Çeçenistanda LGBT-ləri necə təqib edirlər və onlar ordan necə qaça bilirlər?
Amaliya Zatari
BBC

(18+ Diqqət: Məqalədə narahatedici təsvirlər var)
5 il bundan əvvəl dünya Çeçenistanda geylərin kütləvi şəkildə təqib edilməsindən xəbər tutmuşdu. Bütün bu müddət ərzində LGBT-lərə Şimali Qafqazı tərk etməyə kömək edən hüquq müdafiəçilərinin sözlərinə görə, respublikada insanların homoseksuallığa görə saxlanması davam edir – Çeçenistanın güc strukturları bunu bir növ biznesə çeviriblər və saxlananların azad edilməsi üçün tez-tez onların qohumlarından pul tələb edirlər. Bundan başqa, artıq qadınlar da kömək üçün hüquq müdafiəçilərinə daha tez-tez müraciət etməyə başlayıblar.
BBC Rusca Xidməti Şimali Qafqazda LGBT-lərin həyatının necə dəyişdiyini və onların başqa ölkələrdə necə sığınacaq tapdıqlarını öyrənib.
“Bizə hər gün işgəncə verirdilər”
Polislər Zauru (ad dəyişdirilib) ilk dəfə 2017-ci ildə, 22 yaşı olanda saxlayıblar. Dediyinə görə, 15 polis əməkdaşı onu tutmaq üçün ofisiant işlədiyi yerə - Qroznının mərkəzindəki restorana gəliblər:
"Çeçenistanda LGBT-lərin, demək olar ki, hamısı bir-birini tanıyır. Şəxsən olmasa da, başqa biri vasitəsilə. 2017-ci ildə həbs dalğası başlayanda saxlananlardan bəziləri işgəncə altında mənim də adımı çəkmişdilər. Halbuki çoxdandır onlarla əlaqəm yox idi”.
Saxlanandan sonra Zauru rayon polis şöbəsinə gətiriblər.
“Bu məqamı yaxşı xatırlayıram. Polislərdən biri digərindən soruşdu ki, “Bunları necə sənədləşdirək”, o da “Elə olduğu kimi. Yaz ki, fahişələr tutulub” dedi”.
Zaurun qənaətinə görə, polislər daxili sənədlərdə məhz bu cür yazıblar.
Daha sonra onu digər saxlananlarla birlikdə məhkəməsiz-filansız “gizli həbsxanaya” aparıblar. Orda Zauru 3x4 ölçülü kameraya salıblar. Zaur müxtəlif vaxtlarda həmin kamerada 25-35 nəfərə yaxın adam saxlanıldığını deyir – kimlərisə buraxıb başqalarını gətiriblər. Saxlananlar beton döşəmədə yatıblar, başlarının altına yastıq yerinə butulka qoyublar.

BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.
Buradan izləyin
WhatsApp reklamı-ın sonu
Zaur sonradan öyrənib ki, onun adını və iş yerini polisə deyən oğlan da həmin kamerada olub. Amma Zaur ondan bunun səbəbbini heç soruşmayıb da:
“İçəridə baş verənləri görəndən sonra niyə belə etdiyini öyrənmək üçün heç bir sual vermədim. Çünki işgəncə altında və ya bədənə elektrik cərəyanı veriləndə dözüb susmaq faktiki olaraq mümkün deyil”.
“Bizə hər gün işgəncə verirdilər. Bu onlar üçün əyləncə kimi bir şey idi. Başqa bir otağa aparıb əllərimizi ya yapışqan lentlə, ya da qandalla stula bağlayırdılar. Naqilləri birləşdirib bədənimizə cərəyan verirdilər. Borularla döyürdülər. Başımıza sellofan paket keçirib boğurdular – belə bir fetişləri də vardı”.
Bəzən onu və həbs edilən digər şəxsləri nəzarət altında küçəyə çıxarıblar – zibilləri toplamağa, polislərin maşınlarını yumağa.
“Hamısının maşını vardı axı. Onları yumağa məcbur edirdilər. Bəzən hətta yağış yağanda da. Qəsdən, bizi soyuqda işlətmək üçün” – Zaur belə deyir.
Onu 14 gün həbsdə saxlayıblar. Sonra digərləriylə birlikdə akt zalı kimi bir yerə, qohumlarının da olduğu otağa aparıblar:
“Elə oturmuşdular ki, sanki konsertə gəlmişdilər”. Zaurun atası, qardaşı və əmiləri də orda olub.

Onu və digər saxlananları səhnəyə çıxarıblar. Zaur orda oturmuş şəxsin Çeçenistan parlamentinin spikeri Maqomed Daudov olduğunu görüb:
“O, açıq mətnlə dedi ki, bunlar kişilərlə yatırlar, biz onları tutmuşuq, indi sizə veririk, nə edəcəyinizi özünüz müəyyənləşdirin”.
Bundan sonra Zauru buraxıblar və o, qohumlarıyla birlikdə evə gedib:
“Reaksiyalarının normal olduğunu deyə bilmərəm, amma pis də deyildi”.
“Çeçenistan, adətlər, ənənələr… Saxlananları çoxlu adam olan zala gətirirlər, ictimai şəkildə həmin adamlara bəyan edirlər ki, övladları, qardaşları və ya qohumları kişilərlə yatırlar. Əlbəttə ki, bu, Çeçenistan üçün şok effekti yaradır” – bunlar da Zaurun sözləridir.
Ailə üzvləri onun cinsi orientasiyası məsələsinə toxunmayıblar, bu mövzu tabu olaraq qalıb: “Onlar bunu mənimlə müzakirə etmək istəmədilər, mən də heç nə demədim”.
