Türkiyə Rusiya təyyarəsinə edilmiş "xəbərdarlığın" audioyazısını yayıb

Şəklin mənbəyi, AFP
Türkiyə hərbisi Rusiya təyyarəsinə Suriya ilə sərhəddə vurulmasından əvvəl edilmiş xəbərdarlığın audioyazısını yayıb.
Səs yazısında ingilis dilində "istiqamətinizi təcili olaraq cənuba dəyişin" sözləri eşidilir. Türkiyə bəyan edib ki, SU-24 təyyarəsinin iki pilotunu xilas etmək üçün çalışıb.
Onlardan biri yanan təyyarədən paraşütlə tullandıqdan sonra açılmış atəş nəticəsində ölüb. Digər pilot xilas edilib. O, təyyarənin Türkiyənin hava məkanını pozması iddialarını və xəbərdarlıq edilməsini təkzib edib.
Rusiyanın SU-24 təyyarəsi çərşənbə axşamı Türkiyənin F-16 qırıcı təyyarəsinin raket zərbəsindən sonra Suriya ərazisində dağın yamacına çırpılıb.
Baş verən insidentlə bağlı iki ölkə arasında münasibətlər gərginləşib. Rusiya prezidenti Vladimir Putin hadisəni "arxadan vurulan zərbə" adlandırıb və "ciddi fəsadlar" barədə xəbərdarlıq edib.
Moskva Ankara ilə hərbi əlaqələri dayandırıb və bildirib ki, Rusiyanın hərbi təyyarələrə təhlükə yarada biləcək istənilən hədəfi məhv etmək üçün Suriyaya ən qabaqcıl zenit raket sistemi göndərəcək.
Moskva həmçinin deyib ki, indi Suriya üzərində hava zərbələri zamanı qırıcılar bombardmançı təyyarələri müşayiət edəcək.
Pilotun hekayəsi
Türkiyə hərbisinin məlumatına əsasən, Türkiyənin hava məkanında vurulmasından əvvəl Rusiya təyyarəsinə 10 dəfə xəbərdarlıq edilib.
Türkiyə bəyan edib ki, hadisə ilə bağlı Moskva ilə "əməkdaşlığın bütün növləri" üçün hazırdır.
Bu arada, vurulmuş Rusiya təyyarəsinin sağ qalmış pilotu deyib ki, Türkiyə tərəfi təyyarəni vurmazdan əvvəl heç bir xəbərdarlıq etməyib.
Kapitan Konstantin Muraxtin onu da vurğulayıb ki, təyyarənin Ankaranın bildirdiyi kimi Türkiyənin hava məkanını pozması "mümkün deyildi".
O, regionu "çox yaxşı" bildiyini deyib, təyyarənin Türkiyənin hava məkanına "bir saniyəlik" belə daxil olmadığını bildirib.
Rusiyanın dediyinə görə, pilot Rusiya və Suriya xüsusi təyinatlı qüvvələrinin iştirakı ilə 12 saatlıq əməliyyat zamanı şimal-şərq Suriyada üsyançıların nəzarət etdiyi ərazidən xilas edilib.
Bir dəniz piyadası pilotları xilas etmək üçün həyata keçirilən helikopter missiyasında öldürülüb.
Rusiya sentyabrın sonundan bəri Suriya prezidenti Bəşər Əsədin əleyhdarlarına qarşı hava zərbələri həyata keçirir.
Suriyalı üsyançılar təyyarənin həlak olmuş, Rusiya tərəfindən polkovnik Oleq Peşkov kimi tanınan ikinci pilotunun cəsədini əks etdirən video görüntü yayıb.
Türkiyə prezidenti Recep Tayyip Erdoğan bildirib ki, hər kəs öz sərhədlərini qoruyan Türkiyənin hüququna hörmətlə yanaşmalıdır.




