Anar Məmmədliyə 5 il 6 ay, Bəşir Süleymanlıya 3 il 6 ay həbs cəzası
Ağır Cinayətlər Məhkəməsində Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) əməkdaşları Anar Məmmədli, Bəşir Süleymanlı və Elnur Məmmədliyə hökm oxunub.
Anar Məmmədli 3 il ərzində dövlət, özəl və ictimai qurumlarda vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 il 6 ay, Bəşir Süleymanlı 2 il vəzifə tutmaq hüququndan məhrum etməklə 3 il 6 ay həbs cəzasına məhkum edilib, BBC Azərbaycanca müxbiri Xanım Cavadova məhkəmədən xəbər verir. Elnur Məmmədliyə isə 2 il vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 il 6 ay şərti azadlıqdan məhrum etmə cəzası kəsilib.
SMDT əməkdaşları "qanunsuz sahibkarlıq", "seçki saxtakarlığı" və "vergidən yayınma" ittiham olunub.
Bundan əvvəl vəkil Elçin Sadıqov BBC Azərbaycancaya bildirib ki, bazar ertəsi səhəri ittiham edilən şəxslərin vəkilləri çıxış edərək onlara "bəraət istəyib".
"Bəraət istədik. İttihamların əsassız olduğunu, cinayət tərkibi olmadığını və onların əməllərində cinayət faktı olmadığına dair sübutlar göstərdik".
"Üç təqsirləndirilən şəxsə bəraət verilməli idi, çünki onların günahı sübuta yetirilməmişdi", Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) əməkdaşları Anar Məmmədli, Bəşir Süleymanlı və Elnur Məmmədliyə hökm oxunandan sonra vəkil İradə Cavadova deyib.
Anar Məmmədlinin atası Asəf Məmmədli isə hökmü "şər, böhtan" adlandırıb, qərarı SMDT-nin fəaliyyətilə əlaqələndirib.
3 il 6 ay şərti azadlıqdan məhrum etmə cəzası alan Elnur Məmmədli "daha pis variant" gözlədiyini bildirib. Elnur Məmmədli SMDT ilə əməkdaşlıq edən Könüllülərin Beynəlxalq Əməkdaşlığı İctimai Birliyinin rəhbəri olub.
Mayın 21-də dövlət ittihamçısı SMDT sədri Anar Məmmədliyə 3 il ərzində dövlət, özəl və ictimai qurumlarda vəzifə tutmaq hüququndan məhrum edilməklə 9 il, icraçı direktor Bəşir Süleymanlı və Könüllülərin Beynəlxalq Əməkdaşlığı İctimai Birliyinin (KBƏİB) rəhbəri Elnur Məmmədova isə 2 il vəzifə tutmaq hüququndan məhrum etməklə 8,6 il azadlıqdan məhrum etməyi təklif edib.
Seçki monitorinqçilərinə qarşı cinayət işi ötən ilin oktyabrında açılıb. Anar Məmmədli dekabrın 17-də həbs edilib, digər iki nəfərdən isə ölkəni tərk etməmək haqqında iltizam alınıb.





