Rusiya 9 May paradında ən yeni Armata tankını göstərəcək

Armata T-14 tankı Moskvada 9 may paradında nümayiş etdiriləcək.

Şəklin mənbəyi, Vadim Savitsky

Şəklin alt yazısı, Armata T-14 tankı Moskvada 9 may paradında nümayiş etdiriləcək.

Rusiya yeni Armata T-14 markalı tankını 9 May Qələbə günü paradı ərəfəsi nümayiş etdirib.

Bu tankla yanaşı 9 May paradında daha bir neçə yeni silah sistemlərinin iştirakı nəzərdə tutulub.

Rusiya Müdafiə Nazirliyi yeni hərbi texnikanın Qələbə paradına hazırlıq məşqləri zamanı çəkilmiş fotolarını dərc etdirib.

Paradda S-400 müasir raket kompleksləri nümayiş etdiriləcək

Şəklin mənbəyi, BBC World Service

Şəklin alt yazısı, Paradda S-400 müasir raket kompleksləri nümayiş etdiriləcək
Ən yeni RS-24 qitələrarası ballistik raketlər Qızıl Meydanda görünəcək

Şəklin mənbəyi, BBC World Service

Şəklin alt yazısı, Ən yeni RS-24 qitələrarası ballistik raketlər Qızıl Meydanda görünəcək

II Dünya Müharibəsində Rusiya ilə müttəfiqlik etmiş Britaniya, Fransa və ABŞ rəhbərləri də daxil Qərb liderlərinin əksəriyyəti Ukrayna böhranına görə Moskvada Qələbə günü tədbirlərində iştirak etməyəcək.

Eyni zamanda paradda Yunanıstan Baş naziri Aleksis Tsiprasın iştirakı gözlənilir, Aİ üzvülüyünə namizəd olan Serbiya isə 9 May paradında iştirak etmək üçün bazar ertəsi günü Moskvaya qvardiyasını göndərib, Çin və Hindistan hərbi hissələri də tədbirdə iştirak edəcək.

Serbiya qvardiyası da Moskvada paradda iştirak edəcək.

Şəklin mənbəyi, BBC World Service

Şəklin alt yazısı, Serbiya qvardiyası da Moskvada paradda iştirak edəcək.

Ümumilikdə Qələbə Günü paradında 15000 Rusiya qoşunu, 1300 xarici qoşun; 200 zirehli texnika, 150 hərbi təyyarənin iştirak edəcəyi gözlənilir.

Güman edildiyinə görə, mayın 9-da Moskvanın Qızıl Meydanında keçiriləcək hərbi parad bu meydanda keçirilmiş belə tədbirlərin ən irimiqyaslısı olacaq.

Rusiya mətbuatının yaydığı məlumatlara görə, Armata tankı insan iştirakı olmadan idarə oluna bilər.

Tankın əsas 125mm çaplı topu idarə olunan raket və mərmilərlə atəş aça bilir.

Tank ekipajı iki nəfərdən ibarətdir və mövcud Rusiya tankları ilə müqayisədə tankçılar düşmən zərbəsindən daha yaxşı müdafiə olunub.

Bu zirehli maşının şassisində müxtəlif silah sistemlərini yerləşdirmək mümkündür.

İddia edildiyinə görə Armata tankı döyüşlərdə tam robotlaşdırılmış hərbi maşın kimi də iştirak edə bilər.

Armata T-14 tankının sürəti və manevr etmək imkanları Rusiyanın indiyədək ən müasir və təkmil tankı sayılan T-90 tankının parametrlərini üstələyir.

Rusiya 2020-ci ilədək 2300 Armata tankını istehsal edərək hazırda ordunun işlətdiyi Sovet erası zirehli texnikasını tamamilə təzələmək istəyir.