Vəkil: "SMDT əməkdaşlarının günahı sübuta yetirilməmişdi"
"Üç təqsirləndirilən şəxsə bəraət verilməli idi, çünki onların günahı sübuta yetirilməmişdi", Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) əməkdaşları Anar Məmmədli, Bəşir Süleymanlı və Elnur Məmmədliyə hökm oxunandan sonra vəkil İradə Cavadova deyib.
Bazar ertəsi "qanunsuz sahibkarlıq", "seçki saxtakarlığı" və "vergidən yayınma"da ittiham edilən SMDT əməkdaşlarına hökm oxunub.
Anar Məmmədli 3 il ərzində dövlət, özəl və ictimai qurumlarda vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 il 6 ay, Bəşir Süleymanlı 2 il vəzifə tutmaq hüququndan məhrum etməklə 3 il 6 ay həbs cəzasına məhkum edilib.
Anar Məmmədlinin atası Asəf Məmmədli isə hökmü "şər, böhtan" adlandırıb, qərarı SMDT-nin fəaliyyətilə əlaqələndirib.
2 il vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 il 6 ay şərti azadlıqdan məhrum etmə cəzası alan Elnur Məmmədli "daha pis variant" gözlədiyini bildirib. Elnur Məmmədli SMDT ilə əməkdaşlıq edən Könüllülərin Beynəlxalq Əməkdaşlığı İctimai Birliyinin rəhbəri olub.