Türkiyə: Suriya sərhədində toplaşan qaçqınların "sayı 35 minə çatıb"

Şəklin mənbəyi, AFP

Suriyanın Hələb əyalətindəki şiddətli döyüşlər ərazilərindən qaçaraq Türkiyə sərhədinə gələn adamların sayı az qala iki qat artıb, Türkiyə rəsmisi bildirib.

Cümə günü sərhəd bölgəsində 20 minədək qaçqının toplaşdığı bildirilirdi. Şənbə günü Kilis şəhərinin meri onların sayının 35 minə çatdığını deyib.

Üsyançıların əlində olan Hələb yaxınlığındakı Ratyan şəhərini mühasirəyə almaq cəhdləri şiddətli toqquşmalarla müşayiət olunur, xəbərlərdə deyilir.

İnsan hüquqlarının müdafiəsi üzrə Suriya İnsan Haqları Müşahidə Şurası bildirir ki, strateji əhəmiyyətə malik şəhər uğrunda toqquşmalar hər iki tərəfdən təxminən 120 döyüşçünün ölümünə bais olub.

Ankara qaçqınlara kömək edəcəyini bildirsə də, sərhəddəki qapılar hələ ki, bağlı qalır və 20 minədək adam ötən gecəni Türkiyə sərhədi yaxınlığında keçirib.

Fevralın əvvəlindən Rusiya hərbi aviasıyasının dəstək verdiyi Suriya qüvvələri Hələb əyalətində əhəmiyyətli irəliləyişə nail olub.

Suriya televiziyası şimaldakı Ratyan şəhərinin nəzarət altına alındığını bildirir.