Qubad İbadoğlu ev dustaqlığına buraxılıb

Şəklin mənbəyi, BBC
- Müəllif, İzolda Ağayeva
- Vəzifə, BBC News Azərbaycanca
Bazar ertəsi Bakının Nərimanov rayon məhkəməsinin qərarı ilə tanınmış iqtisadçı və hakimiyyət tənqidçisi Qubad İbadoğlu ev dustaqlığına buraxılıb, vəkili Bəhruz Bayramov BBC Azərbaycancaya bildirib.
Yaxınları onun səhhətinin pisləşdiyini bildirmişdilər.
Qubad İbadoğlunun müsahibəsini Youtube kanalımızda izləyə bilərsiniz.
Bu gün Turan informasiya agentliyinin yaydığı xəbərdə iddia edilib ki, ABŞ Konqresinə 40-dan çox azərbaycanlı məmura sanksiya tətbiqi ilə bağlı qanun layihəsi təqdim ediləcək.
Yayılan siyahıda məhkəmə hakimlərinin də adı var.
"Turan"ın yaydığı xəbərdə deyilir ki, belə bir qanun layihəsi Qubad İbadoğlu da daxil olmaqla, Azərbaycanda jurnalistlərin, tanınmış ictimai-siyasi fəalların, o cümlədən erməni hərbçilərinin həbsi ilə bağlıdır.
Azərbaycan hakimiyyəti hələ ki, bu məlumatı şərh etməyib.
Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu Cinayət Məcəlləsinin saxta pul və ya qiymətli kağızları hazırlama, əldə etmə və ya satma, eləcə də dini ekstremist materialları hazırlama, saxlama və ya yayma maddəsi ilə təqsirləndirilir.
Qubad İbadoğlu ona verilən ittiamları rədd edir, həbsini siyasi-ictimai fəaliyyəti ilə əlaqələndirir.
Qubad İbadoğlunun həbs müddəti fevralda 3 ay artırıldı

Şəklin mənbəyi, QUBAD İBADOĞLUNUN AİLƏSI
BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.
Buradan izləyin
WhatsApp reklamı-ın sonu
Fevral ayında iqtisadçı alimin həbs müddəti üç ay uzadılmışdı, vəkili Zibeydə Zəkəriyyəyeva BBC News Azərbaycancaya deyib.
Qərarı Nərimanov Rayon Məhkəməsi verib.
"İstintaq tərəfi məhkəmədə dedi ki, Qubad bəyin ofisindən götürülən sənədləri ekspertizaya təqdim edib oradan cavab gözləyir ona görə həbs müddətini uzatmaq istəyirlər. Biz də bildirdik ki, həmin sənədlər Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq idarəsi tərəfindən yoxlanılıb və onların heç bir əhəmiyyəti olmayıb. O sənədlər sadəcə ofisdə olduğu üçün götürülüb. Həm də bu müraciət həbs müddətini uzatmaq üçün əsas deyil", - Zibeydə Zəkəriyyəyeva deyib.
Onun sözlərinə görə, Qubad İbadoğlu yeddi aydır ki, həbsdədir və oktyabrın yeddisindən sonra onunla bağlı heç bir istintaq hərəkəti aparılmayıb.
"Müdafiə etdiyim şəxsi həbsdə saxlamağın mənası yoxdur və səhhətində də ciddi problemlər var. Gündə iki dəfə insulin vurulmasına və yüksək dozada dərman qəbuluna baxmayaraq qanda şəkərin miqdarı yüksək olaraq qalır. Ürəyində də problemlər var və şəkərin qalxması ürək damarlarında tıxac yaradır".
Vəkil bildirib ki, məhkəmə müdafiə tərəfinin vəsatətini təmin etməyib və həbs müddətini üzadıb.
Bundan başqa, Qubad İbadoğlunun bu gün daha bir məhkəməsi keçirilib.
Saxlanılarkən 23 iyulda onun iki iPhone markalı telefonu götürülüb, amma bu heç bir yerdə sənədləşdirilməyib, aktlaşdırılmayıb, vəkili bildirib.
Vəkillərinə həmin mobil telefonlar barədə heç bir məlumat və sənəd təqdim edilməyib.
"Dekabr ayında Qubad müəllimin şəxsi videosu və qızının və özünün fotoları yayıldı. Bu fotolar çox biyabırçı başlıqlarla yayılırdı. Onu gözdən salamq istəyirdilər. Qubad müəllim və onun ailəsi deyirdilər ki, bu fotolar ancaq onun telefonunda olub", - vəkil deyib.
Zibeydə Zəkəriyyəyevanın sözlərinə görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsi onun telefonlarla bağlı müraciətlərinə cavab verməyib.
Vəkilin sözlərinə görə, bu gün keçirilən məhkəmədə müstəntiq ona söyləyib ki, mobil telefonlar sübut kimi götürülüb və istintaq bitəndən sonra onun aqibəti bəlli olacaq.
"Məhkəmə bizim şikayəti təmin etmədi", - vəkil əlavə edib.
Avropa İttifaqı alimi “dərhal azad etməyə” çağırıb
Avropa İttifaqı tanınmış iqtisadçı alim Qubad İbadoğlunun həbs müddətinin uzadılmasından narahatlığını bildirib.
Moyabrın 17-də qurumun xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsinin sözçüsü Peter Stano X sosial media hesabında Azərbaycan hökumətini Qubad İbadoğlunu “dərhal azad etməyə” çağırıb.
