İD yanvardan bəri “ərazilərinin 12 faizini itirib”

Fəllucanı ələ keçirdikdən sonra İraqın hökumətpərəst qüvvələri diqqətini Mosula yönəldib

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, Fəllucanı ələ keçirdikdən sonra İraqın hökumətpərəst qüvvələri diqqətini Mosula yönəldib

Özünü İslam Dövləti (İD) adlandıran cihadçı qruplaşma 2016-cı ilin ilk yarısında İraq və Suriyada nəzarət etdiyi ərazilərin 12 faizini itirib, müdafiə şurası bildirir.

İHS aşkar edib ki, iki il bundan əvvəl özünü “xilafət” elan etmiş İD-nin əraziləri 68,300 kv km qədər azalıb.

İtkilər İD-nin Yaxın Şərq və Avropada dinc sakinləri hədəfə almasına təkan verib və bu cür hücumların artacağı gözlənilir, məlumatda deyilir.

Keçən həftə Bağdadda İD tərəfindən həyata keçirilmiş bomba hücumları nəticəsində təxminən 300 nəfər həlak olub.

Hücumlardan bir neçə gün əvvəl İraq hökuməti Fəlluca şəhərinə nəzarəti tam əlinə keçirdiyini bildirmişdi.

İHS bildirib ki, 2015-ci ilin yanvarında, İD xilafətin qurulduğunu elan etdikdən altı ay sonra, qruplaşma İraq və Suriyada təxminən 90,800 kv km əraziyə nəzarət edirdi.

Dekabr ayına qədər bu ərazilər 78,000 kv km qədər azalıb.

Ondan sonra isə İD daha 9,700 kv km ərazi itirib və indi 68,300 kv km əraziyə nəzarət edir, İHS bildirir.

Qədim Palmira şəhəri azad edildikdən sonra rusiyalı musiqiçilər konsert proqramı ilə çıxış edir

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, Qədim Palmira şəhəri azad edildikdən sonra rusiyalı musiqiçilər konsert proqramı ilə çıxış edir

Suriyada isə İD, Rusiya və İranın dəstəklədiyi hökumət qüvvələri və ABŞ rəhbərliyi ilə koalisiyanın dəstəyini qazanmış kürd Suriya Demokratik Qüvvələrinin (SDF) təzyiqi altındadır.

SDF fevral ayında şərqdə yerləşən Şəddadi şəhərini ələ keçirib, mart ayında isə qədim Palmira şəhəri hökumət qüvvələri tərəfindən azad edilib.

İraqda qoşunlar və müttəfiq silahlılar şimalda yerləşən Mosul şəhərini ələ keçirmək üçün hücuma hazırlaşırlar.

Mosul İD-nin nəzarətində olan ən böyük şəhərdir.

“İslam Dövləti kiçildikcə və idarəçiliklə bağlı problemlər aydın olduqca qruplaşma partizan hücumlarını yenidən prioritetə çevirir,” İHS aparıcı analitiki Columb Strack bildirib.