Turçinov: Ukrayna ordusu tam hazırlıq vəziyyətinə gətirilib

Turçinov

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, Turçinov ölkənin şərqində "terrorçularla əməkdaşlıq" edən hüquq-mühafizəçilərinin məsuliyyətə cəlb olunacağını bildirib.

Ali Radanın spikeri, Prezident səlahiyyətlərini icra edən Aleksandr Turçinov hərbi müdaxilə təhlükəsilə bağlı Ukrayna silahlı qüvvələrinin tam hazırlıq vəziyyətinə gətirildiyini bəyan edib.

"Mən yenə də Rusiya tərəfindən Ukraynaya qarşı müharibə başlanmasının real təhlükəsinə qayıdıram. Bizim silahlı qüvvələr tam hazırlıq vəziyyətinə gətirilib”, Turçinov vilayət administrasiyası başçıları ilə görüşdə deyib.

Spikerin sözlərinə görə, Ukrayna güc strukturları Donetsk və Luqansk vilayətlərində vəziyyəti nəzarət altına ala bilməyiblər.

Bununla bağlı Aleksandr Turçinov yaxın zamanlarda ölkənin şərqindəki milis və təhlükəsizlik xidmətinin yenilənməsini təklif edib.

"Üstü örtülü işğal"

"Ölkəyə xəyanət edən və terrorçularla əməkdaşlığa başlayan belə "hüquq-mühafizəçiləri” qanun qarşısında cavab verəcəklər”, spiker bildirib.

Bundan əvvəl Ukrayna Xarici İşlər Nazirliyi Rusiyanı “üstü örtülü işğalda” ittiham edib.

Şəklin mənbəyi, BBC World Service

"Şərqi Ukraynada baş verənlər işğalın üstü örtülü fomasıdır. Ukrayna ərazisində Rusiya xüsusi təyinatlıları fəaliyyət göstərir, binaları işğal edir. Bu, Ukrayna vətəndaşlarının etiraz çıxışları kimi təqdim olunur", - Xarici İşlər Naziri vəzifəsini icra edən Andrey Deşşitsa "İnterfax-Ukrayna" agentliyinə bildirib.

Kiyevdəki hökumət ölkənin şərqindəki separatçılar arxasında Rusiya hərbçilərinin durduğunu bildirir. Moskva şərqi Ukraynadakı vəziyyətə müdaxilə etməsi barədə ittihamları rədd edib.

Çərşənbə axşamı rusyapərəst qüvvələr şərqdəki Luqansk şəhərində bir neçə hakimiyyət binasını ələ keçiriblər.