Vaqner döyüşçülərinin lideri Priqojin ölübmü?

Şəklin mənbəyi, LEV BORODIN/TASS
Çərşənbə günü axşam saatlarında Tver yaxınlığında qəzaya uğrayan Embraer Legacy 600 biznes təyyarəsinin sərnişinləri arasında Vagner PMC-nin təsisçisi Yevgeni Priqojinin olduğu bildirilir.
Rosaviasiya havada parçalanan təyyarənin sərnişinləri siyahısında eyni ad-soyadlı şəxsin olduğunu açıqlayıb.
Üçü ekipaj üzvü olmaqla təyyarədə, ümumilikdə 10 nəfərin olduğu bildirilir. Qəzadan sağ çıxan olmayıb, lakin Vaqnerin qurucusunun ölümü hələ rəsmi təsdiqini tapmayıb.
Onun təyyarə qəzası nəticəsində ölməsi barədə anonim mənbələrə istinadən bir neçə KİV, o cümlədən Priqojinin özünə yaxın şəxslər məlumat yayıb.
Rusiya Fövqəladə Hallar Nazirliyi və aviasiya təşkilatı hadisə ilə bağlı yeni məlumatları açıqlayır.
Kreml hələlik hadisə ilə bağlı açıqlama verməyib.
Priqojin səyahət edərkən dublyorlardan istifadə edib və başqa adlarla alınmış pasportlarla sıradan bir sərnişin kimi uçub.

Şəklin mənbəyi, LEV BORODIN/TASS
Priqojinin təyyarə qəzasında öldüyü barədə məlumatı Vagner rəhbərliyinə yaxın olan "Gray Zone" Telegram kanalı yayıb.
BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.
Buradan izləyin
WhatsApp reklamı-ın sonu
“Rusiya qəhrəmanı, əsl vətənpərvər Yevgeni Viktoroviç Priqojin Rusiyaya xəyanət edənlərin əməlləri nəticəsində həlak olub. Ancaq cəhənnəmdə belə o, ən yaxşısı olacaq!”, - məlumatda deyilir.
Kanal, həmçinin, Rusiyaya xəyanət edənləri PMC-nin həmtəsisçisi, muzdluların ilk komandiri Dmitri "Vaqner" Utkinin ölümündə də ittiham edib.
Tsargrad TV anonim mənbəyə, eləcə də VÇK-OGPU teleqram kanalına istinadən Utkinin Priqojinlə birlikdə öldüyünü iddia edib.
Anonim mənbəyə istinadən Priqojin və Utkinin ölməsi barədə Kreml tərəfindən təyin edilmiş Zaporojye işğal administrasiyasında əsas şurasının üzvü Vladimir Roqov da məlumat yayıb.
Rusiya hökuməti çərşənbə axşamı günü Priqojin və Utkinin ölümünü rəsmən təsdiqləməyib.
Moskva vaxtı ilə axşam saat 8-də Federal Hava Nəqliyyatı Agentliyi Yevgeni Priqojinin qəzaya uğrayan təyyarənin sərnişinləri siyahısında olduğunu açıqlayıb.
Gecə saat 11-də bir teleqram kanalında qəzaya uğrayan təyyarənin göyərtəsində olduğu bilinən hər kəsin adı paylaşılıb.
Yayılan xəbərə görə, Priqojinlə birlikdə Utkin, Aleksandr Totmin, Sergey Propustin, Evgeni Makaryan, Valeri Çekalov, Nikolay Matuseev uçurmuş.
Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyinin açıqlamasına görə, Priqojin müttəfiqləri və tərəfdaşları ilə uçub - məsələn, Çekalov 2017-ci ildə Suriyada qaz və neft hasilatı üçün anlaşma imzalamış Priqojinə bağlı bir şirkətin sahibi olub.
2023-cü ilin iyulunda ABŞ Maliyyə Nazirliyinin sanksiyalar siyahısına daxil etdiyi adlar arasında Çekalovun adı var (Priqojinlə əlaqəli şəxs kimi).
Eyni məlumat bazasında "Vaqner"in muzdluları arasında Yevgeni Makaryan və Aleksandr Totmin var.