İyul ayında Bakının Nərimanov Rayon Məhkəməsinin qərarı ilə Qubad İbadoğlu haqqında 3 ay 26 günlük həbsqətimkan tədbiri seçilmişdi. Cümə axşamı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi onun barəsində həbs qətimkan tədbirinin müddətinin daha 3 ay uzadılmasına qərar verib, vəkili Zibeydə Zəkəriyyəyeva BBC Azərbaycancaya bildirib. “Bu qərara görə Qubad İbadoğlu fevralın 20-dək həbsdə qalacaq”, - vəkil deyib.
“Avropa İttifaqı tanınmış alim və fəal Qubad İbadoğlunun həbs qətimkan müddətinin [ümumilikdə] 7 ayadək uzadılmasından təəssüflənir. Biz Azərbaycan hökumətini onun zəruri tibbi yardıma çıxışını təmin etməyə, eləcə də onu və fəal Bəxtiyar Hacıyevi dərhal azad etməyə çağırırıq”, - Avropa İttifaqının rəsmisi Peter Stano X-də yazıb.
Vəkil Zibeydə Zəkəriyyəyeva BBC Azərbaycancaya bildirib ki, onlar Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin Qubad İbadoğlu ilə bağlı son qərarından apellyasiya şikayəti verəcəklər.
ABŞ Dövlət Departamenti və Avropa Parlamenti Azərbaycan hökumətini Qubad İbadoğlunu "dərhal azad etməyə" çağırıb
ABŞ Dövlət Departamenti Azərbaycan hökumətini "həbsdə olan iqtisadçı Qubad İbadoğlunu dərhal azad etməyə çağırıb", sentyabrın 14-də qurumun saytında qeyd olunub.
Avropa Parlamenti də eyni tarixdə Qubad İbadoğlunun "dərhal və qeyd-şərtsiz azadlığa buraxılmasını” tələb edən qətnamə qəbul edib, qurumun saytında dərc olunan məlumatda deyilir.
Azərbaycan rəsmiləri bununla bağlı münasibət bildirməyib.
İyul ayında Bakının Nərimanov rayon məhkəməsinin qərarı ilə Qubad İbadoğlu haqqında 3 ay 26 günlük həbsqətimkan tədbiri seçilib.
"Mən daha əvvəl onun həbsindən və saxlanılmasından narahat olduğumuzu demişdim. İndi isə deyirəm ki, biz Azərbaycan hökumətini Qubad İbadoğlunu dərhal azad etməyə çağırırıq",- ABŞ Dövlət Departamentinin sözçüsü Matthew Miller cümə axşamı keçirdiyi gündəlik brifinqdə deyib.
Sentyabrın 14-də Avropa parlamenti “Qubad İbadoğlunun işi” üzrə qəbul etdiyi qətnaməsində “nüfuzlu müxalifətçi doktor Qubad İbadoğlunun dərhal və qeyd-şərtsiz azadlığa buraxılmasını” tələb edib, qurumun məlumatında deyilir.
Qətnamə Avropa Parlamentində 539 səs lehinə, 24 səs bitərəf və 6 səs əleyhinə olmaqla qəbul edilib.
“Ona qarşı irəli sürülən ittihamların siyasi motivli olduğunu vurğulayırıq”, -qurum məlumatında bildirir.
Avropa Parlamenti Azərbaycanda "siyasi məhbusları azad etməyə çağırır”, -qətnamədə deyilir.
Onlar Aİ-nin xarici siyasət komissarı Josep Borrell-i, Avropa Xarici Fəaliyyət Xidmətini və üzv dövlətlərini “Azərbaycanda baş verən ciddi insan haqları və demokratiya pozuntularını pisləməyə və ikitərəfli görüşlərdə, eləcə də gələcək tərəfdaşlıq sazişləri üzrə danışıqlarda “Qubad İbadoğlunun işi” kimi digər işlərlə bağlı məsələləri də qaldırmağa" çağırıb.
Hələlik ABŞ Dövlət Departamentinin çağrışına və Avropa Parlamentinin qətnaməsinə Azərbaycan rəsmiləri münasibət bildirməyiblər.
Amma rəsmi Bakı tez-tez bəyan edir ki, Azərbaycanda siyasi məhbus yoxdur.

Şəklin mənbəyi, QUBAD İBADOĞLUNUN AILƏSI
Ötən həftə ABŞ Konqresinin Nümayəndələr Palatasının bəzi üzvləri həbsdə olan iqtisadçı alim Qubad İbadoğlunun “hüquqlarına hörmət olunması və zəruri dərmanlarla təmin edilməsi” ilə bağlı Azərbaycan hökumətinə çağırış ediblər, konqresmen Bill Keating bununla bağlı X (Twitter) hesabında yazıb.
Konqresmen Bill Keating bildirib ki, o və digər Konqres üzvləri Gerry Konnolly və Tom Kean Qubad İbadoğlu ilə bağlı “baş verən prosesləri” yaxından izləyirlər.
“Vəkillərinin bildirdiyinə görə, Qubad İbadoğlu zəruri dərman preparatlarına giriş imkanından məhrum edilib və sürətlə çəki itirir. Onun sağlamlığı ilə bağlı yaranan vəziyyət bizi dərindən narahat edir. Biz Azərbaycanı konstitusiyada təsbit edilən bütün vətəndaşlarının, o cümlədən Qubad İbadoğlunun hüquqlarına hörmət etməyə çağırırıq”, - o qeyd edib.
