BBC Azərbaycancanın sənədli filmi: "Olduğum insan olmaq istəyirəm"- Azərbaycanda LGBTİQ+lar hansı təzyiqlərlə üzləşir?
- Müəllif, Günel Səfərova
- Vəzifə, BBC News Azərbaycanca
Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Paylaşımın sonu YouTube
Video açılmırsa, YouTube-dan izləyin.
Beynəlxalq Lezbiyan, Gey, Trans və İnterseks Birliyinin (ILGA) hesabatlarına görə, Azərbaycan Avropada ən homofob ölkədir və bir neçə ildir eyni sıradadır.
Hücumlara məruz qalanların çoxunun ölkədə tezliklə müsbət dəyişiklik olacağına ümidi yoxdur.
Bu sənədli filmin hazırlanmasında jurnalist Əminə Məmmədova da iştirak edib.

''Polisin trans qadınlara cinsi təcavüz etməsi barədə faktlar varsa, DİN-ə təqdim etsinlər''
BBC News Azərbaycanca Daxili İşlər Nazirliyinə Azərbaycanın LGBTQİP+ vətəndaşlarının üzləşdiyi təzyiqlərlə bağlı suallar ünvanlayıb. DİN Mətbuat Xidmətinin KİV və İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyevın suallarımıza verdiyi cavabları aşağıda oxuya bilərsiniz.
BBC. Aktivistlər bildirir ki, 2021-ci ilin may ayının 31-dən günümüzə qədər Bakıda LGBTQİP+ vətəndaşlar, yəni, gey, lezbiyan, trans qadın və trans kişilərə qarşı 9 müxtəlif xarakterli hücumlar olub. Bu hücumlara döyülmək, evdən qovulmaq, təhdid və s. daxildir. Bununla bağlı polis orqanlarına 8 şikayət göndərilib. Azərbaycan Daxili İşlər Nazirliyi bu işləri araşdırırmı?
DİN.- Daxili işlər orqanlarına edilən bütün müraciətlər şəxsin ictimai və cinsi mənsubiyyətindən asılı olmayaraq, ölkə qanunvericiliyinə uyğun olaraq qeyd-şərtsiz araşdırılır, heç bir halda etinasızlıq göstərilmir. Daxil olan bütün şikayətlər, şikayətlərə səbəb olan mübahisələr hüququn aliliyi prizmasından araşdırılır.
Sizin sual şəklində sadaladığınız müxtəlif xarakterli hüquq pozuntuları ilə bağlı müvafiq polis orqanlarına mübahisə tərəfləri dəvət edilib, ekspetizalar təyin edilməklə, şahid ifadələri alınaraq materiallara əlavə edilib. Araşdırmaların nəticəsi - məhkəmə tibbi ekspertiza və şahid ifadələri əsasında əmələ hüquqi qiymət veriləcəkdir. Hər bir fakt şəxsi münasibətlərin pozulması zəminində, əvvəllər tanıdığı şəxs, yaxud şəxslər arasında baş verib. Araşdırmanın gedişilə bağlı onların hər biri məlumatlandırılır.
BBC. Müsahiblərimiz və hüquq müdafiəçiləri deyir ki, bəzi polis işçiləri LGBTQİP+ vətəndaşlarla zorakı davranır və onları təhqir edir. Bu məsələyə şərhiniz nədir? Belə hallar varmı və varsa, onların aradan qaldırılması üçün nə edirsiniz?
DİN. - Qeyd olunanlar iddalardır, əsassızdır, həqiqəti əks etdirmir. Əgər bu deyilənlər həqiqətdirsə, onlar şikayətləri əsasında bu araşdırmalar niyə aparılır?! Polisə heç bir halda mübahisə tərəflərinə şəxsi münasibətini ifadə edəcək hüquq verilmir. Polis qanunla məhkəmə tibbi ekspertiza və şahid ifadələri əsasında araşdırmaları aparır. Toplanmış materiallar əgər məhkəmə predmetidirsə məhkəməyə göndərilməsi təmin edilir. Qaldı ki, hansısa formada zorakılığa məruz qalma faktları ilə bağlı polis tərəfindən aşkarlanan, yaxud daxil olan şikayətlər ciddi araşdırılır. Araşdırma prosesində qanunamüvafiq tədbirlər görülür.
