Türkiyə Rusiyanı "İD-lə neft ticarəti iddiasını" sübut etməyə çağırır

Şəklin mənbəyi, AP
Türkiyə Rusiyaya "Ankara Rusiya təyyarəsini İslam Dövləti (İD) qruplaşması ilə neft ticarətini qorumaq məqsədilə vurub" iddiasını sübut etməyə çağırış edib.
"Əgər bir şeyi iddia edirsinizsə, sübut etməlisiniz", Türkiyə prezidenti Recep Tayyip Erdoğan Rusiya prezidenti Vladimir Putinin ittihamına cavab olaraq deyib.
Prezident Erdoğan Türkiyənin İD-dən neft aldığı sübut olunarsa, istefa verməyə hazır olduğunu qeyd edib. O bildirib ki, iddialar düz olmasa prezident Putin də eyni şeyi etməlidir.
Rusiyanın SU-24 təyyarəsi ötən çərşənbə axşamı Türkiyənin F-16 qırıcı təyyarəsinin raket zərbəsindən sonra Suriya ərazisində dağın yamacına çırpılıb. Nəticədə bir pilot həlak olub, digəri isə xilas edilib.
ABŞ dövlət departamenti bəyan edib ki, türk və ABŞ mənbələrinin sübutları göstərir ki, təyyarə Türkiyənin hava məkanını pozub.
Türkiyə İD qruplaşmasına qarşı hava zərbələri həyata keçirən ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın tərkib hissəsidir və İD-lə hər hansı əlaqələrin mövcudluğunu təkzib edir.

Şəklin mənbəyi, Reuters
Rusiya Suriyada prezident Bəşşar əl-Əsədə qarşı yönəlmiş üsyançılar və İD yaraqlılarına qarşı hava zərbələri həyata keçirir. Türkiyə cənab Əsədin qəti əleyhdarıdır.
Bir neçə ay əvvələ qədər Türkiyə İD-ə qarşı koalisiyada fəal rol oynamaq istəmirdi. Lakin bu ilin avqustunda o, ABŞ-ın rəhbərlik etdiyi koalisiyaya İncirlik aviabazasından istifadə etməyə imkan verib.
Rusiya təyyarəsinin vurulmasından sonra Türkiyəyə sanksiyalar tətbiq edib. Buna Türkiyənin ərzaq məhsullarının idxalı və vizasız səyahətə son qoyulması da daxildir.
İD öz pullarının böyük hissəsini neftin qanunsuz satışından qazanır. Türkiyə bu ticarətdə iştirakını qətiyyətlə təkzib edir.
Vladimir Putin bazar ertəsi Parisdə mətbuat konfransında bildirib ki, "Türkiyənin təyyarəmizi ərazisindəki neft xətlərini qorumaq istəyindən irəli gələrək vurduğunu düşünməyə əsasımız var".
Onun sözlərinə görə, Rusiyaya "İD-in neftinin Türkiyənin ərazisindən keçdiyini göstərən" çox məlumat daxil olub.
Türkiyə və Rusiyanın mühüm iqtisadi əlaqələri var. Rusiya Türkiyənin ikinci ən böyük ticarət tərəfdaşıdır. Türkiyə isə rusiyalı turistlərin ən çox üz tutduğu xarici ölkələrdəndir.
Prezident Erdoğan deyib ki, Türkiyə iqtisadi sanksiyalara öz cavabını verərkən "emosional deyil, səbrlə" hərəkət edəcək.