Bundan əlavə, konqressmen Bill Keating rəsmi Bakını Qubad İbadoğlu ilə bağlı məhkəmə prosesini “ədalətli aparmağa” çağırıb.
Qubad İbadoğlunun "qohumlarının ölkədən çıxışına qadağa qoyulduğu" deyilir

Şəklin mənbəyi, İradə Bayramova
Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun bəzi “qohumlarının ölkədən çıxışına qadağa qoyulduğu” deyilir.
Bu barədə çərşənbə axşamı BBC Azərbaycancaya onun qardaşı Qalib Bayramov məlumat verib:
“Kiçik qardaşım işi ilə əlaqədar ölkədən çıxmaq istəyəndə, Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Bildiriblər ki, Daxili İşlər Nazirliyi tərəfindən onun ölkədən çıxışına qadağa qoyulub”.
BBC məsələ ilə bağlı DİN-dən cavab ala bilməyib.
Qalib Bayramov çərşənbə günü BBC-yə deyib ki, ailə Qubad İbadoğunun qardaşı - deputat Vüqar Bayramovdan başqa, “digər qardaşların hamısının ölkədən çıxışına qadağa qoyulduğu qənaətindədir”.
Cənab Bayramov qeyd edib ki, Qubad İbadoğlunun işində şahid qismində nə onun özünün, nə də digər qardaşlarının adı var.
“Hüquqşünaslar da bildirir ki, əgər vətəndaşın adı cinayət işində təqsirləndirilən şəxs qismində qeyd olunubsa, yalnız bu halda DİN məhkəmə qərarı ilə onun ölkədən çıxışına qadağa qoya bilər. Lakin qardaşım DİN-nin müvafiq bölməsində öz adını yoxlayıb, sistem bildirib ki, sizin ölkədən çıxışınıza məhdudiyyət yoxdur. Bu da onu göstərir ki, bu qadağalar qeyri-rəsmi şəkildə qoyulub. Hətta nəinki qardaşımın, bizim soyadımızı daşımayan, ikinci dərəcəli bir qohumumuzun da ölkədən çıxışına qadağa qoyulub”, - İbadoğlunun qardaşı bildirib.
Qalib Bayramov onu da vurğulayıb ki, “qanuni yolla ölkədən çıxışlarına məhdudiyyətlə bağlı məlumatı dəqiqləşdirə bilmədiklərinə görə, ailə üzvləri adından ölkədən çıxışlarına nəyə görə məhdudiyət qoyulması haqda məlumat almaq üçün DİN-ə sorğu göndəriblər”.
“Sorğunu təxminən 4-5 gün əvvəl göndərmişik. Hələ ki, cavab almamışıq”, cənab Bayramov BBC-yə deyib.
BBC Azərbaycanca bununla bağlı DİN-dən cavab ala bilməyib.
Avqustun 26-da Qubad İbadoğluna qarşı əlavə ittiham irəli sürülüb.
Yeni ittihamda o, Cinayət Məcəlləsinin dini ekstremist materialları hazırlama, saxlama və ya yayma maddəsi ilə təqsirləndirilir.
Qubad İbadoğlunun qardaşı Qalib Bayramov BBC News Azərbaycancaya deyib ki, "Qubad bəy yeni ittihamla bağlı ifadə verməkdən imtina edib, heç bir sənədi imzalamayıb".
İstintaqı aparan Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.
"Güya ofisdən axtarış zamanı Fətullah Gülənə aid kitablar çıxıb. Amma bu, cəfəngiyatdır. Çünki axtarış olanda sənədləri torbaya yığıblar və adbaad qeyd etməyiblər", Qubad İbadoğlunun qızı Jalə Bayramova yeni ittihamla bağlı "Turan" İnformasiya Agentliyinə deyib.
"Qubad İbadoğlunun işi" ilə bağlı daha bir alim həbs olunub

Şəklin mənbəyi, Fazil Qasımov
Həbsdə olan iqtisadçı "Qubad İbadoğlunun işi" ilə bağlı daha bir azərbaycanlı alim Fazil Qasımov həbs olunub. O, Türkiyədə saxlanılaraq Azərbaycana gətirilib. Bu barədə BBC-yə Daxili İşlər Nazirliyinin sözçüsü Elşad Hacıyev bildirib.
Avqustun səkkizində Bakının Nərimanov rayon məhkəməsində Fazil Qasımovun barəsində 3 ay 12 gün müddətinə həbs qətimkan tədbiri seçilib.
O, Cinayət Məcəlləsinin (CM) saxta pul, qiymətli kağızlar əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədilməsi maddəsi -Qubad İbadoğlu ilə eyni maddə üzrə həbs olunub, yerli media yazır.
İyulun 24-də Bakının Nərimanov rayon məhkəməsində iqtisadçı, Azərbaycan Demokratiya və Rifah Partiyasının (ADR) sədri Qubad İbadoğlu barəsində 3 ay 26 günlük həbs qətimkan tədbiri seçilib.
İqtisadçı CM-nin saxta pul, qiymətli kağızlar əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədilməsi maddəsi ilə təqsirləndirilir.
Qubad İbadoğlu bu ittihamı rədd edir və həbsini siyasi-ictimai fəaliyyəti ilə əlaqələndirir.
