Rusiya Suriyaya S-400 komplekslərini yerləşdirir

Şəklin mənbəyi, Russian Defense Ministry
Rusiya Suriyadakı Hmeymim hava bazasına S-400 zenit-raket komplekslərini yerləşdirmək niyyətindədir, Rusiya Müdafiə Nazirliyi kollegiyasının iclasında nazir Sergey Şoyqu bəyan edib.
S-400 ən yeni zenit-raket kompleksi 35 kilometrədək hündürlükdə uçan aparatları, eləcə də orta və az məsafəli ballistik raketləri vurmağa qadirdir.
S-400 ZRK-sı 2007-ci ildən Rusiya ordusunun cəbbəxanasındadır.
Çərşənbə axşamı xəbər verilmişdi ki, Suriyada hava hücumundan müdafiəni gücləndirmək məqsədilə S-300 tipli "Fort" kompleksi ilə təchiz olunmuş “Moskva” kreyseri Latakiya bölgəsi yaxınlığındakı sularda yerləşdiriləcək.
Rusiya hərbçiləri həmçinin xəbərdar ediblər ki, bütün potensial şübhə kəsb edən hədəflər məhv ediləcək.
Çərşənbə axşamı Türkiyənin F-16 təyyarəsi Rusiyanın Su-24 bombardmançısı vurmuşdu.
Türkiyə hakimiyyəti təyyarənin ölkə hava məkanını pozduğunu bəyan edib. Moskvada bu məlumatı təkzib edib, Türkiyə təyyarəsinin Suriya hava məkanına müdaxilə etdiyini bildiriblər.
Su-24 təyyarəsinin hər iki pilotu katapult ilə tullana bilib, lakin onların biri paraşütlə düşəndə yerdən atılan atəşlə öldürülüb.
İkinci pilot Suriya hakimiyyət ordusu hərbçilərinin əlinə düşüb və Suriyadakı Rusiya hərbi bazasına çatdırılıb.