Təyyarəni komandir Aleksey Levşin və ikinci pilot Rüstəm Kərimov idarə edib. Salonda stüardessa Kristina Raspopova işləyib.
Qəzaya uğrayan Embraer Legacy 600 RA-02795 qeydiyyat nömrəli təyyarə mediada Priqojinlə əlaqələndirilir, təyyarənin Vagnerin qurucusunun uçduğu yerlərdə görüldüyü qeyd edilir.
2019-cu ildə ABŞ Maliyyə Nazirliyi hələ M-SAAN yan nömrəsini daşıyarkən bu təyyarəyə sanksiya tətbiq etmişdi.
Rusiyanın İnterfax xəbər agentliyi indiyədək cəsədlərin bölgədən götürüldüyü və axtarışların dayandırıldığını bildirib.

Şəklin mənbəyi, Getty İmages
Hadisə necə baş verib?
Embraer Legacy tipli təyyarənin Moskva ilə Sankt-Peterburq reysi ilə uçduğunu və Moskva ilə Sankt-Peterburq arasında uçarkən, paytaxtdan şimalda Tver vilayətinin üzərində qəzaya uğraması Rusiya aviasiya rəsmiləri tərəfindən təsdiqlənib.
Vaqnerlə əlaqəli Telegram kanalı Gray Zone təyyarənin Rusiya hərbçiləri tərəfindən vurulduğunu iddia etsə də, bu iddianı təsdiqləyən heç bir sübut təqdim etməyib.
Digər xəbər agentliyi Tass isə Priqojinin şirkətlərindən birində qeydiyyatdan keçmiş Embraer Legacy-nin yarım saatdan az müddətə havada qaldıqdan sonra alovlandığını bildirib.
BBC-nin təsdiqlədə bildiyi video görüntülərdə Rusiyanın Kujenkino şəhərində qəzaya uğrayan təyyarə əks olunub.
Açıqlamaya görə, təyyarə 8800 metr yüksəklikdə qəzaya uğrayıb.
"Grey Zone" Priqojinə aid olduğu bildirilən ikinci təyyarənin Moskva yaxınlığında təhlükəsiz eniş etdiyini bildirib.
Rusiya səlahiyyətliləri hadisənin səbəbini müəyyən etmək üçün təhqiqat başladığını açıqlayıb.
Priqojinlə Putinin münasibətləri necə idi?
Priqojin Rusiya Prezidenti Vladimir Putinin əsas müttəfiqi olub və onun təşkilatı olan Vaqner 2022-ci ilin fevralında Moskvanın işğalından sonra Ukraynada mühüm rol oynayıb.
Lakin Priqojin iyun ayında qoşunlarına Rusiya hərbi liderlərinə qarşı Moskvaya doğru irəliləməyi əmr etdikdən sonra Putinlə münasibətlər pisləşib.
Belarus Prezidenti Aleksandr Lukaşenkonun vasitəçiliyi ilə Kremllə razılaşma ilə üsyana son qoyuldu və Priqojin-ə qarşı bütün ittihamların götürüləcəyi elan edildi.
İyun ayında üsyan zamanı Putin Rusiya Dövlət Televiziyasında ictimaiyyətə müraciət edərək Vaqneri “xəyanətdə” günahlandırıb və onun silahlı üsyanını pisləyib.
İki gün əvvəl iyun ayındakı üsyan cəhdindən sonra nadir hallarda ictimaiyyət arasına çıxan Priqojin öz video görüntüsünü yayıb.
Göründüyü kimi Afrikada qeydə alınmış videoda Priqojin Vaqnerin faydalı qazıntıların axtarışı ilə yanaşı, islamçı yaraqlılarla və digər cinayətkarlarla da mübarizə apardığını bildirib.
İyulun 27-də Rusiya-Afrika Sammiti keçirilən zaman Priqojinin Sankt-Peterburqda afrikalı rəsmilərlə çəkilmiş şəkli yayımlanmışdı.
BBC-yə danışan Chatham House analitik mərkəzindən Orisia Lutseviç vəziyyəti Putinin “satqın” adlandırdığı Priqojin “görünür, bunun əvəzini ödəyib” kimi şərh edib.
BBC Rusca Xidməti də xatırladır ki, Priqojinin rəsmi olaraq adını və soyadını dəyişdirən kaskadyorları olub.