Həbsinədək İstanbul şəhərində yaşayan Fazil Qasımovun Facebook hesabında özü haqda yazdığı məlumatlara əsasən, o, Türkiyənin Özyeğin və Hollandiyanın Tilburq Universitetində Beynəlxalq Biznes İdarəçiliyi ixtisası üzrə təhsil alıb. Qasımov təhsilini Türkiyənin İstanbul Universitetində doktorantura pilləsi üzrə davam etdirib.
Onun Facebook hesabında yazdığı sonuncu statuslardan biri- Qubad İbadoğlunun həbsindən 4 gün sonraya təsadüf edir.
“21-ci əsrdə alimlər təqib edilir, xeyirxah insanlar şərlənir. Artıq nəyin həqiqət, nəyin yuxu olduğunu ayırd etməkdə çətinlik çəkirik. Aydınlıq sabahlar naminə yeni bir Rönesansa ehtiyac var”, deyə Fazil Qasımov yazır.
Çərşənbə axşamı həbs olunan Fazil Qasımovun qardaşı Nazim Qasımov yerli mediaya bildirib ki, “ailəsi qardaşının nəyə görə həbs olunduğunu bilmir və onun harada saxlanılması ilə bağlı rəsmi qurumlara müraciət etsələr də, cavab almayıblar”.
"Qardaşım Türkiyədə saxlanılıb, bilmirik niyə, nə səbəblə saxlanılıb. Bilmirəm nə edim. Başımı itirmişəm. Vəkil də tuta bilməmişik, pul-para yoxdur",Nazim Qasımov bildirib.
DİN-dən BBC-yə bildiriblər ki, “Fazil Qasımov hazırda istintaq təcridxanasında saxlanılır”.
Siyasi şərhçi Alya Yaqublu BBC-yə bildirib ki, “görünən odur ki, hökumət Qubad İbadoğlunun işini genişləndirməyə çalışır”.
“Ola bilər ki, Qubad İbadoğlu ilə Fazil Qasımovun doğrudan da şəxsi tanışlıqları olub. Amma bütün şəxsi tanışlıqlar burada hansısa cinayət əməli olduğunu ehtiva etmir. Daha əvvəl hüquq mühafizə orqanları Qubad İbadoğlunun Anar Əliyev adlı şəxslə cinayət əlaqəsinin olduğunu açıqlamışdı. Görünür, cəmiyyətin “Qubad İbadoğlunun Anar Əliyevlə- belə deyək, özü ilə fərqli kateqoriyada olan biri ilə necə bir əlaqəsi ola bilər?” sualını verməsi fikirləşirəm ki, hökumətin Fazil Qasımovun üzərində dayanmasına əsas olub. Fazil Qasımovun da alim olması, ola bilər ki, Qubad İbadoğlu ilə şəxsən tanışlığının da olması daha inandırıcılıq yaradır ki, bəli, bu dəfə tərəf müqabili elə öz sahəsinin adamıdır”, siyasi şərhçi bildirir.
Alya Yaqublunun sözlərinə görə, ola bilsin ki, bundan sonra “istintaq ortaya hansısa dırnaqarası sübutlar qoyacaq, yazışmalar paylaşacaq”.
“Amma bu yazışmaların heç birinə şəxsən mənim inamım ola bilməz. Çünki ölkənin hüquq mühafizə orqanlarının istənilən informasiyanı özlərinə uyğun şəkildə təqdim edə bilirlər.Hesab edirəm ki, Qubad İbadoğlunu müxalif fəaliyyətinə görə cəzalandırırlar. Çünki İlham Əliyevin özünün də, ad çəkməsə belə, məhz həm də Qubad İbadoğlunu nəzərdə tutduğu çox kobud, dövlət başçısı postuna uyğun olmayan bir ritorika ilə açıqlaması var. Həmin vaxt Qubad bəy xaricdə idi. Məncə, elə o açıqlamanın özü İlham Əliyevin şəxsən özünün Qubad bəyə nifrətini ortaya qoyan bir faktdır, ona görə də bu faktın özü mənim ehtimalımı gücləndirir ki, Qubad İbadoğlu müxalif fəaliyyətinə görə cəzalandırılır”, o bildirib.
Prezident İlham Əliyev 2021-ci ilin yanvarında Dünya Bankının Azərbaycanla bağlı açıqladığı reytinqi şərh edərkən yerli iqtisadçıları hədəf almışdı.
“Bizim işimizə ağızlarını büzən, iqtisadiyyatdan başı çıxmayan tiplər üçün, ünsürlər üçün, bax, budur əsas. Ona görə deyirəm, dırnaqarası, qondarma iqtisadçılar, xaricdə və burada banlayan dırnaqarası iqtisadçılar, açın gözünüzü baxın və dilinizi qoyun qarnınıza. Yoxsa yerindən duran bizə dərs deyəcək”, Prezident bildirmişdi.
Avqustun 5-də bir qrup azərbaycanlı ziyalı həbsdə olan iqtisadçı Qubad İbadoğlunun "səhhətində yaranan problemlərlə" bağlı Prezident İlham Əliyevə müraciət ünvanlayıb. Müraciəti onu imzalayanlardan biri-kinodramaturq Eldəniz Quliyev Facebook-da yayıb.
