib. Onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Məmmədlidən başqa, Toplum TV-nin bir neçə əməkdaşı da eyni itihamla həbs edilib.
Vəkil Aqil Layıc BBC Azərbaycancaya bildirib ki, istintaq "şifahi söz verdiyi üçün müdafiə tərəfi vəsatəti geri götürüb".
BBC istintaqı aparan Bakı şəhər Baş Polis İdarəsi ilə əlaqə saxlaya bilməyib.
Yaxınları BBC-yə bildirib ki, bu günki vəsatət Ələsgər Məmmədlinin müalicəsinin təşkili və ev dustaqlığına buraxılması ilə bağlıydı.
Aqil Layıc bu gün BBC-yə deyib ki, hazırda "əsas məqsəd" cənab Məmmədliyə tibbi xidmətin göstərilməsinin təmin edilməsidir.
Vəkilin sözlərinə görə, əgər Ələsgər Məmmədli tibbi xidmətlə təmin olunmasa, Xətai rayon Məhkəməsinə "yenidən" vəsatət verəcəklər.
Martın 12-də bəzi tanınmış media ekspertləri və jurnalistlər Daxili İşlər Nazirliyinin rəhbəri Vilayət Eyvazova müraciət edərək Ələsgər Məmmədlinin səhhətinə görə azad edilməsini, onunla bağlı istintaq hərəkətlərinin onun azadlıqda qalması şəraitində həyata keçirilməsini xahiş ediblər.
Toplum TV-nin hansı əməkdaşları saxlanıb?

Şəklin mənbəyi, R. İZZƏTLİ / Ə. MƏMMƏDLİ / FACEBOOK
Toplum TV və III Respublika Platforması işləri üzrə martın 9-da Xətai Rayon Məhkəməsinin qərarıyla Ələsgər Məmmədli və Ruslan İzzətli dörd aylıq həbs edilib, Toplum TV-nin baş redaktoru Xədicə İsmayıl BBC Azərbaycancaya bildirib.
III Respublika Platformasının üzvü Ruslan İzzətli və Toplum TV-nin təsisçisi Ələsgər Məmmədli martın 6-da "qaçaqmalçılıqda" təqsirləndirilərək şübhəli şəxs kimi saxlanılıblar, 3 gün sonra məhkəmə onlar haqqında istintaq dövründə həbs qətimkan tədbiri qərarı çıxarıb.
Ötən gün Toplum TV-nin martın 6-da saxlanılan iki əməkdaşı Fərid İsmayılov və Elmir Abbasovu polis “məhkəməyə təqdim etməyib və barələrində 4 ay müddətinə polis nəzarəti altına vermə qətimkan tədbiri seçib”, - vəkil Zibeydə Sadıqova BBC Azərbaycancaya bildirib.
Eyni vaxtda “Toplum TV işi” üzrə saxlanılan digər dörd nəfər – Müşfiq Cabbar, Əli Zeynalov, İlkin Əhmədov və Ramil Babayev, eləcə də III Respublika Platformasının spikeri Akif Qurbanov barəsində isə məhkəmə 4 ay müddətinə həbs qətimkan tədbiri seçib, vəkil Zibeydə Sadıqova və jurnalist Xədicə İsmayıl BBC Azərbaycancaya deyib.
Cümə günü onların məhkəməsindən bir neçə saat əvvəl isə Toplum TV-nin təsisçisi Ələsgər Məmmədli və III Respublika Platformasının üzvü Ruslan İzzətli polis tərəfindən saxlanılıb və hər iki şəxsin evində axtarış aparılıb.
Ələsgər Məmmədli cümə günü “müayinə üçün getdiyi klinikadan çıxarkən mülki geyimli naməlum şəxslər tərəfindən avtomobilə qoyularaq aparılıb”, - Məmmədlinin yaxınları BBC Azərbaycancaya bildiriblər.
Daha sonra isə polislər onun evində axtarış aparıb. Yaxınlarının bildirdiyinə görə, polislər axtarış bitəndən sonra “60 min avro pul tapdıqlarını” bildiriblər.
