“Kriminal qiraət” – 20 il. Onun fenomeni nədədir?

Şəklin mənbəyi, Reuters
- Müəllif, Tom Brook
- Vəzifə, BBC Culture üçün
1994-cü ilin may ayında Nelson Mandela and içib ilk qaradərili Cənubi Afrika prezidenti olub. Uzunmüddətli tikintidən sonra, nəhayət, İngiltərə ilə Fransanı birləşdirən La-Manş altından keçən tunel istifadəyə verilib. Fransa Riviera-sında isə daha bir mühüm hadisə baş verib: Cannes Kinofestivalı çərçivəsində Quentin Tarantino-nun “Kriminal qiraət” filmi nümayiş etdirilib.
“Nümayiş səhər saat doqquzun yarısında başlayıb”, - kino tənqidçisi Anne Thompson xatırlayır. O, Festivallar Sarayında Entertainment Weekly dərgisinin jurnalisti qismində olub. “Coşqun alqışlardan başqa heç nə xatırlamıram. Bu, ağlasığmaz idi. Biz müstəsna bir şey gözləyirdik – və yanılmadıq”, - o deyir.
Tarantino-nun qanqster kinosu janrında yeni söz dediyi haqqında xəbər bir anda aləmə yayıldı.
Film Cannes Festivalının Qızıl Palma Budağı böyük mükafatını aldı. Sonrakı bir neçə həftədə film başqa festivallarda səyahət edib. Nadir tənqidi rəylər vəcd dənizinə qərq olurdu. Dramatik məqamlar da olub.
Nyu-York Kinofestivalını açan axşam nümayişi qəflətən dayandırılmışdır. “Kiminsə ürəyi gedir, həkim çağırırlar. Sonra isə film Uma Thurman-ın personajının ürəyinə adrenalin iynəsi vurulan yerdən davam etdirilir – və zal sanki alqışların gurultusundan partlayır”, - o zaman Newsweek-in kino tənqidçisi olan David Ansen xatırlayır.
New York Observer-in kino icmalçısı Steven Garrett xatırlayır ki, çoxları bunun filmin prodüserləri tərəfindən təşkil olunmuş reklam fəndi olduğunu düşünür. “Hamı əmin idi ki, bunu Harvey Weinstein düzəldib ki, film daha yaxşı yadda qalsın”, - Steven Garrett deyir.
Bir çəllək bal

Şəklin mənbəyi, AFP
“Kriminal qiraət”, xüsusilə bir müstəqil film olaraq, kommersiya baxımından çox uğurlu olub – dünya üzrə nümayişlər 200 milyon dollardan artıq pul gətirib. John Travolta üçün bu, böyük müvəffəqiyyət olub, onun karyerası yenidən ucalmağa başlayıb. O və digər ön plan rollarda çəkilən, Samuel L. Jackson və Uma Thurman, Oskar mükafatına təqdim ediliblər. Və, əlbəttə, bu, Miramax Films-dən olan filmin prodüseri Harvey Weinstein-in triumfu olub.
“Kriminal qiraət”-in nüfuz qazanması ilk növbədə Tarantino-nun novatorluq yanaşması ilə bağlıdır. Buna kimi heç kəs buna bənzər heç bir şey çəkməmişdi. Süjet Los Anceles cinayətkar aləminin həyatından bəhs edən epizodlar sılsiləsindən başlayır. Travolta və Jackson mafiyaya qulluq edən iki başkəsən-quldur, Uma Thurman – onların başçısının arvadı, Bruce Willis isə - yaşı ötməkdə olan boksçu rollarını oynayırlar.
Nyu-York Kino və Televiziya Universitetinin professoru Ken Dancyger qeyd edir ki, Tarantino hekayə tonunu qəsdən dəyişir. “Aşıq zorakılıqla qəflətən tamaşaçını komediya ovqatından qoparmaq onun xoşuna gəlir. Mən bunu şok terapiyası adlandırardım”, - Dancyger deyir.
“Kriminal qiraət”-in böyük pərəstişkarı olan Thompson “iş zorakılıqda” olduğu fikrilə razıdır. “Məsələ zorakılıqla yumorun qəribə ahəngliyindədir. Bu, çox cəlbedici qarışıqdır”, - o deyir.

