Moskva: Boris Nemtsov dəfn olunub

Vida mərasimi Saxarov Mərkəzində keçirilir.

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, Vida mərasimi Saxarov Mərkəzində keçirilir.

Rusiya paytaxtında ötən həftə sonu qətlə yetirilmiş siyasətçi Boris Nemtsov Troyekurovskoye qəbristanlığında dəfn edilib.

Mərasimdə mərhumun ailə üzvləri, dostları, jurnalistlər, ictimai və siyasi xadimlər iştirak ediblər.

Çərşənbə günü Moskvadakı Saxarov Mərkəzində siyasətçi ilə izdihamlı vida mərasimi keçirilib.

Nemtsovla vidalaşmağa gələnləri zala hissə-hissə buraxıblar və mərhumun qohumlarının xahişi ilə tədbirin başa çatdığı barədə elandan sonra uzun növbədə gözləyən bir çox adam cənazənin olduğu zala daxil ola bilməyib.

Vida mərasimində Nemtsovun anası Dina Eydmana yaxınlaşaraq ilk başsağlığı verənlər arasında ABŞ səfiri John Tefft olub. Tədbirdə nitqlə Britaniyanın sabiq baş naziri John Major çıxış edib.

Bu arada dəfn mərasiminə qatılmaq niyyətində olan bir neçə avropalı siyasətçiyə Rusiyaya giriş vizası verilməyib.

Boris Nemtsovun anası Dina Eydman

Şəklin mənbəyi, EPA

Şəklin alt yazısı, Boris Nemtsovun anası Dina Eydman

Rusiyanın ən yüksək vəzifəli şəxsləri vida mərasimində iştirak etmirlər.

Saxarov Mərkəzindəki yas tədbirində ilk çıxış edənlərdən biri RPR-PARNAS partiyasının həmsədri Mixail Kasyanov olub.

Mərasimdə ilk çıxış edənlərdən biri RPR-PARNAS partiyasının həmsədri, Rusiyanın sabiq baş naziri Mixail Kasyanov (sağda - ön planda) olub.

Şəklin mənbəyi, AP

Şəklin alt yazısı, Mərasimdə ilk çıxış edənlərdən biri RPR-PARNAS partiyasının həmsədri, Rusiyanın sabiq baş naziri Mixail Kasyanov (sağda - ön planda) olub.

"Bizim əlimizdən Boris Nemtsovu aldılar, alçaqcasına aldılar. Nemtsov tarixə islahatçı və mübariz kimi daxil olub. O, müxalifət lideri olub və həqiqətləri söylədiyinə görə bir çox adam üçün düşmənə çevrilib”, - Rusiyanın sabiq baş naziri deyib.

Kasyanovla yanaşı mərhum barədə bir neçə çıxış səslənib.

Şair Lev Rubinşteyn:

"Borisin yerində inanılmaz, üzücü bir boşluq əmələ gəlib. Bilmirəm ki, onu nəilə doldurmaq mümkündür".

Jurnalist Leonid Velexov:

"Əlvida, Rusiyanın öldürülmüş ümidi".

"Beeline" şirkətinin təsisçisi Dmirti Zimin:

"Nemtsovun qətli nifrət cinayətidir. Canilər ölkəmizin qərq edildiyi həmin nifrət bataqlığı ilə yetişdiriliblər".

Prezidentin Dövlət Dumasında nümayəndəsi Qarri Minx:

"Bu əvəzlənməz itkidir. Boris Yefimoviç çox səmimi və cəsur adam idi".

Aİ-nin Moskvadakı səfiri Viqaudas Uşatskas:

"Biz Rusiya vətənpərvəri və Avropanın dostu ilə vildalaşırıq. O dünyaya açıq Rusiyaya inanırdı. Boris demokratik dəyərləri müdafiə edirdi".

Nemtsov 2006-cı ildə qətlə yetirilmiş jurnalist Anna Politkovskayanın basdırıldığı Troyekurovskoye qəbristanlığında dəfn olunub.

Prezident Vladimir Putinin qatı tənqidçisi olan siyasətçi ötən cümə günü Kremlin yaxınlığındakı körpüdə odlu silahdan qətlə yetirilib.

Qətlin motivləri barədə məlumat verilmir və hadisə ilə bağlı həbs edilən olmayıb.