“Biz, bir qrup ölkə ziyalısı tanınmış Azərbaycan aliminin azadlığa buraxılması üçün məhz sizə müraciət etmək qərarına gəldik. Sizdən xahiş edirik ki, ölkəmizin adına, nüfuzuna kölgə salan bu məsələni öz şəxsi nəzarətinizə götürəsiniz. İnanırıq ki, Qubad İbadoğlunun sağlamlıq durumunda yaranmış çox ciddi problemləri nəzərə alaraq, zərrə qədər də günahı olmayan bir elm xadiminin azadlığa qovuşmasına şərait yaradacaqsınız”, ziyalıların Prezidentə müraciətində deyilir.
Avqustun 5-də iqtisadçının yaxınları BBC-yə "onun səhhətindəki problemlərin həyati risk daşıdığını" bildirib.
Qardaşı Qalib Bayramovun məlumatına görə, iqtisadçının “şəkəri qeyri-sabitdir, qan təzyiqi isə aşağı düşmür”.
“Bizi ən çox narahat edən təzyiqinin yüksək olmasıdır. Çünki onun ürəyində problem var, təzyiq yüksək olarsa, ürəkdə həyati risk yaradır. Bu proses isə artıq başlayıb. Hər gün 10 km gəzən adam birdən-birə 4 nəfərlik kamerada saxlanılır. Ona oksigen lazımdır. Ürəyini müayinə ediblər və deyiblər ki, ürəyində- şah damarının kökündə genişlənmə var və bu, sürətlə davam edir”, Qalib Bayramov BBC-yə bildirib.
BBC Qubad İbadoğlunun vəziyyəti ilə bağlı Ədliyyə Nazirliyindən (ƏN) və qurumun müvafiq idarələrindən cavab ala bilməyib.
Ədliyyə Nazirliyi yanında İctimai Şuranın üzvü, hüquq müdafiəçisi Səadət Bənənyarlı BBC-yə bildirib ki, onda olan məlumata görə, “hazırda Qubad İbadoğlunun vəziyyəti normaldır”.
“Düzdür, mən ƏN yanında İctimai Şuranın üzvüyəm. Amma Qubad müəllim hazırda istintaq altındadır, buna görə də onunla görüşə bilmək hazırda bizim üçün əlçatmazdır. Ümumiyyətlə, saxlanma yeri ƏN-nə tabe olsa da, onun haqqındakı məlumatlar bizə tam gəlmir, istintaqı aparan orqanlara gedir”, İctimai Şuranın üzvü BBC-yə deyib.
Qardaşının sözlərinə görə isə, ailəsi “Qubad İbadoğlunun səhhətindəki problemlərin yaxın günlərdə ölümlə nəticələnəcəyindən qorxur”.
"Onun ürəyi xüsusi müayinə olunmalıdır. Bu müayinə üçün lazım olan xüsusi aparat isə Penitensiar Xidmətdə yoxdur. Mən də həmin xəstəlikdən əziyyət çəkdiyim üçün bilirəm ki, bunun ən doğru müayinəsi ürəyin kompüter tomoqrafiyasıdır. Bu da Azərbaycanda çox yerdə yox, bir neçə yerdə var. Hazırda ən dəqiq müayinəni o aparatla etmək mümkündür”, Qalib Bayramov bildirir.
Hüquq müdafiəçisi Səadət Bənənyarlı deyir ki, "yalnız xüsusi bir hal olarsa, o zaman bir qrup hüquq müdafiəçisi istintaq aparan orqanlara müraciət edərək iqtisadçı ilə görüşə bilər”.
“Allah göstərməsin, nə isə böyük bir narahatlıq olarsa, biz bu halda, müraciət edə bilərik. Hələlik ki, bizdə olan məlumata görə, Qubad bəy hazırda xüsusi nəzarətdədir. Onu da deyim ki, biz hüquq müdafiəçiləri olaraq, Qubad bəyin istintaqının ev şəraitində aparılmasının tərəfdarıyıq. Bununla bağlı bir sıra hüquq müdafiəçisi onun həbsindən sonra Prezidentə müraciət də ünvanlamışıq”, Səadət Bənənyarlı bildirir.
Hüquq müdafiəçisi əlavə edir ki, hələlik onların "İlham Əliyevə ünvanladığı müraciətə cavab gəlməyib”.

Şəklin mənbəyi, İbad Bayramov
İqtisadçının vəkili Zibeydə Sadıqovanın avqustun 5-də BBC-yə bildirdiyinə görə, “Qubad İbadoğlu həmişə xarici ölkələrdə yaşadığına görə, səhhətindəki problemləri həmin ölkələrin həkimləri müalicə edib və vəziyyətini stabil saxlaya biliblər”.
“İndi isə birdən-birə onu həbs ediblər və bu günə kimi qapalı şəraitdə saxlanılır. Bu səbəbdən onun səhhəti get-gedə pisləşir. Qubad bəylə dünən görüşmüşəm, həkim qrupunun haradan gəldiyini o da bilmir, amma avqustun 3-də onu ürəyini müayinə ediblər. Güman ki, həkimlər Penitensiar Xidmətin klinikasının əməkdaşları olub. Qubad bəy bildirdi ki, həkimlər özləri təsdiqləyib ki, həbs olunduğu 10 gün ərzində onun ürəyindəki genişlənmənin 4.1 mm-ə çatması narahatedici səviyyədədir”, Zibeydə Sadıqova bildirib.
