SMDT-nin əməkdaşlarına xaricə getmək "qadağan olunub"

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) rəhbəri Anar Məmmədli və icraçı direktoru Bəşir Süleymanlı, tərəfdaş qurum Könüllərin Beynəlxalq Əməkdaşlıq Birliyinin rəhbəri Elnur Məmmədova ölkəni tərk etməmək barədə rəsmi xəbərdarlıq edilib, SMDT rəsmisi BBC Azərbaycancaya deyib.
BBC Azərbaycancaya danışan Bəşir Süleymanlı bildirib ki, Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər İdarəsindən (BPACİİ) bununla bağlı Anar Məmmdəliyə zəng olunub.
“Anar 28-29 noyabrda Vilnüs sammitində iştirak etmək üçün Baş Prokurorluğa müraciət etmişdi. Lakin bu gün məlum oldu ki, üçümüzün ölkədən çıxmasına qadağa qoyulub və istintaq müddəti başa çatana qədər ölkəni tərk edə bilmərik”, o deyib.
Cənab Süleymanlının sözlərinə görə, istintaq başlayandan artıq səkkiz nəfər dindirilib və onların ifadələri alınıb.
“Son 10 gündə mühasib Mübariz Diniyev Baş Prokurorluqla birgə işləyir. İstintaqa periodik olaraq sənədlər veririk və bu bizim işimizi iflic edir. Buna görə tədbirlərimizi təxirə salmalı oluruq”, o bildirib.
İcraçı direktor istintaqın aparılmasının təsadüfi olmadığını deyib və bunu “siyasi təzyiq” adlandırıb.
“Prezident seçkilərindən bir neçə gün sonra istintaqın başlaması onu göstərir ki, seçkilərin nəticələri ilə bağlı hesabatımız müəyyən qrupları qıcıqlandır. İstintaqın ilə nəticələrini bilmirik”, cənab Seleymanlı belə deyib.
Oktyabrın 31-də BPACİİ təşkilatın ofisində axtarış aparıb. Baxış zamanı SMDT və Könüllərin Beynəlxalq Əməkdaşlıq Birliyinə aid iki ədəd kompüter prosessoru, iyirmidən artıq qovluq, proqram və maliyyə sənədləri, çap nəşr nümunələri, hesabat, press-relizlər, və digər araşdırma üçün götürülüb.
Təşkilata qarşı külli miqdarda vergidən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadə, və qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla bağlı mərkəzə cinayət işi qaldırılıb.
Mərkəzin əməkdaşları şahid kimi istintaqda dindiriliblər.
2013-cü il prezident seçkilərində SMDT müşahidəçiləri 15 faiz seçki məntəqəsində prezident seçkilərini müşahidə edib və bəzi qanun pozuntusu aşkar etdiklərini bildirib.
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi 2008-ci ildən Azərbaycanda seçkilər üzrə fəalliyyət göstərən qeyri-hökümət təşkilatıdır.
Onun əsas fəaliyyət istiqamətləri siyasi iştirak imkanlarının genişləndirilməsi, azad və ədalətli seçkilərin keçirilməsinə yardım, vətəndaşların ictimai idarəetmədə fəal iştirakına yardım və bu yönümdə bacarıqların artırılması və yerli və mərkəzi dövlət orqanlarının fəaliyyətində aşkarlıq və hesabatlılığın təmin edilməsidir, rəsmi saytda yazılır.