Dünyadan bu hadisəyə ilk reaksiya necə olub?
Ağ Ev ABŞ Prezidenti Joe Biden-in "məlumatlandırıldığını" açıqlayıb.
Daha sonra Biden jurnalistlərə açıqlamasında hadisənin "onun üçün sürpriz olmadığını" bildirib.
Ukrayna ordusunun Milli Müqavimət Mərkəzi adı açıqlanmayan Belarus mənbələrinə istinadən bildirib ki, bəzi Vaqner dəstələri Rusiyaya doğru istiqamətlənib.
"Konvoylar, yəqin ki, Rusiya sərhədinə doğru hərəkət edir, lakin Belarus xüsusi təyinatlıları maşınların getməsinin qarşısını almağa çalışır", - təyyarənin qəzaya uğramasından bir neçə saat sonra çərşənbə günü edilən yeni açıqlamada deyilir.
BBC bu məlumatı təsdiq edə bilməyib.
Milli Müqavimət Mərkəzi Rusiyanın Ukraynaya təcavüzünə qeyri-zorakı yollarla müqavimət göstərmək üçün yaradılıb.
İki ay əvvəlki üsyan cəhdi zamanı nə baş vermişdi?
62 yaşlı Priqojin uzun müddət Rusiya lideri Putinin yaxın müttəfiqi olub və onun hakimiyyəti dövründə varlı iş adamına, daha sonra isə muzdlu əsgərlərinin rəhbərinə çevrilib.
Əsasən, Rusiya həbsxanalarından çıxarılaraq Ukrayna müharibəsinə göndərilən məhbuslardan ibarət Vaqner döyüşçüləri Ukraynanın şərqində Bəhmut uğrunda aylarla davam edən döyüşdə ağır itkilər veriblər.
Priqojin komandanlığı silah-sursat çatışmazlığında günahlandırıb və onun təhqiramiz çıxışları sosial şəbəkələrdə yayılıb. Bu isə Ukraynadakı Rusiya qüvvələri arasında parçalanmanı göstərib.
İyunun 23-də Priqojin Rusiya ordusunu Ukraynada Vaqner qüvvələrinə raket zərbəsi endirməkdə ittiham etdikdən sonra bu gərginlik üsyanla davam edib.
Priqojin iyun ayında cəmi 24 saat davam edən üsyana rəhbərlik etdikdən sonra ictimaiyyət arasına az-az çıxmağa başladı.
Beş minə yaxın Vaqner əsgəri Rusiyanın cənubundakı Rostov-na-Don şəhərini ələ keçirərək, ordu rəhbərliyini aradan qaldırmaq məqsədi ilə Moskvaya doğru istiqamətlənmişdi.
Ukraynada müharibənin gedişi ilə bağlı Vaqnerlə Rusiya Müdafiə Nazirliyi arasında ictimai narazılıq olub. Priqojin dəfələrlə nazirliyi qruplaşmasını sursatla təmin etməməkdə ittiham edib.
Priqojin və Vaqner haqqında nə məlumdur?
Priqojin 2014-cü ildə Vaqner qrupunu təsis etdiyini bəyan edib. Kriminal stajı olan bu varlı iş adamı Kremlə həm də iaşə xidməti göstərdiyi üçün “Putinin aşpazı” kimi tanınır.
Vaqnerin 2014-cü ildə Ukraynanın şərqində rusiyayönümlü separatçı qüvvələri dəstəkləməyə başladığı və Krımın Rusiyaya ilhaqına dəstək verdiyi güman edilir.
Ukraynadakı müharibədən əvvəl Vaqnerin təxminən beş min döyüşçüsü olub. Onların əksəriyyəti Rusiyanın elit alayları və xüsusi təyinatlılarının veteranları olub.
Lakin Priqojin ötən ilin iyununda Ukrayna müharibəsi başladıqdan bəri döyüşçülərinin sayının 25 minə çatdığını açıqlamışdı.

Şəklin mənbəyi, BAZA
Vaqner döyüşçülərinin lideri Priqojinin Rusiyada qəzaya uğramış bu təyyarədə olduğu bildirilir.
Videoya YouTube kanalımızda baxın.