Vəkilin sözlərinə görə, o, “Qubad İbadoğlunu öz hesabına müayinə etdirməklə bağlı Penitensiar Xidmətə müraciət edib:
“Mən onlardan həmçinin, Qubad bəyin müayinələrinin rəsmi cavabını da istəmişəm. Hələ ki, müraciətimə cavab gəlməyib. Biz istəyirik ki, öz hesabına da olsa, Qubad bəyi özəl klinikalardan birində müayinə etdirək”.
Zibeydə Sadıqovanın sözlərinə görə, “indi ən böyük istəkləri iqtisadçının ev dustaqlığına buraxılmasıdır”.
“Bununla bağlı bazar ertəsi apellyasiya məhkəməmiz olacaq. Qubad bəy həbsdə qalarsa, onun səhhəti daha da pisləşəcək”, vəkil bildirib.
Avqustun 1-də Bakının Nərimanov rayon məhkəməsində iqtisadçı, Qubad İbadoğlunun həbsinin ev dustaqlığı ilə əvəz olunması haqda vəsatətinə baxılıb.
ADR-in İdarə Heyətinin üzvü Ellada Məmmədlinin BBC-yə verdiyi məlumata görə, məhkəmə iqtisadçının "ev dustaqlığına buraxılması üçün zərurət olmadığını əsas gətirərək", vəsatəti təmin etməyib.
İyulun 28-də isə Bakı Apellyasiya Məhkəməsi iqtisadçının həbsinin ləğvi ilə bağlı vəsatətini təmin etməyib.
Vəkili Zibeydə Sadıqovanın Facebookda yazdığına görə, iqtisadçı "yarımçıq qalmış məqalələrini və tədqiqatlarını davam edə bilməməkdən" narahatdır.
"Qubad bəy deyir ki, heç vaxt bu qədər vaxt itirməyib. Həyatı boyunca zehni işlə məşğul olub. İndi isə kamerada işləməyə şəraiti yoxdur", vəkil Sadıqova bildirib.
Vəkilin yazdığına görə, iqtisadçının sonuncu məqaləsi "məşhur Resources Policy jurnalında dərc edilən "The economics of petro-authoritarianism: Post-soviet transitions and democratization"dır.
İyulun 28-də həbsindən sonra iqtisadçı ilə təcridxanada görüşən Zibeydə Sadıqova Qubad İbadoğlunun "evinə zəng edə bilməməkdən şikayətləndiyini" yazmışdı.
“Qubad bəy yaşlı anası ilə bağlı çox narahatdır”, - Zibeydə Sadıqova qeyd edib.
İyulun 27-də isə iqtisadçının həbsindən əvvəl müəllim kimi işlədiyi sonuncu təhsil müəssisəsi -London İqtisadiyyat və Siyasi Elmlər Məktəbi (LSE) Qubad İbadoğlu ilə bağlı Twitter hesabında yaydığı bəyanatda iqtisadçının "Azərbaycanda saxlanılmasından və həbsindən dərin narahatlığını" ifadə edib.
“Dr. Qubad İbadoğlu beynəlxalq aləmdə yaxşı idarəetməyə bağlılığı, şəffaflıq və akademik ciddiliyi ilə tanınır. Kafedramızdakı qonaq müəllim kimi, o, LSE-nin akademik çevrəsində böyük nüfuza malikdir”, - bəyanatda deyilir.
LSE “Azərbaycan hökumətini Qubad İbadoğlunu dərhal azad etməyə" çağırıb.
ABŞ və Qərb dövlətlərindən Azərbaycan hakimiyyətinə çağırış
ABŞ və bəzi Avropa ölkələri, o cümlədən Avropa İttifaqı iyulun 24-də həbs edilmiş tanınmış iqtisadçı Qubad İbadoğlu ilə bağlı Azərbaycan hakimiyyətinə çağırış edərək onun həbsi prosesini “yaxından izlədiklərini” bildiriblər.
ABŞ, Böyük Britaniya, Fransa və Almaniyanın Azərbaycandakı səfirlikləri yaydıqları birgə bəyanatda rəsmi Bakını Qubad İbadoğlunun hüquqlarına hörmət etməyə çağırıblar.
“Azərbaycan hökumətini Qubad İbadoğlunun hüquqlarına hörmət edilməsini, eləcə də dərmanlara çıxış imkanını və azad məhkəmə prosesini təmin etməyə çağırırıq”, - birgə bəyanatda qeyd olunub.
Avropa İttifaqının xarici işlər və təhlükəsizlik məsələləri üzrə sözçüsü Nabila Massrali də Twitter hesabında Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun dərhal azadlığa buraxılmasını istəyib.
“Avropa İttifaqı tanınmış alim və fəal Qubad İbadoğlunun həbsi ilə bağlı məsələni yaxından izləyir. Azərbaycanı onu dərhal azad etməyə, onun dərmanlara girişini təmin etməyə, onun hüquqlarına, o cümlədən məhkəmə prosesində yaranan hüquqlarına hörmət etməyə çağırırıq”, - Massrali qeyd edib.
Azərbaycanda fəaliyyət göstərən bəzi hüquq müdafiəçiləri, jurnalist və vəkilləri özündə birləşdirən "Ədalət Naminə Həmrəylik" Komitəsi Qubad İbadoğlunun azadlığa buraxılması ilə bağlı Prezident İlham Əliyevə müraciət edib.