Qohumları biliblər ki, onu kiminsə ifadəsinə görə həbs ediblər: “Dedilər ki, sübut yoxdur. Gəlib iş yerimdə tutublar və işgəncə veriblər – kimsə nəsə dediyinə görə. Heç bir sübut yoxuydu, mən heç bir əyləncə tədbirində olmamışdım. Ona görə də mənə veriləcək sualları da olmadı”.
“Öz vətənimi tərk etmək istəmirdim”
Evdə qohumları Zaura soyunmaqda kömək ediblər, çünki özü bunu edə bilmirmiş: “Hər yerim gömgöy idi”.
Bədənindəki işgəncə yerlərini görəndə anası və xalası ağlayıblar: “Böyük ehtimal, ailə üzvlərimə ən çox bu təsir etdi. Doğmanız pis vəziyyətdə evə gəlir, ona nə sualınız ola bilər ki? Yəqin orientasiya mövzusu buna görə müzakirə olunmadı”.
Zuar iki həftə evdə qalıb – işgəncələrdən sonra özünə gələnə qədər. Sonra işə qayıdıb, çünki onda Çeçenistandan getmək fikri olmayıb.
“Mən elə bir hərəkət etməmişdim ki, sevdiyim, böyüdüyüm, tərbiyə aldığım yerdən getməli olum. Ora mənim vətənimiydi, ailəm ordaydı. Onların hansısa fikirlərinə və ya əyləncələrinə görə yaşayış yerimi dəyişməyə hazırlaşmırdım”.
Amma 2019-cu ildə Zauru yenidən saxlayıblar. Polislər küçədə ona yaxınlaşıb telefonunu tələb ediblər, “WhatsApp” yazışmalarına baxıb gey olduğunu başa düşüblər və dərhal maşına oturdub polis şöbəsinə aparıblar.
Zaur hər şeyin təkrarlandığını deyir: İşgəncələr, elektrik cərəyanı, boruqlar, dəyənəklər.
Üç gün sonra polislər onu buraxmaq üçün qohumlarından pul tələb ediblər: “Deyiblər ki, bir gün ərzində 1 milyon rubl gətirsələr, məni buraxacaqlar, gətirməsələr, üstümdə heroin “tapıb” qapalı məhkəməylə türməyə göndərəcəklər. Üstəlik, kolona zəng edib deyəcəklər ki, sizə gey göndəririk”.
Zaur ailəsinin varlı olmadığını söyləyir. Anası evdar qadındır, atası taksi sürür. Onlar bütün qohumlarına zəng edərək günün sonunda polislərin tələb etdiyi məbləği toplaya biliblər.
Zauru buraxıblar və onun bədənində çox sayda işgəncə izi olub. Amma bu dəfə Zaur artıq Çeçenistandan çıxmalı olduğunu düşünüb:
“Başa düşürdüm ki, artıq getməliyəm, istəmədən də olsa. Çünki bu dəfə 1 milyon istəmişdilərsə, gələn dəfə 2 milyon tələb edəcəkdilər. Bu məbləği ödəyə bilməyəcəkdim və gec-tez həbs olunacaqdım”.
O, Rusiyanın LGBT icmasındakı hüquq müdafiəçilərinin çeçenistanlı geylərə respublikadan getməyə kömək etdiyini hələ 2017-ci ildən bilirdi, amma onlara yalnız ikinci həbsdən sonra yazmaq qərarına gəlib. Çünki daha əvvəl, özünün dediyi kimi, sevdiyi vətənini tərk etmək istəməyib.
O, ərizə blankını doldurub - iki dəfə həbs edilməsindən, polis idarəsində baş verənlərdən yazıb. Ertəsi gün poçtuna cavab məktubu gəlib.
Zaur Çeçenistan ərazisini ictimai nəqliyyatla tərk edib, respublikadan çıxan kimi onu maşınla təhlükəsiz bir yerə - Rusiyanın digər bölgəsinə aparıblar. Həmin günlərdə polislər yaşadığı evə gedib onu axtarıblarmış.
“Yəqin ki, yenə pul istəyiblər. Rəsmi olaraq bu haqda heç nə deyilmir, amma polisdə hamının ev ünvanı var. Nəyəsə ehtiyacları olanda, məsələn, hansısa rəisə pul lazım olanda, kiminsə evinə gedib pul tələb edə bilir. Yəni əvvəlcə tutub bir az döyürlər, sonra da ultimatum verirlər. Bu onlarda standart prosedurdur”.
Hazırda Zaur Avropa ölkələrindən birində yaşayır, hüquq müdafiəçilərinin köməyilə orda sığınacaq alıb. Rusiyadan birdəfəlik getmək istədiyini deyəndə ailə üzvləri onu dəstəkləyiblər.
“Onlar başa düşürdülər ki, Rusiyada yaşamaq mənimçün həm pis, həm də təhlükəlidir. Dedilər ki, necə istəyirsən, elə də et, nə etməli olduğunu sən daha yaxşı bilirsən. Harda olursan-ol, təki xoşbəxt ol, dedilər”.
“Güc strukturları bunu biznes növünə çeviriblər”
Çeçenistanda geylərin təqib olunduğunu ilk dəfə 2017-ci ildə “Novaya qazeta” yazıb. Nəşrin məlumatına görə, Çeçenistan hakimiyyəti homoseksual şəxsləri “gizli türmələrə” yığmağa başlayıb, orda onlara işgəncə veriblər, bir neçə nəfərisə hətta öldürüblər.
