İran-Azərbaycan: iqtisadi və ticarət əlaqələri önə çıxır?

Şəklin mənbəyi,

Azərbaycan və İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlətlərarası komissiyanın yeni tərkibi açıqlanıb.

Prezident İlham Əliyevin təsdiqlədiyi yeni tərkibə görə, Komissiyanın həmsədri iqtisadi inkişaf naziri Şahin Mustafayev təyin edilib, eləcə də, komissiya üzvlərindən bəziləri dəyişdirilib.

İndiyə qədər Komissiyanın həmsədri kimi xarici işlər naziri Elmar Məmmədyarov fəaliyyət göstərib.

Yeni təyinat İlham Əliyevin İrana ötən həftə etdiyi səfərindən sonra baş verib. Səfər çərçivəsində Tehran-Bakı arasında qarşılıqlı sərmayə, iqtisadi və ticarət əməkdaşlığı ətrafında bir neçə saziş imzalanıb.

Regional təhlilçilər ötən səkkiz-on ili İran-Azərbaycan əlaqələrinin "durğunluq" dövrü adlandırır. Ancaq Prezidentin 2009 cu ildən bəri etdiyi səfərlə, son zamanlaradək Azərbaycanın İsraillə əməkdaşlığı və İranın Azərbaycana İslam inqilabı ixrac etmə narahatlıqları ilə iki ölkə arasında soyuqlaşan münasibətlərdə canlanma hiss edilir.

Bəs dövlətlərarası komissiyaya sədrliyin ölkənin baş diplomatından alınaraq iqtisadiyyat və sənaye nazirinə verilməsi münasibətlərin inkişafına təkan kimi qəbul edilə bilərmi?

Komissiya tərkibinin yenilənməsini "qarşılıqlı əlaqələri gücləndirməyə atılan addım" kimi qiymətləndirən İranın Azərbaycandakı sabiq səfiri Əfşar Süleymaninin ehtimalına görə, Tehran səfərində "önəmli söhbətlər" olub.

"Yəqin ki, Şahin Mustafayevin təyinatı o baxımdan olubdu ki, yeni istiqamətlərdə- iqtisadi və ticarət əlaqələr genişləndirilir və dərinləşdirilir", cənab Süleymani BBC Azərbaycancaya bildirib.

Onun sözlərinə görə, müştərək komissiyalara xarici işlər nazirlərinin təyin edilməsi təklifi İran tərəfdən gəlib, çünki Tehran münasibətlərinə önəm verdiyi ölkələrlə iş qruplarına xarici işlər nazirini təyin edirdi və qarşı tərəfdən də bunu istəyirdi.

Lakin diqqəti cəlb edən o olub ki, indiyə qədər komissiyaların fəaliyyətində "irəliyə gedən, qabağa gedən bir şey olmayıb", cənab Süleymani qeyd edir.

Onun sözlərinə görə, müştərək komissiyanın cəmi bir dəfə iclası keçirilib ki, bu da münasibətlərin ümumi əhvalından irəli gəlirdi.

Buna görə, İran tərəfi də komissiyanın sədrini dəyişdirib və vəzifə Kommunikasiya və İnformasiya Texnologiyaları naziri Mahmoud Vaeziyə verilib.

Cənab Süleymani deyir ki, hər iki tərəf qeyri-siyasi nazirlərin təyin edilməsi kimi bu "müsbət qərar" ikitərəfli əlaqələrin intensivləşdirilməsinə, xüsusilə sazişlərin həyata keçirilməsinə təsir göstərə bilər.

İlham Əliyevin 2012-ci il 8 fevral sərəncamında deyilir ki, Dövlət Komissiyası Azərbaycan və İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq əlaqələrini mütəmadi müzakirə edib, bu əlaqələrin genişləndirilməsi və tənzimlənməsi üçün müvafiq tədbirləri həyata keçirməlidir.

Bazar günü Nazirlər Kabinetinin iclasında da cənab Əliyev <link type="page"><caption> vurğulayıb</caption><url href="http://www.bbc.co.uk/azeri/azerbaijan/2014/04/140415_ilham_aliyev_mincab_meeting.shtml" platform="highweb"/></link> ki, İran və Azərbaycan arasında "hökumətlərarası birgə komissiyanın yeni formatı müəyyən edilir" və yaxın zamanlarda tam şəkildə formalaşacaq. Bu komissiya bütün istiqamətlər üzrə "çox fəal iş aparacaq".

Azərbaycan prezidentinin iranlı həmkarı Həsən Rouhaninin dəvətilə <link type="page"><caption> Tehran səfəri</caption><url href="http://www.bbc.co.uk/azeri/region/2014/04/140409_president_visit_iran_aliyev.shtml" platform="highweb"/></link> aprelin 9-10-a təsadüf edib və səfər zamanı gənclər və idman, fövqəladə halların idarə edilməsi, meteorologiya və əlaqədar məsələlər ətrafında sazişlər imzalanıb.