“İstər hüquq-mühafizə orqanları, istərsə də məhkəmə-hüquq sisteminin bir çox məsələlərə səthi yanaşması son vaxtlar bir çox tanınmış ictimai-siyasi xadimlərin, jurnalistlərin, dindarların kifayət qədər əsassız ittihamlarla həbsinə səbəb olub”, - müraciətdə deyilir.
Müraciəti imzalayanlar İlham Əliyevi “hal-hazırda həbsdə saxlanılan ictimai-siyasi xadimlərə qarşı sərt addımların qarşısını almaqda və onların azadlığa buraxılmasında səlahiyyətlərin”dən istifadə etməyə çağırıb.
Qubad İbadoğlunun həbsi: Hakimiyyət "qorxutmaq və güc göstərmək" istəyir

İyulun 26-da iqtisadçı, Azərbaycan Demokratiya və Rifah (ADR) partiyasının sədri Qubad İbadoğlunun Bakının Yasamal rayonundakı evində və Novxanıdakı bağ evində axtarış olub, dini məzmunlu bir kitab götürülüb, onun yaxınları BBC-yə bildiriblər.
Qubad İbadoğlunun qardaşı Qalib Bayramovun dediyinə görə, axtarışı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ) əməkdaşları aparıb.
O deyib ki, iqtisadçının bağ evindən heç nə götürülməyib.
“Lakin Yasamaldakı mənzildən Qubad bəyin uşaqlarına məxsus iki ədəd kompyuter və Qafqaz Müsəlmanları Ruhani İdarəsinin nəşri olan “İslam peyğəmbəri” kitabını götürdülər. Biz onlara iradımızı bildirdik ki, bu, rəsmi çap olunmuş kitabdır. Amma bildirdilər ki, kitab dinidir və onun istintaqa yaralı olub-olmamasını ekspertiza müəyyənləşdirəcək ”, - iqtisadçının qardaşı BBC-yə deyib.
Daxili İşlər Nazirliyindən BBC-yə bildiriblər ki, hazırda qurumda iqtisadçının evində aparılan axtarışla bağlı məlumat yoxdur.
İqtisadçı, hakimiyyət tənqidçisi Qubad İbadoğlunun həbsi ictimaiyyətdə birmənalı qarşılanmayıb. Çərşənbə axşamı onun Hüquqlarının Müdafiə Komitəsi yaradılıb, yerli media yazıb.
Bir gün əvvəl, bazar günü evində və ofisində axtarış aparılan zaman Daxili İşlər Nazirliyi yaydığı məlumatda bildirmişdi ki, Qubad İbadoğlu “FETÖ ilə əlaqəli əməliyyat zamanı saxlanılanlardan birinin ifadəsi” əsasında polis tərəfindən saxlanıb.
Qubad İbadoğlu bu ittihamları rədd edib və bildirib ki, o, “İlham Əliyevin sifarişi ilə” saxlanıb.
Onun həbsinə etiraz edənlərin bəzilərinin fikrincə, Qubad İbadoğlunun bu yaxınlarda Londonda Azərbaycan Təhsil Fondu təsis etməsi hakimiyyət dairələrində narahatlıq yaradıb”.
Turan İnformasiya Agentliynin rəhbəri Mehman Əliyevə görə isə, hakimiyyət “qorxutmaq və güc göstərmək” istəyir.
BBC Azərbaycancaya danışan Hakim Yeni Azərbaycan Patiyasının (YAP ) parlamentdə təmsilçisi Məlahət İbrahimqızı Qubad İbadoğlunun ictimai-siyasi fəlaiyyətinə görə təqib olunması ilə bağlı fikirlərlə razılaşmır və deyir ki, Azərbaycanda heç kəsi “əsassız yerə tutmurlar, böhtan atmırlar”.
Qubad İbadoğlu kimdir?
Qubad İbadoğlu uzun illər Müsavat partiyasının Divan üzvü olub. 2015-ci ildə o, Müsavatla yollarını ayıraraq tərəfdarları ilə birgə müxalifyönlü ADR hərəkatını təsis edib.
Müxtəlif illərdə ABŞ-ın və Böyük Britaniyanın nüfuzlu təhsil müəssisələrində dərs deyib.
İqtisad elmləri doktoru Qubad İbadoğlu, həmçinin Azərbaycan hakimiyyətini tənqidi çıxışları ilə və Azərbaycan iqtisadiyyatını təhlil edən araşdırmaları ilə tanınır.
O, həbsindən 2 həftə əvvəl Britaniyada Azərbaycan Gənclərinin Təhsili Fondunu qeydiyyatdan keçirdiklərini açıqlayıb.
Qubad İbadoğlu Fondun məqsədlərindən birinin “Azərbaycan hakimiyyətinin xalqdan oğurladığı çirkli pulları geri qaytarmaq və onu gənclərin xaricdə təhsil almasına sərf etmək” olacağını bildirib.
Fondun yaranmasının elan edilməsindən sonra Azərbaycanda hakimiyyətə yaxın mətbuatda Fondun təsisçiləri- Qubad İbadoğlu, professor Cəmil Həsənli və sabiq diplomat Arif Şahmarlının “xaricdəki gəncləri təhsil adı altında öz şəbəkələrinə cəlb etməyə çalışdıqlarını” əks etdirən yazılar çap edilib.
