Rusiyada "Vaqner"lə bağlı vəziyyət azərbaycanlılara necə təsir edib?

Şəklin mənbəyi, EPA-EFE/REX/Shutterstock
Moskva meri Sergey Sobyanin Vaqner muzdlu hərbi birləşməsinin paytaxta hücum ehtimalına görə bazar ertəsinin “qeyri-iş günü” olacağını elan edib.
Cümə günü “Vaqner”in rəhbəri Yevgeni Priqojinin Rusiya ordusuna qarşı qiyam çağırışından sonra paytaxtda təhlükəsizlik tədbirləri gücləndirilib, şəhər küçələrində hərbi texnika peyda olub.
Hökumət əhaliyə ehtiyac olmadığı təqdirdə küçələrə çıxmamaq xəbərdarlığı edib.
Bundan əvvəl Rusiya hakimiyyəti Moskva şəhərində, Moskva vilayətində və cənubda Voronej vilayətində “antiterror əməliyyatı” elan etmişdi.
Bu o deməkdir ki, hakimiyyət orqanları insanların və nəqliyyatın hərəkətini, rabitəni məhdudlaşdıra bilər.
Rusiyada yaşayan azərbaycanlılar hazırda Moksvada müşahidə etdiklərini BBC ilə bölüşüblər.

Şəklin mənbəyi, Reuters
Moskvada yaşayan 21 yaşlı azərbaycanlı tələbə Göydəniz Hüseynov bildirir ki, hazırda Rusiyada vətəndaşlara “terrorizmlə mübarizə çərçivəsində” evdən çıxmamaqla bağlı xəbərdarlıq edilib.
“Məncə, hazırda evdən çıxmaq elə də təhlükəsiz deyil. Əlbəttə ki, ölkənin içində belə hadisələrin baş verməsi bizim üçün də təhlükədir. Belə olan halda, yaşayış çətinləşir, stress artır. Amma hazırda adi insanlara qarşı nə isə yoxdur”.
Göydəniz Hüseynov bildirir ki, əgər “Rusiyada vəziyyət ağırlaşarsa”, o, Azərbaycana geri qayıdacaq.

Şəklin mənbəyi, EPA-EFE/REX/Shutterstock
Moskva yaxınlığında yaşayan 58 yaşlı başqa bir azərbaycanlı Azər Abbasov isə deyir ki, o, ətrafda sakitlik müşahidə edib.
“Mən bir az əvvəl maşınla küçəyə çıxdım, buranın “Asan Xidməti”nə tərəf getdim. Hamı öz əvvəlki həyatına davam edir, sakitlikdir. Mən heç bir təhlükə hiss etmədim, elə bilin ki, heç bugunki hadisələr olmayıb. Bilmirəm sonrası necə olacaq, amma hazırda ətrafdakı insanlarda heç bir panika müşahidə etmədim”.
1996-cı ildən Rusiyada yaşadığını deyən Azər Abbasov “Priqojinin qüvvələrinin Moskvaya doğru irəliləməsinin” sadə insanlar üçün ağır nəticələr verəcəyini deyir.
“İstəməzdim ki, Rusiyada da hərbi çevriliş olsun. Çünki xalq əziyyət çəkəcək”,- o deyir.
Rusiya hakimiyyətinin “Vaqner”qüvvələrinin qarşısını almaq iqtidarında olduğuna inanan Azər Abbasov BBC-yə bildirir ki, hadisələr gərginləşərsə, o, “vəziyyətə uyğun olaraq”, Azərbaycana qayıdıb-qayıtmamaq haqda qərar verəcək.







