Panama sənədlərindən Gənc Osmanadək: sızdırılan sənədlərin tarixçəsi

Şəklin mənbəyi, Getty

    • Müəllif, Paul Moss
    • Vəzifə, BBC

Son vaxtlar sızıdırılan sənədlər haqqında nə danışılırsa danışılsın, heç biri Osmanlı Sultanı İkinci Osman üçün iddia edildiyi kimi, heç kimin xayalarının sıxılaraq öldürülməsinə səbəb olmayıb.

Ya da ki, heç kim sızan sənədlərə görə bir yerə qapadılaraq acından ölənədək saxlanılmadı.

Lakin bunlar keçmişdə baş vermiş, ya da baş verdiyi hesab edilən hadisələrdən sadəcə bir neçəsidir.

Sənəd sızdırmanın uzun tarixindən bəzi örnəklər:

Generalın üzərinə hörülən divar

Bu hadisə Miladdan öncə təxminən 470-ci ildə Spartada baş verib və bir sənəd sızıntısının nəticəsiydi.

Yunan şəhər dövlətlərinin hərbi baxımdan ən güclülərindən olan Spartada kral olmuş general Pausanias qullarından biri vasitəsilə Fars kralına mesaj göndərir.

Bu vəziyyətdən şübhələnən qul Argilios məktubu açır və Pausanias-ın, yunanlara qarşı hücuma keçəcəkləri təqdirdə farslara dəstək olacağını yazdığını görür.

Şəklin mənbəyi, Alamy

Lakin məktubda başqa bir təfərrüat da var idi. Pausanias heç kimin bundan şübhələnməməsi üçün Fars kralından məktubu gətirən qulu öldürməyi xahiş edir.

Vəzifəsinin bu cür “bir tərəfli” olduğunu anlayan Argilios, məktubu dərhal digər yunan şəhər dövlətlərinə sızdırır.

Fars krallığı yunanların düşməni idi və Pausanias-ın hərəkəti “vətənə xəyanət” hesab edilir.

Onun cəzası, yanına heç bir yemək buraxılmadan Afinanın məbədində üzərinə divar hörülməsi olur.

Rəvayətə görə, qaça bilməsin deyə üzərinə divar hörən əsəbi izdihamın içində Pausanias-ın anası da var idi.

Qapıda qoyulan məktublar

Roma sivilizasiyası isə daha çox intriqalarla ön plana çıxıb.

Tarixçi Tom Holland, “rəqibləri aradan götürmək üçün sənədlər sızıdırılırdı,” deyir.

Roma dövründə sızdırılan bəlkə də ən əhəmiyyətli sənədlər Senatda konsul, filosof və dövrün ən yaxşı natiqlərindən olan Siseronun qapısının önündə buraxılan məktublardır.

Miladdan öncə 63-cü ildə Siseron, Senator Catilina-nın çevriliş planladığına inanır, lakin bunu sübut edə bilmir.

Qapısının önündə Catilina-nın müttəfiqləri tərəfindən yazılmış və çevriliş planlarını izah edən məktublar tapır.

Bu məktubların kim tərəfindən qoyulduğu hələ də sirr olaraq qalır, lakin Siseron bunun sayəsində Roma Respublikasının təhlükədə olduğuna inanırdı.

Bəlkə də üsyançıların amansız təqibi ucbatından, hamısının edamına birbaşa nəzarət etməsi istənilib.

Yeniçərilərin qəzəbi

Ancaq Roma Respublikası yenə də çökdü və yerinə gələn imperiya əvvəl qərbdə, daha sonra isə osmanlıların İstanbulu tutması ilə şərqdə tarix səhnəsindən silindi.

Tolerantlığı ilə ad çıxarmış Osmanlı İmperiyasının da bu cür sərt olduğu mövzular var.

Osmanlı mütəxəssisi yazıçı Jason Goodwin osmanlıların gizliliyə çox əhəmiyyət verdiyini bildirərək, bir çox sultanın kar və lal xidmətçilərinin olduğunu deyir.

Gənc Osmanın niyyətinin sızdırılması həyatına son qoydu

Şəklin mənbəyi, Alamy

Şəklin alt yazısı, Gənc Osmanın niyyətinin sızdırılması həyatına son qoydu

Gənc Osman kimi tanınan İkinci Osmanın həqiqətən də sızıntılardan qorxması üçün səbəbi var idi. O, həddən artıq gücləndiyinə inandığı yeniçəri təsisatını aradan qaldırmaq istəyirdi.

Necə olursa, bu məlumat sızır. Yeniçərilər Topqapı Sarayına daxil olur.

Mübahisəli olsa da, Gənc Osmanın Yedikule zindanında xayaları sıxılaraq öldürüldüyü deyilir.

19-cu əsrdə Osmanlı İmperiyasının geriləmə dövrünə qədəm qoyduğu dönəmlərdə müasir qəzetin meydana gəlməsi, sənəd sızdırma “sənətinə” başqa bir yön qatdı.

Otaqda qapadılan jurnalist

Sənəd sızdırma sayəsində ən böyük xəbər edənlərdən biri New York Herald jurnalisti John Nugent olub.

1848-ci ildə John Nugent-ə ABŞ ilə Meksika arasındakı müharibəni sona çatdırmaq üçün hazırlanmış razılaşmayla bağlı gizli məlumatlar sızıdırılır.

Şəklin mənbəyi, Getty

Xəbər mənbəyini açıqlamağı rədd etdikdə qəzəblənən senatorlar, Nugent-i bir ay boyunca Senatdakı bir komissiya otağında saxlayıb təhdid edirlər.

Lakin Nugent sonda bu çətinlikdən çıxmağa nail olur.

Rəqəmsal məlumatlar

Artıq gizlicə qəhvəyi zərf ilə göndərilən məlumatın yerini, Panama sənədlərində olduğu kimi, bir anda milyonlarca sənədin aşkarlanmasını təmin edən rəqəmsal məlumatlar alıb.

Təbii ki, bunu mümkün edən texnologiyadır.

Vyetnamdakı ABŞ əməliyyatları haqqında gizli məlumatları ortaya çıxaran Pentagon sənədləri kimi digər məlumat sızdırma hadisələri üçün, səhifələrlə sənədin bir-bir əllə fotonüsxəsi çəkilmişdi.

Lakin indi bir tuşla bir nazirlik və ya şirkətin bütün sənədləri yaddaş çubuğuna yüklənə bilir.

Bir məktubu açıb oxuyaraq Spartada aranı bir-birinə qatan quldan bu günə qədər çox şey dəyişib.

Amma məlumat hələ güc demək və artıq yazdıqları rəqəmsal olaraq sızdırılsa da, qələm hələ qılıncdan güclü görünür.