İbadoğlu “Fonda görə həbs olunub”

Azərbaycan Gənclərinin Təhsili Fondunun həmtəsisçisi, keçmiş səfir Arif Şahmarlı iqtisadçının “fondun təsisçisi olduğu üçün həbs olunduğu” qənaətindədir.
“Bu fondun məqsədi Azərbaycan xalqından oğurlanan pulların geri qaytarılması yolu ilə gənclərimizin təhsil almasını təmin etməkdir. Əlbəttə ki, hökumət oğurladığı pulların xalqa geri qaytarılacağından narahat olduğu üçün Qubad bəyi təsisçi kimi həbs edib. Qubad bəyin həbsi Azərbaycan hakimiyyəti üçün böyük rəzalətdir”, - Arif Şahmarlı BBC-yə bildirib.
Qubad İbadoğlunun həbsdən azad olunmasından ötrü “beynəlxalq ictimayyəti ayağa qaldırmaq üçün fəaliyyətə başladıqlarını” deyən Arif Şahmarlı bildirir ki, “əslində, iqtisadçı Bakıya qayıdarsa, həbs olunacağını ehtimal edirmiş”.
“Hətta mən ona dedim ki, bəlkə getməyəsiz? Lakin o, ADR -in partiya məsələlərini həll etmək və xəstə anasına baş çəkmək üçün getməyi seçdi”, - Arif Şahmarlı BBC-yə deyib.
Təsis olunan fondun sonrakı taleyinin necə olacağına gəlincə isə, o bildirir ki, Qubad İbadoğlu həbsdə olsa belə, digər iki təsisçi bu işi davam etdirəcək.
“Məncə, yeni həbslərə də hazır olmaq lazımdır”

“Turan” İnformasiya Agentliyinin rəhbəri, siyasi analitik Mehman Əliyevə görə, Qubad İbadoğlunun həbsi onun ictimai-siyasi fəaliyyəti ilə bağlıdır.
Onun fikrincə, Qubad İbadoğlu iqtisadçı olduğundan, onun ölkənin iqtisadi vəziyyətini, problemlərini, inkişafını sistemli şəkildə araşdırıb cəmiyyətə təqdim etməsi hakimiyyətdə narahatlıq doğurmaya bilməzdi, üstəlik, o, həm də siyasi partiya təsis etmişdi:
“Bütün bu ictimai-siyasi fəaliyyəti onun həbsinin əsas səbəblərindəndir”, - Mehman Əliyev bildirir.
O hesab edir ki, Azərbaycan hakimiyyəti “yeni həbslərlə, xüsusi ilə müxalif qanadı qorxutmağa” çalışır.
“Bəxtiyar Hacıyevin, Nazim Bəydəmirlinin, Qubad İbadoğlunun həbsindən sonra, məncə, yeni həbslərə də hazır olmaq lazımdır. Bütün bunlar o konteksdə baş verir ki, deyirlər, referendum olacaq.
Siyasi sistemdə dəyişikliklər gözlənilir, hesab edirəm ki, indi ciddi məqamdır. Hakimiyyət narahatdır və cəmiyyətə, xüsusi ilə də siyasi-ictimai qanada, fəallara təpki göstərmək istəyir ki, onlar prosesə maneəçilik törətməsin. Yəni, məqsəd budur. Hakimiyyət qorxutmaq və güc göstərmək istəyir”, - Mehman Əliyev əlavə edir.
“Azərbaycanda heç kəsi əsassız yerə tutmurlar”

Milli Məclisin deputatı Məlahət İbrahimqızı hesab edir ki, Qubad İbadoğlunun həbsinə etiraz edənlərin səsləndirdiyi fikirlər əsassızdır.
“Belə fikirlərlə qətiyyən razı deyiləm. Əlbəttə ki, müdafiə etmək üçün belə şeylər deyəcəklər. Mənim də mətbuatdan oxuduğuma görə, hətta Türkiyə kəşfiyyatının da verdiyi faktlar var. Bilirsiniz ki, mətbuatda onun FETÖ ilə bağlılığı da qeyd olunur. Ona görə də mən Qubad İbadoğlunun tərəfdarlarının dedikləri ilə razılaşmıram”, - millət vəkili BBC-yə deyir.
YAP təmsilçisi əlavə edib ki, Azərbaycanda heç kəsi “əsassız yerə tutmurlar, böhtan atmırlar”.
“Əlbəttə ki, ən düzgün qərarı məhkəmə, hüquq mühafizə orqanları verəcək. Heç kəsin də ixtiyarı yoxdur ki, hüquq mühafizə orqanlarının işinə müdaxilə etsin. Yəqin ki, yaxın günlərdə lap dəqiq səbəblər ictimayyətə açıqlanacaq”, - Məlahət İbrahimqızı deyir.
“İbadoğlunun həbsini yaxından izləyirik”
ABŞ Dövlət Departamenti Qubad İbadoğlunun həbsini “yaxından izləyir”. Bazar ertəsi keçirilən brifinqdə Dövlət Departamentinin sözçüsü Matthew Miller bildirib.
O deyib ki, Azərbaycanı “konstitusiyasına və beynəlxalq öhdəliklərinə uyğun olaraq, öz vətəndaşlarının, o cümlədən Qubad İbadoğlunun insan hüquqlarını və fundamental azadlıqlarını qorumağa” çağırırlar.







