Nemtsovun qətli ilə bağlı iki nəfər saxlanılıb

Şəklin mənbəyi, AP

Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) rəhbəri müxalif siyasətçi Boris Nemtsovun qətli ilə bağlı iki şübhəlinin saxlanılıdğını bildirib.

Aleksandr Bortnikov Anzor Qubaşev və Zaur Dadayevin yaxalandığını televizya çıxışında elan edib.

Prezident Vladimir Putin iş barədə məlumatlandırılıb, FSB rəhbəri əlavə edib.

Prezident Putinin qatı tənqidçisi 55 yaşlı Boris Nemtsov fevralın 27-də Kreml yaxınlığındakı körpüdə odlu silahdan qətlə yetirilib.

Aleksandr Bortnikov şübhəlilərin Qafqaz sakinləri olduğunu deyib.

Boris Nemtsovun qətlə yetirildiyi vaxtı onun yanında olan Anna Duritskayanın vəkili şübhəlilərin saxlanılması ilə bağlı Moskvaya çağrılmadığını deyib.

"İstintaq hələ ki, onun çağırmayıb və mən bu kimi addımın atılıb-atılmayacağını şərh etməyə hazır deyiləm. Zənnimcə onun istintaqa söylədiyindən artıq deyəcək sözü yoxdur”, - Rusiyanın RİA Novosti agentliyinə Vadim Proxorov bildirib.

İnsan Hüquqları üzrə Prezident Şurasının rəhbəri Mixail Fedotov sifarişçilərin tapılmasının əhəmiyyətini vurulayıb.

Şəklin mənbəyi, RIA Novosti

Şəklin alt yazısı, İnsan Hüquqları üzrə Prezident Şurasının rəhbəri Mixail Fedotov sifarişçilərin tapılmasının əhəmiyyətini vurulayıb.

İnterfaks agentliyinə yaxın mənbə qətli törətməkdə şübhəli bilinən şəxslərin hərəkət etdiyi avtomobildə onları izinə düşməyə kömək edən biomaterialların aşkarlandığını deyib.

"Boris Nemtsovun qətlilə bağlı bütün məlumat yaxın vaxtlarda Rusiya İstintaq Komitəsinin saytında dərc olunacaq", - İstintaq Komitəsinin nümayəndəsi Vladimir Markin Twitter hesabında yazıb.

Reaksiyalar

İnsan Hüquqları üzrə Prezident Şurasının rəhbəri Mixail Fedotov şübhəlilərin saxlanılması barədə məlumatı şərh edərkən sifarişçilər də daxil olmaqla qətldə əli olanların hamısının məsuliyyətə cəlb olunmasının vacibliyini vurğulayıb.

Bu fikri FSB-nin sabiq rəhbəri, təhlükəsizlik və korrupsiya əleyhinə parlament komitəsinin üzvü Nikolay Kovalyev dəstəkləyib.

“Heç nədən asılı olmayaraq biz əlbətdə dərk etməliyik ki, sifarişçilər mühümdür. İstintaq bax bu istiqamətdə işləməlidir”, - Kovalyev deyib.

"Ümid edirik ki, həqiqətən də cinayətə aidiyyatı olan adamlar saxlanılıb və bu səhv yox hüquq-mühafizə orqanlarının yaxşı və keyfiyyətli işinin nəticəsidir", - İnterfax agentliyinə Nemtsovun yaxın silahdaşı, siyasətçi İlya Yaşin deyib.

Boris Nemtsovun qətlindən sonra martın 1-də Rusiya boyu izdihamlı anım aksiyaları keçirilib.

"RPR-PARNAS" partiyasının həmsədri və Rusiya baş nazirinin sabiq birinci müavini ötən çərşənbə axşamı Moskvanın Troyekurovskoye qəbristanlığında dəfn olunub.