“Ailə üzvləri pulun onlara məxsus olmadığını, əməliyyatçılar tərəfindən qoyulduğunu deyirlər”, - jurnalist Şəmşad Ağa Facebook hesabında yazıb.
Bununla bağlı Daxili İşlər Nazirliyindən şərh almaq mümkün olmayıb.
Martın 6-da Bakı şəhər Baş Polis İdarəsi Toplum TV və III Repsublika Platformasının ofislərində axtarışlar aparıb və media qurumunun bəzi jurnalistləri, eləcə də platformanın bəzi üzvləri “qaçaqmalçılıqda ittiham olunaraq” saxlanılıblar.
Jurnalistlər və ictimai fəallar onlara qarşı sürülən ittihamları rədd edirlər və saxlanmalarını peşə fəaliyyətləri ilə əlaqələndirirlər.

Şəklin mənbəyi, Youtube
Toplum TV-də və Üçüncü Respublika Platformasında polis reydi: cinayət işi açılıb
Toplum TV-nin saxlanılan əməkdaşı Fərid İsmayılov, III (üçüncü) Respublika Paltformasının spikeri Akif Qurbanov və başqaları qrup şəklində qaçaqmalçılıqda ittiham olunaraq şübhəli şəxs kimi saxlanılıb, onların vəkilləri BBC News Azərbaycancaya bildirib.
Fərid İsmayılovun vəkili Zibeydə Sadıqova BBC News Azərbaycancaya deyib ki, cümə axşamı günü onun barəsində bəzi istintaq hərəkətləri aparılacağı gözlənilir.
"Ola bilər ki, bu gün, ya sabah barəsində qətimkan tədbiri seçilməsi üçün məhkəməyə çıxarılsın", - Zibeydə Sadıqova deyib.
Toplum TV-nin əməkdaşları Müşfiq Cabbar, Əli Zeynal, Ramil Babayev, Elmir Abbasov, İlkin Əhmədovun barələrində rəsmi məlumat yoxdur və ailələri onların polis nəzarətində olduğuna inanır.
Bu gün Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.
Bir sıra beynəlxalq təşkilatlardan baş verənlərlə bağlı reaksiyalar gəlməyə davam edir.
Martın 6-da Toplum TV internet kanalının ofisində və "əlavə digər ünvanlarda" polis əməliyyat-axtarış tədbirləri həyata keçirib, Daxili İşlər Nazirliyindən BBC Azərbaycancaya bildiriblər.
Toplum TV-nin bəzi əməkdaşları hələ də polis nəzarətindədirlər, onlar haqqında rəsmi ittihamın olub-olmaması məlum deyil, bəziləri gecədən sərbəst buraxılıb.
Ötən gün III Respublika Platformasının ofisində saxlanılan təşkilatın iki üzvü Ruslan İzzətli və Araz Əliyev gecə yarısına yaxın sərbəst buraxılıblar, Ruslan İzzətli Facebook platformasında canlı yayım edərək məlumat verib.
Polisin Toplum TV-də axtarış aparmasından sonra medianın YouTube səhifəsindən bütün videoların silindiyi görünür.

Dövlət Departamenti, Freedom House və digər təşkilatlardan reaksiyalar

Şəklin mənbəyi, ABŞ Dövlət Departamenti
Toplum TV-nin, eləcə də III Respublika Paltformasının ofisində keçirilmiş polis reydindən və əməkdaşlarının saxlanmasından sonra beynəlxalq reaksiyalar gəlməyə başlayıb.
Cümə axşamı günü BöyükBritaniyanın Azərbaycandakı səfirliyi "Toplum Tv"-nin jurnalistləri və “III Respublika” siyasi hərəkatının üzvlərinin saxlanması ilə bağlı "dərin narahat"lığını açıqlayıb.
Səfirlik Azərbaycan hökumətini ölkədə "fundamental insan hüquqlarını qorumağa" çağırıb.
"Biz Azərbaycanı bu yaxınlarda həbs edilmiş media nümayəndələri daxil olmaqla, hər bir kəsin ifadə azadlığı və fundamental insan hüquqlarını qorumağa çağırırıq", - Britaniya səfirliyi bəyan edib.
