Anar Məmmədli "seçki saxtakarlığında" ittiham olunur

Barəsində Nəsimi Rayon Məhkəməsinin qərarı ilə üç aylıq həbs-qətimkan tədbiri seçilmiş Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) rəhbəri Anar Məmmədli qanunsuz sahibkarlıqda, külli miqdarda vergidən yayınma və seçki saxtakarlığında ittiham olunur.
Bu haqda onun vəkili Rəşid Hacılı BBC Azərbaycancaya deyib ki, Cinayət Məcəlləsinin 308-ci maddəsinə görə, cənab Məmmədli vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə seçkinin (referendumun) nəticələrinə təsir etməkdə təqsirləndirilir.
Müvəkkili ilə görüşdüyünü bildirən cənab Hacılının sözlərinə görə, Anar Məmmədli ona qarşı irəli sürülən ittihamları qəbul etmir və bu ittihamların onun peşə fəaliyyəti və prezident seçkilərində yaydığı hesabatla bağlı olduğunu deyir.
“Anarın vəziyyəti və psixoloji durumu normaldır. Bu gün Bakı İstintaq Təcridxanasına köçürüləcək”, cənab Hacılı qeyd edib.
ABŞ səfirinin bəyanatı
ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar cənab Məmmədlinin həbsi ilə bəyanat verib və dərin narahatlıq keçirdiyini bildirib.
“İttihamın təfərrüatı hələ aydın deyil, lakin biz Anar Məmmədlinin həbsinin onun təşkilatının seçkilərin monitorinqi və hesabat verməsi ilə bağlı olub-olmamasını aydınlaşdırmalıyıq”, bənayatda bildirilir.
Bəyanatda bu məsələnin Azərbaycan hökumətinin yüksək rütbəli rəsmiləri ilə görüş də qaldırıldığı bildirilir və onun dərhal azad edilməsi çağırışı edilib.
“Biz və Könüllülərin Beynəlxalq Əməkdaşlığı İctimai Birliyi Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi ilə bağlı istintaqı diqqətlə izləməyə davam edəcəyik”, cənab Morninqstar əlavə edib.
Çərşənbə axşamı səhər cənab Məmmədlinin hüquqlarını vəkil Elçin Sadıqov və Rəşid Hacılı müdafiə edəcəyi məlum olub.
Bu barədə təşkiların koordinatoru Samir Kazımlı BBC Azərbaycancaya deyib ki, vəkil Sadıqov bu gün məhkəmə qərarını əldə etməlidir.
Kazımlı bildirib ki, polis idarəsindən onlara deyilib ki, saxlanılan çərşənbə axşamı Bakı İstintaq Təcridxanasına köçürülə bilər və onun vəziyyəti normaldır.
Bazar ertəsi axşam saatlarında SMDT rəhbəri Anar Məmmədli dindirildikdən sonra onun haqqında üç aylıq həbs qətimkan tədbiri seçilib.
İlk ittiham
Nəsimi rayon Məhkəməsindən APA-ya verilən məlumata görə, cənab Məmmədli Cinayət Məcəlləsinin 192.2.2- ci maddəsi (Qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olub külli miqdarda gəlir əldə etmək) ilə ittiham olunur.
Məhkəmədən bildirilib ki, “müvəqqəti saxlanma məntəqəsi kimi Nərimanov rayon Polis İdarəsinin saxlanma məntəqəsinin seçilməsi ordakı şəraitin daha yaxşı olması ilə bağlıdır”.
Cənab Kazımlının məlumatına görə, Anar Məmmədli, SMDT-nin icraçı direktoru Bəşir Süleymanlı və Könüllülərin Beynəlxalq Əməkdaşlıq İctimai Birliyinin (KBƏİB) rəhbəri Elnur Məmmədli ilə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə çağırılıb.
Məmmədli və Süleymanlı sərbəst buraxılsa da, Anar Məmmədli Nəsimi rayon məhkəməsinə, ordan isə Nərimanov polis idarəsinin müvəqqəti saxlama təcridxanasına aparılıb.
Cənab Kazımlının sözlərinə görə, ona bu barədə dövlət tərəfindən tutulmuş vəkil Şöhrət Allahmanov bildirib.
Həmin gün Nərimanov Polis İdarəsinin növbətçi hissəsindən BBC Azərbaycancaya deyilib ki, təcridxanaya Anar Məmmədli adlı şəxs gətirilməyib - "ümumiyyətlə bu gün bura heç kim gətirilməyib", köməkçi Əliyev bildirib.
Məmmədli dövlət vəkilindən imtina edib
Jurnalist Xədicə İsmayılovanın BBC Azərbaycancaya verdiyi məlumata görə, cənab Məmmədli dövlət tərəfindən təyin olunan vəkildən imtina edib və hələ ki, heç bir vəkillə müqavilə bağlamayıb. Anar Məmmədli bu gecə istintaq təcridxanasında qalacaq, xanım İsmayılova əlavə edib.
Ötən ay SMDT Mərkəzində "qanun pozuntuları"na görə axtarışın aparılması barədə məlumatlar yayılıb. Bundan sonra SMDT rəsmisinin məlumatına görə SMDT rəhbəri Anar Məmmədli və icraçı direktoru Bəşir Süleymanlı, tərəfdaş qurum Könüllərin Beynəlxalq Əməkdaşlıq Birliyinin rəhbəri Elnur Məmmədova ölkəni tərk etməmək barədə rəsmi xəbərdarlıq edilib.
Təşkilata qarşı külli miqdarda vergidən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadə, və qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla bağlı mərkəzə cinayət işi qaldırılıb.
2013-cü il prezident seçkilərində SMDT müşahidəçiləri 15 faiz seçki məntəqəsində prezident seçkilərini müşahidə edib və bəzi qanun pozuntusu aşkar etdiklərini bildirib.
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi 2008-ci ildən Azərbaycanda seçkilər üzrə fəalliyyət göstərən qeyri-hökümət təşkilatıdır.
Onun əsas fəaliyyət istiqamətləri siyasi iştirak imkanlarının genişləndirilməsi, azad və ədalətli seçkilərin keçirilməsinə yardım, vətəndaşların ictimai idarəetmədə fəal iştirakına yardım və bu yönümdə bacarıqların artırılması və yerli və mərkəzi dövlət orqanlarının fəaliyyətində aşkarlıq və hesabatlılığın təmin edilməsidir, rəsmi saytda yazılır.