Sonra dünya mətbuatı da bu problemə diqqət yetirib. Təqiblərdən qaçmış çeçenistanlı geylərin axtarışıyla BBC də məşğul olub.
Çeçenistan hakimiyyəti ölkədə geylər üçün xüsusi həbsxana olduğunu inkar edib, LGBT-lərin təqib edilmələriylə bağlı ittihamları rədd edib, bildirib ki, respublikada belələri yoxdur.
“Çeçenistanda belə şəxslər olsaydı, güc strukturlarının onlarla bağlı heç bir problemi olmazdı, çünki qohumları həmin şəxsləri gedər-gəlməzə göndərərdilər” – Çeçenistan rəhbərinin mətbuat katibi Alvi Karimov belə demişdi.
Bu haqda ölkə rəhbəri Ramzan Kadırov da dəfələrlə danışıb, geylərin təqib olunmasıyla bağlı xəbərləri “hüquq müdafiəçilərinin uydurması” adlandırıb.
Hüquq müdafiəçiləri LGBT nümayəndələrinin Çeçenistandan və Şimali Qafqazın digər bölgələrdən çıxmasına 2017-ci ildən kömək etməyə başlayıblar. 5 il ərzində yardım üçün onlara 614 şəxs müraciət edib, 343 nəfəri Şimali Qafqazdan çıxararaq Rusiyanın digər bölgələrinə yerləşə biliblər.

Şimali Qafqazda LGBT üzvlərinə və onların ailələrinə kömək edən “SK SOS” (“ŞQ SOS”) böhran qrupunun mətbuat katibi Miron Rozanovun sözlərinə görə, indiyə qədər hüquq müdafiəçiləri 274 nəfərin digər ölkələrdə sığınacaq almasına yardım ediblər.
Bu təşkilat müstəqil qurum kimi 2021-ci ildən fəaliyyət göstərir, orda digər qurumların, o cümlədən, Rusiyanın LGBT şəbəkəsinin hüquq müdafiəçiləri də təmsil olunurlar.
Pozanov deyir ki, kömək üçün müraciət edənlərin böyük əksəriyyəti təkcə Şimali Qafqazdan yox, Rusiyadan çıxıb getmək istəyirlər: “Təəssüf ki, Şimali Qafqazdan olan qaçqınlar üçün o bölgədə qalmaq hələ də təhlükəlidir. Həyatlarına olan təhlükəyə görə bizə müraciət edənlərin, demək olar ki, heç biri Rusiyada qalmayıb. Hamısı başqa ölkəyə getməyə can atır, çünki burda qalmağın onlar üçün təhlükəli olduğunu bilirlər”.
Hərçənd başqa ölkələrdə sığınacaq almaq da asan olmur və bu, lazımi sənədləri toplamağın çətinliyindən çox dünyada qaçqın sayının artmasından qaynaqlanan qlobal böhranla bağlıdır.
Buna misal olaraq Rozanov 2020-ci ildəki prezident seçkilərindən sonra Belarusda repressiyaların kəskin artmasını, Əfqanıstanda taliblərin hakimiyyət gəlməsini və Rusiyanın 24 fevralda Ukraynada müharibə başlatmasını göstərir:
“Bu, böyük insan axını və miqrasiya deməkdir, hansı ki, müəyyən növbə yaradır və qəyyumluğa götürdüyümüz şəxslərin gec cavab almasına və kommunikasiya problemləriylə üzləşməsinə səbəb olur. Mən hansı ölkələrin Şimali Qafqazdan olan qaçqınlara yaxşı, hansıların pis münasibət sərgilədiyini dərəcələndirmək istəmirəm. Amma, məsələn, ABŞ 2017-ci ildən bəri bir dəfə də olsun onlara sığınacaq verməyib. Bircə hal belə bu ölkədən müsbət cavab almayıb, bircə nəfər belə ora yerləşməyib. Baxmayaraq ki, LGBT üzvlərinin Şimali Qafqazda təqib olunması doğru və geniş yayılmış informasiyadır”.
Rozanov onu da qeyd edir ki, ABŞ hökuməti sığınacaq istəyinə rədd cavabı vermir, amma işlərə baxılmasını gecikdirir. BBC Çeçenistandan qaçmış homoseksualların digər ölkələrdə sığınacaq almaq problemiylə üzləşməsi haqda 2020-ci ildə də yazıb.
Hüquq müdafiəçilərinin sözlərinə görə, 2017-2018-ci illərlə müqayisədə indi köməklə bağlı müraciətlərin sayı azalıb, amma əhatə dairəsi genişlənib. Məsələn, respublikda həm homoseksulların, həm də heteroseksualların azad edilməsi üçün pul tələb olunması halları çoxalıb.
“Çünki Çeçenistanda güc strukturları yeni biznes növü yaradıblar – insanları tutub qeyri-rəsmi şəkildə homoseksual olmaqda günahlandrırlar və sonra da pul tələb edirlər. Kim həmin məbləği verməyə razılaşırsa, buraxırlar, amma bu şəxs üçün yenidən həbs olunmaq və ya haqqında cinayət işi açılmaq riski qalmaqda davam edir” – Rozanov belə deyir.
Ən çox bilinən hadisələrdən biri homoseksuallıqda ittiham olunan Salman Mukayevin başına gələnlərdir. O, saxlandığını və gey olmaqda günahlandırıldığını ictimai şəkildə açıqlayan ilk heteroseksual çeçendir.
