Müxalif siyasətçi Tofiq Yaqublu azadlığa çıxıb

Şəklin mənbəyi, Facebook
Müxalif siyasətçi Tofiq Yaqublu inzibati həbs müddəti başa çatdıqdan sonra bu gün azadlığa çıxıb.
Tofiq Yagublu 17 gün ərzində aclıq aksiyası keçirib və bu gün azadlığa çıxandan sonra aclıq aksiyasını dayandırıb, Yaqublunun səhhətinə nəzarət edən həkim Adil Qeybulla BBC Azərbaycancaya deyib.
"Səhər saat 09:30-da azadlığa çıxıb",- Qeybulla bildirib. Həkimin sözlərinə görə, Tofiq Yaqublu artıq ailəsiylə birlikdə evindədir: "Aclıq aksiyasını rəsmi olaraq dayandırıb".
"Nəbzi, saturasiyası, digər parametrlər yoxlanılıb. Hesab edirəm ki, həkim nəzarəti altında onun səhhəti qısa müddət ərzində bərpa olunacaq", - Adil Qeybulla bildirib.
Tofiq Yaqublu dekabrın 23-də Bakının mərkəzində ictimai fəal Bəxtiyar Hacıyevin azadlığa buraxılması tələbi ilə keçirilən etiraz aksiyasında saxlandıqdan sonra 30 sutkalıq inzibati həbsə məhkum olunmuşdu.
İctimai fəal Bəxtiyar Hacıyev xuliqanlıq və məhkəməyə hörmətsizlik maddəsi ilə ötən il dekabrın 9-da saxlanıb. O, həbsini siyasi fəaliyyəti ilə əlaqələndirir.

Aksiyada saxlananlar olub
Dekabrın 23-də Bakıda ictimai fəal Bəxtiyar Hacıyevin həbsinə etiraz olaraq aksiya keçirilib. "Müdafiə Xətti" İnsan Hüquqları təşkilatının təşkil etdiyi aksiyada etirazçılar Bəxtiyar Hacıyevə azadlıq, siyasi məhbuslara azadlıq, işgəncələrə, repressiyalara son qoyulmasını tələb ediblər.
Aksiyada iştirak edən Müsavat partiyasının üzvü Tofiq Yaqublu 30 sutkalıq həbs olunub. Bu barədə onun vəkili Nemət Kərimli BBC-yə bildirib. O, İnzibati Xətalar Məcəlləsinin xırda xuliqanlıq maddəsi ilə itiham olunub.
Tofiq Yaqublu ittihamı rədd edir, həbsini "siyasi sifariş" sayır. Daxili İşlər Nazirli Tofiq Yaqubludan başqa, digər iştirakçıların isə artıq sərbəst buraxıldığını bildirib.
Dekabrın 9-da saxlanmış Bəxtiyar Hacıyev xuliqanlıq və məhkəməyə hörmətsizlik maddələri ilə ittiham olunur. O, həbsini ictimai-siyasi fəaliyyəti ilə əlaqələndirir və həbsinə etiraz olaraq, aclıq aksiyası keçirdiyini bəyan edib, vəkilləri bildirib.
Məhkəmə onun ev dustaqlığına buraxılması ilə bağlı vəkillərinin vəsatətini rədd edib.
Aksiyadan videonu BBC News Azərbaycanca üçün Şəhla Kərim çəkib.
Videonu YOUTUBE kanalımızda izləyin.







