"İslam Dövləti" bombaçıları Azərbaycandan keçə bilərmi?

Şəklin mənbəyi, AP
Türkiyənin Milliyet qəzetinin Türkiyə xüsusi xidmət orqanlarına istinadən yaydığı məlumata görə, özünü İslam Dövləti (İD) adlandıran qruplaşma bombaçılarını Avropaya göndərmək üçün Azərbaycan marşrutundan istifadə etməyə başlayıb.
Azərbaycanda hüquq-mühafizə orqanları dəfələrlə Suriya ilə əlaqəli şəxsləri həbs etdiyini açıqlayıb.
Bəzi təhlilçilərə görə, bombaçılar adətən keçib getdikləri yerdən turist kimi keçirlər, ona görə də kəşfiyyat tərəfdən onların müəyyən olunmasında çətinliklər ola bilər.
Milli Məclisin müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aqil Abbasov isə Türkiyə xüsusi xidmət orqanlarının dediklərinə inanmadığını bildirir.
Rabitə imkanları
Təhlilçi Rəşad Şirinin fikrincə, bombaçı ancaq "partlatdığı yerə gedib çatanda bombadan istifadə edir, yollarda o, sadə bir vətəndaşdır,"
Millət vəkili Aqil Abbasov isə Türkiyə kəşfiyyat orqanları barədə yüksək fikirdə deyil. "Əgər onların kəşfiyyat orqanları güclü olsaydı, Türkiyədə bu qədər partlayış olmazdı", o deyir.
<link type="page"><caption> Milliyet qəzetinin xüsusi xidmət orqanlarına istinadən yazdığına görə</caption><url href="http://www.bbc.com/azeri/region/2016/07/160712_is_azerbaijan_to_europe" platform="highweb"/></link> İraq və Suriyadakı İD qruplaşması bombaçılarını Azərbaycan, Kipr və Gürcüstandan keçən yeni yol vasitəsilə Avropaya göndərir.
Basqınçıların daha rahat səyahət etməsinə onlayn rabitə imkanları da kömək edir, təhlilçi Rəşad Şirin deyir.
"Onlayn münasibətlərin qurulmasına nəzarət etmək həddindən artıq çətindir. Bu mənada kəşfiyyat üçün də çox çətindir, çünki kiminləsə görüşmək üçün sərhədi keçməyə ehtiyac qalmayıb," cənab Şirin deyir.
Ekspertin fikrincə, bu cür basqınçılara regionun digər ölkələrindən Avropaya getmək üçün Azərbaycandan marşrut kimi istifadə etmək "daha əlverişli ola bilər".
"Orta Asiyadan, İrandan və ya ərəb ölkələrindən gələnlər üçün Azərbaycandan keçmək daha münasib ola bilər".
Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Hikmət Hacıyev xəbərlərə münasibət bildirməkdən imtina edib.
Azərbaycanda partlayış ehtimalı

Şəklin mənbəyi, Aydin Mirzazade
Türkiyə Ümumi Təhlükəsizlik Direktorluğunun (EGM) yaydığı xəbərdarlığa görə, Azərbaycan və Şimali Qafqazdan olan İD basqınçıları Türkiyə və Azərbaycanda hücumlar törətməyi planlaşdırırlar.
Respublika baş prokurorluğu bu məsələ ilə bağlı şərhdən imtina edib.
Millət vəkili Aydın Mirzəzadənin fikrincə, Azərbaycanda "dini terrorla bağlı çalışan təbəqə yoxdur və cəmiyyət ümumilikdə dini radikalizmin əleyhinədir".
Onun sözlərinə görə, ölkədə silah-sursat üzərində "çox ciddi" nəzarət olduğundan, kiminsə terror törətməsi üçün ölkədə həmin materialları əldə etməsi faktiki mümkün deyil.
"Əvvəla, İŞİD-in Azərbaycanda sosial bazası yoxdur. Sərhədlər ciddi şəkildə qorunur, gömrük məntəqələrində insanların keçidinə nəzarət edilir. Kiminsə şübhəli hərəkəti istər-istəməz diqqətə çatır", millət vəkili İD-nin Azərbaycanla bağlı fikir söyləməsinin "özünü güclü göstərməkdən başqa bir şey olmadığını" düşünür.
Onun sözlərinə görə, Azərbaycanda terror ehtimalı olan istənilən şəxsə dair "operativ iş" görülür. Bununla yanaşı paytaxt və digər regionlarda "Təhlükəsiz şəhər" proqramı həyata keçirilir.
Azərbaycan hüquq mühafizə orqanları ölkədə partlayış ehtimalları ilə bağlı hər hansı şərh verməkdən yayınıb.
"Müzakirə arzuolunan deyil"

Şəklin mənbəyi, Reuters
Türkiyə Ümumi Təhlükəsizlik Direktorluğunun yaydığı məlumata görə, İD silahlıları Azərbaycanda polis işçiləri və onların ailələrinə hücum etməyi planlaşdırıb.
"Belə məsələlərin mətbuatda müzakirəsi arzuolunan deyil", Daxili İşlər Nazirliyinin sözçüsü Orxan Mansurzadə BBC Azərbaycancaya deyib.
İyunun 28-i, İstanbulun Atatürk hava limanında baş verən partlayışdan sonra Heydər Əliyev adına beynəlxalq hava limanında başlanan gücləndirilmiş təhlükəsizlik tədbirləri bu həftənin əvvəlindən dayandırılıb, "Azərbaycan Hava Yolları" QSC-nin sözçüsü Paşa Kəsəmənski BBC Azərbaycancaya bildirib.
"İndi hava limanında iş əvvəlki rejiminə qaytarılıb", deyə cənab Kəsəmənski hazırda hər hansı təhlükənin olub-olmaması ilə bağlı dəqiq məlumatının olmadığını qeyd edib.
İyunun 28-də İD-nin <link type="page"><caption> İstanbul Atatürk Hava Limanında törətdiyi partlayış</caption><url href="http://www.bbc.com/azeri/region/2016/06/160628_istanbul_explosion" platform="highweb"/></link> nəticəsində 45 nəfər həlak olub, 200-dən çox insan yaralanıb.
Azərbaycanda əvvəllər Suriyaya gedərək qanunsuz silahlı birləşmələrə qoşulmaq ittihamı ilə həbslər olub.
<link type="page"><caption> Keçən ilin iyul ayında Azərbaycan məhkəməsi</caption><url href="http://www.bbc.com/azeri/azerbaijan/2015/07/150702_azeris_isis_sentence" platform="highweb"/></link> İD-ə qoşulduqlarına görə 10 nəfəri 4 ildən 15 ilədək müxtəlif cəza müddətlərinə məhkum edib.

Siyasi təhlilçi Zərdüşt Əlizadə Azərbaycanda partlayışların törədilməsini mümkün hesab edir.
"Amerika kimi qüdrətli dövlətdə terror hadisəsi baş verir, Avropa kimi möhkəm təhlükəsizlik sistemi quran qitənin müxtəlif yerlərində terror baş verir. Azərbaycan da sığortalanmayıb", o əlavə edir.
İD-nin Suriya və İraqda nəzarət etdiyi əraziləri itirməsi Yaxın Şərq və Avropada dinc sakinləri hədəfə almasına təkan verib və<link type="page"><caption> bu cür hücumların artacağı gözlənilir</caption><url href="http://www.bbc.com/azeri/international/2016/07/160711_is_lost_territories" platform="highweb"/></link>, Türkiyə Ümumi Təhlükəsizlik Direktorluğunun yaydığı məlumatda deyilir.