Rozanovun sözlərinə görə, Mukayev tanışlıq saytlarından birində qadınlarla yazışırmış, amma polislər bu qərara gəliblər ki, onu kişilər də maraqlandırır. Mukayevi tutublar, döyərək, bədəninə elektrik cərəyanı yeridərək işgəncə veriblər, məcbur ediblər ki, boş vərəqlər imza atsın. O, ölkəni tərk edəndən sonrasa həmin vərəqləri Mukayevin döyüş sursatı saxlaması barədə cinayət işinə çeviriblər.
Hazırda Mukayev Ermənistanda yaşayır, siyasi sığınacaq almaq üçün müraciət edib. Amma Rusiya sözügedən cinayət işiylə bağlı Ermənistandan onun ekstradisiyasını tələb edib.
Rozanov deyir ki, “Biz Mukayevin başqa bir ölkəyə keçməsinə çalışırıq, amma haqqında açılmış cinayət işinə görə Ermənistan buna mane olub, onu aeroportdan geri qaytarıb”.

Müraciətlər necə filtrasiya edilir?
Hüquq müdafiəçiləri ilk növbədə artıq saxlanılmış, işgəncə verilmiş və uzunmüddətli həbs və ya ölüm təhlükəsiylə üz-üzə qalmış şəxslərin müraciətlərinə üstünlük verirlər.
“Bizə bu və ya digər məqamlara görə əhəmiyyətsiz olan, əsasən banal səbəblərdən qaynaqlanan çox sayda müraciət daxil olur. İnsanlar sadəcə başqa ölkədə yaşamaq istəyirlər və bunu elə bu cür də yazırlar” – Rozanov belə deyir.
Digər hüquq müdafiəçisi, təhlükəsizlik baxımından adını dəyişdirdiyimiz Mixailsə bildirir ki, “Biz insanları ölkədən sadəcə orientasiyasına görə çıxarmırıq. Bu, 2017-ci il üçün keçərli səbəbiydi. Onda bir nəfəri tuturdular və o, daha 10 nəfərin adını verirdi. Bu normaldır, hamı insandır, heç kim işgəncələrə dözməli deyil. Adı verilən şəxs təxmin edirdi ki, onu da tutacaqlar. 2017-ci ildə vəziyyət beləydi, amma biz indiki situasiyaya obyektiv yanaşırıq, bilirik ki, hamını çıxarmaq imkanımız yoxdur, bu, real deyil, mövcud risklərlə indi və burda qarşılaşmış şəxslərə kömək edə bilərik”.
Hüquq müdafiəçiləri daxil olan hər bir müraciəti yoxlamağa çalışırlar.
"Beş il ərzində biz artıq müəyyən təcrübə qazanmışıq, avtomatik olaraq nələrin doğru, nələrin yalan olduğunu başa düşürük. Amma əməl etdiyimiz bir protokol var. Üstəlik, Çeçenistanda LGBT icması kifayət qədər kiçik olduğu üçün və hər kəs bir-birini tanıdığına görə bizə müraciət edən şəxsi daha əvvəl ölkədən çıxardığımız və bəlkə də ona bizimlə əlaqə saxlamağı tövsiyə etmiş insanlar vasitəsilə yoxlaya bilərik” – Mixail belə deyir.
Onun sözlərinə görə, son illərdə qızlardan daxil olan müraciətlərin sayı artıb. 2017-ci ildə hüquq müdafiəçiləri biri artıq Sankt-Peterburqa getmiş olan iki qıza kömək etmişdilərsə, indi belə müraciətlər “həddindən artıq çoxdur”.
“Çünki onlar ölkədən çıxıb başqa həyat yaşaya biləcəklərini anlayıblar. Əvvəllər buna qətiyyən inanmırdılar, belə bir şeyin rela olmadığını düşünürdülər”.
LGBT-lərdən başqa, indi hüquq müdafiəçilərinə Şimali Qafqazda məişət zorakılığna məruz qalan qızlar da müraciət edirlər.
Mixail qeyd edir ki, “İslam adətləriylə yaşayan qız üçün bu, namus qətli riski yaradır - səbəbindən asılı olmayaraq. Ona görə də çox ağır vəziyyətlərdə; qızı axtarıb tapmaq üçün ailənin həm administrativ, həm də maliyyə imkanları olanda biz onun Rusiyadan getməsinə kömək edirik. Çünki hələ ki prosesin bütün mərhələlərini reallaşdıra bilən – insanı evindən götürüb başqa ölkəyə yerləşdirməyi bacaran yeganə təşkilatıq”
Təxliyə necə baş verir?
Mixailin sözlərinə görə, hüquq müdafiəçiləri müraciətləri araşdıranda ilk növbədə şəxsin müstəqil şəkildə hərəkət etmək imkanının olub-olmadığını öyrənirlər. Məsələn, tələbədirsə və onu bir neçə saat axtarmayacaqlarsa, aeroporta gedib ən yaxın reyslə digər bölgələrdən birinə uça, orda telefonunu atıb nömrəsini dəyişməklə hamı üçün əlçatmaz ola bilər.
Mixail deyir ki, Çeçenistandan çıxmağın ən sadə üsulu respublikanı təyyarəylə tərk etməkdir, amma sənədi özündə olmayanlar da olur.
O, təxliyə mexanizminin “sınaqlar və səhvlər üsuluyla” formalaşdığını bildirir:
“Biz insanlara zəng edib Çeçenistandan çıxmaq yollarını uzun-uzadı müzakirə edirdik”.
