Türkiyə təyyarə qalmaqalını sovuşdurmaq üzərində "işləyəcək"

Rusiyanın SU-24 təyyarəsi çərşənbə axşamı Türkiyənin F-16 qırıcı təyyarəsinin raket zərbəsindən sonra Suriya ərazisində dağın yamacına çırpılıb.

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, Rusiyanın SU-24 təyyarəsi çərşənbə axşamı Türkiyənin F-16 qırıcı təyyarəsinin raket zərbəsindən sonra Suriya ərazisində dağın yamacına çırpılıb.

Türkiyənin baş naziri Ahmet Davutoğlu deyib ki, Ankara Rusiya hərbi təyyarəsinin vurulması ilə bağlı "gərginliyi sovuşdurmaq üçün Rusiya və müttəfiqlərlə işləyəcək".

Britaniyanın Times qəzetində məqalə ilə çıxış edən cənab Davutoğlu bildirir ki, İslam Dövləti qruplaşmasına qarşı mübarizə əsas məqsəddir və son hadisə diqqəti bu məsələdən yayındırmamalıdır.

Türkiyənin baş naziri eyni zamanda bildirir ki, ölkəsi öz ərazi suverenliyini qorumalıdır.

Ankara bildirir ki, hava məkanına daxil olan təyyarənin hansı ölkəyə aid olduğu məlum olmayıb və ona dəfələrlə verilən xəbərdarlıqdan sonra atəş açılıb.

Moskva Türkiyənin Suriya ilə sərhəddə vurduğu təyyarənin Rusiyaya aid olduğunu bilmədikləri iddialarını rədd edib.

Prezident Vladimir Putin bildirib ki, Rusiya təyyarələrini asanlıqla müəyyən etmək olar və Amerika tərəfi ilə əvvəlcədən əldə edilən razılaşmaya əsasən, aviasiyanın işləyəcəyi vaxtı və koordinatları haqqında informasiya ötürülüb.

Türkiyə prezidenti daha öncə France 24 televiziya kanalına deyib ki, təyyarənin Rusiyaya aid olduğu bilinsəydi, "bəlkə də başqa cür xəbərdarlıq" ediləcəkdi.

Cənab Putin mətbuat konfransında bildirib ki, o, ABŞ-ın rəhbərlik etdiyi koalisiya ilə daha sıx əməkdaşlıq etməyə hazırdır.

"...amma əlbəttə ki təyyarəmizin dağıdılması və hərbi qulluqçularımızın həlak olması kimi insident qətiyyən qəbuledilməzdir", o deyib.

Cənab Putin fransalı həmkarı ilə görüşdən sonra danışıb və İslam Dövləti qruplaşmasına (İD) qarşı daha sıx əməkdaşlıq vəd edib.

İD qruplaşması noyabrın 13-də Parisdə 130 nəfərin ölümü ilə nəticələnmiş hücumlara görə məsuliyyəti üzərinə götürüb.

Türkiyə prezidenti Recep Tayyip Erdoğan təyyarənin vurulmasına görə üzr istəməyəcəyini deyib.

Şəklin mənbəyi, AP

Şəklin alt yazısı, Türkiyə prezidenti Recep Tayyip Erdoğan təyyarənin vurulmasına görə üzr istəməyəcəyini deyib.

Rusiyanın SU-24 təyyarəsi çərşənbə axşamı Türkiyənin F-16 qırıcı təyyarəsinin raket zərbəsindən sonra Suriya ərazisində dağın yamacına çırpılıb. İki rus hərbçisi həlak olub.

Türkiyə hərbisi bəyan edib ki, atəşdən qabaq təyyarəyə bir neçə dəfə xəbərdarlıq göndərilib və təxminən 17 saniyə sonra təyyarə Türkiyənin hava məkanına daxil olub.

Sağ qalmış rus pilot isə heç bir xəbərdarlıq almadıqlarını və Suriyanın hava məkanından yayınmadıqlarını deyib.

Türkiyə prezidenti Recep Tayyip Erdoğan vurulan təyyarəyə görə Türkiyənin üzr istəməyəcəyini <link type="page"><caption> bildirib.</caption><url href="http://www.bbc.com/azeri/region/2015/11/151126_erdogan_apology" platform="highweb"/></link> Onun sözlərinə görə, Türkiyə öz hava məkanının pozulmasına görə üzr istəməməlidir.

Daha əvvəl cümə axşamı, Rusiya ordusu "hava qəzaların qarşısını almağa kömək xətti" də daxil olmaqla türk hərbçiləri ilə bütün rabitə kanallarının fəaliyyətini dayandırıb.

Rusiyanın baş naziri xəbərdarlıq edib ki, hökumət yaxın günlərdə Türkiyəyə qarşı genişmiqyaslı iqtisadi sanksiyalar tətbiq etməyi planlaşdırır.

Onun sözlərinə görə, ərzaq məhsulları, Türkiyənin Rusiyada maraqları və bir sıra birgə investisiya layihələri zərər çəkə bilər.

Rusiya həm də öz vətəndaşlarına Türkiyəyə səyahət etməməyi məsləhət görüb və orada olan vətəndaşlarını "Türkiyə ərazisində olan terror hədələrinə görə" vətənə geri qayıtmağa çağırıb.

Türkiyə və Rusiyanın mühüm iqtisadi əlaqələri var. Rusiya Türkiyənin ikinci ən böyük ticarət tərəfdaşıdır. Türkiyə isə rusiyalı turistlərin ən çox üz tutduğu xarici ölkələrdəndir.