Moskva Vaqnerin rəhbəri Priqojinin təyyarə qəzasında öldüyünü təsdiqləyib

Təyyarə qəzası

Şəklin mənbəyi, REUTERS

Rusiya rəsmiləri çərşənbə günü təyyarə qəzasında tapılan cəsədlərin genetik analizindən sonra Vaqnerin rəhbəri Yevgeni Priqojinin öldüyünü təsdiqləyib.

İstintaq Komitəsi təyyarədə həlak olan 10 qurbanın hamısının şəxsiyyətinin müəyyən edildiyini və onların reysin sərnişin siyahısında olanlarla uyğun olduğunu bildirib.

Priqojinin şəxsi təyyarəsi avqustun 23-də Moskvanın şimal-qərbində yerə düşüb və təyyarədə olanların hamısı həlak olub.

Kreml qəzaya görə günahkar olması ilə bağlı fərziyyələri təkzib edib. Qəzanı araşdıran İstintaq Komitəsi cinayət təhqiqatının davam etdiyini bildirib.

Qurumun məlumatında "molekulyar-genetik testlərin tamamlandığı" deyilir. Onun nəticələrinə görə, "ölən 10 nəfərin hamısının şəxsiyyəti müəyyən edilib və onlar uçuş manifestində dərc olunmuş siyahıya uyğundur”.

Qurbanlar arasında Priqojin tərəfindən yaradılan Vaqnerin bir neçə yüksək vəzifəli şəxsləri də olub. Bu rus muzdlu dəstə Ukraynada, Suriyada, Afrikanın bəzi bölgələrində hərbi əməliyyatlarda iştirak edib.

Onlardan biri isə Vaqnerin hərbi əməliyyatlarını idarə edən Dmitri Utkindir.

Moskvadan Sankt-Peterburqa uçan Embraer Legacy təyyarəsində Vaqnerin üzvləri Valeri Çkalov, Sergey Propustin, Yevgeni Makaryan, Aleksandr Totmin və Nikolay Moiseyev də olub.

WhatsApp reklamı-ı bağlayın və oxumağa davam edin
WhatsApp kanalımızı izləyin

BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.

Buradan izləyin

WhatsApp reklamı-ın sonu

Təyyarəni pilot Aleksey Levşin və ikinci pilot Rüstəm Kərimov idarə edirmiş, orada, həmçinin bir stüardessa- Kristina Raspopova da olub.

Təyyarə qəzasından iki ay əvvəl Vaqner Rusiya silahlı qüvvələrinə qarşı üsyan qaldırmış və Rostov şəhərini ələ keçirərək Moskvaya doğru istiqamət almışdı.

Amma Belarus Prezidenti Aleksandr Lukaşenkonun vasitəçiliyi ilə Kremllə razılaşma ilə üsyana son qoyulmuş və Priqojin döyüşçüləri ilə birgə Belarusa getmişdi.

Bununla belə, Rusiya Prezidenti Vladimir Putin üsyanı “arxadan vurulan bıçaq zərbəsi” kimi qiymətləndirmişdi və indi qəzanın hansısa yolla Rusiya təhlükəsizlik qüvvələrinə bağlı olması haqda fərziyyələr var.

CBS ABŞ rəsmilərinə istinadən, qəzanın ən çox ehtimal olunan səbəbinin təyyarənin göyərtəsindəki partlayış olduğunu bildirib və Pentaqon Priqojinin çox güman ki, öldürüldüyünü açıqlayıb.

Cümə günü Kremlin sözçüsü Dmitri Peskov "çirkin oyun" haqda şayiələrin "tamamilə əsassız" olduğunu bildirib.

Cənab Putin həlak olanların ailələrinə başsağlığı verib.

O, Priqojini "həyatda ciddi səhvlərə yol verən" istedadlı insan kimi xarakterizə edib.