2017-ci ildə güc strukturları ard-arda reydlər keçirəndə və dünya Çeçenistanda geylərin təqib olunduğunu yeni-yeni öyrənəndə insanlar ölkəni sərhəd-keçid məntəqələrindən keçməklə tərk etməyə qorxurdular. Ona görə də onda bəziləri Terek çayını gecə vaxtı və piyada keçərək Çeçenistandan çıxıb sonrakı məsafəni yol maşınıyla qət etməli olmuşdular.
“İndi biz Çeçenistan polisinin məntiqini başa düşürük. Onların təxminən nə vaxt hərəkətə keçəcəyini bilirik və vəziyyəti analiz edirik ki, insanlar sərhədi piyada keçməli olmasınlar” – Mixail belə deyir.
Adətən, respublikadakı həbslər barədə məlumatı hüquq müdafiəçilərinə yerli sakinlər çatdırır: “Sonrakı mərhələdəki işimiz saxlananların azad edilməsini gözləməkdir. Elə hal olmur ki, tutub buraxmasınlar. Biz təxminən bilirik ki, onları 3 gündən 1 aya qədər saxlayıb işgəncə verəcəklər və sonrakı proses eyni ssenari üzrə təkrarlanacaq: ya cəzalandırılmaları üçün qohumlarına təhvil verəcəklər, ya da ailələrindən pul istəyəcəklər. Tələb olunan məbləğ 500 min rubldan bir neçə milyon rubla qədər dəyişə bilir. Pulu, adətən, bütün tayfa toplayır".

Bəzən insanları yalnız polisə işləmək şərtiylə buraxırlar: “Belədə həmin şəxslər Çeçenistandan çıxmaq üçün bir neçə gün vaxt qazanmış olurlar - müəyyən bir zaman kəsiyi, məsələn, 3 gün”.
Bəzilərinə bu işdə qohumları kömək edir.
Mixail danışır ki, “Bir oğlanı respublikanın sərhədinə anası gətirmişdi. Ordan onu mən götürdüm, bədəni döyülməkdən gömgöy idi. Rusiyanın mərkəzindəki regiona doğru 3 gün yol getdik. Bir maşından düşüb başqasına minirdik. Bizi postlarda saxlayırdılar. Volqoqradda saxlayanda pul verib keçdik, çünki oğlanın heç bir sənədi yoxuydu”.
“Əsas məsələ Volqoqraddan o tərəfə keçməkdir, çünki bölgədən uzaqlaşdıqca, yoxlamalar azalır. Cənubda bu, total xarakter daşıyır, Volqoqraddan sonra sadəcə maşınları dəyişməklə nisbətən rahat getmək olur”.
Mixailin sözlərinə görə, həmin günlərdə oğlanın valideynləri Çeçenistanda onun dəfnini təşkil ediblər: “Çeçenistanda ölüm kağızı almaq təcrübəsi yoxdur, orda bunu heç kim etmir. Ümumiyyətlə, orda sənədləşdirmə məsələsində vəziyyət çox pisdir. Birini dəfn etmək üçün ölüm kağızı almaq lazım deyil. Xalçaya bükülmüş bir kisəni də basdırmaq olar və bu, daha bir fürsət yaradır. Çünki oğlanı Çeçenistandan çıxarandan bir gün sonra ailəsi dəfn mərasimi təşkil etmişdi, polis prosesə nəzarət edib düşünmüşdü: əla, bunu özləri öldürdülər. Amma yox, onlar övladlarını xilas etmişdilər”.
Mixailin bəhs etdiyi oğlan BBC-yə danışmaqdan imtina edib. Hazırda o, Avropa ölkələrindən birində sığınacaq alıb, həyatına təhlükə yoxdur.
Mixail deyir ki, qaçış planına atanın da qoşulması nadir hallarda olur: “O oğlanın həqiqətən bəxti gətirdi”.
Qaçmağa əsasən qadınlar – analar və bacılar kömək edir: “Bir çox hallarda övladlarının taleyini ailə özü yox, tayfa və ya kişilər şurası həll edir. Qadınlara bu prosesdə iştirak etmək ümumiyyətlə qadağandır. Amma qadın, əsas da ana – istənilən vəziyyətdə anadır. Hətta qaçan şəxslərin çoxu sonradan atalarından gizli şəkildə analarıyla danışırlar da. O qədər olub ki, analar qapını açıb oğullarının qaçmağına şərait yaradıblar”.
“Qızlar gecələr qaçırlar”
Qızların evakuasiyası daha çətindir.
“Çünki onlar evdən çıxa bilmirlər, özləri də, telefonları da həmişə nəzarət altındadır. Ancaq müəyyən saatlarda əlaqə saxlaya bilirlər, əsasən də gecələr, hamı yatanda” deyə Mixail izah edir.
Belə hallarda hüquq müdafiəçiləri müraciəti işdə müzakirə edirlər, qıza onlarla əlaqə saxlaya biləcəyi təmiz bir telefon vermək imkanını araşdırırlar. Bunun üçün sim-kart taxılmış və hüquq müdafiəçilərinin nömrələri yazılmış telefonu qızın gələ biləcəyi yerə qoyacaq adam axtarırlar.
Təxliyə planı ancaq bundan sonra hazırlanır: “Çünki onun qaçmaq istədiyini kimsə öyrənsə, ikinci cəhdi çox-çox sonra baş tuta bilər və ya heç vaxt olmaya bilər”.
Qaçmaq qərarına gələn qızların əksəriyyətinin sənədləri olmur:
“Bəzən oğlanlarda da heç bir sənəd olmur, amma bu, daha çox qızların üzləşdikləri problemdir. Çünki ailə üzvləri götürüb gizlədirlər”.
