Tofiq Yaqublu "sətiraltı qiyama çağırışda" ittiham olunduğunu deyir

"Baş Prokurorluqda mənə dedilər ki, bir addımlığındasan, belə davam etsən, haqqında cinayət işi açılacaq", müxalif siyasətçi Tofiq Yaqublu deyir.
Cümə axşamı günü Baş Prokurorluğa çağrılan Müsavat partiyasının üzvü Tofiq Yaqublu BBC News Azərbaycancaya bildirib ki, ona qarşı cinayət işinin açılmasına "son həddin qaldığı" deyilib.
"Məni Baş Prokurorun müavini Namiq Əsgərov və Daxili İşlər Nazirinin müavini Seyfulla Əzimov qəbul etdilər. Mənim Facebookda paylaşdığım statuslardan xeylisini çıxarıb qarşıma qoymuşdular. Məsələn, statusda təxminən yazmışam ki, biz ictimai təzyiq göstərərək hakimiyyəti nəyəsə məcbur etməliyik. Deyirəm burda nə var ki, cəmiyyət təzyiq edə bilər, dinc aksiyalar ola bilər. Deyirlər ki, burada sətiraltı qiyama, üsyana çağırış var".
Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun birgə bəyanatında deyilir ki, "Tofiq Yaqublunun "Facebook" sosial şəbəkəsində özünə məxsus səhifə vasitəsilə qəsdən və qərəzli şəkildə reallığa uyğun olmayan, vətəndaşlar arasında dövlətin həyata keçirdiyi tədbirlərə inamsızlıq yaratmağa xidmət etməklə insanların hakimiyyət əleyhinə qanunsuz hərəkətlərə sövq edilməsinə, onların qanunsuz etiraz aksiyaları keçirməyə təhrik edilməsinə, habelə ölkəmizdə bərqərar olmuş ictimai-siyasi sabitliyin pozulmasına yönələn təxribat xarakterli cəhdlər etməsi müəyyən edilib".
Məlumatda deyilir ki, Tofiq Yaqublu Baş Prokurorluğa dəvət edilərək ona eyni hərəkətləri davam etdirəcəyi təqdirdə cinayət məsuliyyətinə cəlb ediləcəyi haqda xəbərdarlıq edilib.
Tofiq Yaqublu söyləyir ki, o, "heç bir halda qanunsuz şeylər paylaşmır", amma prokurorluq işçiləri onunla razılaşmayıb.
"Deyirəm ki, hakimiyyət oğrudur, cinayətkardır, legitim deyil. Məsələn, mənim özümü qanunsuz olaraq həbsə atıblar. Onlara söyləyirəm ki, İlham Əliyevin xaricdə milyardları var, Dubay, Moskva, London mülkləri, bunları araşdırın. ...Bütün dünya bu haqda yazır, siz niyə araşdırmırsınız hardan alıb? Cavab verirlər ki, elə şey yoxdur, yazanlar hamısı qərəzlidir, gözləri götürmür. Mənə deyirlər ki, böhtan atırsan, soruşuram ki, İlham Əliyev deyəndə ki, bunlar ünsürlərdir, xarici mərkəzlərdən idarə olunurlar, niyə çağırıb demirsiniz ki, böhtan atırsan?"
Tofiq Yaqublu deyir ki, bu, onun ikinci xəbərdarlığıdır və birinci xəbərdarlıq da eyni məsələlərə görə olub.
Tofiq Yaqublu çərşənbə axşamı günü ona zəng edildiyini və Baş Prokurorluğa çağırıldığı barədə "Facebook" sosial şəbəkəsində məlumat paylaşıb. O, bildirib ki, zəng vuranlardan ona rəsmi çağırış vərəqəsi göndərməyi tələb edib.




