Hələb – İŞİD və üsyançıların alınmaz qalası

Əsəd qüvvələri tərəfindən azad edilməsi radikal islamçılara vurulan ən ağır zərbə ola bilər

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, Əsəd qüvvələri tərəfindən azad edilməsi radikal islamçılara vurulan ən ağır zərbə ola bilər
    • Müəllif, Fuad Şahbazov
    • Vəzifə, Siyasi təhlilçi, BBC Azərbaycanca üçün

Artıq bir ildən uzun bir müddətdir ki, Suriyanın hökümət qoşunları ölkənin ən strateji əhəmiyyətli nöqtəsi olan Hələb şəhərini blokada şəraitində saxlamaqda davam edirlər.

Hələb şəhərinin kiçik bir hissəsi 2014-cü ildən bəridir ki, özünü İslam Dövləti adlandıran İŞİD terror qruplaşmasının nəzarətindədir.

Şəhərin dəfələrlə Əsəd qoşunları tərəfindən havadan bombardman edilməsinə baxmayaraq radikal islamçılar bu şəhəri təslim etmək niyyətində deyil.

Şəhərin böyük hissəsi Suriya ordusunun əlində olsa da, İŞİD-dən başqa burada Caiş ül-Fətah, əl-Nüsrə, Əhrar əl-Şam üsyançıları da var.

"İslam mədəniyyətinin beşiyi"

Hələb şəhərini müsəlman dünyasının bir çox şəhərlərindən fərqləndirən əsas xüsusiyyət bu şəhərin əsrlər boyu “İslam mədəniyyətinin beşiyi” adlandırılmasıdır.

Orta əsrlədən bəri yaşayıb-yaratmış böyük İslam mütəfəkkirləri, səyyahları və şairləri belə Hələb şəhərinin İslam sivilizasiyası üçün əhəmiyyətini vurğulayır.

Hələbin İŞİD yaraqlıları tərəfindən işğalından sonra şəhər sakinlərinin bir qismi İdlib, digər qismi isə Dəməşqə qaçmağa məcbur olmuşdu.

Şəhərdə qalan əhali isə son 2 ildir Əsəd rejiminə sadiq qüvvələrin hava hücumlarına məruz qalıb.

2015-ci ildən isə şəhər Rusiya – İran hərbçilərinin dəstəyi ilə Əsəd rejimi tərəfindən blokadaya alındı.

Nəticədə isə Hələb şəhərində böyük humanitar fəlakət yaşanır.

Şəhər uğrunda mübarizə

Bəşər Əsəd rejiminə sadiq qoşunlar bir il ərzində bir sıra yaşayış məntəqələrini İŞİD-dən azad etməyə müvəffəq olsa belə görünür Hələb şəhəri yaxın zamanda təslim olmağı düşünmür.

"İslam Dövləti"nin əsas hərbi qarnizonlarından birinin dislokasiya mərkəzi olan Hələb şəhərinin Əsəd qüvvələri tərəfindən azad edilməsi radikal islamçılara vurulan ən ağır zərbə ola bilər.

Bunu başa düşən Əsəd bu mübarizədə Rusiyanın hava qüvvələrinə və İran milislərinə etibar etdiyini dəfələrlə vurğulamaqdan çəkinmir.

Məlumata əsasən Hələb şəhərinin cənub hissəsində İŞİD hakimiyyətini qəbul etmək istəməyən bir qrup könüllü silahlı müqavimət göstərməkdə davam edir.

Bu könüllülərin Əsəd yönümlü və yaxud Azad Suriya Ordusu yönümlü olduqları dəqiq bilinməsə də bu, İŞİD-in müdafiə xəttini tez zamanda yarmağa kömək edə bilər.

Hələbin İŞİD-dən azad edildiyi təqdirdə Əsədin qarşısında növbəti daha çətin bir vəzifə duracaq.

İllərdir hava hücumları nəticəsində darmadağın edilən şəhəri yenidən özünə loyal bir məntəqəyə çevirmək.

Heç kimə sirr deyil ki, 2011-ci ilin mart hadisələri vaxtı Hələb şəhəri anti–Əsəd cəbhəsinin ən fəal məntəqələrindən biri olub.

Dinc nümayişçilərin daxili qoşunların əsgərləri tərəfindən gülləbaran edilərək həbs edilməsi Hələbin “kafir şəhərlər” siyahısına əlavə edilməsi ilə nəticələnmişdi.

Məhz buna görə Əsəd qüvvələrinin şəhəri geri alması rəsmi Dəməşq qarşısında yeni və daha vacib öhdəliklər yaradacaq.

"Açar şəhər"

Fasiləsiz hava hücumları nəticəsində vətəndaş itkilərinin sayının hər gün daha da artdığı bir vaxtda İslam Əməkdaşlıq Təşkilatının üzv ölkələrinin xarici işlər nazirləri (əsasən Səudiyyə Ərəbistan, BƏƏ, Küveyt) müxalifətçilərə olan silah və maddi yardımın daha da artırılması təklifini yenidən ortaya qoydular.

Aydın məsələdir ki, Suriyada hər gün daha da güclənən İran faktoru körfəz monarxiyalarını narahat edir.

Rəsmi Ər-Riyad hələ də Bəşir Əsədlə dialoq qurulmasının qəti əleyhdarı olaraq qalsa da artıq bir çox ərəb dövlət başçıları, o cümlədən Misir prezidenti Əl-Sisi Suriyada gedən vətəndaş müharibəsinin bir fəlakət olduğunu açıq şəkildə dilə gətirir.

Yaxın bir neçə ayda Hələb şəhərinin kimin nəzarətinə keçməsindən asılı olmayaraq bu şəhər bir çox ekspert rəyinə görə “açar şəhər” rolunu oynamaqda davam edir.

Məhz buna görədir ki, Bəşir Əsəd rəsmi Moskvadan Hələbin fasiləsiz bombardman edilməsini tələb etməkdə davam edir.