SMDT Mərkəzində "qanun pozuntuları"na görə axtarış aparılıb

Anar Məmmədli, Bəşir Süleymanlı
Şəklin alt yazısı, SMDT-nin İcraçı direktoru Bəşir Süleymanlı (solda) İstintaq İdarəsinə çağırılıb. Qurumun sədri Anar Məmmədli (sağda) deyir ki, hələlik "gözləyəcək"

Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsi “yol verilmiş qanun pozuntuları ilə bağlı” Seçkilərin Monitorinqi Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) ofisində axtarış aparıb.

Baş Prokurorluğun Mətbuat Xidmətinin məlumatında yazılır ki, axtarışın nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Həmçinin qurumun iki əməkdaşı, icraçı direktor Bəşir Süleymanlı və bölgələr üzrə menecer və tərəfdaş qurum Könüllərin Beynəlxalq Əməkdaşlıq Birliyinin rəhbəri Elnur Məmmədov noyabrın 1-də günörta təxminən saat 3-də İstintaq İdarəsinə çağrılıb.

Cümə axşamı Ağır Cinayətlərə dair İstintaq İdarəsi Bakı şəhər Nəsimi rayon məhkəməsinin qərarı ilə SMDT ofisində keçirdiyi istintaq baxışı zamanı bəzi sənəd və elektron cihaz götürüb.

SMDT sədri Anar Məmmədli deyib ki, hələlik heç bir yerə müraciət etməyəcək, “gözləyəcək”.

Axtarışın səbəbi ilə bağlı cənab Məmmədli bildirib ki, onlara məhkəmənin vəsatəti olduğu göstərilsə də, sənədin surəti verilməyib. Bu səbəbdən, o, axtarış səbəbilə bağlı şərh verə bilməyəcəyini deyib.

Baxış zamanı SMDT və Könüllərin Beynəlxalq Əməkdaşlıq Birliyinə aid iki ədəd kompüter prosessoru, iyirmidən artıq qovluq, proqram və maliyyə sənədləri, çap nəşr nümunələri, hesabat, press-relizlər, və digər araşdırma üçün götürülüb.

2013-cü il prezident seçkilərində SMDT müşahidəçiləri 15 faiz seçki məntəqəsində prezident seçkilərini müşahidə edib və bəzi qanun pozuntusu aşkar etdiklərini bildirib.

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi 2008-ci ildən Azərbaycanda seçkilər üzrə fəalliyyət göstərən qeyri-hökümət təşkilatıdır.

Onun əsas fəaliyyət istiqamətləri siyasi iştirak imkanlarının genişləndirilməsi, azad və ədalətli seçkilərin keçirilməsinə yardım, vətəndaşların ictimai idarəetmədə fəal iştirakına yardım və bu yönümdə bacarıqların artırılması və yerli və mərkəzi dövlət orqanlarının fəaliyyətində aşkarlıq və hesabatlılığın təmin edilməsidir, rəsmi saytda yazılır.