Boris Nemtsovun qətli: Putin "ədalət" vəd edir

boris nemtsov

Şəklin mənbəyi, RIA Novosti

Rusiya prezidenti Vladimir Putin deyib ki, müxalif siyasətçi Boris Nemtsovun "mənfur" qətlini həyata keçirənləri məsuliyyətə cəlb etmək üçün bütün mümkün tədbirləri görəcək.

Cənab Nemtsovun anasına göndərilən və mətni Kremlin saytında yayılan teleqramda cənab Putin başsağlığı verib və cənab Nemtsovun səmimiliyini alqışlayıb.

Qərb liderləri Rusiya hakimiyyətini müxalif siyasətçi Boris Nemtsovun qətli haqqında həqiqəti öyrənmək üçün əllərindən gələni etməyi çağırıblar.

Rusiyanın aparıcı müxalifətçi siyasətçisi, sabiq Baş nazirin müavini Boris Nemtsov cümə günü 23:40 radələrində (Bakıda şənbə günü 00:40) Kremlin yaxınlığındakı körpüdə güllələnərək öldürülüb, Rusiya rəsmiləri deyib. Polisin məlumatına görə, naməlum hücumçu maşından cənab Nemtsovun kürəyinə dörd güllə atıb.

ABŞ prezidenti Barack Obama "şəffaf istintaq" üçün çağırış edib. Almaniya kansleri Angela Merkel deyib ki, qətl izah olunmalıdır və təqsirli şəxslər məsuliyyətə cəlb edilməlidir.

<link type="page"><caption> Həmçinin baxın: Boris Nemtsov kim olub? - Şəkillərdə</caption><url href="http://www.bbc.co.uk/azeri/region/2015/02/150228_nemtsov_life_gallery" platform="highweb"/></link>

Fərziyyələr

Rusiyanın istintaq komitəsi inanır ki, müxalifət siyasətçisi Boris Nemtsovun qətli "ölkədə sabitliyi pozmağa yönəldilmiş təxribat" ola bilər.

Şəklin mənbəyi, Reuters

Komitənin başçısının bəyanatında deyilir: "Mümkündür ki, cənab Nemtsovu siyasi qələbələrinə nail olmaq üçün heç nədən çəkinməyənlər qurban verib".

O həmçinin deyib ki, istintaq komitəsi mümkün "İslamçı ekstremizm" əlaqəsini də istisna etmir.

Prezident Putin qətl haqqında istintaqı "şəxsi nəzarəti altına" alıb, onun sözçüsü Dmitri Peskov deyib.

Hadisədə "sifarişli qətlin əlamətləri" var, cənab Peskov əlavə edib.

Qətlindən bir neçə saat öncə cənab Nemtsov bazar günü Moskvada Ukraynadakı mühairbəyə qarşı keçiriləcək yürüşə dəstək üçün çağırış etmişdi.

Beynəlxalq reaksiya

ABŞ prezidenti Barack Obama "amansız qətli" pisləyib və Rusiya hökumətini "cəld, bitərəf və şəffaf istintaq" aparmağa çağırıb.

Avropa Şurasının baş katibi Thorbjorn Jagland həmçinin qətli pisləyərək Twitter hesabında yazıb: "Mən müxalifət lideri Boris Nemtsovun güllələnməsinə görə şok və dəhşət keçirirəm. Qatillər məsuliyyətə cəlb olunmalıdır".

Bu yaxınlarda verdiyi müsahibəsində cənab Nemtsov Ukraynadakı müharibəyə qarşı olduğuna görə cənab Putinin onun qətlini sifariş edəcəyi barədə narahat olduğunu demişdi.

55 yaşlı Boris Nemtsov 1990-cı illərdə Prezident Boris Yeltsinin birinci Baş nazir müavini vəzifəsində çalışırdı.

Cənab Nemtsov 1991-1997-ci illərdə Nijni Novqorod vilayətinin qubernatoru, daha sonra yanacaq və energetika naziri vəzifələrində də olub və iqtisadi islahatçı kimi tanınıb.

Son illər Boris Nemtsov müxalifət hərəkatının liderlərindən biri olub.