BBC. Müsahiblərimiz deyir ki, zorakılıq hallarını polisə şikayət edəndə və ya 102 qaynar xəttinə zəng vuranda əksər hallarda onların şikayətləri ciddiyə alınmır və ya qeydiyyata alınmır. Onlar bildirir ki, polis məntəqələrində zorakılığa uğradıqlarına dair şikayət üçün müraciət etdikdə polis işçiləri onlarla normal davranmır, sənədlərin verilməsində problem yaranır, izahatlarına müdaxilə olunur və ya şikayətlərini götürmək istəmirlər. Şikayət qeydə alındıqda isə işə baxılmır. Belə hallar baş verirmi? Niyə baş verir?
DİN. - İddialar həmişə həqiqəti əks etdirmir. Faktsız, sübutsuz iddialar araşdırımadan şərh edilmir. Elə hal ola bilməz ki, şikayət qeydə alınmasın. Çünki daxil olan bütün şikayətlər elektron qaydada uçota alınır.
BBC. Azərbaycan Daxili İşlər Nazirliyi vətəndaşları gender və seksual kimliklərinə görə ayrıseçkiliyə məruz qoyurmu?
DİN. - Polis insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət, qanunçuluq, humanistlik və təkbaşçılıq prinsipləri əsasında fəaliyyət göstərir. Polis öz vəzifələrini yerinə yetirərkən irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, bütün şəxslərin Azərbaycan Respublikasının Konstitusiyasında və tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdə nəzərdə tutulmuş hüquqlarını və qanuni mənafelərini hüquqa zidd əməllərdən qoruyur. Bu hüquq norması insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində polisin fəaliyyətinin əsas şərtlərindəndir.
BBC. Azərbaycan Daxili İşlər Nazirliyi üçün şikayətlərin hansı vətəndaş tərəfindən verildiyi önəm daşıyırmı? Bir homoseksual şəxs və ya transgender vətəndaş zorakılıq halı ilə üzləşirsə, onların gender kimliyi işin ədalətli araşdırılmasına təsir edirmi?
DİN. - Daxil olan bütün şikayətlərə mahiyyəti üzrə baxılır və qanunvericiliyə uyğun müvafiq tədbirlər görülür. Polis öz vəzifələrini yerinə yetirərkən cinsindən asılı olmayaraq, bütün şəxslərin Azərbaycan Respublikasının Konstitusiyasında və tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdə nəzərdə tutulmuş hüquqlarını və qanuni mənafelərini hüquqa zidd əməllərdən qoruyur. Hər bir sosial qrup, ayrı-ayrı vətəndaş müraciət etdiyi təqdirdə dinlənilir, şəxsin gender kimliyi ilə bağlı ayrıseçkilik yaradan istisnalar yoxdur.
BBC. Hüquq müdafiəçiləri bildirir ki, bəzi polis işçiləri seks işçiliyi ilə məşğul olan trans qadınlardan rüşvət alır. Trans qadınların bəzi polis işçiləri tərəfindən cinsi təcavüzə məruz qoyulduqları da iddia olunur. Bu iddialardan xəbərdarsınızmı? Onlara reaksiyanız nədir?
DİN. - İddialar faktsızdır, həqiqəti əks etdirmir. Əgər kimdəsə belə fakt varsa, onu Daxili İşlər Nazirliyinə təqdim edə bilər. Birmənalı olaraq, təqdim olunan fakt, yaxud iddialar araşdırılacaqdır. Hazırda xidmət illərimdə belə faktla rastlaşmamışam, ona görə də bu sualı şərh etmək üçün hansısa presedent əsasım yoxdur.
BBC. Şikayətçilər polis bölmələrində müstəntiqlərin, polis işçilərinin LGBTQİP+ vətəndaşlarla kobud, alçaldıcı danışığından şikayətlənir. Polis işçiləri arasında bu məsələlərlə bağlı - yəni homofobiya ilə mübarizə ilə bağlı hansısa maarifləndirici təlimlər aparılırmı?
DİN. - Polis haqqında fikir insaların arasında yaranan ictimai münasibətlərdən qaynaqlanır. Hər bir şəxsin "imtiyaz" adlı təməl arzusu var. Bu təməl arzu, həm də müdafiədir. Qanunla ittiham və müdafiə tərəfi var. Araşdırma prosesində tərəflər öz iddialarını əsaslandırmağa, sübut etməyə çalışır.
