Şərqi Ukrayna: separatçılar Luqanskı nəzarət altına alır

Şəklin mənbəyi, AFP
Rusiyameylli separatçılar Ukraynanın şərqində region mərkəzi Luqanskda əsas inzibati binaları ələ keçirib.
Onlar Daxili İşlər Nazirliyinin binasını mühasirəyə alıb, regional administrasiyanın və prokurorluğun binalarına nəzarət edir.
İnsanlar əllərində dəyənək və Rusiya bayraqları ilə, həmçinin yerli teleradio şirkətini də ələ keçirməyə cəhd edib. Bununla belə, danışıqlardan sonra onlar canlı efirdə bəyanat verməyin əvəzində binanı zəbt etməməyə razılaşıblar.
"Xahiş edirəm təşvişə düşməyin. Hər şey yaxşı olacaq. Biz mayın 11-də keçiriləcək referenduma hazırlaşırıq. Hər kəs düşünməli və qərar verməlidir", efirdə separatistlərin liderlərindən biri Vyaçislav Petrov bəyan edib.
Kütlə, həmçinin Luqanskda Ukrayna DİN binasını ələ keçirməyə cəhd edir. Basqın zamanı tüstü bombalarından istifadə olunub.
Separatçılar polislərin silahı qoyaraq binadan getmələrini tələb edib, BBC-nin Ukrayna xidmətinin müxbiri Luqanskdan xəbər verir. Onlar razılaşmayıb.
Sonra basqın bitib, binaya danışıqlar aparmaq üçün bir qrup fəal keçib.
İnterfaks Agentliyinin məlumatına görə, polisin regional idarəsinin qarşısında minə yaxın rusiyameylli etirazçılar qalıb. Onların münayəndəsi "milli polis rəhbəri" bəyan edib.
Luqanskda regional inzibati binanın tutulması çərşənbə günü gündüz saat üçə qədər davam edib. Müxtəlif məlumatlara görə, Luqansk regional inzibati binasının qarşısına iki mindən üç minə qədər insan toplaşıb.
İnsanlar Rusiya bayraqları və geyimlərində Georgiyevsk lentləri ilə dayanıb.
Metal çubuqlu iyirmi gənc insandan ibarət qrup birinci mərtəbədə pəncərələri sındıraraq binaya soxulub.
Fəallar Ukrayna bayraqlarını çıxarıb və yerinə Rusiyanın üçrəngli bayrağını yerləşdirib.
Polis binanın tutulmasına mane olmayıb və meydanda toplaşmış rusiyameylli fəalların alqışları altında binanı tərk edib.
Kütlə "Rusiya", "Referendum" kimi şüarlar səsləndirib.
Basqınların bəzi iştirakçıları yaxşı silahlanmış və təchiz olunub.
Rusiyameylli fəallar regional prokurorluğun binasından Ukrayna bayrağını götürüb və onu yandırıblar.
Luqansk regional inzibati binasını rusiyameylli fəallar bundan öncə zəbt edib: martın 9-da gənc insanlardan ibarət qrup damda Rusiya bayrağını yerləşdirib və reginal dövlət inzibati binasının təmsilçisi Mixail Bolotskixi istefa vermək haqqında ərizə yazmağa məcbur ediblər.
Daha sonra o bəyan edib ki, ərizəni təzyiq altında yazdığına görə onun heç bir hüquqi qüvvəsi yoxdur.
Prokurorluq regional binanın tutulması ilə bağlı cinayət işi başladıb.