Freedom House təşkilatı isə X sosial media hesabında baş verənləri “Əliyev rejiminin ölkədəki tənqidi, müstəqil səslərə qarşı son qəbuledilməz hücumu” kimi qiymətləndirib.
“Bu gün Azərbaycanda saxlanılan 10-dan çox əməkdaşı (Toplum TV-nin-red.) fəaliyyətinə görə hədəf alınmış onlarla digər media işçisinin siyahısına əlavə olunub. Biz Əliyev rejiminin vətəndaş cəmiyyətinə, fəallara və müstəqil mediaya qarşı apardığı kampaniyanı yaxından izləməyə davam edəcək və demokratik hökumətləri repressiya dalğasına görə bu rejimi məsul tutmağa çağırırıq”, - qurum bəyan edib.
ABŞ Dövlət Departamenti də son saxlanılmalardan "narahatlığını" bildirib.
Departament sözçüsü Matthew Miller deyib: "Azərbaycan polisinin Toplum TV-nin ofisində reyd keçirməsi və çoxsaylı müstəqil jurnalistlərin və vətəndaş cəmiyyəti fəallarının həbs edilməsi xəbərləri bizi dərindən narahat edir".
"Biz jurnalistləri, vətəndaş cəmiyyəti təmsilçilərini və müxalifət nümayəndələrini davamlı olaraq qorxutmaq, sıxışdırmaq və cəzalandırmaq cəhdlərinə qarşı öz kəskin etirazlarımızı bildirməliyik", - cənab Miller deyib.
"Biz Azərbaycanı təməl azadlıqlarından istifadə edən şəxslərə qarşı təzyiqlərə son qoymağa və siyasi motivlərlə haqsız yerə saxlanılmış şəxslərin hamısının azadlığa buraxılmasına çağırırıq", - o vurğulayıb.
Cənab Miller hesab edir ki, Azərbaycan hakimiyyəti "bu çağırışlardan "fərqli nəticə çıxarmalıdır".
Lakin o, bu nəticələrin nədən ibarət olması barədə danışmayıb.
"Deyəcəyim isə odur ki, onlar [Azərbaycan hökuməti] söz azadlığına qarşı təzyiqləri dayandırmalıdırlar, çünki bu [təzyiqləri dayandırmaq], onların öz xalqının xeyrinədir", - departamentin sözçüsü vurğulayıb.
Matthew Miller hakimiyyətin bunu anlaması üçün "işlərini davam etdirəcəyini" bəyan edib.
"Sizi əmin edə bilərəm ki, azərbaycanlı rəsmilərlə gizli diplomatik danışıqlarımızda, necə ki bunu Dövlət katibi ötən ay etmişdi, belə görüşlərdə eyni məsələləri şəxsən onların qarşısında qaldırırıq", - o vurğulayıb.
Azərbaycan hökumətindən beynəlxalq reaksiyalara hələlik cavab yoxdur.

Toplum TV-nin həmtəsisçisi Ələsgər Məmmədli medianın YouTube kanalından videoların yoxa çıxması və kanalın adının dəyişdirilməsini şərh edərək Facebook sosial platformasındakı öz hesabında belə yazıb: "Hədəfin Toplum TV-nin fəaliyyəti olduğunu aydın göstərən mənzərə".
Martın 6-da BBC Azərbaycanca müxbirləri Toplum TV-nin ofisində axtarışların yekunlaşdığını və media qurumunun qapısının möhürləndiyini bildiriblər.
Hələlik internet televiziyanın bir əməkdaşı Fərid İsmayılovun saxlandığı məlumdur, lakin media qurumunun bir neçə əməkdaşının da saxlanılaraq, Bakı şəhər Baş Polis İdarəsinə aparıldığı deyilir.
Lakin idarə bu iddianı nə təkzib, nə də təsdiq etməyib. Daxili İşlər Nazirliyindən bununla bağlı hələlik cavab almaq mümkün olmayıb.
Müxbirlərimiz hazırda polis idarəsinin qarşısında prosesi izləməyə çalışırlar, lakin polis əməkdaşları jurnalistləri oradan da uzaqlaşdırıb.