Mixail deyir ki, “Qızlar, adətən, gecələr qaçırlar. Heç bir sənəd götürə bilmədən, onlar üçün sifariş edilmiş taksiyə oturub gedirlər, yol boyu bir neçə maşın dəyişirlər. Əsas məsələ postlardan keçməkdir. Qızın tək, həm də sənədsiz olması suallar doğurur. Çeçenistandan çıxa bilsə, sonrakı məsafəni fərqli maşınlarla qət edir. Pulu varsa, ya da tək deyilsə, yolüstü hansısa oteldə gecələyə bilir. Bəzən bir qızın təxliyəsi bütün gecikmələrlə birlikdə iki həftə çəkir”.
Mixailin sözlərinə görə, qızların təxliyəsilə bağlı daha bir problem Çeçenistanda kimisə axtarışa vermək üçün qanunla nəzərdə tutulmuş 3 günün gözlənməməsidir: “Orda qızı dərhal - evdən getdiyi bilinən kimi axtarışa verirlər. Avtomatik olaraq. Ona görə də məsələ bir neçə saat ərzində həll olunmalıdır - bu müddət ərzində qaça biləcək, yoxsa yox. Nə üç gün vaxt var, nə də üç sutka”.
Bəzən polis qaçmış qızı “Terror aktına hazırlıq üçün aparılıb” qeydiylə axtarışa verir: “Onda prosesə dərhal Rusiya FTX-sı da qoşulur. Amma bu qeydi yazdırmaq üçün qızın ailəsinin ya polis sistemində yaxın qohumu, ya da Çeçenistanda müəyyən çəkisi olmalıdır. Adətən, belələri tanınmış məmurların və ya polis əməkdaşlarının qızları olur, bizə onlar da müraciət edirlər”.
Qızın yola tək çıxması təhlükəli olanda onu ya hüquq müdafiəçiləri, ya da könüllülər müşayət edirlər. 2017-2018-ci illərdə qızları Şimali Qafqaz respublikalarından çıxara bilmək üçün müxtəlif ssenarilər hazırlanıb – məsələn, qızı müşayət edən qadınlar postlarda onu gəlin salonuna apardıqlarını deyiblər.
Amma artıq hüquq müdafiəçiləri Çeçenistana getmirlər. Mixail özü orda sonuncu dəfə pandemiyadan əvvəl olub:
“Sonra Çeçenistan qapandı. 2017-2018-ci illərdə biz qızları da çıxarırdıq, amma indi bunun üçün çox az imkan var”.
Problemlərdən biri də budur ki, artıq Çeçenistan hakimiyyəti hüquq müdafiəçilərinin fəaliyyətindən xəbərdardır: “Əgər əvvəllər tam görünməz ola bilirdiksə… İndi nə hüquq müdafiəçiləri, nə də könüllülər gedə bilir ora. Əgər əvvəllər bizim fəaliyyətimiz çox da bilinmirdisə, indi çox böyük risklər var. Orda bizimlə ciddi şəkildə maraqlanırlar”.
2020-ci ildə hüquq müdafiəçilərinə dağıstanlı İbrahim Səlimxanov müraciət edib – cinsi orientasiyasına görə qohumlarının onu cəzalandıracağından qorxduğu üçün. Səlimxanovu ordan çıxarıb Moskvaya aparıblar, amma 2021-ci ilin yazında Çeçenistanın güc strukturlarının əməkdaşları onu oğurlayıb geri qaytarıblar.
Çeçenistanda Səlimxanovdan hüquq müdafiəçiləri haqqında informasiya qoparmağa çalışıblar. “Bu işlə kimlər məşğul olur, kim rəhbərlik edir, kimlər iştirak edir, kimlərə nə qədər pul verilir – bütün bunları detallı şəkildə öyrənməyə çalışıblar. Onda biz qərara gəldik ki, insanları artıq bu işə cəlb etməyək” – Mixail belə deyir.
Onun sözlərinə görə, indi Çeçenistanda ancaq orda yaşayan və kömək etmək istəyən könüllülər, daha çox da qadınlar fəaliyyət göstərirlər: “Ya Çeçenistanın özündən olan, ya da ora gedən qadınlar – mənə görə, son dərəcə cəsarətli insanlar - kimlərisə çıxarmağa kömək edirlər. Çeçenistanda işimiz ancaq onların sayəsində davam edir”.
“İnsanlar qorxmuşdular, əlaqələri kəsməyə çalışırdılar”
2018-ci ildə 18 yaşlı Əhməd (ad dəyişdirilib) Şimali Qafqazda LGBT icması üçün olan səhifəyə moderatorluq etməyə başlayıb.
“Administrator olduğum dövrdə dəfələrlə insanlara xəbərdarlıq etməli olurdum ki, Çeçenistanda hələ də geyləri tuturlar. İsrarla xahiş edirdim ki, görüşməsinlər. Amma çox adam buna əhəmiyyət vermirdi, çünki öz başlarına gəlməyənə qədər insanlar deyilənlərə inanmırlar. Halbuki dəfələrlə xahiş etmişdik” – Əhməd belə deyir.
2017-ci ildən sonra Çeçenistandakı bəzi LGBT nümayəndələri daha ehtiyatlı olmağa başlayıblar, çünki “xəbərləri oxuyanlar, baş verənlərdən az-çox məlumatı olanlar qorxmuşdular, bütün əlaqələrini kəsməyə çalışırdılar”.