Şəklin mənbəyi, Getty
Dancyger izah edir ki, “Kriminal qiraət”-in personajları, onların törətdiyi əməllərə baxmayaraq, tamaşaçının hüsn-rəğbətini doğurur. “O, öz qəhrəmanlarını insan şəklinə salır və qanqster kino janrı ilə oynayaraq onu masqaraya qoyur. Tarantino tamaşaçıya göstərmək istəyir ki, bax bu cani, bu yaramaz da insandır, onun da bizim kimi iztirabları var, onu da fəlsəfi suallar narahat edir”.
Filmdə pop-mədəniyyətin müxtəlif məqamları öz əksini tapıb. Təsirli saundtrek, heyranedici operator işi və ağıllı dialoqlar – bir çox gənc kinosevərləri məst edən kokteyldir.
“Mən tamaşa edəndə, məndə təsəvvür yaranırdı ki, mən Amerika kinosunda baş verən inqilabın şahidi oluram”, - filmi izlədiyi zaman 25 yaşında olan nyu-yorklu kino həvəskarı Frank Powers deyir.
“Tarantino çox şeyi müxtəlif mənbələrdən, bizim və xarici kinematoqrafdan götürüb, - o deyir. – Və bu qarışıqdan tamam yeni məhsul hasil olunub, əvvəllər belə heç bir şey görməmişik”.
Bir qaşıq qatran
Auditoriyanı ilk növbədə qeyri-nizami ərz etmə forması valeh edib. Nebraska-Lincoln Universitetinin incəsənət üzrə professoru Wheeler Winston Dixon deyir: “Əvvəllər heç kəs təsəvvür edə bilməzdi ki, tamaşaçı buna baxmağa hazır olacaq. Bu uzun, mürəkkəb, ağıllı, diri, orijinal kino gözlənilməz, qabaqcadan duyulmaz süjeti ilə tamaşaçını daima gərginlik içində saxlayır”.

Şəklin mənbəyi, AP
Lakin “Kriminal qiraət” hamını heyran etməyib. Los Angeles Times kino tənqidçisi Kenneth Turan başqa fikirdə olan nadir ekspertlərdəndir. “Elə bil ki, müəllif kinonu zorla əzab-əziyyətlə meydana çıxarırmış. Bəzi epizodlar yaradıcılıq əlacsızlığı məhsuluna bənzəyir. Sanki kimsə, öz adı və şöhrəti üçün ehtiyatlanaraq, istənilən vasitələrlə həssas tamaşaçının hissləri ilə oynayır”, - o yazıb. Bəzi tənqidçilər filmi qəliz və səthi hesab edirlər.
“Filmi səthi, bərbəzəkli hesab edən tənqidçilər bu zahiri bəzək arxasında parlaq ssenarini görmürlər. Burada nə vaxtsa yazdığı [Tarantino-nun] ən yaxşı dialoqlardır”, - Wheeler Winston Dixon etiraz edir.
Filmi həçinin onunla birlikdə stilləşdirilmiş zorakılığın kütləvi kinematoqrafa müdaxilə etdiyinə görə tənqid ediblər. Lakin, şübhəsiz, Tarantino-nun pərəstişkarları onun günahını inkar edirlər.
“Mən Quentin Tarantino-nu təqsirləndirməzdim. Məsələn, Sam Peckinpah (XX əsrin Amerika kinematoqrafının novatoru – Red.) hələ “Kriminal qiraət” çıxmazdan 20 ya 30 il əvvəl ekranda zorakılıq səviyyəsini elə yüksəkliyə qaldırmışdı ki, biz ona çatmaq üçün hələ çox böyüməliyik”, - Steven Garrett qeyd edir.
Tarantino-nun təsiri altında olan yeni nəsil rejissorlarına filmin təsiri güclü olub. Bir neçə təqlidi filmlər çəkilib (o cümlədən Rusiyada – Red.), lakin Tarantino pərəstişkarlarının gözündə “Kriminal qiraət”-in üstünlüyü şəksizdir.
“Bu filmin təsir etdiyi hiss olunan filmlər çoxdur, lakin onların heç biri səviyyəsinə görə orijinala yaxın da durmur, - Anne Thompson deyir. – O zaman kim bilərdi ki, o belə effekt doğuracaq, bütün sonrakı filmlərə belə təsir edəcək”.
“Kriminal qiraət”-in 20 il əvvəl ilk nümayişindən sonra, bu həftə kino tənqidçiləri və jurnalistləri yenə Cannes-da toplaşıblar. Hər kəs novatorluğu və orijinallığı ilə Tarantino-nun məşhur filmi səviyyəsindən aşağı olmayan film görmək istərdi. Nə vaxtsa qəfildən bu baş verə bilər – Cannes möcüzəsi də elə bundadır. Lakin bəzilərinin bütün zamanların ən böyük kino əsəri adlandırdığı filmə üstün gəlmək asan olmayacaq.
Müəllif haqqında. Tom Brook Nyu-York jurnalistidir. 1985-ci ildən BBC auditoriyası üçün kino və kino sənayesi barədə danışır, o cümlədən Talking Movies televiziya verilişini aparır.