Başqa sözlə, hüquq ictimai həyatın elə bir sahəsidir ki, tərəflərdən həmişə biri narazı qalır. Çünki Azərbaycan Respublikasının Konstitusiyasına və cinayət prosessual qanunvericiliyinə əsasən cinayət mühakimə icraatı ittiham və müdafiə tərəfinin çəkişməsi prinsipi əsasında həyata keçirilir. İttiham tərəfi cinayət hadisəsinin baş verməsini, cinayət qanunu ilə nəzərdə tutulan əməlin əlamətlərinin mövcudluğunu, bu əməlin törədilməsinə təqsirləndirilən şəxsin aidiyyətini, cinayəti törədən şəxsin məsuliyyətə cəlb olunmasının mümkünlüyünü sübut edir. Müdafiə tərəfi isə cinayət təqibi ilə bağlı irəli sürülən ittihamı təkzib edir və ya cinayət prosesini həyata keçirən orqanın diqqətini təqsirləndirilən şəxsin məsuliyyətindən azad edilməsinə və ya məsuliyyəti yüngülləşdirən halların mövcudluğuna cəlb edir.
Ona görə də polisin hüquq tətbiqetmə fəaliyyətində bu həssas məqamlar nəzərə alınmalıdır.
Polis əməkdaşlarının hazırlıq səviyyəsilə bağlı bildirim ki, bu əsas məsələlərdən biridir və Daxili İşlər Nazirliyi tərəfindən diqqətdə saxlanılır. Polis əmədaşları beynəlxalq seminar və treninqlərə cəlb olunur.
BBC. Azərbaycanda LGBTQİP+lər deyir ki, sosial şəbəkələrdə onları hədəfləyən "Təmiz Qan" adlı səhifələr yaradılıb və onların məqsədi LGBTQİP+ vətəndaşları döymək və öldürmək, xəsarət verməkdir. Bu qrup haqda məlumatlısınızmı? Hansı addımları atırsınız?
DİN. - Hər bir hüquqazidd əmələ görə polis tərəfindən qəti və adekvat tədbirlər görür. Heç şübhəsiz, bu suala hərənin öz cavabı var. Həqiqət ondan ibarətdir ki, Azərbaycan polisi kriminogen durumu fasiləsiz nəzarətdə saxlayır, ictimai asayişi layiqincə qoruyur. Polis qanunla üzərinə düşən bütün vəzifələri məsuliyyətlə yerinə yetirir, cinayətkarlığın bütün forma və təzahürlərinə qarşı mübarizədə prinsipial mövqe tutur.
BBC. Son hadisələrdən birində 3 trans qadın kirayə qaldıqları evdən zorla çıxarıldıqlarını deyirlər. Onlar polis işçilərinin onlara zorakılıq etdiyini deyirlər. Onlar iddia edirlər ki, yaşadıqları evin sahibinə polis təzyiq edib ki, onları evdən çıxarsın. Bu iddialar araşdırlıbmı? Nəticəsi barədə bizə məlumat verməyinizi xahiş edirik.
DİN. - Bəzi sosial şəbəkə seqmentlərində cinsi azlıqların təzyiqə məruz qalması ilə bağlı paylaşılan bu iddialar əsassızdır. Paytaxtın Nəsimi rayonunda cinsi azlıqların kirayə götürdüyü mənzillərlə bağlı daxil olan fakt üzrə müvafiq araşdırmalar davam etdirilir. Mənzil sahiblərinin və sakinlərin şikayətləri əsasında onlara məxsus evlərdən cinsi azlıqların çıxarılması ilə bağlı yaranan mübahisəli halla bağlı daxil olan fakt üzrə qanunvericiliyə uyğun müvafiq tədbirlər görülür. Adıçəkilən rayonun Azadlıq prospektində mənzillərdən birinin sahibi ilə kirayəşinlər arasında evdən məcburi çıxarılan zaman yaranan mübahisə zəminində sonuncunun xəsarət alması ilə bağlı müvafiq ekspertiza təyin edilib, hazırda araşdırmalar davam etdirilir. Tərəflər arasında yaranan mübahisənin xüsusatlarının araşdırılması zamanı cinsi azlıqların təhlükəsizliyi, onların hüquq və azadlıqlarının qorunması qanunvericiliyə uyğun təmin edilir. Tərəflərin qarşılıqlı şikayətləri əsasında aparılan araşdırmalar nəticəsində məsələyə hüquqi qiymət veriləcəkdir.