Əhmədin sözlərinə görə, bunu ancaq nisbətən yaşlılar və dostları təqibə məruz qalanlar ediblər, amma 17-18 yaşlılar, “həyata yenicə atılanlar” prosesdən xəbərsiz olublar və “xəbərçilik halları məhz belə şəxslərə görə indiyə qədər davam edir”.
Əhməd həmçinin qeyd edir ki, Çeçenistanda geylərin kütləvi şəkildə təqib olunması ictimailəşəndən sonra insanlar şəkillərini bir-birinə göndərmirlər: “Çox cəsarətli olanlar göndərirlər. Amma təkcə özünə görə yox, ailəsinə görə də narahat olanlar ilk aylarda bunu etməkdən çəkinirlər, bilmək istəyirlər ki, xəttin o tərəfindəki şəxs real insandır, yoxsa polis işçisi. Güc strukturlarına sürətli nəticə lazımdır, onlar kiminləsə yarım il ünsiyyət saxlamazlar. Onlara indi və burda nəticə əldə etmək lazımdır – bir həftə ərzində ifşa etmək və tutmaq”.
Əhməd ehtiyat edib ki, günlərin birində onu da tapa bilərlər, ona görə də tez-tez İP ünvanını dəyişib. Amma 2019-cu ildə onu da tutublar – küçədə iki polis işçisi yaxınlaşıb və guya kiminsə şəxsiyyətini təsdiqləməli olduğunu deyərək şöbəyə aparıblar.
“Bu, respublikada çuğulluğun başlaması haqda yazmağımdan dərhal sonra baş verdi”.
Amma onda Əhməd orientasiya məsələsinə görə həbs olunduğunu anlamayıb:
“Məni şöbəyə aparanda fikirləşirdim ki, maraqlıdır, görəsən, kimlərin şəxsiyyətini təsdiqləməliyəm? Amma idarəyə daxil olan kimi başa düşdüm ki, başqa şeyə görə gətiriblər”.
Orda polis işçisi ona qələm və kağız verib, deyib ki, “Kimləri tanıyırsansa, hamısının adını yaz”.
“O vaxt mən çox ağıllı davrandım, ona görə də indi gecələr rahat yatıram. Vicdanım mənə əzab vermir, çünki saxta adlar yazdım” - Əhməd belə deyir.
O, 17 nəfərin adını yazıb, bunların yarısı moderator olduğu dövrdə yaratdığı saxta profillər üçün uydurduğu adlar olub:
“Həmin profilləri abunəçiləri yoxlamaq üçün yaratmışdım, hansından şübhələnirdimsə, dərhal bloklayırdım”.
“İstəyirsiz, öldürün”
Sonra Əhmədi çarpayısız, ədyalların birbaşa yerə sərildiyi kameraya aparıblar. Dediyinə görə, orda 4 gey və bəziləri narkotikə, bəziləri də terrora aid maddələrlə saxlanmış daha 30 nəfər olub.
“Geylər küncdə oturmuşdular, onlara düz-əməlli yer də yoxuydu. Mənə dedilər ki, keçib onların yanında oturum”.
Şifahi təhqirlərlə yanaşı, saxlananları orda həm də döyürlərmiş- polipropilen boru və dəyənəklə.
"Onların çox iyrənc fantaziyaları var. Adamın ağızına tüpürməyi, güclü zərbəylə başına vurmağı xoşlayırlar. Bəzən elektrik cərəyanı verən aparatla gəlirlər. İnsanların ağzına lent yapışdırmağı da xoşlayırlar – qışqıra bilməsinlər deyə. Bəzən də anusa məftil yeridirdilər. Mənimlə eyni kamerada olan gənclər tualetə belə gedə bilmirdilər, çünki bu onlara dözülməz ağrı verirdi” – Əhməd belə deyir.
Onu kamerada 5 gün saxlayıblar. Bu müddət ərzində polislər Əhmədin adlarını yazdığı adamları axtarıblar. “Üçüncü gün başa düşdülər ki, onları aldatmışam. Polislərə sürətli nəticə lazımıydı, amma bu dəfə alınmırdı”.
Sonra onu bir kabinetə aparıblar. Atası da ordaymış. Məcbur ediblər ki, gey olduğunu etiraf etsin. “Ona elə belə də dedim: “Ata, mən geyəm”. Qorxurdum, əlbəttə. Amma başa düşürdüm ki, etiraf etməsəm, həmin gün məni buraxmayacaqlar və yenidən boruyla döyəcəklər. Başqa çarəm yoxuydu”.
Əhməd atasının çox pis vəziyyətə düşdüyünü deyir: “Atamı çox yaxşı tanıyıram, ona görə də o an nələr çəkdiyini üzündən anlaya bilirdim. Sonra polislər eyham vurmağa başladılar ki, mənim azad edilməyim üçün 1 milyon rubl verməlidir. Atam “Mənim o qədər pulum yoxdur. İstəyirsiz, onu öldürün” dedi. Elə belə də dedi. Polislərsə cavab verdilər ki, əlimizi sənin oğlunun qanıyla kirlətməyəcəyik”.

Əhmədi başqa otağa apararaq atasıyla söhbəti davam etdiriblər.
“Çox qorxurdum. O otağa girəndə düşündüm ki, bəlkə də indi hər şey bitəcək, həyatım sona çatacaq”.
Amma az sonra onu kameraya qaytarıblar, bir neçə gün sonrasa azad ediblər. Evə gələndə anası deyib ki, “Get, atanı sakitləşdir, elə olmadığını de”.
