Anar Məmmədli Vaclav Havel adına mükafata layiq görülüb

Anar Məmmədli
Şəklin alt yazısı, Anar Məmmədli Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) rəhbəridir

Avropa Şurası Parlament Assambleyası (AŞPA) Vaclav Havel adına İnsan Haqları mükafatını azərbaycanlı insan haqları müdafiəçisi və QHT rəhbəri Anar Məmmədliyə verib.

Anar Məmmədlinin hazırda həbsdə olduğuna görə, Strasbourg şəhərində keçirilən xüsusi mərasimdə 60 000 avro mükafatı onun atası Asəf Məmmədov qəbul edib.

Mükafatı ona AŞPA prezidenti Anne Brasseur təqdim edib.

Anne Brasseur deyib: "Cənab Məmmədli uzun müddətdir ki, partnyorumuzdur və Assambleya ilə, həmçinin Avropa Şurasının digər qurumları ilə ... ölkəsindəki vəziyyət barədə öz dəyərli biliklərini bölüşüb".

"Simvol"

Araşdırmaçı jurnalist Şahvələd Çobanoğlu Anar Məmmədlinin mükafatlandırılmasını şərh edərkən deyib ki, hüquq müdafiəçisi həbsdə olan "digər vicdan məhbuslarının simvollarından biridir".

"Anara o mükafatı verərkən həm də sanki onlara verilibdir. Bütünlüklə Azərbaycanda gedən demokratik mübarizəyə verilən qiymətdir", jurnalist BBC Azərbaycancaya deyib. "Mən Anarı həm ictimai fəaliyyətinə görə tanıyıram, həm də şəxsən onun çox dəyərli, ziyalı, mövqeli bir insan olduğunu, Azərbaycanın gələcəyi üçün hər cür fədakarlığa hazır olan bir adam kimi tanıyıram".

"Mənəvi güc"

Sekçilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin koordinatoru, jurnalist Samir Kazımlı BBC Azərbaycancaya deyib ki, Anar Məmmədliyə verilən mükafat onun özü ilə yanaşı həbsdə olan digər hüquq müdafiəçilərinə "mənəvi güc verəcək"

"Bu çox sevindirici və müsbət haldır. Mükafat mənəvi baxımından dəstəkdir və bir daha onu göstərir ki, Anar ictimai şəxs kimi təmiz insandır, ziyalı insandır. Heç vaxt cinayət törədə bilməz. Ona qarşı cinayət işləri qondarmadır. Məncə bu mükafatı ona verənlərin də yanaşması bunu sübut edir".

"Qanunsuz həbsinə verilən cavab"

“Kür” Vətəndaş Cəmiyyəti Qərargahının koordinatoru, hüquq müdafiəçisi Oqtay Gülalıyev mükafatı təqdim edən qurumu da, onu alan Anar Məmmədlini də alqışladığını bildirib.

"Anar apardığı mübarizənin nəticəsi olaraq belə bir mükafata layiq görülüb. Anar Məmmədli qanunsuz olaraq həbs həyata yaşayır. Ona verilən mükafat həm onun mübarizəsinə verilən mükafatdı, həm də qanunsuz həbsinə verilən cavabdır", o deyib.

Gülalıyevin sözlərinə görə, bu mükafat Azərbaycanda demokratiya və insan haqları sahəsində mübarizə aparıb həbs həyatı yaşamalı olan digər hüquq müdafiəçilərinə verilən mükafatdır.

May ayında Ağır Cinayətlər Məhkəməsi Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) rəhbəri Anar Məmmədliyə 5 il 6 ay həbs cəzası kəsib. O və digər SMTD əməkdaşları "qanunsuz sahibkarlıq", "seçki saxtakarlığı" və "vergidən yayınma"da ittiham olunub.