İran-Azərbaycan hərbi əməkdaşlığına nə mane olur?

Şəklin mənbəyi, ISNA and MOD
- Müəllif, Xanım Cavadova
- Vəzifə, Bakı, bbcazeri.com
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun İrana rəsmi səfəri başlayıb.
İranlı həmkarı Hossein Dehghanın dəvəti ilə səfərə gedən cənab Həsənov iki mərhələli rəsmi görüşdən sonra, İranın hərbi və siyasi yüksək çinli məmurları ilə ikitərəfli, regional və beynəlxalq məsələlər barədə müzakirələr aparacaq, Mehr agentliyi yazır.
Nazir Həsənovun bazar ertəsi müdafiə və silahlı qüvvələrə dəstək naziri, general-mayor Hossein Dehghanla, sabah isə İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-polkovnik Seyid Həsən Firuzabadi ilə görüşləri planlaşdırılır.
Zakir Həsənovun İrana iki günlük səfəri onun nazir təyin edildikdən, eləcə də, 18 il nazir olmuş xələfi Səfər Əbiyevin iki il əvvəlki Tehran səfərindən sonra ilkdir.
Hərbi təhlilçilər qeyd edir ki, indiyə kimi İran və Azərbyacan arasında heç vaxt sənəd imzalanacaq səviyyədə hərbi əməkdaşlıq olmayıb. Belə şəraitdə daima Azərbaycanla hərbi əməkdaşlığa "can atan" İran rəsmilərinin yeni nazirlə müzakirələri necə nəticələnə bilər?
Tanışlıq
Cənab Həsənovun səfərinin "tanışlıq" məqsədi daşıdığını güman edən təhlilçi Cəsur Sümərinli qeyd edir ki, görüşlər "sənəd imzalanması ilə nəticələnə bilməz".
"İndiyə qədər İran Azərbaycanla hərbi əməkdaşlıqda, xüsusilə müdafiə sənayesi sahəsində maraqlı olub, amma Azərbaycan tərəfi bununla bağlı mövqe ortaya qoymayıb. Əksinə Qərb və İsraillə hərbi əməkdaşlığı daha da gücləndirib", - o deyir.
Cəsur Sümərinli bu fikrini 2012-ci ildə Azərbaycanın İsraildən 1.6 milyard dollar məbləğində pilotsuz təyyarə, zenit-raket qurğuları və müasir hava hücumundan müdafiə sistemləri alması və NATO ilə 10 ildən artıq davam edən əlaqələrə əsasən izah edir.
Təhlilçi onu da yada salır ki, həmin vaxt İsraildən silah alışı Azərbaycan-İran münasibətlərində "ciddi toqquşmalar" yaradıb və narazılıqlar o ərəfədə İrana təcili səfər edən sabiq nazir Səfər Əbiyevə də bildirilib.
Lakin cənab Sümərinli bütün bunları "görüntü xarakterli" hesab edir və deyir ki, Azərbaycanın atdığı addımlar başqa sahələrdə də İranın narazılığı ilə qarşılanır.
"Azərbaycan NATO ilə Əfqanıstanda sülhməramlı qüvvələr göndərmək və yerli limanların modernləşdirilməsi istiqamətində iş aparır, İran isə dəfələrlə buna narazılığını bəyan edir".
Lakin ziddiyyətlər bununla da bitmir, çünki Azərbaycan anti-terror koalisiyanın aktiv üzvü kimi on ildən çoxdur ki kəşfiyyat materiallarını bölüşdürür.
"Regionda təhlükəsizlik baxımından məlumatları Qərb dostlarına ötürür və rəsmi Tehran bunu da müsbət qarşılamır", cənab Sümərinli qeyd edir.
Bu səbəblərə görə, Sümərinli Zakir Həsənovun səfərinin sonunda əməkdaşlığı ortaya qoyacaq sənəd imzalanmasını "gözləmir".
Müzakirələr
Belə halda görüşə dəvət, yalnız yeni müdafiə nazirinin öz sahəsində vizionunun öyrənilməsi, tanış olmaq və İranın Azərbaycan tərəfdən "narahat olmaması" üçün suallara cavab almaq məqsədi daşıya bilər.
Milli Məclisdə Təhlükəsizlik və müdafiə komitəsinin sədr müavini Aydın Mirzəzadə isə hesab edir ki, nazir Həsənovun səfərini "yalnız tanışlıq" kimi qiymətləndirmək olmaz.
"Burada ikitərəfli hərbi əməkdaşlığın müzakirə edilməsindən söhbət gedir", - cənab Mirzəzadə vurğulayır.
"Çünki İran dünyanın ən güclü ordularından birinə sahibdir və hərbi sənayesi güclü inkişaf edib", - o deyir.
Həmçinin, İran Azərbaycanın ərazi bütövlüyünü dəstəkləsə də, Ermənistanda sıx dostluq əlaqələrinə malikdir, yəni Ermənistanda hərbi yardım göstərir.
"Bunların müzakirəsinə böyük ehtiyac var", deyən cənab Mirzəzadə bu tip səfərləri Azərbaycanın mövqeyinin İran hökümətinə çatdırılması baxımından böyük rola sahib olan adlandırır.
Azərbaycanın Qərb və İsraillə olan əlaqələrinə gəldikdə isə, Aydın Mirzəzadə Azərbaycanın "heç vaxt" hərbi müttəfiqlərini gizlətmədiyini deyir.
"Azərbaycan maraqlarının daha yaxşı təmin olduğu əməkdaşlıqlara maraq göstərir". Buna görə də, cənab Mirzəzadə qərb və İsraillə əlaqələrin İran-Azərbaycan hərbi əməkdaşlığına təsir göstərməyəcəyini iddia edir.
Müdafiə Nazirliyi nazir Həsənovun İran səfəri ilə bağlı BBC Azərbaycanca Xidmətinə bildirib ki, səfər zamanı ikitərəfli hərbi əməkdaşlıq məsələlərinin müzakirə ediləcəyi, regional təhlükəsizlik məsələləri üzrə fikir mübadiləsinin aparılması, İranın siyasi və hərbi rəhbərliyi ilə bir sıra görüşlərin keçirilməsi planlaşdırılır.
Səfər zamanı hər hansı sazişin imzalanıb-imzalanmayacağına gəldikdə isə, Nazirliyin mətbuat xidmətinin rəhbəri Vagif Dərgahlı belə bir məlumat olarsa, açıqlanacağını qeyd edib.