“Anam hər şeyi çox yaxşı başa düşürdü, amma mən atama gey olmadığımı deməliydim, məni bunu deməyə məcbur etdilər. Ona görə yox ki, məni öldürəcəklərindən qorxurdum. Hərçənd türmədə bundan qorxmuşdum. Amma mən evdə valideynlərimi çox çaşqın vəziyyətdə gördüm və onları sakitləşdirmək istədim. Dedim ki, məni elə deməyə məcbur etdilər, inanmayın. Axı onlar qafqazlıdırlar, müəyyən homofobiyaları var. Anam hər şeyi çox yaxşı başa düşürdü, amma nə mən, nə də valideynlərim o haldaydıq ki, onlarla üz-üzə oturub “Mən geyəm” deyə biləm. Nə vaxtsa bu haqda atamla danışacam, anam onsuz da hər şeyi anlayır”.
Valideynləri Əhmədə deyiblər ki, təcili olaraq respublikadan getməlidir. Sonra onu başqa bir bölgənin böyük şəhərlərindən birinə aparıblar və beləliklə, Əhməd Çeçenistandan elə azad edildiyi gün çıxıb.
Bundan sonra o, hüquq müdafiəçiləriylə əlaqə saxlayıb. Bunu Əhmədə başqa bir Qafqaz respublikasında yaşamış və onların köməyilə ordan çıxmış tanışı məsləhət görüb.
Əhməd Rusiyanı 2019-cu ildə tərk edib.
“İndi mən oxuyuram, dil öyrənirəm, qeyri-rəsmi işləyirəm. Qısaca desəm, burda olmağıma şadam. Başqa nəsə əlavə edə bilmərəm. İndi yaşadığım ölkə mənə istədiyim şeyləri – sakitlik, azadlıq və çantamdakı LGBT nişanına görə küçədə mənə heç kimin yaxınlaşmayacağı inamını verib”.
O, valideynləriylə ünsiyyət saxlamağa davam edir: “Amma onu da deyim ki, çox az adam ata-anasıyla yaxşı münasibətlərini qoruyub saxlaya bilir. Əksər hallarda bunun əksi olur: deyirlər, sən daha bizim qızımız deyilsən; get, nə istəyirsən, elə; soyadını dəyiş, adını da dəyiş. Bizdə belə olmadı, çünki mənim valideynlərim çox yaxşıdırlar, anlayandırlar. Amma başqa ailələrdə bu şeylər ölümlə də nəticələnə bilər. Mənimki tipik vəziyyətdən çox uzaqdır”.
BBC Çeçenistan Daxili İşlər Nazirliyindən respublikada LGBT-lərə qarşı təqiblərin davam etməsi və Çeçenistan təhlükəsizlik qüvvələrinin rüşvət tələb etməsi barədə xəbərlərin şərhini xahiş edib və cavab gözləyir.
2017-ci ildən sonra nə dəyişib?
Mixail deyir ki, 2017-2018-ci illərlə müqayisədə indi Çeçenistanda geyləri daha az tuturlar. Onun sözlərinə görə, hüquq müdafiəçilərinə respublikada hələ də homoseksualların kütləvi həbsiylə bağlı məlumatlar daxil olur, hər dəfə 10-15 nəfərin saxlandığı bildirilir. Müqayisə üçün xatırladaq ki, 2017-ci ilin aprel ayında “Novaya qazeta” respublikada homoseksuallıq şübhəsiylə 100-dən çox kişinin saxlandığını yazmışdı.
“Çeçenistandakı LGBT icması prinsipcə də dəyişib. Bizim 2017-ci ildə respublikadan çıxardıqlarımız başqalarıyla real münasibətləri olan, LGBT mənsubiyyəti identifiaksiya edilən şəxsləriydi. Onlar Qroznıda mənzillərə, kafelərə, parklara toplaşmağın mümkün olduğu günləri xatırlayırdılar. İndikilərsə öz cinsiylə intim əlaqədə olmamış insanlardır. Onlar özlərini LGBT icmasına aid hesab etsələr də, həbs olunmaqdan qorxduqları üçün xoşladıqları şəxslərlə birbaşa kontakt yaratmağa ehtiyat edirlər” – Mixail belə deyir.
Hüquq müdafiəçisinin sözlərinə görə, güc strukturları hələ də bu insanları nəzarət altında saxlayırlar - birbaşa təmaslara görə yox, sosial şəbəkələrdə yazdıqlanlara və gey icmalarının üzvü olduqlarına görə.
Mixailin sözlərinə görə, LGBT üzvü olmaq indi həbs üçün ikinci dərəcəli səbəbdir: "Polis bunu çox vaxt şəxsi saxlayandan sonra, onun telefonu yoxlayanda öyrənir. Sanki insanlar indi daha azad düşüncəlidirlər. Ona görə də bu gün Çeçenistanda həbslərin əsas motivi siyasidir”.
O həmçinin qeyd edir ki, respublikada 35-40+ yaşı olanlar üçün xarakterik olan saxta nikahların da sayı azalıb:
“Əgər əvvəllər ailəsi və uşaqları olan bir çeçenin paralel həyat da yaşaması normal hesab olunurdusa, indi oğlanlar çox vaxt saxta nikahlardan imtina edirlər; həyatlarını öz istədikləri kimi yaşamaq, bir gənclə ailə qurmaq istədiklərini bildirirlər. “Hansısa qadının həyatını korlamaq istəmirəm, başa düşürəm ki, o mənimlə xoşbəxt olmayacaq” deyirlər. Mən bunun böyük proqres olduğunu düşünürəm”.
İllüstrasiyaların müəllifi: Denis Korolyov