DİN sözçüsü Elşad Hacıyev bildirib ki, həmin ünvanda "bir qrup şəxsin fəaliyyəti ilə bağlı daxil olan məlumat üzrə polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilib", lakin qurumun rəsmisi detallara toxunmayıb.
O, aparılan axtarışlarla bağlı cəmiyyətə əlavə məlumatın veriləcəyini bildirib.

Toplum TV-nin aparıcısı Alya Yaqublu polislərin axtarış aparmalarının heç də “sürpriz olmadığını” bildirib.
Onun sözlərinə görə, Azərbaycanda “hakimiyyətyönlü media bir neçə vaxt idi ki, müstəqil mediaya qarşı kampaniya” aparırdı və adları çəkilən medialar arasında Toplum TV-nin də adı olub.
Toplum TV müstəqil, tənqidi media qurumu kimi 2016-cı ildən etibarən fəaliyyət göstərir.
Toplum TV-nin baş redaktoru Xədicə İsmayıl BBC Azərbaycancaya açıqlamasında bəzi əməkdaşların “polis maşınına oturdularaq, aparıldığını” bildirib.
“İndi əməkdaşlarımın taleyi ilə maraqlanıram ki, görüm hara aparırlar”, - Xədicə İsmayıl deyib.
Onun sözlərinə görə, polisin apardığı axtarışların “yalnız bir səbəbi var, medianı susdurmağa çalışırlar”.
“Ölkədə heç bir tənqidi səs çıxmasın deyə, azad söz olmasın deyə atılan addımların davamıdır. Bircə onu bilirəm ki, biz heç bir cinayət işi üçün hüquqi əsas verməmişik”, - o əlavə edib.
Media qurumunun təsisçisi Ələsgər Məmmədli BBC Azərbaycancaya bildirib ki, Toplum TV-nin yerləşdiyi əraziyə "ümumiyyətlə heç kəsi buraxmırlar".
"Avtomobilimlə ora doğru hərəkət edirdim, yol bağlı idi. Polis dedi ki, burada əməliyyat gedir girmək olmaz", Ələsgər Məmmədli qeyd edib.
Onun sözlərinə görə, hazırda Toplum TV redaksiyasında olan heç bir əməkdaşa zəng çatmır.
"Ümumiyyətlə bilmirəm nə baş verir, bir az gözləməyimiz lazımdır", qurumun təsisçisi əlavə edib.
Azərbaycanda ötən ilin noyabrından başlayaraq hökumət ölkədə fəaliyyət göstərən müstəqil-tənqidi media qurumlarında mütəmadi olaraq axtarış tədbirləri həyata keçirir və araşdırmaçı jurnalistlər həbs olunurlar.
Daha əvvəl noyabrın 27-də "Kanal 13" internet televiziyasının ofisində, eləcə də onun rəhbəri Əziz Orucovun evində polis axtarışlar aparmışdı və daha sonra kanalın üç əməkdaşı "qaçaqmalçılıqda ittiham edilərək" həbs olunmuşdular. Onlardan ikisi hələ də həbsdədir.
Daha çox hökumətin yüksək vəzifəli şəxslərinin korrupsiya əməlləri barədə araşdırmalar aparan AbzasMedia saytı da bir neçə ay əvvəl hökumətin hədəfinə tuş gəlib. Nəticədə saytın 6 əməkdaşı "qaçaqmalçılıq" ittihamı ilə həbs olunub.
Lakin jurnalistlər həbslərini peşə fəaliyyətləri ilə əlaqələndirirlər.
Human Rights Watch kimi beynəlxalq hüquq müdafiə təşkilatları onların həbsini media azadlığına təhdid kimi qiymətləndirərək jurnalistləri dərhal azad etməyə çağırıblar.
Azərbaycanda hökumət ölkədə media azadlığının olmadığını deyənlərə qəzəblənir və bu və digər azadlıqların təmin olunduğunu bildirir.
Azərbaycan Prezidenti İlham Əliyev bu ay Bakıda Alman İqtisadiyyatının Şərq Komitəsinin nümayəndə heyəti ilə görüşündə Almaniya mətbuatının Azərbaycanda insan haqları ilə bağlı yazdıqlarını "tamamilə yalan" adlandırıb.
"Almaniya mətbuatında Azərbaycan guya azadlıqların təmin olunmadığı, insanların öz fikirlərinə görə həbs olunduğu, diktaturanın hökm sürdüyü despotik bir ölkə kimi təqdim edilir", - Azərbaycan Prezidenti deyib.
“Bu, tamamilə yalandır və mən bundan təəssüf hissi keçirirəm”, - cənab Əliyev vurğulayıb.
Azərbaycanda bir neçə ildir fəaliyyət göstərən Almaniya səfirinin də Azərbaycanda gedən proseslərin "şahidi" olduğunu deyən cənab Əliyev Azərbaycan haqqında "bilərəkdən çox mənfi təəssürat yaradıldığını" da vurğulayıb.
“Əlavə digər ünvanlar”... III Respublika Platforması
Polislər çərşənbə günü günorta saatlarında Toplum TV ilə yanaşı III Respublika Platformasının ofisində, eləcə də təşkilatın üzvü Akif Qurbanovun evində axtarış aparıblar və platformanın üç üzvü – Akif Qurbanov, Ruslan İzzətli və Araz Əliyev saxlanılıb.
Gecə yarısına yaxın Ruslan İzzətli və Araz Əliyev sərbəst buraxılıb.
Daxili İşlər Nazirliyindən BBC-yə bildirilib ki, polislər Toplum TV və “əlavə digər ünvanlarda” əməliyyat-axtarış tədbirləri həyata keçiriblər.
Nazirliyin sözçüsü Elşad Hacıyev digər ünvanların hara olması barədə məlumat verməyib və axtarış tədbirlərinin “daxil olan məlumat əsasında” aparıldığını qeyd edib.
III Respublika Platforması 2023-cü ilin dekabrında Azərbaycanda “alternativ siyasi qüvvə” formalaşdırmaq məqsədi ilə yaradılıb.
Platformanın spikeri Akif Qurbanovun polis tərəfindən saxlanıldığını, onun evində və təmsil etdiyi təşkilatın ofisində axtarış aparıldığını vəkil Şəhla Hümbətova jurnalistlərə açıqlamasında təsdiqləyib.
Onun sözlərinə görə, Akif Qurbanov şübhəli şəxs qismində saxlanılaraq, barəsində Cinayət Məcəlləsinin “qaçaqmalçılıq” maddəsi ilə cinayət işi başlanıb.
Vəkil Şəhla Hümbətova müdafiə etdiyi şəxsə istinadla bildirib ki, polislər III Respublika Platformasının ofisinə “basqın ediblər” və sonradan məlum olub ki, oradan “guya 30 min avro pul çıxıb”.
Akif Qurbanov o pulun ona və ya təşkilata aid olmadığını bildirib, vəkili jurnalistlərə açıqlamasında deyib.
Akif Qurbanov baş verənləri ictimai-siyasi fəaliyyəti ilə əlaqələndirib.
Şəhla Hümbətova qeyd edib ki, müdafiə etdiyi şəxsin evi polislər tərəfindən axtarıldığı zaman axtarışda iştirak etmək istəsə də, onu “polislər evə buraxmayıblar”.
Bundan əlavə, vəkil polis əməkdaşlarının ona qarşı zor tətbiq etdiyini bildirib.
“Orderlə birlikdə dəhlizdə axtarışın bitməsini gözləyirdim ki, nə vaxtsa Akif Qurbanovla görüşəcəm. Axtarış yekunlaşana yaxın 6 nəfər mənə yaxınlaşdı və məndən oranı tərk etməyi tələb etdilər. Mən imtina etdikdə, mənə qarşı zor tətbiq etməklə, məni oradan uzaqlaşdırdılar”, - Şəhla Hümbətova qeyd edib.
Vəkilin bu iddiaları ilə bağlı polisdən şərh almaq mümkün olmayıb.








